Fənnini bilən müəllim üçün suallar çətin deyildi – Müəllimlərin fikirləri

18 İyun, 2026 - 17:54
Fənnini bilən müəllim üçün suallar çətin deyildi

İmtahan zalında həyəcan qaçılmazdır. İllərlə topladığın bilikləri bir neçə saat ərzində nümayiş etdirmək asan deyil. Amma təhsilverənlərin sertifikatlaşdırılması imtahanında iştirak edən müəllimlər deyirlər ki, fənnini bilən insan üçün bu həyəcan uğura mane olmur. 

“Azərbaycan müəllimi” xəbər verir ki, 248 nömrəli tam orta məktəbin musiqi müəllimi Əzizə Babayeva imtahanda 58 bal toplayıb. Artıq 6 ildir pedaqoji fəaliyyətlə məşğul olan müəllim nəticəsindən razı qaldığını bildirib.

Onun sözlərinə görə, imtahan prosesi rahat və şəffaf şəkildə təşkil olunub: “Sertifikatlaşdırma imtahanı ilə bağlı hər şey qaydasında idi. İmtahanı rahat şəkildə yazmağımız üçün bütün şərait yaradılmışdı”.

Əzizə müəllim sualların ümumi səviyyəsini də müsbət qiymətləndirib: “Suallar normal səviyyədə idi. Cavablandıra biləcəyim səviyyədə suallar idi”.

İmtahan zamanı müəyyən qədər həyəcan yaşadığını gizlətməyən müəllim buna baxmayaraq 58 bal toplayaraq uğurlu nəticə əldə edib.

30 nömrəli tam orta məktəbin musiqi müəllimi Vüsalə İskəndərova isə sertifikatlaşdırma imtahanında 56 bal toplayıb. O, imtahanın təşkilindən və sualların məzmunundan razı qaldığını bildirib.

“Hər şey çox yaxşı təşkil olunmuşdu. Suallar məktəb proqramına uyğun idi və elə də çətin deyildi. İxtisasını bilən hər kəsin cavablandıra biləcəyi səviyyədə suallar idi”.

Vüsalə müəllimin fikrincə, düşündürücü sualların olması təbiidir və bu, iştirakçıların bilik səviyyələri arasındakı fərqin müəyyənləşdirilməsinə kömək edir.

O hesab edir ki, sertifikatlaşdırmanın əsas üstünlüklərindən biri müəllimləri yenidən öyrənməyə sövq etməsidir: “Müəllimlər öz biliklərini yenidən təkrarlayır, yeniləyirlər. Eyni zamanda, əməkhaqqı artımı baxımından da müəllimlər üçün əlavə motivasiya yaradır”.

Hər iki müəllimin sertifikatlaşdırma ilə bağlı fikirlərində ortaq məqam var: İmtahan zalındakı həyəcan keçib gedir, amma öyrənmək və inkişaf etmək istəyi müəllimi uzun illər müşayiət edir.