"Ən yaxşı öyrənmək öyrətməkdən keçir" - Vətən müharibəsi iştirakçısı 58 bal topladı 

25 İyun, 2026 - 17:45
"Ən yaxşı öyrənmək öyrətməkdən keçir"

Dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi davam edir. İyunun 24-də Sumqayıt şəhərində keçirilən sertifikasiya imtahanında yüksək nəticələri ilə seçilən təhsilverənlərlə tanış olduq. 

"Azərbaycan müəllimi" həmin müəllimlərlə söhbət edib. 

“Ən yaxşı öyrənmək öyrətməkdən keçir”

Sertifikasiya imtahanında 58 bal nəticə göstərən Elmir Şükürov Xırdalan şəhəri 7 nömrəli tam orta məktəbdə 4 ildir ki, tarix müəllimi işləyir. Elmir müəllim müharibə veteranıdır: "Murovdağ istiqamətində döyüşlərdə iştirak etmişəm. Həm "Kəlbəcərin azad olunmasına görə", həm də "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşam".

E.Şükürov qeyd edir ki, imtahana xüsusi olaraq hazırlaşmayıb: "Suallar fənnini normal bilən hər bir müəllim tərəfindən yazıla biləcək səviyyədə idi. Sertifikasiyanın əhəmiyyəti ondadır ki, müəllimlərin biliklərinin səviyyəsini müəyyən edir, gələcəkdə öz üzərlərində işləmələrinə şərait yaradır. İmtahandan uğurla keçmiş hər bir müəllimə fəaliyyətində uğurlar arzulayıram və hər bir müəllimə öz üzərində daim işləməyi, mütaliə etməyi və ən əsası, şagirdləri öyrətməyə çalışmağı tövsiyə edirəm. Çünki ən yaxşı öyrənmək öyrətməkdən keçir".

"Sertifikasiya prosesini müəllimlərin özünüqiymətləndirməsi kimi dəyərləndirirəm" 

Cahid İmanov Sumqayit şəhər 37 nömrəli tam orta məktəbin tarix müəllimidir. 57 bal nəticə göstərən C.İmanov 2002-ci ildən, yəni 24 ildir ki, pedaqoji fəaliyyətlə məşğuldur. 

Qeyd edir ki, imtahanda sualların asan, orta, çətinlik dərəcələri düzgün paylanmışdı, cərçivə sənədinə tam uyğun idi. "İxtisasdan imtahana hazırlaşmamışdım, kurikulum üzrə metodiki dəstək almışdım. Pedaqoji təcrübəm sualları cavablandırmağa kömək etdi. Sertifikasiya prosesini ilk növbədə müəllimlərin  özünüqiymətləndirməsi kimi dəyərləndirirəm. Müəllimlərə öz peşələrini sevməsini tövsiyə edirəm. Məncə, bir müəllimdə bu varsa o, hökmən uğur qazanacaq" . 

 Yeni təmayül tədris modeli tətbiq olunan Sumqayıt şəhər 37 nömrəli tam orta məktəbin tarix müəllimi sözügedən layihənin əhəmiyyətinə də toxunub: "Yeni təmayül tədris modelinin Elm və Təhsil Nazirliyinin ən uğurlu layihələrindən biri olacağına tam əminəm. Layihənin şagird və müəllimlərin inkişafında stimulu çoxdur və birbaşa məqsəd və nəticəyönümlüdür. Bu layihə həm də dövlətimizin vətəndaşlara qayğı və diqqətinin göstəricisidir".