Emin Əmrullayev: Metodkabinetlərdə mərhələli islahatlar aparılacaq

16 Dekabr, 2024 - 14:58
Emin Əmrullayev: Metodkabinetlərdə mərhələli islahatlar aparılacaq
Emin Əmrullayev: Metodkabinetlərdə mərhələli islahatlar aparılacaq

"Növbəti illərdə metodkabinetlərdə ardıcıl və mərhələli islahatlar aparılacaq".

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Azərbaycan məktəbi" jurnalının 100 illik yubileyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gələn ildən başlayaraq səriştəli müəllimlərin yetişdirilməsi məqsədilə metodik dəstəyə ehtiyacı olan müəllimlər üçün islahatların aparılması nəzərdə tutulur: "Son illər bir neçə istiqamətdə islahatlar aparılır. Əsas fokuslandığımız iş isə müəllimlərin fənn bilikləridir. Çünki fənn bilikləri zəif olan müəllimin metodik bacarıqları yuxarı ola bilməz. Müxtəlif insanlar fənlər barədə bilikli ola bilər, amma bu, onların savadlı müəllim olması demək deyil".

Nazir qeyd edib ki, keyfiyyətli metodik vəsaitlərin tərcüməsinə ehtiyac var. Yeni tədqiqatlara əsaslanan orijinal məqalələr tərcümə olunmalıdır: “Bəzi məqalələr mövcud ədəbiyyatın xülasəsi kimi başa düşülür. Ona görə də yeni məqamlar mütləq şəkildə məqalələrdə yer almalıdır. Azərbaycan məktəblərində tədqiqatçılar üçün lazımi şəraiti yaratmağa hər zaman hazırıq. Əsas odur ki, keyfiyyət göstəriciləri öz dəyərini itirməsin”.

Emin Əmrullayev son illər təhsil sahəsində dərin islahatların aparıldığını da xüsusi vurğulayıb: “Azərbaycan təhsili azsaylı təhsil sistemlərindən biridir ki, dəfələrlə radikal dəyişikliklərə məruz qalıb. Təhsildə hər zaman keçmişdən daha çox gələcəyə, yeniləyə doğru addımlamaq lazımdır. Müəllim peşəsi də elədir ki, daim dəstəyə ehtiyacı olur. Onların da sürətli dəyişikliklər barədə məlumatlandırılması vacib məqamdır”.

Nazirin bildirdiyinə görə, bütün müəllimlərin xarici dili bilmək imkanı olmur: "Heç də hər kəs xarici dili yaxşı bilmir və bu da onların xarici tədqiqatları oxuyub tanış ola bilməsinə maneədir".