Fariz İsmayılzadə: Güclü ailə institutu gənclərin gələcək həyatına müsbət istiqamət verir
"Bu gün texnologiyanın və qloballaşmanın sürətlə inkişaf etdiyi bir dövrdə gənclərin milli-mənəvi dəyərlərə bağlı ruhda böyüməsi xüsusi diqqət tələb edir. Ailə institutunun gücləndirilməsi istiqamətində aparılan maarifləndirmə işləri gənclərin gələcək həyatına müsbət istiqamət verir və onları daha məsuliyyətli qərarlar qəbul etməyə təşviq edir".
"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Azərbaycan İlahiyyat İnstitutunda "Ailə dəyərləri" mövzusunda keçirilən “açıq dərs”də deyib.
Millət vəkili bildirib ki, Azərbaycan ailəsi sadəcə bir sosial vahid deyil, o, bizim mənəviyyatımızın və milli kimliyimizin əsasıdır. Bu dəyərləri gənc nəslə ötürməklə həm də dövlətçiliyimizi qorumuş oluruq. Çünki sağlam ailə sağlam cəmiyyət və güclü dövlət deməkdir.
Onun sözlərinə görə, Azərbaycanın ailə modeli beynəlxalq müstəvidə, xüsusilə xarici mütəxəssislər tərəfindən yüksək maraqla qarşılanır: “Bizim institutda xarici ölkələrdən olan qonaqlarla mütəmadi görüşlər keçirilir. Bu görüşlər zamanı biz Azərbaycanın ailə modelini onlara təqdim edirik. Xarici qonaqlar qlobal təsirlərə rəğmən ailə institutunun ölkəmizdə necə bu qədər möhkəm qaldığını öyrənməkdə çox maraqlıdırlar”.
Fariz İsmayılzadə onu da xüsusi qeyd edib ki, tələbələrin belə mövzularda təşkil olunan tədbirlərdə, layihələrdə fəal iştirak etmələri Azərbaycan gəncliyinin ailəyə olan baxışını ortaya qoyur, onun bizlər üçün müqəddəsliyini dünya ictimaiyyətinə çatdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir.



