"Evrika" liseyi tədris ilini yeni nailiyyətlərlə başa vurub

24 İyun, 2026 - 10:23
"Evrika" liseyi tədris ilini yeni nailiyyətlərlə başa vurub

Müasir dövrdə hər bir ölkənin inkişaf səviyyəsini müəyyən edən əsas amillərdən biri təhsildir. Azərbaycan Respublikasında son illər təhsil sahəsində həyata keçirilən ardıcıl islahatlar, yaradılan müasir təhsil infrastrukturu, innovativ layihələr və istedadlı gənclərin dəstəklənməsi istiqamətində görülən işlər ölkəmizin gələcəyinin etibarlı təməl üzərində qurulduğunu göstərir. Ölkə başçısı İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğı bu sahədə aparılan uğurlu siyasətin əsas istiqamətlərindən biri kimi Azərbaycan təhsilinin davamlı inkişafına mühüm töhfə verir. Dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğı nəticəsində məktəblərdə sağlam rəqabət mühiti formalaşır, şagirdlərin bilik və bacarıqlarının inkişafı üçün geniş imkanlar yaradılır.


"Azərbaycan müəllimi" xəbər verir ki, bu gün təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrdən biri yalnız akademik bilik vermək deyil, həm də yaradıcı düşünən, müasir texnologiyalara yiyələnən, milli-mənəvi dəyərlərə bağlı və qlobal çağırışlara hazır gənclər yetişdirməkdir. Məhz bu yanaşma şagirdlərin həm ölkədaxili, həm də beynəlxalq səviyyədə keçirilən olimpiada, müsabiqə və layihələrdə uğur qazanmasına şərait yaradır.

Müasir məktəb yalnız dərs keçilən məkan deyil, eyni zamanda ideyaların formalaşdığı, liderlik keyfiyyətlərinin inkişaf etdiyi, gələcəyin alimlərinin, mühəndislərinin, müəllimlərinin və dövlət xadimlərinin yetişdiyi bir mərkəzdir. Bu baxımdan məktəblərin qarşısında duran əsas missiya hər bir şagirdin fərdi potensialını üzə çıxarmaq və onu cəmiyyət üçün faydalı şəxsiyyət kimi formalaşdırmaqdır.

"Evrika" liseyinin uğurları Azərbaycan təhsilinin inkişafına töhfə verir

"Evrika Beynəlxalq Elm və Texnologiya" liseyi bir sıra mühüm nailiyyətlərə imza ataraq təhsil sahəsində qazandığı uğurları daha da artırıb. Liseyin şagirdləri həm respublika, həm də beynəlxalq səviyyəli olimpiada və müsabiqələrdə yüksək nəticələr göstərərək məktəbin adını layiqincə təmsil ediblər.

Respublika Fənn Olimpiadalarında liseyin şagirdi Hüseyn Ələsgərli tarix fənni üzrə bürünc medal qazanaraq fərqlənib. Respublika Fənn Müsabiqələrində isə Aylin Əsgərli fizika, Ləman Ocaqverdiyeva informatika, Naibə Babayeva kimya fənləri üzrə bürünc medala layiq görülüblər. Riyaziyyat-məntiq istiqamətində keçirilən Respublika Fənn Müsabiqəsində İmaməli Əsgərov finalçı olub. Fizika fənnindən Ömər Rəhimli adlı şagird isə Respublika Fənn Olimpiadasının finalçısı olaraq ilk tarixi uğura imza atıb.

Liseyin uğurları yalnız ölkə sərhədləri ilə məhdudlaşmır. Şagird İmran Abdullazadə Barselonada keçirilən kodinq və riyaziyyat üzrə beynəlxalq müsabiqədə “Best of the Best” nominasiyası üzrə iki qızıl medal qazanaraq dünya üzrə üçüncü yerə layiq görülüb. Bu nəticə Azərbaycan məktəblilərinin beynəlxalq arenada rəqabət qabiliyyətinin daha bir göstəricisidir.

