Eşqi Bağırov: PISA nəticələrində Azərbaycan müəlliminin dəstəyi diqqət çəkir
“PISA-nın məktəb mühiti ilə bağlı nəticələrində Azərbaycan müəlliminin şagirdə verdiyi dəstək diqqət çəkir”.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu 2026-2027-ci tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.
“Həyata keçirilmiş tədbirlərin sonunda əsas sualımız sadə idi: qarşıya qoyduğumuz hədəflər üzrə real dəyişiklik yarada bildikmi? Nəticələr göstərir ki, ümumi təhsil üzrə müəyyən edilmiş əsas hədəflərin hamısında müsbət dinamika əldə olunub”,- deyən MÜTDA direktoru əlavə edib ki, IV və VI siniflərdə Azərbaycan dili və riyaziyyat nəticələrində, aşağı və yüksək nəticəli şagirdlərin nisbətində, rəqəmsal savadlılıqda, təkrar monitorinq olunan məktəblərin göstəricilərində və fiziki inkişaf nəticələrində irəliləyiş qeydə alınıb. PISA 2025-in nəticələrinə əsasən, bu qiymətləndirmə dövründə iştirak etmiş 91 ölkənin yalnız bir qismi əvvəlki dövrlə müqayisədə irəliləyiş göstərib. Azərbaycan isə nəinki irəliləyənlər sırasında olmuş, hətta hər üç istiqamət üzrə dünyada ən böyük sıçrayış edən 2-ci ölkə olub.




