Fəqan Hüseynov: Uşaqlar dörd divar arasında yox, birbaşa təbiətin içində öyrənirlər – Müsahibə

20 May, 2026 - 14:08
Fəqan Hüseynov: Uşaqlar dörd divar arasında yox, birbaşa təbiətin içində öyrənirlər

Texnologiyanın həyatımıza sürətlə daxil olduğu bir dövrdə uşaqlar getdikcə təbiətdən uzaqlaşır. Vaxtlarının böyük hissəsini ekran qarşısında keçirən uşaqlar üçün ağaca toxunmaq, torpağın qoxusunu hiss etmək, yağış altında qaçmaq və ya odun yığaraq komanda ilə birlikdə açıq təbiət qoynunda düşərgədə qalmaq artıq adi təcrübə deyil.

İnsanın ən qədim öyrənmə mühiti məhz təbiətin özü olub. Bəs əgər təhsil yenidən təbiətə qayıtsa nə dəyişər? Və bir uşaq yalnız kitabdan deyil, küləyin istiqamətindən, meşənin səssizliyindən, birlikdə həll olunan çətinliklərdən və real həyat təcrübələrindən öyrənsə, bu onun xarakterinə, düşüncəsinə və həyata baxışına necə təsir edər?

Müasir dünyada sürətlə yayılan “Forest school” (Meşə məktəbi və ya Təbiət əsaslı təhsil) yanaşması məhz bu suallara cavab axtaran alternativ təhsil modelidir. İlk dəfə Skandinaviya ölkələrində formalaşan bu yanaşma bu gün Avropa, Amerika, Asiya və Avstraliyanın bir çox inkişaf etmiş ölkələrində uşaqların fiziki, sosial, emosional və intellektual inkişafını dəstəkləyən effektiv model kimi tətbiq olunur.

Ölkəmizdə açıq hava təhsili yanaşmasını sistemli şəkildə tətbiq edən və bu sahənin inkişafına töhfə verən təşkilat “Forest School Azerbaijan”dır. Bu platforma uşaq, yeniyetmə və gənclər üçün təbiətlə harmonik şəkildə qurulan öyrədici proqramlar, ekspedisiyalar, düşərgələr və layihələr vasitəsilə onların fiziki, emosional, sosial və xarakter inkişafını dəstəkləməyi qarşısına məqsəd qoyur.

“Azərbaycan müəllimi”nin müsahibi olan ölkəmizdə alternativ və açıq hava təhsili yanaşmasını tətbiq edən “Forest School Azerbaijan”ın təsisçisi Fəqan Hüseynov bu təhsil metodunun əhəmiyyətindən və tətbiq imkanlarından ətraflı bəhs edib. O, həmçinin “National Geographic” cəmiyyətinin tədqiqatçısı kimi ABŞ-nin Kanzas ştatında keçirilən “Principles in Practice: Community Engagement Symposium” (“Əsas yanaşmaların praktikada tətbiqi və icma iştirakı”) adlı beynəlxalq simpoziumdakı iştirakı və əldə olunan təcrübələr barədə danışıb.

Uğurlu təhsil modellərini tədbiq edən ölkələr təhsili yalnız 4 divar arasında görmür...

– Fəqan müəllim, “Forest School Azerbaijan” ideyası necə yarandı və əsas məqsədiniz nədir?

– Bildiyimiz kimi, hazırda qlobal təhsil sistemində çox ciddi və sürətli transformasiya gedir. Dünyanın uğurlu təhsil modellərini tədbiq edən ölkələr artıq təhsili yalnız 4 divar arasında, parta arxasında və əzbər üzərində qurulan model kimi görmür. İnkişaf etmiş ölkələrdə təhsil yanaşmaları uşağın sadəcə akademik nəticələrinə deyil, onun emosional sağlamlığına, yaradıcılığına, xarakter inkişafına, təbiətlə əlaqəsinə və real həyat bacarıqlarına fokuslanır. Məhz buna görə Finlandiya, Danimarka, Norveç, İsveç, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada və ABŞ kimi ölkələrlə yanaşı, Yaponiya, Cənubi Koreya, Sinqapur və digər Asiya ölkələrində “Forest school” (Meşə məktəbi  və ya Təbiət əsaslı təhsil) yanaşmaları sürətlə yayılaraq milli təhsil proqramlarının və müasir təhsil sisteminin əsas istiqamətlərindən birinə çevrilib.

