“Əminəm ki, qızıl medal qazanarsınız” – Şagirdinin arzusu müəllimin uğur hekayəsinə çevrildi
“Əminəm ki, qızıl medal qazanarsınız… "
Sertifikatlaşdırma imtahanına yollanarkən şagirdlərindən birinin dediyi bu sözlər 161 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Həcər Şamilovanın yaddaşında qalıb. Şagird imtahanın mahiyyətini tam bilməsə də, müəllimin qarşısında vacib bir sınağın olduğunu hiss edib və ona uğur arzulayıb.
13 illik pedaqoji fəaliyyətə malik olan Həcər müəllim bu gün keçirilən sertifikatlaşdırma imtahanında 58 bal toplayıb. İmtahanı 50 dəqiqəyə tamamlayan müəllim nəticəsindən məmnun olduğunu deyir.
“Bu gün sertifikatlaşdırma imtahanı verdim. Uğurlu nəticə göstərmişəm. Buna görə çox sevinirəm. Üzərimdə çalışmışdım və zəhmətimin nəticəsini gördüm”.
Onun sözlərinə görə, imtahanda düşündürücü tapşırıqlar olsa da, suallar proqram çərçivəsində idi:
“Düşündürücü tapşırıqlar var idi. Demək olar ki, bütün suallar tanış idi. Proqramdan kənar sual yox idi. Səhv etdiyim sualları isə daha çox həyəcanla əlaqələndirirəm. Ola bilsin ki, diqqətlə baxmadığım və ya texniki səhvə yol verdiyim məqamlar olub”.
Həcər müəllim qeyd edir ki, sertifikatlaşdırmaya hazırlıq prosesi ona öz ixtisasını daha dərindən öyrənmək üçün də imkan yaradıb:
“İmtahana hazırlaşanda ixtisasımın daha dərin tərəflərini öyrənmiş oldum. Bəzi mövzuların sirlərini, daha maraqlı hissələrini kəşf etdim. Bu proses mənə çox şey qazandırdı. Təkcə maaş artımı deyil, özümü təkmilləşdirdim, öz üzərimdə işlədim”.
O hesab edir ki, sertifikatlaşdırma müəllimlərin peşəkar inkişafına müsbət təsir göstərir və onu gələcəkdə də öz üzərində işləməyə həvəsləndirir:
“İnanıram ki, sertifikatlaşdırma bizim inkişafımıza çox şey qatdı. Özümü daha da təkmilləşdirdiyimi hiss edirəm. Növbəti illərdə də üzərimdə daha çox işləyəcəyəm”.
Müəllim üçün bu uğurun xüsusi mənası var. Çünki onu imtahana yola salanlar arasında şagirdləri də olub.
“Mən həm də sinif rəhbəriyəm. İmtahan verəcəyimi deyəndə 5-ci sinif şagirdlərimdən biri elə bilib ki, hansısa yarışa gedirəm. Mənə dedi ki, “İnşallah, qızıl medal qazanarsınız”. Bu 58 balın mənim üçün qızıl medal dəyərində olduğunu düşünürəm. Bu uğurumu da şagirdlərimə həsr edirəm”.
Həcər müəllimin ən böyük mükafatı topladığı bal yox, şagirdinin ona olan inamı və uğuruna ürəkdən sevinməsidir.




