Məktəb yoldaşından ilhamlanıb qızıl medalçı oldu
Respublika fənn olimpiadalarının (RFO) qaliblərindən biri də Beyləqan rayon Əli Əsgərov adına Yuxarı Kəbirli kənd tam orta ümumtəhsil məktəbinin X sinif şagirdi Aytəkin İsmayıllıdır.
“Azərbaycan müəllimi”nin qonağı olan olimpiadaçı 2025–2026-cı tədris ilində Azərbaycan dili və ədəbiyyat fənni üzrə bürünc medal qazanaraq məktəbinin uğurları sırasına daha bir nailiyyət əlavə edib.
Aytəkinin sözlərinə görə, olimpiadaya qatılmağa onu müəllimi, eyni zamanda məktəbdəki əvvəlki uğurlu nəticələr həvəsləndirib. Xüsusilə məktəbin məzunu Fidan Qasımlının qazandığı 2 qızıl və 1 gümüş medal ona daha da motivasiya verib. Bu uğurlar və müəlliminin dəstəyi onda özünü sınamaq və qalib olmaq istəyi yaradıb.
Olimpiadaya hazırlıq prosesində Aytəkinə ən böyük dəstəyi Azərbaycan dili və ədəbiyyat müəllimi Samirə Namazova verib. Şagird qeyd edir ki, müəllimi ilə münasibətləri yalnız dərslə məhdudlaşmayıb, onlar bu yolda bir-birinə dost kimi dəstək olublar. Məktəb rəhbərliyi və ailəsinin diqqət və qayğısı da onun motivasiyasını artıran əsas amillərdən biri olub.
Aytəkin uğur qazanacağına əvvəldən inandığını desə də, əsas hədəfinin qızıl medal olduğunu vurğulayır. Bəzən tərəddüd yaşamasına baxmayaraq, heç vaxt mübarizədən geri çəkilmədiyini bildirir. Hesab edir ki, bu inamın formalaşmasında müəlliminin, ailəsinin və məktəb rəhbərliyinin böyük rolu olub.
Bu, Aytəkinin ilk uğuru deyil. O, ötən tədris ilində də Azərbaycan dili və ədəbiyyat fənni üzrə bürünc medal qazanıb. Bundan başqa, müxtəlif məktəblərarası yarışlarda fəal iştirak edib. Gənc olimpiadaçı gələcəkdə də bilik yarışlarında iştirak etmək niyyətindədir.
Aytəkinin ən böyük arzusu müəllim olmaqdır. O, Azərbaycan dilini və ədəbiyyatını insanlara sevdirərək vətəninə və xalqına faydalı bir vətəndaş olmaq istədiyini deyir.
Sonda Aytəkin ona daim dəstək olan müəlliminə, məktəb rəhbərliyinə və ailəsinə təşəkkürünü bildirib. O qeyd edib ki, ən çətin anlarında belə onların yanında olması uğur qazanmasına böyük təsir göstərib.
Qeyd edək ki, Beyləqan rayon Əli Əsgərov adına Yuxarı Kəbirli kənd tam orta ümumtəhsil məktəbinin şagirdi Fidan Qasımlı 2020–2021-ci tədris illərində Respublika fənn olimpiadasında Azərbaycan dili və ədəbiyyatı fənni üzrə qızıl medal qazanaraq Beyləqan rayonu üzrə ilk belə uğura imza atıb. Hazırda o, Qarabağ Universitetinin tələbəsidir.



