İnsanın formalaşmasında ailə və oxuduğu məktəblər böyük rol oynayır - Tanınmış alimlə söhbət
Azərbaycanın elmi potensialı barədə söhbət düşəndə istər ölkəmizin elmi-tədqiqat institutları, universitetlərində, istərsə də dünyanın nüfuzlu elm-təhsil müəssisələrində çalışan alimlərimiz yada düşür. Onların elmi tədqiqatları və əldə etdiyi uğurlar ölkə elminin nüfuzuna xidmət edir.
Ölkəmizi xaricdə layiqincə təmsil edən alimlərimizin ən çox çalışdığı ölkələr arasında qardaş Türkiyə Cümhuriyyəti ilk sıradadır. Fizika-riyaziyyat elmləri doktoru, professor Rəfail Qasımbəyli həyat yoldaşı, elmlər doktoru Nərgiz Qasımbəyli ilə illərdir ki, Türkiyənin Eskişehir Osmanqazi Universitetinin Sənaye mühəndisliyi kafedrasında, 2012-ci ilin mart ayından isə Eskişehir Texniki Universitetinin (ESTÜ) Mühəndislik fakültəsinin Sənaye mühəndisliyi kafedrasında çalışır. Professor R. Qasımbəylinin elmi töhfələri sayəsində ESTÜ qısa bir zamanda Türkiyənin ali təhsil ocaqlarının aparıcı mühəndislik fakültələri ilə deyil, həm də ABŞ, Almaniya, İspaniya, Braziliya və Avstraliyanın nüfuzlu universitetləri ilə sıx əlaqələr qurub. Azərbaycanlı alim Çinin Çunçin Normal Universitetinin Riyaziyyat Elmləri Məktəbi tərəfindən "Fərqlənən professor" fəxri adına layiq görülüb. Alimin elmi nailiyyətlərini nəzərə alan Çunçin Pedaqoji Universitetinin rektorluğu 2025-ci ilin oktyabr ayında onun 65 illik yubileyi münasibətilə Pekində optimallaşma və variasiya təhlili üzrə I Beynəlxalq Konfrans keçirib.
Professor Rəfail Qasımbəyli “Azərbaycan müəllimi”nə elm yolundan danışdı.
“Mən Azərbaycan - Türk riyaziyyatçısıyam”
- Mən Azərbaycanın Siyəzən şəhərində anadan olmuşam, 8 illik təhsilimi buradakı 2 nömrəli orta məktəbdə tamamlamışam. Bu məktəb haqqında bir neçə kəlmə demək istəyirəm. 1967–1975-ci illərdə, yəni mənim 1-ci sinifdən 8-ci sinfə qədər oxuduğum dövrdə məktəbin direktoru Akif Hacızadə idi. Həmin illərdə məktəbimizdə çox yüksəksəviyyəli təhsil verilirdi və müəllimlər də böyük diqqətlə seçilirdi. Bütün dərslər xüsusi siniflərdə tədris olunurdu: riyaziyyat, fizika, biologiya, kimya, insan anatomiyası, ədəbiyyat, coğrafiya, tarix və s. Bu siniflərin tədris alətləri, avadanlıq, cihazlarla yüksək səviyyədə təmin olunduğunu xüsusi qeyd etmək istəyirəm. Müəllimlərimiz mövcud imkanlardan istifadə edərək bilik və təcrübələrini əyani şəkildə nümayiş etdirirdilər. Məktəbdə mikroskopa qədər hər cür avadanlıq mövcud idi. Buna görə də harada olsam, hər zaman mərhum Akif müəllimin adını böyük hörmət və minnətdarlıqla yad edirəm: o məktəb onun əsəri idi və orada təhsil alan hər kəs aldığı yüksək səviyyəli təhsilə görə ona borcludur. Bu məktəbdə mənə uzun illər dərs deyən riyaziyyat müəllimim Həsənbala Adıgözəlovu da həmişə hörmət və minnətdarlıqla xatırlayıram.
