Məktəblilər uşaqların ayaq sağlamlığı üçün ağıllı cihaz hazırlayıb
Azərbaycan Tibb Universitetinin (ATU) Travmatologiya kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru, travmatoloq-ortoped Ayaz Hümbətovun elmi rəhbərliyi ilə Bakı məktəblilərindən ibarət komanda uşaqlarda ayaq formasının və yük paylanmasının erkən skrininqinə imkan verən “SoleShift Kids” layihəsini hazırlayıb.
ATU-dan "Azərbaycan müəllimi"nə verilən məlumata görə, layihə uşaqlarda ayaq problemlərinin ilkin mərhələdə aşkarlanmasına dəstək olmaq, valideynləri məlumatlandırmaq və zərurət yarandıqda onları müvafiq mütəxəssisə yönləndirmək məqsədi daşıyır. Amerika Ortopedik Cərrahlar Akademiyasının (AAOS) üzvü olan Ayaz Hümbətov layihənin tibbi istiqamətinə rəhbərlik edir.
Jeyla Əhmədzadə, İlyas Tağıyev, Youssef El Haroun, Vahid Musayev və Mikayıl Əhmədbəylidən ibarət komandanın hazırladığı prototip səkkiz təzyiq sensoru və ESP32 mikrokontrolleri əsasında işləyir. Cihaz bir neçə saniyə ərzində ayağın müxtəlif nahiyələrinə düşən yükü ölçür və əldə olunan nəticələr əsasında valideynlər üçün sadə, anlaşıqlı hesabat hazırlayır.
“SoleShift Kids” layihəsinin əsas üstünlüklərindən biri texnoloji imkanların tibbi biliklərlə birləşdirilməsidir. Sistem ilkin skrininq üçün nəzərdə tutulub və öz-özlüyündə tibbi diaqnoz qoymur. Nəticələrdə narahatlıq doğuran məqamlar aşkarlandıqda valideynlərə mütəxəssisə müraciət etmək tövsiyə olunur.
Layihə paytaxt məktəblərində şagirdlərə nümayiş etdirilib. Skrininq tədbirlərinin aparılması zamanı uşaqların hüquqlarının və məxfiliyinin qorunmasına diqqət yetirilir. Bu məqsədlə yoxlamalar yalnız valideynlərin yazılı razılığı əsasında həyata keçirilir.
Azərbaycan Tibb Universiteti gənclərin elmi və innovativ təşəbbüslərinin dəstəklənməsinə, onların tibbi biliklərə yiyələnməsinə və bu bilikləri praktik layihələrdə tətbiq etməsinə xüsusi önəm verir. “SoleShift Kids” layihəsi də tibb və texnologiyanın vəhdətini nümayiş etdirən, məktəblilərin elmi yaradıcılığını və sosial məsuliyyətini təşviq edən təşəbbüslərdəndir.
Layihə Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərindən DİM 3 – Sağlamlıq və rifah məqsədinə töhfə verməyi hədəfləyir. Belə ki, erkən skrininq və profilaktik yanaşma uşaqların sağlamlığının qorunmasına, sağlamlıqla bağlı məlumatlılığın artırılmasına və tibbi yardıma vaxtında müraciətin təşviqinə xidmət edir.




