Eyni sinfin şagirdi olan yeniyetmələr bu dəfə də tələbə yoldaşı oldular
Bir neçə ay əvvələ qədər eyni sinifdə, eyni partalar arasında imtahana hazırlaşırdılar. Səhər məktəbə gəlib test işləyir, çətin sualların üzərində mübahisə edir, anlamadıqlarını bir-birindən soruşurdular. İndi isə həmin dörd sinif yoldaşının yolu başqa bir ünvanda yenidən kəsişib.Onlar Bakı Ali Neft Məktəbinin (BANM) tələbələridir.
Bakıdakı 158 nömrəli tam orta məktəbin 11 “Ç” sinfinin məzunları Tunar Novruzlu 690,7, Məhəmməd Xəlilli 673,3, Halə Bayramlı 668, Məzahir Hüseynzadə isə 608 bal toplayaraq BANM-a qəbul olublar.
Onların təhsil karyerası yolundakı ixtisasları da bir-birindən fərqlidir: Tunar “İnformasiya təhlükəsizliyi, Məhəmməd “Kompüter mühəndisliyi”, Halə “Maliyyə”, Məzahir isə “Biznesin idarə edilməsi” üzrə təhsil alacaq.
“Azərbaycan müəllimi” olaraq gənclərlə görüşüb onların təhsil yolu, imtahana hazırlıq prosesi, məktəb illərinin xatirələri və gələcəklə bağlı planları barədə söhbətləşdik.
“Birinin bilmədiyini digəri soruşurdu”
Tunar Novruzlu üçün 11 “Ç”nin əsas üstünlüyü sinifdə əzəldən formalaşmış öyrənmə mühiti olub. Onun sözlərinə görə, sinif yoldaşları arasında kimin daha çox, kimin daha az bildiyini göstərmək cəhdi olmayıb. Əksinə, sual vermək, bilmədiyini etiraf etmək və bir-birindən kömək almaq adi hal sayılıb.
Tunar deyir ki, bu münasibətin əsası hələ aşağı siniflərdən formalaşıb. Oxumağa marağı olan uşaqların bir sinifdə toplanması zamanla özünəməxsus mühit yaradıb:“Kiminsə sualı olanda çəkinmədən bir-birimizdən soruşurduq. Yaxşı bilən də, hansısa mövzuda çətinlik çəkən də rahat şəkildə sual verirdi. Ən əsası aramızda “mən çox bilirəm, sən az bilirsən” yanaşması yox idi”.
Onun öz hazırlıq üsulu isə kifayət qədər sadə olub: əvvəl mövzunu yaxşı mənimsəmək, sonra mümkün qədər çox test işləmək. Tunar hesab edir ki, imtahana hazırlıqda bilik qədər onu fərqli suallar üzərində tətbiq etmək bacarığı da vacibdir.
İlk blok imtahanında gözlədiyindən aşağı nəticə göstərməsi də onu yolundan döndərməyib və ruhdan salmayıb. Həmin mərhələdə ümumi nəticəsi 668 bal olsa da, ikinci cəhddə nəticəsini yüksəldərək 690,7 bala çatdırıb.
BANM seçimi isə onun üçün son anda verilmiş qərar olmayıb.Tunar və Məhəmməd hələ əvvəlcədən bu universitetə qəbul olmağı qarşılarına məqsəd qoyublar. Məzahir seçim zamanı BANM və UNEC arasında tərəddüd edəndə isə Tunar öz fikirlərini onunla bölüşüb. Beləcə, əvvəl eyni məktəbin şagirdi olmağı bölüşən dostlar bu dəfə eyni universitetin tələbəsi olublar.
“Eyni məqsədə aparan fərqli yollar”
Məhəmməd Xəlilli siniflərinin uğurunu bir sözlə ifadə edir: rəqabət. Amma onun nəzərdə tutduğu rəqabət bir-birini geridə qoymaqdan daha çox, bir-birinin tempindən geri qalmamaq istəyidir.
