Elmdə islahatlar – Kimya İnstitutunda aparılan islahatlar ciddi nəticələr verir
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrində aparılan hərtərəfli islahatlar yeni mərhələdə daha inamla davam etdirilir. Ciddi struktur və institutsional islahatlara başlanmasından qısa vaxt keçsə də, artıq öz məntiqi nəticələrini verməkdədir. Məlumat üçün qeyd edək ki, optimallaşma tədbirləri ilə əlaqədar yaradılan yeni institutlardan biri “Kimya İnstitutu” Publik Hüquqi Şəxsdir. Bu elmi müəssisə akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu və akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu əsasında formalaşdırılıb.
Kəmiyyətdən keyfiyyətə
Digər elmi müəssisələrdə olduğu kimi, Kimya İnstitutunda da aparılan islahatların ardıcıl xarakter daşıyaraq, ilk növbədə, elmi fəaliyyətin kəmiyyətdən çox keyfiyyət göstəricilərinin yüksəldilməsi və nəticəyönümlü idarəetmə mexanizmlərinin tətbiqi əsas məqsəd hesab edilir. İslahatların ən mühüm tərkib hissəsi kimi Əmək Məcəlləsinin mövcud tələblərinə uyğun olaraq işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən ixtisasın və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin işdə saxlanılmasına üstünlük verilib.
Təbii ki, mərkəzi icra hakimiyyəti orqanı kimi Elm və Təhsil Nazirliyi optimallaşma tədbirlərinə ilk olaraq akademik sistemdən fərqli olaraq yeni formalaşan institut rəhbərliyinə elmi işçilərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi zamanı bütün dünyada olduğu kimi onun elmi fəaliyyətinin elmmetrik göstəricilərin əsas götürülməsini tövsiyə etmişdir. Bu zaman son 5-10 ildə əsasən “Web of Science” və “Scopus” kimi beynəlxalq elmi bazalarda arxivləşən, impakt faktorlu, nüfuzlu xarici jurnallarda çap olunması nəzərə alınmışdır. İxtisara düşən elmi işçilərin böyük əksəriyyətinin bu qlobal elmi bazarlarda arxivləşən bir məqaləsi belə olmamışdır.
Yeni institutlarda aparılan ən mühüm struktur islahatlar laboratoriya, əsas və yardımçı şöbələrlə bağlı olmuşdur. Məsələn, birləşənə qədər akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri üzvi Kimya İnstitutunda 7 elmi şöbə, 30 laboratoriya, akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda isə 14 laboratoriya və hər ikisində bir o qədər gərəksiz yardımçı şöbə və sektorlar mövcud olub. Onların son illərdəki fəaliyyətini təhlil edəndə məlum olur ki, bir-birini təkrarlayan laboratoriyaların böyük əksəriyyətinin elmi məhsuldarlığı çox aşağı olmuşdur. Baxmayaraq ki, sovet dövründə o laboratoriyalar nəticəyönümlü fəaliyyət göstərmişlər. Ancaq indi müasir dövrün tələbləri ilə ayaqlaşa bilmirdi. Təsəvvür edin, kollektivi cəmi 3 nəfərdən ibarət və ya vaxtı ilə tanınmış, görkəmli alimlərin adlarına şöbə və ya laboratoriyalar yaradılmış, onlara qarşı heç bir tələbkarlıq olmamışdır.
Aparılan struktur islahatlar nəticəsində oxşar, məhsuldar olmayan, perspektivsiz laboratoriyalar birləşdirilərək, yerlərində dünya elminin müasir prioritetlərinə və Azərbaycan reallıqlarına uyğun yenilənmiş və yaxud təkmilləşdirilmiş adlarda 15 laboratoriya (məsələn, “Nanoelektrokataliz və hidrogen enerjisi” və ya “Bioüzvi kimya” laboratoriyaları və s.), 2 analitik mərkəz və 1 təcrübi-sınaq stansiyası formalaşdırılmışdı. Hər şeydən öncə laboratoriyalar fundamental elmi və innovativ olaraq təsnifləşdirilərək, onların aydın yaxın və uzaq hədəfləri müəyyənləşdirilmişdi.
