Kənd məktəbinin komandası respublika miqyasında uğur qazandı – SAATLIDAN REPORTAJ

9 Yanvar, 2026 - 11:36
Kənd məktəbinin komandası respublika miqyasında uğur qazandı

İntellektual oyunlar müasir təhsil mühitində şagirdlərin hərtərəfli inkişafına xidmət edən mühüm vasitələrdən biridir. Bu oyunlar şagirdlərin yalnız bilik səviyyəsini artırmaqla kifayətlənmir, eyni zamanda onların məntiqi düşünmə, problem həll etmə, diqqət və yaddaş kimi əsas zehni bacarıqlarını inkişaf etdirir. Eləcə də rəqabət və əməkdaşlıq elementlərini özündə birləşdirən intellektual oyunlar şagirdlərdə özünəinam, ünsiyyət və komanda ilə işləmək vərdişlərini formalaşdırır. Məhz bu baxımdan intellektual oyunların tədris prosesində tətbiqi şagirdlərin dərsə marağını artırır və onların şəxsiyyət kimi yetişməsində mühüm rol oynayır.

Paytaxtla yanaşı, bölgələrdə də intellektual oyunlara maraq yüksəkdir. Buna sübut olaraq bu yaxınlarda Elm və Təhsil Nazirliyi və “Game TV”nin təşkilatçılığı ilə keçirilən “Breyn Rinq” intellektual yarışında yüksək nəticə toplayan kənd məktəbinin komandasını göstərə bilərik.

“Azərbaycan müəllimi” qəzeti həmin - Saatlı rayon M.Əliyev adına Əlisoltanlı kənd tam orta ümumtəhsil məktəbinin “Birlik” komandasının rəhbəri və oyunçuları ilə həmsöhbət olub.

Komandanın rəhbəri Vüqar Namazovun sözlərinə görə, yarış hər il VI-XI sinif şagirdləri arasında keçirilir. Vüqar müəllim yarış prosesi barədə ətraflı məlumat verərək, öz təəssüratlarını bizimlə bölüşür.

Deyir ki, yarış 3 mərhələdən - rayon, region və final mərhələsindən ibarət olur. Rəhbəri olduğu "Birlik" komandası da bu yarışa qatılmaq üçün öncə rayon mərhələsində bütün rəqiblərinə qalib gələrək zona mərhələsində iştirak hüququ qazanıb. Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan Saatlı, Sabirabad, İmişli və Beyləqan rayonlarından gələn rayon çempionları region çempionunu təyin etmək üçün mübarizə apardı. Maraqlı mübarizə şəraitində keçən region turunda qalib "Birlik" komandası oldu və region çempionları ilə birlikdə respublika çempionu adı uğrunda mübarizə aparmaq hüququ qazandı. 

Onun sözlərinə görə, “Breyn Rinq” yarışında güclərini sınayan region çempionları bilikləri ilə yanaşı, sürətli düşünüb qərar verməli və düymə basarkən sürətli olmalı idilər. "Birlik" komandası ilk mübarizəsində Bakı şəhəri 20 nömrəli məktəblə qarşılaşdı və 3-0 hesabla qalib gələrək Qax məktəbliləri ilə rəqib oldu. Qax məktəbliləri üzərində 3-1 hesablı qələbə komandanı böyük finala çıxması üçün bir addım yaxın etdi. Sonuncu görüşü Bərdə məktəbliləri ilə keçirən "Birlik"  komandası son anda məğlub olaraq finala çıxmağın ilk şansını əldən verdi. 

Növbəti oyunda finala çıxmaq uğrunda mübarizədə ilk olaraq keçən ilin çempionları Bakı şəhəri “Zəkalar” liseyi ilə qarşılaşan "Birlik" komandası 3-0 qalib gəldi. Finala bir addımlığında Quba rayon Fizika, riyaziyyat və informatika təmayüllü liseylə (FRİTL)  qarşılaşan komandamız rəqibinə 3-0 qalib gələrək finala adını yazdırdı:

“Finalda ADA məktəbliləri, Bərdə rayon məktəbliləri və Gəncə şəhər məktəbliləri ilə birlikdə respublika çempionu uğrunda mübarizə apardıq. Püşkdə rəqibimiz Gəncə şəhər məktəbliləri çıxdı və komandamız 5-3 hesabı ilə qalib gələrək adını finala yazırdamağa nail oldu. Çempionatın əvvəlindən rayon turundan final turuna yüzlərlə komandanın iştirak etdiyi böyük bir marafonun sonunda ADA məktəbliləri və Saatlı rayon M.Əliyev adına Əlisoltanlı kənd tam orta ümumtəhsil məktəbinin komandası qalırdı.