Səkkizinci sinfi bitirdikdən sonra Bakıdakı Respublika 1 nömrəli fizika-riyaziyyat təmayüllü internat məktəbinin riyaziyyat sinfinə qəbul olundum və IX–X sinifləri orada oxudum. Burada da təhsilin keyfiyyətini xüsusi qeyd etmək lazımdır. Azərbaycanın bir çox uğurlu alimləri bu məktəbin yetirməsidir. Məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsinə qəbul olundum, aspiranturanı da burada bitirərək namizədlik dissertasiyamı (PhD) müdafiə etdim.
2000-ci illərə qədər funksional analiz və riyazi optimallaşdırma sahəsində aparılan tədqiqatlar, demək olar ki, tamamilə qabarıq çoxluqlar və qabarıq funksiyalar şərti altında həyata keçirilirdi. Mən BDU-nun Tətbiqi riyaziyyat fakültəsini bitirib Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda işləməyə başladığım ilk illərdən bu məqam diqqətimi cəlb etdi və “görəsən, problem qabarıq olmasa necə araşdırıla bilər?” sualının cavabını axtarmağa başladım.
O vaxta qədər bütün problemlər əsasən 1928-ci ildə Polşa alimi Stefan Banach və Avstriya alimi Hans Hahn tərəfindən sübut edilmiş və “Hahn–Banach ayırma teoremi” kimi tanınan “Qabarıq çoxluqlar üçün ayırma teoremi” tətbiq edilərək araşdırılırdı. Bu səbəbdən mən tətbiqi problemlərdə və riyazi optimallaşdırmada qabarıqlıq şərtini aradan qaldırmağı əsas hədəf kimi müəyyənləşdirdim və bu istiqamətdə riyaziyyat elmində yeni bir istiqamət yaradacaq çox mühüm nəticələr əldə etdim.
Əvvəlcə nəzəri olaraq tərifi mənim tərəfimdən verilən konik səthlərdən istifadə edərək “qabarıqlıq şərti olmadan ayırma teoremi”ni isbat etdim. Daha sonra isə bu tip problemlər üçün həm təkməqsədli, həm də çoxməqsədli (vektor) optimallaşdırma sahələrində müxtəlif həll üsulları icad etdim. Bu teorem 2010-cu ildə riyazi optimallaşdırma sahəsində dünyanın ən nüfuzlu və yüksək reytinqli jurnallarından biri olan “SIAM Journal on Optimization” jurnalında dərc olundu və bu teorem sayəsində demək olar ki, elmdə qabarıq olmayan problemlərin araşdırılması üçün yeni bir yol açıldı.
Geriyə baxdıqda belə bir qənaətə gəlirəm ki, insanın formalaşmasında və hərtərəfli inkişafında böyüdüyü ailə və təhsil aldığı məktəblər — ibtidai məktəbdən universitet və aspiranturaya qədər son dərəcə mühüm rol oynayır. Mən həm Siyəzəndəki məktəb illərimdə, həm Bakıdakı fizika-riyaziyyat təmayüllü məktəbdə, həm də universitetdə oxuduğum dövrdə həmişə sorğulayıcı düşüncə tərzinə malik olmuşam.
Məhz bu yanaşmanın və aldığım təhsilin verdiyi biliklərin nəticəsi olaraq oxuduğum məqalələri, iştirak etdiyim seminar və konfranslarda dinlədiyim elmi məruzələri daim sorğulayaraq “niyə bu problemlər araşdırılıb?”, “niyə bu şərtlər tələb olunub?”, “bu şərtlər olmasaydı problem necə həll edilə bilərdi?” kimi suallara cavab axtarmışam. Bu yanaşma nəticəsində bu gün də üzərində işlədiyim “Qabarıq Olmayan Optimizasiya” sahəsində “Konik Dəstək Setləri” adlı yeni bir nəzəriyyə yaradaraq mühüm nailiyyətlər əldə etmişəm. Şübhəsiz ki, bu nailiyyətlərin əldə olunmasında universitet illərində üç il ərzində “Riyazi analiz” və “Funksional analiz” dərslərini aldığım professor Mirabbas Qasımovun və aspiranturada elmi rəhbərim olmuş professor Abbas Əzimovun böyük təsiri olub.