Məhəmməd 158 nömrəli məktəbə IV sinifdə gəlib və deyir ki, həmin mühit illər ərzində onun özünün də oxumağa münasibətini dəyişib:“Bizim sinifdə oxumayan uşaq demək olar ki, yox idi. Daim bir-birimizə baxıb oxumuşuq. Xüsusilə X-XI siniflərdə səhər saat 8-də məktəbə gəlib test işləməyimiz artıq adi hal olmuşdu”.
Onun sözlərinə görə, yüksək nəticələrdə məktəb müəllimlərinin də böyük payı var. Azərbaycan dili və ingilis dili üzrə ayrıca hazırlığa ehtiyac duymadığını, bu fənlər üzrə biliyini məktəbdə qazandığını deyən Məhəmməd buraxılış imtahanındakı nəticəsini də müəllimlərinin əməyinin nəticəsi hesab edir:“Nəticələri bir-birimizlə bölüşürdük, amma müqayisə etmək məncə düzgün deyil. Bu, aşağı nəticə göstərən şəxsin motivasiyasına mənfi təsir edə bilər”.
Məhəmmədin hazırlıq dövrü yalnız kitab və testlərdən ibarət olmayıb. O, paralel olaraq idmanla məşğul olub, piano ifa edib. Onun qənaətincə, yüksək nəticə üçün bütün həyatı yalnız dərsə çevirmək lazım deyil. Zehni yorğunluqdan uzaq qalmaq üçün sevdiyin fəaliyyətlərə də zaman ayırmaq vacibdir.
“Repetitorsuz 668 bal”
Halə Bayramlının yolu isə dostlarından, əksər həmyaşıdlarından bir qədər fərqli olub. O, nə IX, nə də XI sinifdə repetitor yanına gedib. Buna baxmayaraq, II ixtisas qrupu üzrə 668 bal toplayaraq BANM-ın maliyyə ixtisasına dövlət sifarişi əsasında qəbul olunub.
Halənin hazırlıq dövrünün ən çətin tərəflərindən biri ixtisas qrupu seçimində keçdiyi yol olub. Əvvəl IV, sonra I qrup haqqında düşünən Halə sonda sevdiyi ixtisaslara görə II qrupu seçib. Riyaziyyata daha yaxın olduğu üçün tarix fənninə uyğunlaşmaq ona əvvəlcə asan olmayıb.
Bu çətinliyi planlı çalışma ilə aradan qaldırmağa çalışıb. Qarşıdakı bir və ya iki ay üçün özünə cədvəllər qurub, hər həftə sınaqlarda iştirak edib, DİM materiallarından, dərsliklərdən, müxtəlif test toplularından və onlayn resurslardan istifadə edib.
Halənin fikrincə, eyni tip tapşırıqları çox işləməkdən daha faydalısı fərqli mənbələrdən müxtəlif suallarla qarşılaşmaqdır.
Onun hekayəsini fərqləndirən başqa bir məqam isə hazırlıq illərində telefondan demək olar ki, istifadə etməməsidir. IX sinifdən sonra telefonunu kənara qoyan Halə internetdən əsasən dərs məqsədilə və məhdud şəkildə yararlanıb.
Repetitora getməmək qərarı isə bəzən onun özündə də tərəddüd yaradıb:“Hazırda əksər yeniyetmələr repetitor yanına gedirlər və bu, sanki zərurət kimi qəbul olunur. Sınaqda nəticəm aşağı düşəndə mən də düşünürdüm ki, bəlkə repetitor yanına getmədiyim üçün belədir. Amma gördüm ki, əgər seçdiyin üsul sənin üçün işləyirsə, başqalarının necə hazırlaşdığına baxıb öz yolundan şübhələnmək lazım deyil”.