“Forest school Azerbaijan” ideyası bizim üçün bir layihə qərarı deyil, gördüyümüz bir ehtiyacın və yaşadığımız bir həqiqətin təbii nəticəsi olaraq yarandı. Uşaqlarımızı bağçalarda və məktəblərdə müşahidə etdikcə bizim üçün bir məsələ daha da aydınlaşdı. O nəticəyə gəldik ki, onların edərək öyrənməyə, kəşf etməyə, hərəkət etməyə, təbiətlə birbaşa təmasda olmağa və həyatı öz təcrübələri ilə anlamağa ehtiyacı var. Lakin sistemli şəkildə heç bir məktəb bunu vermir. Məhz bu tədqiqatlar və qlobal təhsil sistemində baş verən fundamental dəyişikliklər bizi bu təhsil modelini ölkəmizdə tətbiq etməyimizə gətirib çıxardı. Biz bu modeli sadəcə götürmədik, onu Azərbaycanın təbiətinə, mədəniyyətinə və uşaqların real ehtiyaclarına uyğunlaşdırıb  öz uşaqlarımızdan başlayaraq tətbiq etməyə başladıq. Əsas məqsədimiz isə dəyişməz qaldı: qlobal təhsil modelini ölkəmizdə tətbiq etmək, uşaqlarda təbiətlə dərin bir bağ formalaşdırmaq və onları sərbəst düşünən, yaradıcı, məsuliyyətli və həyatla daha dayanıqlı münasibət qura bilən fərdlər kimi yetişdirmək.

– Təbiətdə öyrənmə uşaqların inkişafına nə kimi təsir göstərir? 

– Təbiətdə öyrənmənin uşaqların inkişafına təsiri ilə bağlı empirik tədqiqatlar Finlandiya, Norveç, İsveç, Danimarka, Böyük Britaniya, Almaniya və ABŞ kimi ölkələrdə formalaşmış güclü elmi və praktiki baza üzərində qurulub. Bu ölkələrdə təbiət əsaslı, açıq havada tətbiq olunan proqramlar artıq əlavə fəaliyyət deyil, təhsil praktikasının və tədqiqatlarının ayrılmaz hissəsidir və uşaqların diqqət, sosial-emosional inkişaf, davranış və ümumi rifah göstəricilərində ölçülə bilən nəticələr verir.

Böyük Britaniyada “Forest school” modeli sistemli şəkildə tətbiq olunur və tədqiqatlar uşaqlarda özünəinam və sosial bacarıqların inkişafını təsdiqləyir. Almaniya və digər Avropa ölkələrində təbiət əsaslı öyrənmə erkən təhsilin vacib komponenti kimi geniş yayılıb və dövlət səviyyəsində dəstəklənir. ABŞ-də isə bu yanaşma məktəb və universitet səviyyəsində psixoloji rifah və akademik nəticələrlə əlaqəli şəkildə davamlı tədqiq olunur. “Forest School Azerbaijan” olaraq biz də paralel şəkildə daxili  tədqiqatlar aparırıq. Psixoloq və pedaqoqlardan ibarət komandamız tərəfindən aparılan daxili monitorinq, müşahidələr və valideyn-uşaq sorğularının nəticələri göstərir ki, uşaqlarda özünüifadə, fiziki aktivlik və intellektual inkişaf sahələrində müsbət dəyişikliklər müşahidə olunur. Eyni zamanda ünsiyyət və problem həlletmə bacarıqlarında da nəzərəçarpacaq inkişaf qeydə alınır. Sorğuların nəticələrinə əsasən, ekranlardan uzaq və təbiətə əsaslanan mühit uşaqlarda diqqət və davranış balansının daha stabil formalaşmasına töhfə verir. Valideynlərlə aparılmış sorğular isə bu müşahidələri təsdiqləyərək proqramın uşaqların ümumi rifahına və inkişafına müsbət təsir etdiyini göstərir.

