Əvvəl semestr imtahanına birlikdə hazırlaşırdılar, indi də sertifikatlaşdırma… 

18 İyun, 2026 - 12:57
Əvvəl semestr imtahanına birlikdə hazırlaşırdılar, indi də sertifikatlaşdırma… 

Bir vaxtlar universitet auditoriyalarında birlikdə imtahan verirdilər. İllər sonra isə yolları yenidən eyni imtahanda kəsişdi. Bu dəfə tələbə kimi deyil, müəllim kimi…

"Azərbaycan müəllimi" xəbər verir ki, müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi ilə yanaşı, onların peşəkar inkişafını təşviq edən sertifikatlaşdırma prosesi bu gün də davam edib. İmtahan iştirakçıları arasında müxtəlif uğur hekayələri ilə qarşılaşmaq mümkün idi, Afət və Maral müəllimlər də onlardan biridir.

108 nömrəli tam orta məktəbin musiqi müəllimi Afət Orucova və 146 nömrəli tam orta məktəbin musiqi müəllimi Maral Əliyeva sertifikatlaşdırma imtahanında iştirak edən müəllimlər arasında idi. Onları fərqləndirən isə yalnız eyni fənni tədris etmələri yox, uzun illərə söykənən dostluqlarıdır.

Hər iki müəllim 2012-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olub və eyni qrupda təhsil alıb. Universitet illərində semestr imtahanlarına birlikdə hazırlaşan qrup yoldaşları bu dəfə də sertifikatlaşdırma imtahanına hazırlaşarkən bir-birlərinə dəstək olublar.

“Dünən gecəyədək imtahanla bağlı danışırdıq”, – deyə müəllimlər gülümsəyərək bildiriblər.

İmtahan gününə birlikdə gəlib, hazırlıq prosesi boyunca da daim əlaqə saxladıqlarını deyirlər:

“Hazırlıq müddətində bir-birimizə dəstək olmuşuq, fikir mübadiləsi aparmışıq”.

İmtahanın nəticələrinə gəlincə, Afət Orucova 54, Maral Əliyeva isə 51 bal toplayıb.

Müəllimlərin sözlərinə görə, ixtisas üzrə suallar düşündürücü olub. Pedaqogika və metodika ilə bağlı tapşırıqlarda isə illər ərzində qazandıqları praktik təcrübə onların köməyinə çatıb:

“Pedaqogika və metodika ilə bağlı suallarda praktik fəaliyyətimiz köməyimizə çatdı. Dərs keçmək, uşaqlarla işləmək baxımından həmin hissə bizim üçün daha rahat oldu”.

Bir vaxtlar universitet auditoriyalarında eyni partaları bölüşən iki qrup yoldaşı bu gün fərqli məktəblərdə çalışsalar da, dostluqları və qarşılıqlı dəstəkləri dəyişməyib.