Gərgin keçən finalda az fərqlə məğlub olan "Birlik" komandası respublika ikincisi oldu.  
Yaradıcısı və rəhbəri olduğum "Birlik" komandası ilə əvvəllər də dəfələrlə intellektual və idman yarışlarında respublika çempionu olmuşuq.  Bu uğurla da "Birlik" komandası Mil-Muğam Regional Təhsil İdarəsində ilkə imza atmış oldu”.

Komandanın oyunçuları – Ləman Cəfərova (IX sinif, kapitan), Kənan Səfərov (XI sinif), Zəbi Məmmədov (XI sinif), Novruz Şükürlü (XI sinif), Nahid Rəsulov (XI sinif), Ayan Rəsulzadə (IX sinif), Mehdi Əliyev (XI sinif) və Toğrul İslamovla (IX sinif) da həmsöhbət oluruq. Şagirdlər qələbələrindən həvəslə danışırlar:

“Bizim məktəb intellektual yarışları ilə məşhurdur. Məktəbdaxili çox böyük yarışlarımız olur və zamanla şagirdlər belə çempionatlar üçün yetişir. Məktəbimizin müəllimi, "Birlik" komandasının yaradıcısı Vüqar Namazovun məktəbin daxilində öz maddi hesabına ərsəyə gətirdiyi "İntellektual otaq” bütün növ intellektual yarışların hazırlığına xidmət edir. 
Oyunda verilən suallara şagirdlər öyrəndikləri elmi sualları məntiqlərinin və cəld qərar verməkləri hesabına cavablandırırlar. Belə ki, suallar şagirdlərin kitablardakı öyrəndikləri bilikləri məntiqi hesabına tez bir zamanda tapıb, komanda şəklində qərar verib və düymə sıxanın cəldliyi sayəsində ilk cavab vermək haqqını əldə edilir. 

Sonda oyunçular belə yarışların şagirdlərə nə kimi faydalar verməsi barədə danışaraq bildirirlər ki, bu tipli oyunlar onlarda bilik və məntiq göstərişləri ilə yanaşı, komanda ruhunun yaranmasında çox böyük rol oynayır. 

“Şagirdlər savadlarının və oyun strategiyalarının hesabına uğur əldə edirlər. Bütün bunlardan əlavə şagirdlər televiziya ekranlarında özünü gördükdə özünəinam və daha böyük uğurlara həvəs yaranır” – deyə onlar əlavə edirlər.

Beləliklə, intellektual oyunlar şagirdlərin bilik və bacarıqlarının üzə çıxarılması, onların məntiqi düşünmə və qərarvermə qabiliyyətlərinin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. “Birlik” komandasının əldə etdiyi uğur bir daha sübut edir ki, düzgün istiqamətləndirmə, məqsədyönlü hazırlıq və müəllim–şagird əməkdaşlığı nəticəsində bölgə məktəbləri də respublika səviyyəli yarışlarda layiqincə təmsil oluna bilir. Bu cür yarışlar şagirdlərdə sağlam rəqabət mühiti formalaşdırmaqla yanaşı, onların gələcək təhsil və həyat yolunda daha inamlı addımlar atmasına zəmin yaradır. İntellektual oyunların məktəblərdə geniş təşviqi və bu sahəyə göstərilən dəstək isə savadlı, düşünən və yaradıcı gənc nəslin yetişməsinə mühüm töhfə verir.

Xatırladaq ki, ötən il bu məktəbin məzunu Aysel Səfərova (687,9 bal) Mil-Muğan Regional Təhsil İdarəsi üzrə kənd məktəblərinin məzunları arasında ən yüksək balı toplayıb. Eləcə də 2024-2025-ci tədris ili üzrə keçirilmiş qəbul imtahanlarında kənd rayonları üzrə sözügedən məktəb 4 fənn — ədəbiyyat, riyaziyyat, fizika və kimya üzrə qəbul göstəricilərinə görə xüsusi fərqlənən təhsil müəssisələrindən biri olub.