Emin Əmrullayev: Təxminən 3 ildən sonra dərsliklər əhəmiyyətini itirəcək

10 İyun, 2026 - 19:53
Emin Əmrullayev: Təxminən 3 ildən sonra dərsliklər əhəmiyyətini itirəcək

“Mənim inandığım budur ki, təxminən 3 ildən sonra dərsliklər tamamilə əhəmiyyətini itirəcək”. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı kitabın təqdimat mərasimində müzakirə zamanı səsləndirib.

Emin Əmrullayev qeyd edib ki, süni intellekt sistemləri artıq bir çox hallarda ənənəvi dərsliklərdən və test bazalarından daha yaxşı suallar və izahlar təqdim edə bilir. Bu texnologiyalar yaxın illərdə daha da inkişaf edəcək: “Bu reallıq ondan ibarətdir ki, gələcəkdə əsas bacarıq cavab verməkdən çox düzgün sual vermək olacaq. Yəni biz uşaqlara düzgün sual verməyi öyrətməliyik. Çünki onlar düzgün sual versələr, cavab hazır olacaq”, - deyə nazir bildirib.