Empirik və təcrübi müşahidələrə əsaslanan fundamental elmi laboratoriyalar qarşısında müştərək beynəlxalq tədqiqatlara qoşulmaq, dünyanın aparıcı elmi mərkəzlərinə inteqrasiya olunmaq başlıca vəzifə kimi qoyulmuşdur. Həmin laboratoriyalarda aparılacaq beynəlxalq səviyyəli tədqiqatların nəticələrinin yüksək resenziyalı xarici jurnallarda dərc olunması sonrakı fəaliyyətlərinin qiymətləndirilməsi zamanı əsas göstərici kimi götürüləcək. Əksinə, inovativ laboratoriyaların fəaliyyətləri birbaşa sənaye sahələri ilə əlaqələndiriləcək, onlar üçün əldə edəcəkləri elmi-texniki yeniliklərin patentləşdirilməsi və tətbiqi işləmələrin hazırlanmasına üstünlük veriləcək.
Ümumiyyətlə, əvvəllər mövcud olmuş əsas elmi şöbələr tamamilə ləğv edilmiş və laboratoriyaların tabeliliyi minimuma endirildi. Bu məsələdə elm və təhsil naziri Emin Əmrullayevin tövsiyəsi ondan ibarətdir ki, dünyanın aparıcı elm mərkəzlərində olduğu kimi laboratoriyalara maksimum sərbəstlik və yaradıcılıq imkanları vermək lazımdır ki, onlar konkret elmi tədqiqatlar aparıb, daha çox elmi məhsul yarada bilsinlər.
Alimlərin fəaliyyətini monitorinq və qiymətləndirilməsi
Yeni institutlarda yardımçı şöbə və sektorların yaradılmasına tam fərqli yanaşma ortaya qoyulmuşdu. Belə ki, elmi tədqiqat institutlarına lazım olmayan köməkçi şöbələrə ehtiyac qalmamış, onların əvəzində “Elmi tədqiqatlara dəstək” şöbəsinin struktur vahidləri olaraq “İnnovasiya və texnoloji tranfer” və ya “Data Analitika” ofisləri, yaradılmışdır. Dünyanın müasir çağrışları ilə səsləşən bu strukturlar alimlərin əldə etdiyi fundanmental və inovativ elmi nəticələrin rəqəmsal texnologiyanın imkanları və texnologiyaların transferi xəttilə əsas ünvanlara çatdırılmasını təmin edəcək. Bu nəticələrin tətbiq olunması artıq alim əməyinin məntiqi nəticəsi olaraq meydana çıxacaq, onları daha yeni-yeni nailiyyətlərə sövq edəcək. Eləcə də daha bir yeni struktur vahid kimi formalaşdırılan “Strateji inkişaf, monitorinq və qiymətləndirmə” sektoru həm laboratoriya, şöbə və sektorların, həm də alimlərimizin fəaliyyətinin mütəmadi olaraq, monitorinq və qiymətləndirməsini aparacaq, reytinq siyahı tərtib edəcək və bütövlükdə müəssisənin yaxın və uzaq dövr üçün strateji inkişafı ilə bağlı yol xəritəsini hazırlayacaq.
Gənc kadrlar idarəetmədə
Elmi-tədqiqat müəssisələrində diqqət cəlb edən məqamlardan biri odur ki, struktur islahatları ilə paralel olaraq, kadr islahatları da gedir, daha müasir, böyük potensiala malik olan perspektiv gənc kadrlar önə çəkilir. Bu prosesin yaxın iştirakçısı kimi qeyd edə bilərəm ki, Elm və Təhsil Nazirliyi yeni institutlara rəhbərlikdə müasir və innovativ düşüncəli gənc kadrlara ehtimad göstərir. Dünyanın aparıcı elmi mərkəzlərinin nümunəsində yenidən strukturlaşan elmi müəssisələrdə laboratoriya, əsas və yardımçı şöbələrdə müxtəlif vəzifələrə də yenə gənc mütəxəssislərin təyinatı tövsiyə olunur. Bu, görkəmli qocaman alimlərimizdən tamamilə imtina anlamı demək deyildir. Dəyərli alimlərimizin müvafiq struktur vahidlərdə elmi məsləhətçi funksiyasını yerinə yetirən baş elmi işçi kimi saxlanılması və onların böyük, qabaqcıl təcrübəsindən gənclərin faydalanmasının təşviq edilməsi doğurdan da həlledici amil hesab olunur.
Akademik institutlarda ciddi problemlərdən biri tədqiqat mühütünün yetərsizliyi, maddi-texniki bazanın mövcud potensialından səmərəli istifadə olunmaması, ən əsası bu imkanların bütün tədqiqatçılar üçün, xüsusən gənc alimlərdən ötrü əlçatan olmaması ilə bağlı idi.
Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən bu günlərdə “Rəqəmsal Repozitariyaların İnkişafına Dəstək” layihəsi çərçivəsində laboratoriya avadanlıqları üzrə mərkəzi rəqəmsal repozitariya istifadəyə verilməsi, məhz bu istiqamətdə aparılan islahatların ən mühüm nəticəsidir. Azərbaycanda ilk dəfə yaradılan platformanın əsas məqsədi ölkənin elmi və ali təhsil müəssisələrində mövcud olan laboratoriya avadanlıqları haqqında məlumatları vahid rəqəmsal bazada toplamaq və tədqiqatçılar üçün bu avadanlıqlara çıxışı asanlaşdırmaqdır. Bu platforma ölkənin elmi və ali təhsil müəssisələrində mövcud olan laboratoriya avadanlıqlarını vahid bazada birləşdirən, sözün əsl mənasında, ilk açıq çıxışlı rəqəmsal repozitariyadır.
Hazırda repozitariyada 29 müəssisəyə aid 2000-ə yaxın laboratoriya avadanlığı haqqında məlumat yerləşdirilib. Bazada avadanlığın adı, istehsalçı şirkəti və ölkəsi, istehsal ili, yerləşdiyi laboratoriya, şəkli, eləcə də avadanlığa məsul şəxs barədə məlumatlar təqdim olunur.
Layihə laboratoriya avadanlıqlarından daha səmərəli istifadə olunmasına, eyni avadanlığın müxtəlif qurumlar tərəfindən təkrar alınmasının qarşısının alınmasına və büdcə vəsaitlərinə qənaət edilməsinə töhfə verəcək. Eyni zamanda, platforma alim və tədqiqatçıların elmi fəaliyyətini dəstəkləməklə yanaşı, elmi, sənaye və korporativ müəssisələr arasında əməkdaşlıq imkanlarını genişləndirəcək.
Elmi-tədqiqat institutlarında aparılan islahatların özəlliyi həm də onunla izah olunur ki, tədqiqat mühütünün yaxşılaşdırılması ilə paralel şəkildə alimlərimizin maddi imkanlarının yüksəldilməsi tədbirləri yerinə yetirilir.
Akademik sistemin bəlkə də ən böyük çatışmazlığı institutda çalışan elmi işçilərin fəaliyyətinin elmmetrik meyarlar əsasında qiymətləndirilməməsi idi.
Bir daha xatırlatmaqda fayda görürəm ki, bütün dünyada alimin elmi fəaliyyəti elmmetrik meyarlar əsasında qiymətləndirilir. Alimin nə vaxtsa əldə etdiyi elmi dərəcəsi və ya elmi adı ola bilər. Amma söhbət müasir dövrdə, indiki zamanda onun çalışdığı müəssisiyə verdiyi töhfədən gedir. Əgər son 5-10 ildə elmmetrik meyarlarla qiymətləndirmə zamanı alimin fəaliyyəti sıfıra bərabərdirsə, onun institutda heç bir işi ola bilməz. Necə ki, elmi müəssisələrdə aparılan optimallaşma, səmərəliləşdirmə tədbirləri zamanı bu addımlar atılır.
Elmmetrik qiymətləndirməni tənqid edənlər isə bir şeyi başa düşmək istəmirlər ki, fundamental elmlə məşğul olan alim apardığı tədqiqatın nəticələrini elə bir nüfuzlu xarici jurnalda çap etdirməlidir ki, dar çərçivədə özünə, çalışdığı universitet və ya instituta, geniş anlamda ölkəsinə nüfuz gətirə bilsin. Burada keyfiyyət əmsalını da tapmaq o qədər də çətin deyil. Bu, dünya təcrübəsində var. Elmi əsərlərin hansı elmi jurnallarda, hansı dərgilərdə nə qədər çap olunub və elmi potensialın bugünkü reallıqlara nə dərəcədə uyğundur.
