Elmdə akademik dürüstlüyü necə təmin edə bilərik? – Alim rəyi

3 Noyabr, 2025 - 14:09
Elmdə akademik dürüstlüyü necə təmin edə bilərik?

Məlum olduğu kimi, ötən həftə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın sədrliyi ilə Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (ETƏŞ) növbəti iclası keçirilib.

İclasda əvvəlki illərə aid dissertasiya mövzuları ilə bağlı müəssisələrə göndərilmiş rəsmi məktub əsasında təqdim olunan məlumatlar müzakirə olunub. Ümumilikdə, 49 elm və ali təhsil müəssisəsindən daxil olmuş və Şuranın katibliyi tərəfindən sistemləşdirilmiş 1000-dən çox mövzu Şura üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla açıq səsvermə yolu ilə təsdiqlənib.

Alimlərimiz nədən yazır? Hansı mövzularda elmi iş müdafiə edirlər? Bu mövzular ETƏŞ-də necə müzakirə olunur? “Azərbaycan müəllimi”nə müsahibəsində görüş iştirakçılarından Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun Mikrobioloji biotexnologiya laboratoriyasının müdiri biologiya elmlər doktoru, professor Könül Baxşəliyeva son iclas barədə təəssüratlarını, müzakirə olunan məsələlər barədə fikirlərini bölüşüb. 

- Bəli, 28 oktyabr 2025-ci il tarixdə ETƏŞ-in növbəti iclası keçirildi. İclasda ölkənin müxtəlif elmi-tədqiqat və ali təhsil müəssisələrindən daxil olan fəlsəfə və elmlər doktorluğu hazırlığı üzrə mövzuların qeydiyyata alınması məsələləri müzakirə olundu. Əslində, bu proses çox şəffaf şəkildə aparılır. ETƏŞ-ə göndərilən bütün mövzular əvvəlcədən Şura üzvlərinə təqdim olunur ki, hər kəs onlarla tanış olsun, rəy və təkliflərini bildirsin. Əgər hər hansı düzəliş və ya irad olarsa, bu, iclasa qədər müvafiq müəssisəyə çatdırılır. Beləliklə, həm Şura üzvləri arasında, həm də mövzuları təqdim edən müəssisələrlə qarşılıqlı fikir mübadiləsi aparılır, rəylər hazırlanır və zəruri düzəlişlər edilir. Müzakirələrin yekununda isə ortaq razılaşmalar əldə olunur və qərarlar qəbul edilir.

- Alimlərimiz hansı mövzularda yazır? Dissertasiya mövzuları necə seçilir və təsdiqlənir? Mövzular üçün kriteriyalar nələrdir? Ümumiyyətlə, təsdiq olunan mövzuların istiqamətləri nə dərəcədə aktual və innovativdir?

– ETƏŞ ölkə üzrə yerinə yetirilən dissertasiya mövzularını müzakirə etdiyinə görə, elmi rəhbərlər və elmi məsləhətçilər tərəfindən təqdim olunan mövzular elmin bütün sahələrini əhatə edir desəm, yanılmaram. Yəni burada həm humanitar, həm təbiət, həm də texniki elmlər üzrə çoxsaylı mövzular yer alır. Mən bioloq olduğuma görə, bu sahə üzrə verilən mövzular barədə xüsusi qeyd edə bilərəm ki, onlar biologiyanın demək olar ki, bütün istiqamətlərini əhatə edir. Birmənalı şəkildə olmasa da, bu mövzuların əksəriyyəti həm aktuallıq, həm də innovativ dəyərlər baxımından diqqətəlayiqdir. Bununla belə, biz təkcə son illərdə təqdim olunan mövzuları deyil, bəzən 10–20 il əvvəl verilmiş mövzuları da müzakirə edirik. Təbii ki, onların arasında artıq müasir dövrün tələblərinə tam cavab verməyən, köhnəlmiş mövzular da olur. Bu da onunla bağlıdır ki, dissertasiya mövzularının verilməsi və təsdiqi ilkin mərhələdə elmi-tədqiqat və ali təhsil müəssisələrinin Elmi Şuralarında həyata keçirilir. Daha sonra isə həmin mövzular müəyyən edilmiş qaydada ETƏŞ-ə təqdim olunur. Şuranın əsas vəzifəsi bu mərhələdə mövzuların aktuallığına, təkrarlanmamasına və elmi məqsədəuyğunluğuna nəzarət etməkdir. Lakin işin elmi tutumuna, tədqiqatların keyfiyyətinə və innovativ yanaşma tərkibinə görə əsas məsuliyyət birbaşa elmi rəhbərlərin və mövzunu təsdiq edən müəssisələrin Elmi Şuralarının üzərinə düşür. Bəzən eyni və ya oxşar adlarda mövzular olur, lakin fərqli metodik yanaşmalar tətbiq etməklə onların hər birini yüksək elmi səviyyədə yerinə yetirmək mümkündür. Bu prosesə nəzarəti isə həmin müəssisələrin elmi şuraları və onların nəzdində fəaliyyət göstərən dissertasiya şuraları həyata keçirir. Ümumilikdə hesab edirəm ki, hər birimiz tutduğumuz vəzifədən asılı olmayaraq öz üzərimizə düşən işi vicdanla və düzgün şəkildə yerinə yetirsək, sistemdəki problemlərin böyük bir hissəsi aradan qalxar.

