Mil-Muğan üzrə 3 komanda “Sabahın alimləri”nin finalında iştirak edəcək
Mil-Muğan Regional Təhsil İdarəsi üzrə “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin final mərhələsində iştirak hüququ qazanan komandaların sayı məlum olub.
Bu barədə "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq idarədən bildirilib.
Həmin komandalar Beyləqan şəhəri Humanitar fənlər təmayüllü liseyi (elmi rəhbər Gülnarə Məmmədova, şagird Nuray Hümbətli, layihənin adı "Xoşbəxt məktəb – şagird mərkəzli təhsil ekosistemi modeli"), Saatlı şəhər S. Vurğun adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi (elmi rəhbər Günəş İsgəndərova, şagird Səxavət İsgəndərli, layihənin adı "Məhdud resurslar, maksimum səmərə: gündəlik həyatın optimallaşdırılması") və Sabirabad şəhər Hacı Zeynalabdin Tağıyev adına 6 nömrəli tam orta ümumtəhsil məktəbi ( elmi rəhbər Şaidə Məmmədli, şagird Mirəli Əliyev, layihənin adı "Foto və videolarda süni intellekt vastəsilə edilmiş manipulyasiyaları aşkar edən analiz sistemi") təmsil edir.
Qeyd edək ki, müsabiqənin əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması çərçivəsində 9 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt) üzrə elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar olunmasıdır.