Bu nəzər-nöqtəsindən Elm və Təhsil Nazirliyinin tabeliyində olan elmi tədqiqat institutlarında çalışan tədqiqatçıların əməyinin stimullaşdırılması məqsədilə maddi mükafatların verilməsi ciddi elmlə məşğul olan alimlərimizin əməyinə verilən ən düzgün qiymət və onlar arasında sağlam rəqabəti təşviq edən gözəl vasitədir. Bu ildən etibarən həyata keçirilən proqram çərçivəsində “Elmi iş müəlliflərinin müəllif balının hesablanması Qaydası”na dəyişikliklər də edildi. Yeni qərara əsasən, tədqiqatçıların son 6 il ərzində Q3 və Q4 kvartilli jurnallarda dərc olunmuş məqalələri, eləcə də patentləşdirilmiş ixtira və faydalı modelləri qiymətləndirmə meyarlarına daxil olundu.
Mükafat alanların sayında artım
Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, “Kimya İnstitutu” Publik Hüquqi Şəxsin 2026-cı ilin mart-aprel ayları üzrə (patentləşdirilmə meyarları nəzərə alınmadan) ümumilikdə 75 əməkdaşı maddi mükafat alanların siyahısına daxil olub. Onlardan 9 nəfər A kateqoriyası, 12 nəfər B kateqoriyası, qalanları isə C kateqoriyası üzrə yer tutmuşdur.
Nəzərə alsaq ki, hər il ölkə üzrə elmi tədqiqat institutları arasında ən çox patent alan təşkilat Kimya İnstitutudur, onda növbəti aylarda bu elmi müəssisə üzrə maddi mükafat alanların sayında kəskin artan dinamika müşahidə olunacaq.
Əsas olan odur ki, bu yeni maliyyələşmə mexanizmilə əməyi maddi mükafatlandırılanların sayının 25-dən 75-ə çatdırılması bu cür yanaşmanın özünü tam doğrultduğunu deməyə əsas verir.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin bilavasitə təklifi və təşkilatçılığı ilə gerçəkləşən bu tədbirlər bir tərəfdən alimin əməyinə qiymət verməklə, onlar arasında sağlam rəqabət mühütünün yaradılması, digər tərəfdən ölkəmizin elminin dünya elminə inteqrasiyası üçün institutlarda aparılan elmi tədqiqatların keyfiyyət göstəricilərinin artırılmasına xidmət edəcəkdir.
Artıq deyə bilərik ki, bu tədbirlər öz məntiqi nəticəsini verməkdədir. Belə ki, bu ilin 6 ayı ərzində Kimya İnstitutunun alimlərinin 167 məqaləsi dərc olunmuşdur ki, onun 104-ü xarici, qalanları yerli resenziyalı jurnallardadır. Dərc olunan məqalələrdən 149-u Web of Science bazasına daxil olub. Halbuki ötən ilin müqayisə olunan dövründə Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimlərinin 69 məqaləsi (onlardan cəmi 48-i xaricdə) çap olunmuşdur ki, onlardan da yalnız 12-i Web of Science bazası üzrədir. Aşqarlar Kimyası İnstitutunun alimlərinin 2025-ci ilin 6 ayında xarici jurnallarda 10 olmaqla, 16 məqalə çap olunmudur ki, onun 8-i Web of Science bazasına daxil olmuşdur. Beləliklə, hər iki institut alimlərinin ötən ilin yarım ilində birlikdə çap etdiridiyi məqalələrin kəmiyyət və keyfiyyət göstəriciləri bu ilin 6 ayında qeydə alınan müvafiq göstəricilərdən iki dəfə çoxdur.
Nəzərə alsaq ki, İnstitutun aparıcı alimləri hazırda alüminium və nadir elementlərin istehsal bazasını artıran innovativ “Alunit şlamı - kaolinit texnologiyası”nın işlənib hazırlanması; Alternativ enerji tətbiqləri üçün yeni tənzimlənən tərkibli funksional materialların alınması və tədqiqi; Neft kəmərlərində və quyularında çökmənin riyazi modellərlə proqnozlaşdırılması və tətbiqi; Neft kəmərlərində və quyularında çökmənin riyazi modellərlə proqnozlaşdırılması və tətbiqi; Günəş enerjisindən istifadə etməklə “Yaşıl” hidrogenin alınma texnologiyasının işlənib hazırlanması; Nanokompozit texnologiyalar əsasında neft quyularının çıxımının artırılması; Qarabağ və Şərqi Zəngəzurun dərman bitki ekstraktlarından təbii və zərif sintez üsulu ilə yeni nəsil sintetik enzim-izoenzim inhibitorların yaradılması və canlılarda patoloji proseslərə qarşı eksperimental modellərdə effektivliyinin tədqiqi; “Yaşıl korroziya inhibitorları” nın alınması və tətbiqi sahələrinin müəyyənləşdirilməsi və Çox funksiyalı eko-sürtkülərin hazırlanması istiqamətində proqram əsaslı yeni maliyyələşmə mexanizmləri əsasında fundamental və tətbiqyönlü tədqiqatlar aparırlar, nəticədə bu ilin sonuna əldə olunan mühüm elmi nəticələrin dərc olunduğu məqalələrin sayı həndəsi silsilə ilə artmış olacaq.
