Emin Əmrullayev COP29 çərçivəsində keçirilən konfransda iştirak edib

15 Noyabr, 2024 - 14:02

Bu gün Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində Azərbaycan Respublikasının Baş Prokurorluğunun təşkilatçılığı ilə iqlim dəyişikliyi ilə mübarizəyə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi müzakirə olunub.

“Azərbaycan müəllimi” xəbər verir ki, dövlət rəsmilərinin, xarici qonaqların qatıldığı tədbirdə elm və təhsil naziri Emin Əmrullayev də iştirak edib.

Açılış nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev planeti ekoloji cinayətlərdən qorumaq üçün birgə əməkdaşlığın mühüm olduğunu qeyd edib:

"Azərbaycanda ekoloji cinayətlərə qarşı ciddi sanksiyalar tətbiq olunur. Ekologiyanın mühafizəsinə qarşı ciddi tədbirlər görülür. Həmkarlarımızla birlikdə mina ilə çirklənmiş ərazilərdə 200-dən çox ağac əkmişik. 30 illik işğal dövründə Azərbaycan torpaqlarında  törədilən ekoloji cinayətləri, dəyən zərəri araşdırırıq. Gələcək nəsillər üçün iqlim tədbirləri çərçivəsində birgə çalışmaq lazımdır".

BMT-nin Narkotik Vasitələrin Dövriyyəsi və Cinayətkarlıqla Mübarizə Ofisinin direktoru Ghuda Vali  transmilli cinayətkarlıqla mübarizə ilə bağlı çağırış edib: “Hüquq-mühafizə orqanları iqlim dəyişmələri ilə bağlı proseslərə daha çox cəlb edilməlidir”.

BMT rəsmisi Azərbaycanın COP29-a ev sahibliyini yüksək qiymətləndirib.

Qeyd edək ki, konfransın məqsədi hüquq-mühafizə orqanlarının iqlim dəyişikliyi ilə mübarizədə və ekoloji cinayətlərin qarşısının alınmasında rolunu gücləndirmək olub. Eyni zamanda, beynəlxalq əməkdaşlıq vasitəsilə ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində birgə fəaliyyətlərin təşviqi hədəf olaraq müəyyən edilib.