Halə bu nəticənin təməlini yalnız XI sinifdə axtarmır. Onun qənaətincə, V-VIII siniflərdə formalaşan gündəlik dərs vərdişi sonrakı illərdə ciddi üstünlük yaradır. Məhz əvvəlki siniflərdən qazandığı baza ona həm ixtisas qrupu dəyişərkən, eləcə də müstəqil hazırlaşarkən kömək edib.
O, uğurunun başqa bir tərəfinə də xüsusi diqqət çəkir.Yuxu rejimi, sağlam qidalanma və ailə dəstəyi: “Mən nəticəmi müəyyən mənada komanda işi hesab edirəm. Anamın, atamın dəstəyi, evdə rejimimə diqqət göstərilməsi - bunların hamısının nəticədə payı var. “Hamısını tək etmişəm” deyə bilmərəm”.
“Rəqabət dərsdə qalırdı, dostluq isə tənəffüsdə davam edirdi”
Halənin sinif mühiti haqqında fikirləri də dostlarının söylədikləri ilə üst-üstə düşür. O da rəqabətin onları irəli apardığını düşünür. Fərq isə ondan ibarətdir ki, 11 “Ç”nin şagirdləri bu rəqabətin sərhədini müəyyən edə biliblər: “Bəzən hansısa məsələdə fikirlərimiz üst-üstə düşmürdü. Amma bunu şəxsi münasibətə çevirmirdik. Akademik rəqabət məktəbdə, dərsdə qalırdı, tənəffüsdə yenə sinif yoldaşları idik”.
Beləcə, rəqabət dostluğu zəiflədən deyil, hər kəsi öz nəticəsini yaxşılaşdırmağa sövq edən amilə çevrilib.
“608 bal və sinif yoldaşları ilə yenidən bir ünvanda”
Məzahir Hüseynzadə isə 608 balla BANM-ın “Biznesin idarə edilməsi” ixtisasına qəbul olunub.
O da sinfin nəticələrini təsadüf hesab etmir. Məzahirin fikrincə, müəllimlərin əməyi ilə yanaşı, şagirdlərin bir-birinə dəstək olması və sağlam rəqabət mühiti nəticələrə birbaşa təsir göstərib:“Dərsdə başa düşmədiyimiz mövzularda bir-birimizə kömək edirdik.İmtahan dövründə də stresimizi bölüşür, bir-birimizi motivasiya edirdik”.
Məzahir imtahandan əvvəl konkret nəticə proqnozlaşdırmasa da, özündən 600-dən yuxarı bal gözləyib. 608 bal topladığını görəndə isə çəkdiyi zəhmətin qarşılığını aldığını düşünüb.Amma onun üçün nəticənin xüsusi tərəfi təkcə tələbə adını qazanmaq olmayıb. Sevinci artıran məqam eyni zamanda sinif yoldaşları ilə birlikdə eyni universitetə qəbul olunması olub.
"Sinif yoldaşlığından tələbə yoldaşlığına"
Göründüyü kimi dörd gəncin hazırlıq üsulları eyni olmayıb. Amma onların cavablarında ortaq bir xətt, oxşar bir məqam var: yaxşı nəticə təkcə imtahana neçə ay hazırlaşmaqla ölçülmür. Məktəbdə formalaşan baza, müəllimlərin dəstəyi, düzgün iş rejimi və insanı irəli aparan çevrə də əslində elə bu yolun bir hissəsidir.
Bir vaxtlar eyni sinifdə test işləyən Tunar, Məhəmməd, Halə və Məzahir bu gün BANM-da fərqli ixtisaslar üzrə yollarına davam edirlər. Məktəb illərində onları bir araya gətirən suallar, müzakirələr və sağlam rəqabət artıq başqa mühitdə davam edəcək. 11 “Ç” isə onların yaddaşında yalnız məzun olduqları sinif kimi deyil, bir-birini irəli apardıqları və uğura gedən yolu birlikdə başladığı ilk ortaq ünvan kimi qalacaq.




