149 balla rayon birincisi oldu - Liseydən yüksək nəticələr

21 May, 2026 - 10:40
149 balla rayon birincisi oldu

Təhsildə uğur təsadüfdən deyil, məqsədyönlü fəaliyyət, peşəkar müəllim kollektivi və şagirdlərə yaradılan imkanlardan doğur. Son illərdə region məktəblərinin əldə etdiyi nəticələr bir daha göstərir ki, paytaxtdan uzaqda yerləşən təhsil müəssisələri də yüksək nailiyyətləri ilə seçilə bilir. Müasir tədris mühiti, innovativ yanaşmalar və müəllimlərin davamlı inkişafı bu uğurların əsasını təşkil edir.

“Azərbaycan müəllimi” qəzeti olaraq regionlarda fəaliyyət göstərən və uğurları ilə diqqət çəkən məktəbləri oxucularımıza tanıtmağa davam edirik. Bu dəfə yolumuzu Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqandakı Humanitar fənlər təmayüllü liseyə saldıq. Qısa müddətdə qazandığı nailiyyətlərlə seçilən lisey həm müəllimlərinin peşəkarlığı, həm də şagirdlərinin uğurları ilə region təhsilində nümunəvi məktəblərdən birinə çevrilib.

Məktəbin direktoru Gülnarə Məmmədova bildirib ki, açılışında Prezident İlham Əliyevin də iştirak etdiyi təhsil müəssisəsi 2019-cu ildən fəaliyyətə başlayıb. Hazırda burada 243 şagird təhsil alır, 48 nəfərlik pedaqoji və texniki heyət çalışır.

Direktorun sözlərinə görə, məktəb şagirdlərinin uğurları yalnız təhsillə məhdudlaşmır:

“Şagirdlərimiz idman, rəsm, musiqi və digər sahələrdə daim fərqlənirlər. Müəllimlərimiz də peşəkar inkişaf istiqamətində ciddi nəticələr əldə edirlər. Ötən il sertifikasiya imtahanında informatika müəllimimiz Xanım Ələmdarlı maksimum – 60 bal toplayıb. Cari tədris ilində isə 11-ci siniflərin buraxılış imtahanında rayon üzrə orta bal göstəricisinə görə 149 balla birinci olmuşuq, 9-cu siniflər üzrə isə 114 balla ilk onluqda yer almışıq”.

Liseyin informatika müəllimi Xanım Ələmdarlı artıq yeddi ildir ki, pedaqoji fəaliyyətlə məşğul olduğunu deyir. 
Onun fikrincə, müəllim daim yenilənən dünyaya uyğun olaraq öz üzərində işləməli, həm ixtisas, həm də metodika sahəsində yenilikləri izləməlidir:
“Rəqəmsal dövrdə texnologiya həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu baxımdan məktəblərdə informatika fənninin rolu daha da artır. Şagirdlər yalnız İKT-dən istifadə etməyi deyil, həm də informasiya ilə düzgün işləməyi bacarmalıdırlar. Gələcəyin peşələrinin böyük əksəriyyəti rəqəmsal bacarıqlar tələb edir və bu proses sürətlə davam edir”.

Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülnar Fərmanova 2012-ci ildə ali məktəbi bitirib və həmin ildən pedaqoji fəaliyyətə başlayıb. O qeyd edir ki, müəllimlik peşəsində əsas məqsədi şagirdlərdə sərbəst düşünmə və özünəinam formalaşdırmaqdır:

“Şagirdlərlə münasibətdə onları mühakimə etmədən suallar verməyə təşviq edirəm. Ən önəmlisi isə onların gələcəklərini xəyal etmələrinə kömək etməyə çalışıram. Düşünürəm ki, maraq və öyrənməyə əsaslanan mühit şagirdlərin inkişafında mühüm rol oynayır.

Şagirdlərin öyrənmə səviyyəsi və qavrama qabiliyyəti fərqlidir. Uğurlu tədrisin əsas açarı fərdi yanaşmadır. Hər bir şagirdin fikrinə dəyər verilməli, onları dinləməyi bacarmalıyıq”.

Liseyin coğrafiya müəllimi İnarə Əliyeva isə 2020-ci ildən pedaqoji fəaliyyət göstərir. O bildirir ki, dərslərində əsas məqsədi şagirdlərə coğrafiyanın yalnız bir fənn deyil, həm də dünyagörüşü formalaşdıran vacib bir sahə olduğunu aşılamaqdır:

“Şagirdlərə coğrafiyanın nəyi öyrəndiyini, bu fənni bilməklə dünyanı daha yaxşı tanıyacaqlarını izah edirəm. Coğrafiya uşaqlarda tolerantlıq, humanistlik və geniş dünyagörüşü formalaşdırır. Düşünürəm ki, bunu şagirdlərimə sevdirə bilmişəm və onların hər biri bu gün coğrafiyaya böyük maraq göstərir”.

Müəllim qeyd edir ki, dərslərdə şagirdlərin maraq dairəsinə uyğun fərqli oyunlardan, araşdırma üsullarından və interaktiv fəaliyyətlərdən istifadə olunur. Bu yanaşma şagirdlərin diqqətini dərsə daha çox cəlb edir və onların fəallığını artırır.

Qısa müddətdə qazandığı uğurlar, müəllim kollektivinin peşəkarlığı və şagirdlərin nailiyyətləri göstərir ki, Humanitar fənlər təmayüllü lisey region təhsilində özünəməxsus yer tutmağa davam edir.

149 balla rayon birincisi oldu