Həm müəllim, həm idman hakimi: Müəllim doğru olanı öyrədəndir

5 Noyabr, 2025 - 17:22
Həm müəllim, həm idman hakimi: Müəllim doğru olanı öyrədəndir
Həm müəllim, həm idman hakimi: Müəllim doğru olanı öyrədəndir

Sizə zaman-zaman uğurlu gənc müəllimlər haqqında yazılar təqdim edirik.

Budəfəki qəhrəmanımız həm fiziki tərbiyə müəllimi, həm də idman hakimi olan Elvin Mehdiyevdir.

Elvin Mehdiyev 4 oktyabr 1997-ci ildə İmişli rayonu Qaradonlu kəndində anadan olub. Orta təhsilini Müşfiq Şirinov adına Qaradonlu kənd tam orta məktəbində alıb.

Elvin müəllim deyir ki, yaşadığı rayonun əsas iqtisadi fəaliyyəti kənd təsərrüfatı ilə bağlıdır.

“Uşaq yaşlarımdan həm oxumağa, həm də kənd işləri görərək ailəmizə dəstək olmağa çalışmışam. Elə hər şeyin qədrini, əziyyətin qüdrətini, yaxşılığın əzəmətini məktəbdə müəllimlərimdən, evdə ailəmdən öyrənib, görüb-götürmüşəm. Fikrimcə, insanın bu həyatda püxtələşməsi, həyatın ucsuz-bucaqsız keşməkeşli yollarında şaxələnməsi üçün əziyyət görməsi mütləqdir. Öyrənmək və öyrətmək yolunda olan ilk addımlarım elə məktəbdə təhsil aldığım dövrlərdən başlayıb. Çünki şagird olduğum illər ərzində kiçik ədəbi yazarlıq məşğuliyyətim də olub. Babam Ələsgər İbrahimov rayonumuzun tanınan coğrafiya müəllimi olub. Burada da irsi məqamların olduğunu düşünürəm”.

Qəhrəmanımız bildirir ki, təhsil aldığı ixtisasın dərinliklərini öyrənmək və daim inkişafda olmaq üçün hər zaman səylə çalışıb. Hazırki kiçik uğurlarının bir hissəsinin təməli Bakı Humanitar Kollecində oxuduğu illərdən başlayıb. Çünki həmin illərdə yenə də yoluna yaşıl işıq salan bir neçə dəyərli müəllimi ilə rastlaşıb, onların göstərdiyi xəzinə dolu yol ilə addımlamağa çalışıb.

“Elə bu həmin yollardan biri idi ki, sonuncu kurs tələbəsi olarkən müəllimim məni öz oxuduğum, yəni ixtisasıma aid olan idman hakimi sahəsində də əlavə təcrübə qazandırmağa yönəltdi. Bu yolda ilk təcrübəm Azərbaycan Atletika Federasiyasının təşkil etdiyi bir sıra yerli yarışlarda təcrübəçi hakim kimi iştirakımla başladı. Daha sonra həmin federasiyanın təşkil etdiyi “Atletika hakimi” kursunu uğurla başa vuraraq, 2019-cu ildə ölkəmizdə keçirilən “XV Avropa Gənclər Yay Olimpiya Festivalı”nda texniki rəsmi (hakim) kimi fəaliyyət göstərmişəm. Eyni zamanda həmin illərdən hər il ölkəmizdə təşkil olunan Formula -1 üzrə Azərbaycan Qran-pri yarışlarında iştirak etmək üçün Bakı Marşal Klubuna üzv olmuş, bu yarışlarda marşal rolunda fəaliyyət göstərirəm. Təcrübə toplamaq, yeni dostlar qazanmaq, dəyərli insanlarla birlikdə çalışmaq eşqi bizi hər il İmişlidən Bakıya getməyə sövq edir”.

Müəllim vurğulayır ki, həyat səhifəsinin bir hissəsi də məhz Bakı Humanitar Kollecinin “Fiziki tərbiyə müəllimliyi” ixtisasını bitirdiyi 2020-ci ildən başlayır.

