Ən sadə mətbəx məhsulları ilə belə laboratoriya mühiti yaradırıq – Göygölün fərqli kimya müəllimi 

20 Aprel, 2026 - 12:44
Ən sadə mətbəx məhsulları ilə belə laboratoriya mühiti yaradırıq

Müəllimlik bəzən sadəcə bir peşə deyil, bir missiya, bir baxış tərzi, bir həyat fəlsəfəsidir. Göygöl rayon Yeni Qızılca kənd tam orta məktəbinin kimya müəllimi Fəridə İsrafilova da məhz belə müəllimlərdəndir. Onun dərs otağı sadəcə bilik ötürülən məkan deyil, eyni zamanda marağın oyandığı, sualların doğulduğu və gələcəyin formalaşdığı bir laboratoriyadır.

Təhsildən müəllimliyə uzanan yol

Şəmkir rayonunun Kür qəsəbəsində dünyaya gələn Fəridə müəllim Gəncə Dövlət Universitetinin Kimya-biologiya fakültəsində təhsil alıb. 2018-ci ildə müəllimlərin işə qəbulu imtahanında 60 ballıq sistemdə 52 bal toplayaraq Laçın rayon Ərikli kənd ümumi orta ümumtəhsil məktəbində fəaliyyətə başlayıb. Üçillik pedaqoji təcrübədən sonra yenidən imtahan verərək daha yüksək nəticə - 86,5 bal toplayıb və hazırda Göygöl rayon Yeni Qızılca kənd tam orta məktəbində fəaliyyətini davam etdirir. Gəncə şəhərində yaşayan Fəridə müəllim hər gün təxminən 14-15 kilometr məsafə qət edərək məktəbə gedir. Bu yol onun üçün sadəcə məsafə deyil, şagirdlərinə doğru gedən bir missiyanın davamıdır.

“Təcrübəsiz kimya, rəngsiz göy qurşağı kimidir”

Onun müəllimlik yolunda ən yaddaqalan anlardan biri ilk dərs günüdür: “Həmin gün sanki bütün kimyəvi elementlər daxilimdə reaksiyaya girmişdi. O həyəcanı unutmaq mümkün deyil. Əlimdəki dərslik və qarşımdakı maraqlı baxışlar... O an anladım ki, mən sadəcə kimyanı izah etməyəcəyəm, həm də bu gənclərin gələcəyinə bir "katalizator" olacağam”.

Fəridə müəllim kimyanı şagirdlərə sadəcə düsturlar kimi deyil, həyatın bir parçası kimi çatdırmağın tərəfdarıdır: “Kimyanı düsturlar yığını kimi yox, həyatın özü kimi təqdim edirəm. Mətbəxdəki çaydanın ərp bağlamasından tutmuş, payızda yarpaqların rəngini dəyişməsinə qədər hər şeyin kimya olduğunu göstərəndə şagirdin marağı öz-özünə oyanır. Oyunlaşdırma (məsələn, "Kimya dedektivi") və yarışma elementləri dərsi yorucu vəzifədən maraqlı bir kəşfə çevirir”.

Fəridə müəllim klassik “öyrədən müəllim” modelindən daha çox istiqamətverici rolunu üstün tutur: “Mən "öyrədən" deyil, "istiqamət verən" olmağa çalışıram. İKT alətlərindən, virtual laboratoriyalardan və qrup işlərindən geniş istifadə edirəm. Şagird məlumatı hazır almır, onu araşdıraraq tapır. Bu onlarda həm tənqidi təfəkkürü, həm də komanda ruhunu inkişaf etdirir”.

Onun dərslərində şagirdlər passiv dinləyici deyil, aktiv iştirakçıdır. Hər mövzu praktik yanaşma ilə müşayiət olunur: “Təcrübəsiz kimya, rəngsiz göy qurşağı kimidir. İmkan daxilində hər mövzunu vizuallaşdırmağa çalışıram. Hətta laboratoriya şəraiti məhdud olsa belə, kimyəvi məişət məhsualları vasitəsilə dərsi mütləq "canlandırıram"”.

Bəzən laboratoriya imkanlarının məhdudluğu müəllimi alternativ yollar axtarmağa vadar edir:

“Bəzən reaktivlərin və ya xüsusi avadanlıqların çatışmazlığı çətinlik yaradır. Amma müəllim yaradıcı olmalıdır; biz bəzən ən sadə mətbəx məhsulları ilə mükəmməl laboratoriya mühiti yarada bilirik”.

Onun yetirmələri artıq respublika səviyyəsində də uğurlar qazanmağa başlayıb: “Respublika fənn müsabiqələrinə (RFM) təmannasız hazırladığım şagirdim Gülcan Məmmədova 90 bal yığaraq yarımfinal mərhələsində iştirak hüququ əldə edib”.

Fəridə müəllim təhsilin gələcəyini daha çox praktik və inteqrativ görür: “Təhsil daha çox praktikaya əsaslanmalıdır. Şagirdlər zavodlara, istehsalat sahələrinə aparılmalı, kimyanın iqtisadiyyatdakı rolunu canlı görməlidirlər. Həmçinin, fənlərarası inteqrasiya (məsələn, kimya-biologiya-fizika) gücləndirilməlidir”.

Qiymətləndirmə sisteminə də fərqli yanaşması var: “Qiymətləndirmənin sadəcə testlərdən deyil, layihə işlərindən və tədqiqat bacarıqlarından ibarət olmasını istərdim. Şagirdin yaddaşı deyil, bacarığı mərkəzdə olmalıdır”.

“Müəllim o gün qocalır ki, o, artıq öyrənə bilmədiyini düşünür”

Onun fikrincə, müəllim artıq bilik mənbəyi olmaqdan çox, bələdçi rolunu oynayır: “Müəllim artıq məlumatın tək mənbəyi deyil. İndi müəllim filtrdir. İnformasiya selinin içində şagirdə hansı məlumatın doğru, hansının faydalı olduğunu seçməkdə kömək edən bir mentordur”.

Fəridə müəllimin ideal şagird obrazı da fərqlidir: “Mənim üçün ideal şagird hər şeyi bilən deyil, hər şeyi soruşan şagirddir. Sual verməkdən qorxmayan, səhv etməyi öyrənməyin bir parçası hesab edən və dərsliklərin sərhədlərini aşmaq istəyən hər bir uşaq ideal şagirddir”.

Sonda isə həmkarlarına və gələcək müəllimlərə belə müraciət edir: “Heç vaxt öyrənməyi dayandırmayın. Müəllim o gün qocalır ki, o, artıq öyrənə bilmədiyini düşünür. Şagirdlərinə sadəcə fənni deyil, onlara inanmağı öyrətsinlər. Çünki sevgi ilə açılmayan heç bir zehin qapısı yoxdur”.