Şagirdlərə aşılanan Vətən sevgisi güclü ordunun təməlini qoyur – hərbi hazırlıq müəllimi
Gənc nəslin vətənpərvər, intizamlı və məsuliyyətli vətəndaş kimi formalaşmasında gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin rolu danılmazdır. Bu müəllimlər şagirdlərə yalnız ilkin hərbi bilik və bacarıqlar öyrətmir, eyni zamanda onlarda ölkəsinə sədaqət, milli-mənəvi dəyərlərə hörmət və Vətən sevgisi formalaşdırırlar. Onlar məktəbdə nizam-intizamın, iradənin, fiziki və mənəvi hazırlığın əsas təbliğatçıları kimi çıxış edir, gələcəyin müdafiəçilərinin yetişməsinə mühüm töhfə verirlər.
“Azərbaycan müəllimi” qəzetinin budəfəki həmsöhbəti İmişli şəhəri Eldar İbrahimov adına 4 nömrəli tam orta məktəbin gənclərin çağırışaqədərki hazırlığı rəhbəri Natiq Məmmədovdur.
Hərbi xidmət – həyat məktəbi
Natiq Məmmədov uşaqlıq və gənclik illərindən Vətənə, dövlətçiliyə və hərbi xidmətə xüsusi maraq göstərdiyini deyir. Onun fikrincə, insanın ən böyük borcu Vətənə layiqincə xidmət etmək və gələcək nəsli sağlam ruhda yetişdirməkdir.
O, Azərbaycan Respublikasının Daxili Qoşunlarında xidmət edib. Natiq müəllimin sözlərinə görə, hərbi xidmət onun üçün sadəcə bir mərhələ deyil, əsl həyat məktəbi olub: “Bu yol mənə intizamı, məsuliyyəti, dəqiqliyi, komanda ruhunu və vətənpərvərliyi daha dərindən öyrətdi”.
Pedaqoji fəaliyyət və məqsəd
Pedaqoji fəaliyyətinə İmişli rayonunun Rəsullu kənd tam orta məktəbində başlayan Natiq Məmmədov 2025–2026-cı tədris ilindən etibarən Elm və Təhsil Nazirliyinin “Tam orta məktəb” layihəsi çərçivəsində fəaliyyət göstərən İmişli şəhəri Eldar İbrahimov adına 4 nömrəli tam orta məktəbdə hərbi rəhbər kimi çalışır. Onun əsas məqsədi şagirdlərə hərbi bilikləri sadəcə fənn kimi deyil, Vətənə sevgi və gələcəyə hazırlıq vasitəsi kimi aşılamaqdır. Natiq müəllim həm dərs prosesində, həm də məktəbdənkənar tədbirlərdə şagirdlərlə yaxından işləyir.
Zəhmətə verilən dəyər
Fəaliyyəti dövründə Natiq Məmmədov Elm və Təhsil Nazirliyi, eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən fəxri fərmanlarla təltif olunub. Bu təltiflər onun üçün böyük şərəf olmaqla yanaşı, məsuliyyətini daha da artırır.
Müəllim yanaşması və dərs metodları
Natiq müəllim hesab edir ki, dərsi sevdirmək üçün müəllim, ilk növbədə, şagirdin qəlbinə yol tapmalıdır. Hərbi hazırlıq ciddi fənn olsa da, onu sevdirən əsas amil müəllimin yanaşmasıdır. O, dərslərini yalnız nəzəri biliklər üzərində qurmur, çalışır ki, şagird mövzunu həyat bacarığı kimi qəbul etsin. Nizam-intizamın əhəmiyyəti, komanda ilə işləməyin üstünlükləri, çətin anlarda düzgün qərar vermək kimi bacarıqlar real nümunələrlə izah olunur.
Şagirdlərlə səmimi, eyni zamanda tələbkar münasibət saxlayan Natiq müəllim onlara tez-tez belə deyir: “Sən bacararsan. Sən gələcəyin qəhrəmanısan”.
Dərslərdə praktiki məşğələlər, psixoloji və fərdi yanaşma, müzakirə və sual-cavab, yarış və komanda formatı kimi müasir metodlardan istifadə olunur. Bu yanaşma şagirdlərdə maraq, məsuliyyət və özünə inam yaradır.
Qız şagirdlərin fəallığı
Natiq Məmmədov qız şagirdlərin də dərslərdə böyük həvəslə iştirak etdiyini xüsusi vurğulayır. O, heç vaxt fərq qoymadığını, əksinə, onların bacarıqlarını nümayiş etdirməsi üçün şərait yaratdığını bildirir. Bir çox hallarda qızlar nizam-intizam və məsuliyyət baxımından nümunə göstərirlər. Müəllim əmindir ki, onların vətənpərvər ruhda böyüməsi gələcəkdə cəmiyyətə böyük töhfə verəcək.
Ən böyük uğur – şagirdlərin uğuru
Natiq müəllim üçün ən böyük fəxr şagirdlərinin qazandığı nəticələrdir. Onların Vətənə sevgi ilə böyüməsi, intizamlı olması və hərbi hazırlığa maraq göstərməsi onun üçün ən böyük nailiyyətdir. Bu illər ərzində məktəbdə keçirilən hərbi-vətənpərvərlik tədbirləri, layihə və yarışlarda əldə olunan uğurlar bunun bariz nümunəsidir.
Hərbi rəhbər olmaq Natiq Məmmədov üçün sadəcə peşə deyil, bir missiyadır. O hesab edir ki, bu gün şagirdlərə aşılanan Vətən sevgisi sabah güclü ordunun, güclü dövlətin və güclü cəmiyyətin təməlini qoyur. Belə müəllimlərin fəaliyyəti sübut edir ki, məktəbdə formalaşan vətənpərvərlik ruhu ölkənin gələcəyini müəyyən edən əsas amillərdən biridir.



