Ən istedadlı şagirdlər üçün şərait yaratmaq lazımdır – Nazir müavini

5 Mart, 2026 - 11:46
Ən istedadlı şagirdlər üçün şərait yaratmaq lazımdır

“Ən istedadlıları aşkar edib onlar üçün şərait yaratmaq lazımdır ki, onlar sonra ölkədə innovasiya sistemini inkişaf etdirsinlər”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində səsləndirib.

Nazir müavini qalib olan şagirdləri təbrik edərək bildirib ki, dünyanın belə mötəbər elm və intellektual yarışında iştirak etmək qürurvericidir: “Bu layihə 75 ildir ki, ABŞ-də keçirilir. Məhz ABŞ-nin bugünkü nailiyyətləri nəyə bağlıdır? XX əsrdə ABŞ-yə sual veriləndə ki, sizin ən böyük nailiyyətiniz nə olub, Aya uçuş və yaxud kompüterin yaradılmasını deyəcəkləri gözlənilib. Amma cavab ABŞ-də innovasiya sisteminin yaradılması olub. Yaradıcılıq cəmiyyətinin formalaşması imkan yaradıb ki, ABŞ çox böyük nailiyyətlər əldə etsin, xüsusilə elmdə, texnologiyalarda uğurlar qazansın. Onun da bir nümunəsi məhz şagirdlər arasında müxtəlif intellektual müsabiqələrin, yarışların keçirilməsidir”.

F.Qurbanov dünyada innovativ yeniliklərə imza atan alimlərin adlarını çəkərək şagirdlərə onların yolundan getməyin imkansız olmadığını söyləyib, tövsiyələr verib.