Gənc istedadların uğurları sırasında "Evrika" liseyinin şagirdi Nuran Pənahlının Respublika üzrə keçirilən Kopernik Riyaziyyat Olimpiadasında qazandığı qızıl medal xüsusi yer tutur. Həmçinin liseyin şagirdləri Aylin Rzalı və Nəzrin Mustafayeva Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və STEAM Azərbaycan layihəsinin təşkil etdiyi SAF Festivalında VİDX kateqoriyası üzrə final mərhələsində ikinci yerə sahib olubar. Bununla yanaşı, "Evrika" liseyinin şagirdləri “Sabahın alimləri” XIV layihə müsabiqəsinin qalibi seçilərək daha bir uğura imza atıb.

Tədris nailiyyətləri ilə yanaşı, lisey məzunlarının göstəriciləri də diqqətəlayiqdir. 2025–2026-cı tədris ilində IX sinif üzrə 3 nəfər, XI sinif üzrə isə 4 nəfər fərqlənmə attestatı almağa nail olub. Bu nəticələr tədris prosesinin keyfiyyətini və şagirdlərin sistemli hazırlığını bir daha təsdiqləyir.

“Evrika Beynəlxalq Elm və Texnologiya” Liseyi idman sahəsində də uğurlarını davam etdirir. Təhsil müəssisəsi Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının təşkil etdiyi Super Liqa mini futbol turnirində 2023, 2024 və 2026-cı illərdə qalib olaraq birinci yerə layiq görülüb. Bu nailiyyətlər liseydə şagirdlərin hərtərəfli inkişafına göstərilən diqqətin bariz nümunəsidir.

Qazanılan bütün uğurların arxasında peşəkar müəllim heyətinin əməyi, müasir tədris mühiti, innovativ yanaşmalar və şagirdlərin məqsədyönlü hazırlığı dayanır. Lisey rəhbərliyi və pedaqoji kollektiv istedadlı şagirdlərin inkişafı, onların elmə və texnologiyaya marağının artırılması istiqamətində fəaliyyətini davam etdirir.

“Evrika Beynəlxalq Elm və Texnologiya” liseyi gələcəkdə də ölkənin təhsil strategiyasının həyata keçirilməsinə töhfə verməyi, Azərbaycan təhsilinin beynəlxalq nüfuzunun yüksəldilməsi istiqamətində yeni uğurlara imza atmağı qarşısına məqsəd qoyub.

Liseyin əldə etdiyi nəticələr bir daha göstərir ki, dövlətin təhsilə göstərdiyi diqqət və qayğı, müəllimlərin fədakar əməyi və şagirdlərin əzmkarlığı birləşdikdə böyük uğurlar əldə etmək mümkündür. “Evrika”nın nailiyyətləri Azərbaycan təhsilinin inkişaf yolunda atılan uğurlu addımların parlaq nümunələrindən biridir.

Bu gün Azərbaycan məktəblərində yetişən gənclər sabahın uğurlu vətəndaşları kimi ölkəmizin inkişafına öz töhfələrini verəcəklər. Təhsilə qoyulan sərmayə isə yalnız bugünün deyil, gələcəyin uğurudur. Məhz buna görə də təhsil müəssisələri, müəllimlər, valideynlər və dövlət qurumları arasında formalaşan əməkdaşlıq ölkəmizin davamlı inkişafının ən vacib təminatlarından biri olaraq qalır.

Ofeliya Muradova,
fəlsəfə elmləri doktoru, "Evrika" liseyinin direktoru

"Evrika" liseyi tədris ilini yeni nailiyyətlərlə başa vurub
"Evrika" liseyi tədris ilini yeni nailiyyətlərlə başa vurub
"Evrika" liseyi tədris ilini yeni nailiyyətlərlə başa vurub
"Evrika" liseyi tədris ilini yeni nailiyyətlərlə başa vurub
"Evrika" liseyi tədris ilini yeni nailiyyətlərlə başa vurub