Emin Əmrullayev: Gələn il məktəbəqədər təhsilin əhatə dairəsinin 40 faizə çatdırılması gözlənilir

20 Noyabr, 2024 - 21:00

"2024-2025-ci tədris ilində dövlət büdcəsi vəsaiti hesabına ümumi təhsil müəssisələrində 6 minə yaxın qrupda 93 min nəfər məktəbəhazırlığa cəlb edilib, 5 yaşlı uşaqların təhsilə cəlb edilməsi səviyyəsi 87 faizə çatdırılıb".

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün Milli Məclis komitələrinin birgə iclasında deyib.

Nazir bildirib ki, növbəti ildə məktəbəqədər təhsil sahəsində alternativ təhsil və maliyyələşmə modelləri (icma əsaslı məktəbəqədər təhsil, valideyn-dövlət-özəl əməkdaşlığı və s.) əsasında məktəbəqədər təhsilə cəlb edilmiş uşaq sayının 35 min nəfərə çatdırılması nəzərdə tutulub.

"Bu məqsədlə dövlət büdcəsində əvvəlki illə müqayisədə 6.6 milyon manat çox olmaqla, 19.2 milyon manat vəsait nəzərdə tutulub. Həyata keçirilən tədbirlər nəticəsində məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlı uşaqların sayına nisbətdə əhatə səviyyəsinin növbəti ildə 40%-ə çatması gözlənilir".