“Forest school”da sinif otağı təbiətin, meşənin, açıq havanın özüdür

– Sizin təklif etdiyiniz model  ənənəvi təhsildən nə ilə fərqlənir?

– Səmimi desək, bu gün uşaqları küçədə sərbəst oynayan, kəşf edən halda görmək getdikcə çətinləşib. Halbuki uşaqlığın özü məhz hərəkət, oyun və təcrübə üzərində qurulur. Sinif otaqları isə çox vaxt uşaqlar üçün passiv, məhdud və sıxıcı bir mühitə çevrilir, onların təbii öyrənmə ehtiyacını tam qarşılamır.“Forest school”da sinif otağı təbiətin, meşənin, açıq havanın özüdür. Bizim yanaşma məhz burada fərqlənir. “Forest school” modelində öyrənmə məkan deyil, bir təcrübədir.Uşaqlar dörd divar arasında yox, birbaşa təbiətin içində öyrənirlər. Burada “təbiət üçüncü müəllimdir”, yəni uşaq həm müəllimdən, həm də ətraf mühitin özündən öyrənir. Müəllim isə məlumat verən əsas fiqur deyil, prosesi yönləndirən fasilitator rolundadır. Uşaqlar dinləyən deyil, edən, sınayan, kəşflə məşğul  olan tərəfdir. Ən böyük fərqlilik odur ki, öyrənmə daha canlıdır, təbiidir. Elm dərsləri canlı müşahidələr əsasında tədqiq olunur və öyrənilir. Uşaq təcrübənin içində prosesi yaşayır. Rəngləri bitkilərdən, riyaziyyatı daşlardan, ölçünü ağaclardan və təbii mühitdən öyrənirlər. Canlı təbiət isə birbaşa müşahidə və real təcrübə imkanı yaradır. Bu model uşağa daha çox azadlıq, yaradıcılıq, hərəkət və təcrübə verir. Nəticədə uşaqlar həm daha motivasiyalı, emosional balanslı olur, həm də yaradıcılıq, problem həlletmə və əməkdaşlıq kimi ən vacib  bacarıqlarını təbii şəkildə inkişaf etdirirlər.

– Sizcə, təbiətlə əlaqə, açıq hava təhsili emosional vəziyyətin inkişafına necə təsir edir?

– Bu sahədə aparılan çoxsaylı elmi və psixoloji tədqiqatlar göstərir ki, təbiət əsaslı öyrənmə uşaqlarda riyazi düşüncə, dil və ünsiyyət bacarıqları, eləcə də problem həlletmə qabiliyyətində nəzərəçarpacaq inkişaf yaradır. Qeyd etdiyim kimi, Böyük Britaniyada “Forest school” proqramları üzrə aparılan tədqiqatlar bu yanaşmanı daha aydın şəkildə təsdiqləyir. Nəticələr göstərir ki, adıçəkilən təhsil metoduna cəlb olunan uşaqlarda birbaşa akademik göstəricilərdən daha çox, akademik uğura aparan fundamental bacarıqlar güclənir. Yəni motivasiya, diqqət, dil inkişafı və öyrənməyə maraq artır və bu da ümumi akademik performansa müsbət təsir göstərir. Biz də “Forest School Azerbaijan” olaraq bu istiqamətdə mütəmadi müşahidə və valideyn sorğuları aparırıq. Düşərgə və həftəsonu proqramlarından sonra uşaqlarda dərsə marağın artması, daha stabil emosional vəziyyət və ümumi motivasiyada yüksəlmə valideynlər tərəfindən tez-tez qeyd olunur.

Son dövrlərdə proqramlarımıza müxtəlif inkişaf ehtiyacları olan uşaqların, o cümlədən autizm spektri, nitq çətinliyi və hiperaktivlik xüsusiyyətləri olan uşaqların daha aktiv şəkildə qoşulması da bu yanaşmanın təsir dairəsinin genişləndiyini göstərir. Bu sahə ilə bağlı ölkəmizdə sistemli tədqiqatlar hələ məhdud olsa da, biz öz resurslarımızla ilkin müşahidə və qiymətləndirmə proseslərini artıq başlamışıq.

