Multikulturalizm xalqlarımızın əsrlər boyu daşıdığı bir irsdir – Dövlət başçısı
Multikulturalizm, dini və etnik tolerantlıq ənənələri bizim xalqlarımızın əsrlər boyu daşıdığı bir irsdir və biz bunu yüksək dəyərləndiririk.
"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı səsləndirib.
Dövlətimizin başçısı vurğulayıb ki, uğurlu inkişafın, Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri bizim cəmiyyətdə olan ahəngdarlıqdır. Çünki bütün etnik qrupların, dinlərin nümayəndələri Konstitusiyamız əsasında nəinki bərabər hüquqlara malikdir, o cümlədən bir ailədəki kimi yaşayır.
"Mədəniyyətlərarası, dinlərarası münasibətlərə aid olan məsələlər gündəliyimizin əsas hissəsini tutur. Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub. Biz Avropa ilə Asiya arasında yerləşirik və əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub”, - deyə dövlətimizin başçısı qeyd edib.




