Elnur Əliyev: Yeni standartlarda süni intellektlə bağlı bacarıqların inkişafı nəzərdə tutulur
“2027-ci ildən tətbiqi nəzərdə tutulan yeni təhsil standartlarında şagirdlərin rəqəmsal vətəndaşlıq və mədəniyyətlərarası dialoq bacarıqlarının inkişafına xüsusi yer ayrılıb. Şagirdlərin süni intellekt vasitəsilə hazırlanmış məzmunu tanıması, müxtəlif fikirləri fərqləndirməsi və rəqəmsal mühitdə məlumatları düzgün qiymətləndirməsi əsas istiqamətlərdəndir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri UNESCO-nun Dinlərarası Dialoq və Mədəniyyətlərarası Anlaşma üzrə UNITWIN Şəbəkəsinin Akademik Forumunda Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) direktor səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev səsləndirib.
Onun sözlərinə görə, hazırlanmaqda olan yeni standartlarda şagirdlərin fərqli fikirlərə hörmətlə yanaşması, öz mövqeyini əsaslandırması və başqaları ilə əməkdaşlıq etməsi kimi bacarıqların formalaşdırılması da nəzərdə tutulur:
“Şagirdlər yalnız öz fikirlərini ifadə etməyi deyil, razılaşmadıqları mövqeləri dinləməyi, arqumentlərlə cavab verməyi və əsaslı sübutlar qarşısında mövqelərini dəyişməyi də bacarmalıdırlar. Bu səriştələrin müxtəlif fənlərin məzmununa inteqrasiyası planlaşdırılır”.
E.Əliyev PISA 2029 beynəlxalq qiymətləndirməsində media və süni intellekt savadlılığının ayrıca istiqamət kimi qiymətləndiriləcəyini də diqqətə çatdırıb:
“Bu qiymətləndirmə 15 yaşlı şagirdlərin media və süni intellekt savadlılığı üzrə bacarıqlarını beynəlxalq səviyyədə müqayisə etməyə imkan verəcək. Bununla şagirdlərimizin rəqəmsal mühitdə məlumatları necə qiymətləndirdiklərini, süni intellekt texnologiyalarından istifadə bacarıqlarını və bu sahədə hazırlıq səviyyələrini müəyyənləşdirə biləcəyik”.
ARTİ rəsmisi qeyd edib ki, PISA 2029-un media və süni intellekt savadlılığı üzrə hazırlanmış qiymətləndirmə çərçivəsi yeni təhsil standartları üzərində aparılan işlərdə də nəzərə alınır.
“Bundan əlavə, mədəni müxtəliflik və fərqli kimliklərin anlaşılması ilə bağlı bacarıqların təhsil sənədlərində daha geniş əks etdirilməsi gələcək dövrdə üzərində işlənilməli məsələlərdəndir”.