Bilirsiniz, açıq hava təhsili uşaqların xarakter inkişafına, şəxsiyyət kimi formalaşmasına birbaşa və çoxşaxəli təsir göstərir. Burada əsas dəyişiklik sadəcə bacarıqlarda deyil, uşağın davranış modeli, qərarvermə tərzi və məsuliyyət hissində baş verir. Həm beynəlxalq araşdırmalar, həm də bizim ilkin müşahidələrimiz göstərir ki, təbiətlə birbaşa təmas uşaqlarda stresi azaldır, diqqəti gücləndirir və emosional balansı artırır. Xüsusilə şəhər mühitində böyüyən uşaqlar üçün bu təcrübə onların daxili sabitliyini formalaşdıran vacib faktor kimi çıxış edir. Açıq hava mühitində uşaq real situasiyalarla qarşılaşır: qərar verir, riskləri qiymətləndirir, məsuliyyət götürür, komanda ilə işləyir və çətinliklərə uyğunlaşır. Məhz bu proseslər onun xarakterinin formalaşmasında daha dəqiq desək, müstəqillik, dayanıqlılıq, özgüvən və sosial məsuliyyət kimi keyfiyyətlərin inkişafında əsas rol oynayır.

– “Forest School Azerbaijan”nın Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı varmı və gələcəkdə nə kimi layihələrin reallaşdırılması nəzərdə tutulur?

– “Forest School Azerbaijan” olaraq müxtəlif dövlət qurumları, eləcə də Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində regionlarda 3-5 yaşlı uşaqlar üçün təbiət əsaslı erkən inkişaf modeli tətbiq etmişik. Bu model xüsusilə məktəbəqədər təhsilə çıxışı məhdud olan bölgələr üçün həm maliyyə, həm də keyfiyyət baxımından daha dayanıqlı və çevik yanaşma kimi hazırlanmışdı. Burada əsas resurs böyük inzibati binalar deyil, təbii mühit, icma imkanları və hazırlıqlı pedaqoqlardır. Biz inanırıq ki, bu istiqamətdə ölkədə real maraq və potensial mövcuddur.

Azərbaycanın təbiət əsaslı təhsil yanaşması beynəlxalq maraq doğurub

– Siz bu yaxınlarda qlobal təşkilat olan “National Geographic” cəmiyyətinin tədqiqatçısı olaraq və “Forest school Azerbaijan” komandasının üzvü kimi ABŞ-nin Kansas ştatında “Əsas yanaşmaların praktikada tətbiqi və icma iştirakı” (“Principles in Practice: Community Engagement Symposium” ) mövzusunda keçirilən simpoziumda  iştirak etmisiniz. Bu haqda məlumat verməyinizi xahiş edirik.

– 2022-ci ildən “National Geographic” cəmiyyətinin tədqiqatçısı olaraq “Forest school” təhsil yanaşması istiqamətində tədqiqat aparıram. Əsas fokusum təhsil sahəsində çətinliyi olan icmalar, “Forest school”(təbiət əsaslı öyrənmə) və uşaqların real mühitdə inkişafıdır. “National Geographic”in dəstəyi ilə Azərbaycanda 1 illik tədqiqat layihəsi həyata keçirdik və 6 regionda pedaqoqlar hazırlayaraq açıq havada təhsili icma səviyyəsində tətbiqinə nail olduq. Nəticədə 120-dən çox uşaqla işlədik və real təcrübələr əldə etdik. Bu təhsil forması ilə bağlı ölkəmizdə aparılan ilk tədqiqatlardan idi. Artıq 4 ilə yaxındır ki, “National Gepgraphic” təşkilatı ilə yaxından əməkdaşlıq edir, təşkilatın üzvü olaraq inkişaf ekosisteminin içərisindəyəm.