Beynəlxalq və yerli əməkbaşlıq
Kimya İnstitutu beynəlxalq və yerli elmi əməkdaşlığa fərqli yanaşmalar gətirmək istəyir. Bu yaxınlarda Fizika İnstitutu ilə multidissiplinar əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan qarşılıqlı anlaşma memorandumun imzalanması çox şeydən xəbər verir.
Memorandum elmi müəssisələrin optimallaşdırılması və tədqiqat potensialından daha səmərəli istifadə edilməsi istiqamətində qəbul edilmiş müvafiq sərəncam və qərarların praktik davamı olaraq, fizika və kimya sahələri arasında daha çevik, açıq və nəticəyönümlü əməkdaşlıq mexanizminin formalaşdırılmasını nəzərdə tutur.
Bu anlaşma fizika və kimya sahələrində dar ixtisaslaşmış yanaşmadan daha inteqrativ və multidissiplinar əməkdaşlıq modelinə keçidi təşviq edir. Əməkdaşlıq çərçivəsində institutların tədqiqat laboratoriyaları və analitik mərkəzlərinin imkanları alimlər, doktorantlar və gənc tədqiqatçılar üçün qarşılıqlı əsasda əlçatan olacaq.
Tərəflər fundamental və innovativ tədqiqatların birgə aparılması, ortaq elmi layihələrin hazırlanması, beynəlxalq proqramlarda iştirak, seminar və konfransların təşkili, habelə yüksəkixtisaslı kadr hazırlığında birgə elmi dəstəyin göstərilməsi istiqamətlərində əməkdaşlıq edəcəklər.
Qarşılıqlı anlaşma ənənəvi fizika və kimya elmi məktəblərinin potensialını bir araya gətirməklə müasir elmi çağırışlara uyğun yeni tədqiqat imkanlarının formalaşmasına töhfə verəcək.
Kimya İnstitutu elmi müəssisələr kimi universitetlərlə də real əməkdaşlığın və bu yolla elmlə təhsilin inteqrasiyasına nail olmaq istəyir. Növbəti mərhələdə universitetlərlə imzalanacaq rəsmi sənədlər Kimya İnstitutunun laboratoriyalarının magistrant və bakalavr tələbələri üçün təcrübə mərkəzinə çevrilməsini hədəfləyir.
Sevindirici hal ondan ibarətdir ki, elmi tədqiqat müəssisələrində təhsil almaq, gələcəyin alimləri kimi formalaşmaq istəyən gənclərin sayında artım dinamika nümayiş olunur. Bu il Kimya İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə 7 ixtisas üzrə 21 yer ayrılıb. Sənəd qəbulu elanından ötən 14-15 gün müddətində artıq 30-a yaxın namizəd sənədlərini uyğun ixtisaslar üzrə təqdim edib. Əvvəlki illərdə bir ixtisasa çətinliklə bir iddiaçı sənəd verirdisə, indi elə ixtisaslar var ki, ayrılan yerlərin sayından 2 dəfə çox sənəd təqdim edənlər var. Bu o deməkdir ki, bu il seçim zamanı güclü rəqabət yaranacaq.
Sonda onu qeyd etmək olar ki, akademik institutlarda aparılan islahatlardan məmnun qalan və onu alqışlayan elm adamlarımız çoxluq təşkil edir. Əgər biz doğrudan da elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, elmi inkişaf etdirmək istəyiriksə, bu islahatlara getməliydik və nəhayyət, getdik. Əks halda, elmi inkişafdan ancaq sözdə danışacaqdıq. Bir halda inkişaf etmiş ölkələrin inkişafı yerlatı sərvətlərlə deyil, ancaq zəka, ağıl, təhsil, elmlə bağlıdır, niyə də bunun inkişafında qalib ölkənin elm adamı kimi maraqlı olmayaq.
Əfsun SUCAYEV,
Elm və Təhsil Nazirliyinin “Kimya İnstitutu” PHŞ-nın direktoru vəzifəsini icra edən, professor