– Hazırda hansı universitetdə və hansı vəzifədə çalışırsınız?
– 2007-ci ildə İzmir İqtisad Universitetindən orada çalışmaq üçün təklif aldım və 2007–2012-ci illərdə bu universitetin Sənaye Sistemləri Mühəndisliyi bölümündə bölmə rəhbəri, eyni zamanda fakültə və universitetin İdarəetmə Heyətinin və Senatının üzvü kimi fəaliyyət göstərdim. 2012-ci ildə isə Eskişehirdə yerləşən Anadolu Universitetinin rektoru professor doktor Davut Aydın tərəfindən şəxsən dəvət olundum. Açığını desəm, həmin dövrdə İzmirdəki vəziyyətim kifayət qədər yaxşı idi: elmi fəaliyyətim uğurla davam edirdi, universitetdə böyük hörmət qazanmışdım və başqa bir universitetə keçmək kimi bir niyyətim yox idi. Lakin Davut müəllimin israrlı dəvəti və Anadolu Universitetində həyata keçirilməsi nəzərdə tutulan mühüm layihələr barədə məlumat aldıqdan sonra bu təklifi qəbul etdim.
Bu universitetdə Sənaye mühəndisliyi bölümündə professor doktor və bölmə rəhbəri kimi fəaliyyətə başladım. 2018-ci ildə Anadolu Universitetinin Mühəndislik fakültəsi daxil olmaqla bəzi fakültələr ayrılaraq Eskişehir Texniki Universiteti adı altında yeni bir ali təhsil müəssisəsi yaradıldı. Həmin tarixdən etibarən fakültəmizin bütün müəllimləri ilə birlikdə bu universitetdə fəaliyyətimi professor doktor kimi davam etdirirəm.
– Eskişehir ilə elm yolunuz necə başladı? İlk təəssüratlarınız necə idi?
– Mənim Türkiyə ilə elmi yolum əslində 1994-cü ildə başladı. Həmin dövrdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsində baş müəllim vəzifəsində çalışırdım. Eskişehir Osmangazi Universitetinin Sənaye mühəndisliyi bölümündən professor İmdat Kara məni bu universitetə dəvət etdi və mən burada müqaviləli müəllim kimi fəaliyyətə başladım. Müqavilə müddətim başa çatdıqdan sonra Bakıya qayıdaraq öz universitetimdə fəaliyyətimi davam etdirmək niyyətində idim.
Türkiyə Cümhuriyyətinə olan sevgim sonsuz idi və bu ölkəni ikinci vətənim kimi qəbul edirdim (bu gün də belədir). Lakin hər şey həmişə insanın düşündüyü kimi olmur. Universitet rəhbərliyi tərəfindən orada qalmağım və müqaviləmin uzadılması ilə bağlı israrlı təklif aldım. Bu qərarı verməyimdə bir sıra amillər mühüm rol oynadı: universitet rəhbərliyinin, həmkarlarımın və tələbələrimin mənə göstərdiyi yüksək hörmət, mənim üçün yaradılan iş şəraiti, texniki imkanlarla təchiz olunmuş ofis, beynəlxalq konfranslarda iştirak üçün verilən dəstək və digər faktorlar.
Bu illərdə “Qabarıq Olmayan Optimizasiya” sahəsində başladığım tədqiqatları davam etdirir və mühüm nəticələr əldə edirdim. Əldə etdiyim nəticələri ümumiləşdirərək doktorluq dissertasiyası hazırlamağa başladım və bu işi müdafiə etmək üçün Bakı ilə əlaqə saxladım. Müəllimlərim dissertasiyanın yüksək səviyyədə olduğunu bildirərək onu Moskvada müdafiə etməyi tövsiyə etdilər.