Cari ilin aprelində ABŞ-nin Kansas ştatında keçirilən “Əsas yanaşmaların praktikada tətbiqi və icma iştirakı”(“Principles in Practice: Community Engagement Symposium”) mövzusunda keçirilən simpoziumda “National Geographic” cəmiyyətinin tədqiqatçısı olaraq iştirak etdim. Tədbirin əsas mövzusu icmaların təhsil, öyrənmə və inkişaf prosesinə aktiv cəlbi, iştirakçılığın gücləndirilməsi və bu sahədə beynəlxalq təcrübə və fundamental yanaşmalar idi. Dünyanın müxtəlif ölkələrindən seçilmiş 30 tədqiqatçıdan biri kimi həm öz təcrübəmizi paylaşdıq, həm də digər ölkələrin icma əsaslı təhsil modellərini dinlədik. Ən dəyərli hissə o idi ki, Azərbaycanın təbiət əsaslı təhsil yanaşması beynəlxalq müzakirələrdə real ehtiyaca cavab verən, maraq doğuran və tətbiq edilə bilən model kimi qəbul olundu.

– “National Geographic” cəmiyyətinin tədqiqatçısı olaraq beynəlxalq platformada Azərbaycanı təmsil etmək necə hiss idi?

– Bu sahə ilə məşğul olan, ölkədə “Forest school” yanaşmasını inkişaf etdirən və qlobal bir təşkilatın tədqiqatçısı kimi beynəlxalq platformada Azərbaycanı təmsil etmək mənim üçün həm qürur, eyni zamanda məsuliyyət idi. Bu, sadəcə iştirak deyildi, eyni zamanda  ölkəmizin təbiətini, insan potensialını və təhsil yanaşmasını qlobal müzakirəyə çıxarmaq idi.Azərbaycanda bu təhsil modelinin təşəbbüs kimi inkişafı iştirakçılar üçün çox maraqlı idi. Tədbir boyu müxtəlif ölkələrlə təcrübə mübadiləsi aparıldı, oxşar yanaşmalar və fərqli tətbiq formaları müzakirə olundu. Xüsusilə Azərbaycanın təbii zənginliyi, biomüxtəlifliyi və bu istiqamətin inkişafı üçün real potensialının olması diqqətçəkən əsas məqamlardan biri idi. Bu təcrübə bir daha göstərdi ki, yerli təşəbbüslər düzgün yanaşma ilə qlobal dəyər və təsir gücünə çevrilə bilir.

– “Forest School Azerbaijan”nın gələcək planları

– “Forest School Azerbaijan”nın gələcək hədəfi təbiət əsaslı öyrənməni alternativ fəaliyyət formatından çıxarıb, xüsusilə məktəbəqədər təhsil, dərsdənkənar fəaliyyətlər və uşaq düşərgələri istiqamətində daha sistemli və davamlı təhsil modelinə çevirməkdir. Dünyada artıq inkişaf etmiş təhsil sistemləri uşaqların yalnız akademik nəticələrini deyil, emosional rifahını, sosial bacarıqlarını, fiziki aktivliyini və real həyat bacarıqlarını prioritetləşdirir. Biz də Azərbaycanın təhsil ehtiyaclarını nəzərə alaraq bu istiqamətdə lokal və dayanıqlı model formalaşdırmağa çalışırıq. Hazırda regionlarda fəaliyyətin genişləndirilməsi, yeni pedaqoqların hazırlanması, məktəblərlə əməkdaşlıqların qurulması və fənlərin təbiətə inteqrasiya olunmuş proqramlar şəklində tətbiqi üzərində işləyirik. Eyni zamanda inkişaf etmiş ölkələrdə olduğu kimi uşaqların ilboyu iştirak edə biləcəyi vahid “Forest school” kampusunun yaradılması istiqamətində addımlar atırıq. Uzunmüddətli məqsədimiz Azərbaycanda “Forest school” təhsil yanaşmasının xüsusilə erkən yaş təhsilində daha əlçatan, tətbiq edilə bilən və dövlət təhsil sistemini tamamlayan müasir təhsil istiqamətlərindən birinə çevrilməsinə töhfə verməkdir.

Biz təbiətin sadəcə istirahət məkanı deyil, həm də güclü bir öyrənmə mühiti olduğunu birlikdə kəşf edirik.