 - İclasda dissertasiya mövzuları seçilərkən elmi etika və akademik dürüstlük məsələləri ilə bağlı nə kimi təkliflər səsləndirildi?

– Qeyd edə bilərəm ki, elmi etika və akademik dürüstlük ETƏŞ-in diqqət mərkəzində və işində əsas götürdüyü prinsiplərdir, lakin bu gün təhsil və tədqiqat sahələrində akademik dürüstlüyün və elmi etikanın yeri hələ tam doldurulmayıbdır. Plagiatlıq, kopyalama, saxtakarlıq, ikiqat təqdimat, başqalarının işinə sahiblənmək, etik standartların pozulması və s. kimi hallara cəmiyyətdə rast gəlinir ki, bu da akademik dürüstlüyün təminatı üçün görüləcək işlərin olmasını deməyə imkan verir. Bu səbəbdən də sonucu iclasda akademik dürüstlüyün qorunmasına dair ETƏŞ-in adından vahid açıqlamanın ictimaiyyətə təqdim olunması barədə qərar qəbul edildi.  

- Elmi fəaliyyətin şəffaflığının təmin olunması ilə bağlı nə kimi yanaşmaları qeyd edə bilərsiniz? Bu sahədə hazırda müsbət təcrübə necədir?

– Birmənalı şəkildə qeyd edə bilərəm ki, elmi fəaliyyətin şəffaflığının təmin edilməsi üçün ilk növbədə təhsil və tədiqat sahələrində akademik dürüstlüyün təmin edilməsi və etik normalara əməl edilməsindən keçir. O ki, qaldı bu barədə müsbət nəticəyə, bu məslələrin müzakirə obyektinə çıxarılması və onun təmin edilməsinin vacibliyinin başa düşülməsi müsbət nəticə kimi qeyd edilə bilər. Düzdür, ayrı-ayrı qurumların işini buna müsbət misal kimi göstərmək olardı, lakin mən “bir güllə bahar olmaz” fikrinə üstünlük verirəm və düşünürəm ki, bu sahədə hələ müəyyən işlər görülməlidir.

- Akademik dürüstlüyün qorunmasına dair ETƏŞ-in adından vahid açıqlamanın ictimaiyyətə təqdim olunması barədə qərar qəbul edilib. Sizcə, bu açıqlama hansı prinsipləri əks etdirməlidir?

Bəli, ETƏŞ-in sonuncu iclasında belə bir platformanın hazırlanması və ictimayyətə təqdim olunması haqqında qərar qəbul edilibdir. Fikrimcə, akademik dürüstlüyün əsas məqsədi keyfiyyətli kadrların hazırlanması ilə yanaşı, cəmiyyətin akademiklik missiyasının düzgün şəkildə yerinə yetirilməsinə köməklik etmək, təhsil və tədqiqat mühitlərində şəffaflıq, etik davranış və ədalət prinsiplərinin qorunmasını təmin etməlidir. Eyni zamnda akademik dürüstlük əldə edilən biliklərin paylaşılması prosesində etibarlılığı və obyektivliyi təmin etmək və qorumaqdır. Bunun həyata keçirilməsi, yəni cəmiyyətdə akademik dürüstlüyü təmin etmək üçün dürüstlük, güvən, məsuliyyət, ədalət, hörmət, əxlaq, etika, məxfilik və cəsarət kimi kriteriyalardan istifadə edilməlidir və onlara görə məsuliyyəti bu və ya digər qurumun ayrı-ayrı üzvləri yox, bütövlükdə həmin qurumun özü məsuliyyət daşımalıdır.