ETİHİ-nin əməkdaşları “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya ediblər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları ETİHİ-nin həmkarlar komitəsinin təşəbbüsü ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya ediblər.
"Azərbaycan müəllimi" xəbər verir ki, Qoşa Qala qapısından başlayan gəzinti zamanı iştirakçılar qala divarları və giriş qapıları, qədim ticarət yollarının keçdiyi ərazilər, şəhərin ilkin formalaşmasını əks etdirən abidələrlə tanış olublar.
İştirakçılara İçərişəhərin qədim kulinariya ənənələrini, memarlıq üslubunu birləşdirən qastro-irs proqramı da təqdim edilib. Sözügedən təşəbbüs səhər yeməyi ilə başlayıb, baş aşpazla qədim yeməklərin hazırlanması dərsi və milli naharla davam edib. Daha sonra şirniyyat ustası ilə canlı dərs və çay mərasimi ilə yekunlaşıb.
Ekskursiya Respublika Komitəsinin əməkdaşlarına İçərişəhərin həm tarixi ritmini, həm də zəngin dad mədəniyyəti ilə yaxından tanışlıq imkanı yaradıb.
Qeyd edək ki, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyaya komitənin digər rayon və şəhər komitələrinin, həmçinin digər üzv təşkilatlarının əməkdaşları da cəlb ediləcəklər.


