Emin Əmrullayev: Azərbaycan elminin gəncləşməsinə böyük ehtiyac var

10 Dekabr, 2024 - 11:50

Azərbaycan elminin gəncləşməyə böyük ehtiyacı var. 

"Azərbaycan müəllimi” xəbər verir ki, bunu Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransında elm və təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, elmi məqalə haqqında danışmaq asan olsa da, onu yazmaq çox çətindir: “Müəyyən mənada artıq müsbət tendensiyalar var: konfansa maraq böyükdür və nəhayət ki, plagiat halları sıfırdır. Plagiatlığın olmaması dürüstlüklə bağlıdır. Akademik dürüstlük olarsa, akademik nailiyyətlər də daha yaxşı olacaq. Dürüst insan başqasının əməyini oğurlayıb öz əməyi kimi təqdim etmirsə, bu, çox böyük akademik nailiyyətdir”.

Nazir elm sahəsində dövlət tərəfindən bir neçə vacib addımların atıldığını söyləyib. Onun sözlərinə görə, hazırda  280-ə qədər azərbaycanlı dünyanın aparıcı universitetlərində doktorantura təhsili alır. Hər il 500 gənc Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almağa göndərilir: “Bu il 20 faizə qədər gəncin xaricdə doktorantura təhsili maliyyələşdiriləcək. Bu, o deməkdir ki, xaricdə təhsil alan doktorantların sayı artacaq”.