İmişlinin kənd məktəbinin direktoru ilə bağlı iddialar araşdırılır – RƏSMİ
Sosial şəbəkələrdə şagirdin fiziki zorakılığa məruz qalmasını əks etdirən videogörüntülər yayılıb, videodakı şəxsin təhsil müəssisəsinin direktoru olduğu iddia olunur.
Məsələ ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə bildirilib ki, hadisədə iştirak edən şəxslərin kimliyini və görüntünün nə zaman çəkildiyini dəqiq müəyyən etmək üçün araşdırma aparılır: "Şagirdə qarşı uyğunsuz davranışa yola verən şəxsin İmişli rayonu Hacıalmuradlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru olması ilə bağlı yayılan iddiaların həqiqəti əks etdirib-etdirmədiyi nəzarətə götürülüb.
Yayılan görüntü ilə bağlı aparılan araşdırmanın gedişində hadisənin bütün detalları dəqiqləşdiriləcək və ictimaiyyətə məlumat veriləcək. Media nümayəndələrini proses yekunlaşana qədər yalnız rəsmi mənbələrə istinad etməyə çağırırıq".