“Həmin il Elm və Təhsil Nazirliyinin təşkil etdiyi müəllimlərin işə qəbulu (MİQ) imtahanında müvafiq keçid balını (48 bal) toplayaraq İmişli rayonu Mahir Mirzəyev adına Məmmədli kənd tam orta məktəbində ilk pedaqoji fəaliyyətimə başladım. Növbəti tədris ilində imtahan balımı daha da artıraraq İmişli şəhəri Eldar İbrahimov adına 4 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətimə davam etdim. Elə fəaliyyətimin çiçəklənmə dövrü də məhz bu məktəbdə başladı. Çalışdığım məktəbin yerli şəraiti mənim fəaliyyətimi daha geniş çərçivədə qurmağıma imkan verməsə də, hər zaman beynimdə müxtəlif fikirlər canlandırır, şagirdlərim üçün hansı yeniliyi tətbiq edə biləcəyimi düşünürdüm. Axı biz də məktəbli olmuşuq. Həm də nəzərə alsaq ki, indiki dövrün uşaqları sürətlə dəyişən, inkişaf edən bir mühitdə yaşayırlar, demək müəllim də hər zaman inkişafda olmalı, daim öyrənməlidir ki, bu müasir dövrlə ayaqlaşa bilsin. Bəli! Beynimdə olan fərq yaratmaq düşüncəsi ilə şagirdlərimi rayonda tanınmayan, lakin çox maraqlı bir idman növü olan badminton ilə tanış etməyə çalışdım. Amma bu idman növü üçün əyani vəsait olmalı idi. Bu vəsaitlər də dövlət tərəfindən təmin olunmur. Bunları müəllim yalnız öz təşəbbüsü ilə əldə edə bilər. Öz məvacibim hesabına əldə etdiyim bir cüt badminton roketkası məni bu növdə hakimliyə gətirdi. Əvvəlcə Azərbaycan Badminton Federasiyasının təşkil etdiyi hakimlik kursunu uğurla başa vurdum. Növbəti mərhələdə - bu ilin fevral ayında Bakıda təşkil olunan “Qarışıq Komandaların Avropa Çempionatında” və 28 sentyabr–8 oktyabr tarixlərində ölkəmizdə baş tutan “III MDB Oyunları” beynəlxalq turnirində keçirilən yarışlarda hakim olaraq fəaliyyət göstərdim”.

Elvin müəllim qeyd edir ki, iştirak etdiyi hər bir tədbirdə məsuliyyətli, ədalətli olmağa, daim nələrsə öyrənməyə çalışır. Bütün bu tədbirlərdə iştirak ona fərqli insanlar, yeni yoldaşlar qazandırır, ən əsası, müxtəlif yerlərdən olan yaxşı insanları tanımaq imkanı verir.

Həyat yolunda bütün bu qazanılmış təcrübələrdən öyrəndiklərini analiz edərək, şagirdlərinə də aşılamağa, onlara canlı nümunə olmağa çalışır.

“Bunlardan ən başlıcası davranış mədəniyyəti, komanda birliyi, komanda ruhu və mübarizədir. Mənim bir cümləm var: “Müəllim səhvlərindən nəticə çıxarıb doğru olanı öyrədəndir!” İnsan hər hansı bir yerdə davranışlarını həmin insanlara görə dəyişə, onlara uyğunlaşdıra bilər. Amma əqidəsini əsla dəyişməməlidir! Bu cəmiyyət müəlliminin qədrini hər zaman bilməli, müəllimini daha çox sevməlidir. Çünki ən gözəl libasınızın pambıq iplərini əyirən dərzidir müəllim”.

Elvin müəllimin həyat yolu göstərir ki, müəllimlik yalnız sinif otağında deyil, həm də həyatın özündə öyrətmək sənətidir. O təhsil və idman sahəsində qazandığı təcrübə ilə gənclərə nümunə olur, göstərir ki, əzmlə çalışan, öyrənməkdən çəkinməyən insan üçün sərhəd yoxdur. Onun sözləri sanki bütün müəllimlərin missiyasını ifadə edir:

“Ən gözəl libasınızın pambıq iplərini əyirən dərzidir müəllim”.

Bəli, elə o libas cəmiyyətin gələcəyidir elə.