FAO və Macarıstan hökumətinin təqaüd proqramına müraciətlərin qəbulu başlayır

23 Yanvar, 2026 - 17:59
FAO və Macarıstan hökumətinin  təqaüd proqramına müraciətlərin qəbulu başlayır

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Macarıstan hökumətinin aqrar təqaüd proqramına müraciətlərin qəbulu başlayır.

"Azərbaycan müəllimi" xəbər verir ki, inkişaf etməkdə olan və orta gəlirli ölkələrdən müraciət edən perspektivli tələbələrə kənd təsərrüfatı biotexnologiyası, heyvan qidalanması, yem təhlükəsizliyi və bitki mühafizəsi üzrə ikiillik üç magistr dərəcəsi proqramı təklif olunur.

Macarıstan hökumətinin maliyyələşdirdiyi FAO təqaüd proqramı təxminən 20 ildir Azərbaycan da daxil olmaqla inkişaf etməkdə olan ölkələrdən olan gənc mütəxəssislərə biliklərini genişləndirmək və dərinləşdirmək imkanı təqdim edir. Qəbul olunmuş namizədlər təhsillərini Macarıstan Kənd Təsərrüfatı və Həyat Elmləri Universitetində, Gödöllödəki Müqəddəs İştvan kampusunda və ya Kapoşvardakı Kapoşvar kampusunda, həmçinin Debretsen Universitetinin Kənd təsərrüfatı, qida elmləri və ətraf mühitin idarə olunması fakültəsində davam etdirəcəklər.

Təqaüd proqramı universitetə qəbul, təhsil haqları, əsas kitablar, yataqxanada yaşayış yeri, gündəlik xərclər üzrə müavinət və tibbi sığortanı əhatə edir.

Payızda başlayacaq tədris ili üçün müraciətin tarixi 28 fevral 2026-cı ildir.

Fəaliyyətə başladığı gündən bəri FAO-Macarıstan təqaüd proqramında təxminən 400 gənc mütəxəssis iştirak edib. Evə qayıtdıqdan sonra yeni əldə etdikləri dərəcələr və bacarıqlar bu gənclərə iş tapmağa və yeni kənd təsərrüfatı mütəxəssisləri qismində karyeralarına başlamağa kömək edir. Onlar, həmçinin alim və professorların qlobal peşəkar şəbəkəsinin bir hissəsinə çevrilirlər.