1999-cu ildə müdafiəyə hazırlaşdığım dövrdə (mənim xəbərim olmadan) Eskişehir Osmangazi Universitetinin rektoru professor doktor Necat Akdeniz Akgün tərəfindən mənim professor vəzifəsinə yüksəldilməyim üçün Türkiyə Respublikası Ali Təhsil Şurasına (YÖK) müraciət edildi. YÖK tərəfindən Türkiyə vətəndaşları üçün tətbiq olunan yüksəldilmə qaydalarının mənim üçün də keçərli olduğu bildirildi. Mən də lazımi sənədləri hazırlayaraq rektorluğa müraciət etdim və nəticədə professor vəzifəsinə yüksəldildim. Beləliklə, 2001-ci ildən etibarən bu universitetdə “müqaviləli professor doktor” kimi fəaliyyətimi davam etdirdim.
– Universitetdə rəhbərlik etdiyiniz bölümün inkişafı üçün hansı addımları atdınız? Bu dəyişikliklərin nəticələri necə oldu?
– 2012-ci ildə Anadolu Universitetində vəzifəmə başladıqdan sonra ilk növbədə bölümdə çalışan müəllim və tədqiqatçılarla birlikdə tədris olunan fənləri, demək olar ki, tamamilə yenidən qurduq. Amerika, Almaniya, İspaniya, İngiltərə, Fransa və Türkiyənin ən qabaqcıl universitetlərinin proqramlarını əsas götürərək bölməmiz üçün tamamilə yeni bir tədris sistemi yaratdıq. Bu fənlərin həm məzmununun (tədris proqramlarının), həm də dərs vəsaitlərinin Amerika və Avropadakı yüksək səviyyəli universitetlərin proqramları ilə uyğun olmasına qərar verdik.
Diplom buraxılış layihə fənnini də tamamilə yeni sistem əsasında təşkil etdik. 2012–2013-cü tədris ilindən bu fənn bir il (iki semestr) davam edən və yalnız real müəssisələrdə həyata keçirilən formada quruldu. Son kurs tələbələrimiz “Arçelik”, “Eczacıbaşı”, “Tofaş”, “Sabancı”, “TEİ”, “Sarp Lojistik” kimi böyük şirkətlərdə təhsil müddətində qazandıqları bilikləri real problemlərin həllində tətbiq edərək diplom işlərini yerinə yetirməyə başladılar.
Bir neçə ildən sonra məzunlarımız Türkiyənin və dünyanın müxtəlif şirkət və universitetlərində uğur qazandığını müşahidə etdikcə biz də müəllimlər olaraq əməyimizin bəhrəsini görməyə başladıq. Bir çox şirkət rəhbərləri bölməmizi ziyarət edərək yüksək keyfiyyətli mütəxəssislər yetişdirdiyimiz üçün bizə təşəkkür edirdilər.
Bundan əlavə, tədqiqat layihələri hesabına müasir texniki avadanlıqlarla təchiz olunmuş iki kompüter laboratoriyası yaratdıq. Bunlardan biri 50 kompüterdən ibarət tədris laboratoriyası, digəri isə 10 yüksək performanslı iş stansiyasından ibarət tədqiqat laboratoriyası idi. Bu laboratoriyalar üçün nəzərdə tutulan məkanlar memarlıq bölümünün müəllimlərinin dəstəyi ilə yüksək estetik və məmemarlıq səviyysəində yenidən quruldu.
Bu layihələrin həyata keçirilməsi üçün universitet rəhbərliyi qarşısında planlarımızı əsaslandırmalı və lazımi icazələri almalı idik. Bütün proses uğurla həyata keçirildi və laboratoriyalar istifadəyə verildi. Tədris laboratoriyası bakalavr səviyyəsində dərslər üçün istifadə olunurdu, tədqiqat laboratoriyası isə magistr, doktorant və sənaye ilə əməkdaşlıq çərçivəsində layihələr həyata keçirən müəllimlər üçün nəzərdə tutulmuşdu.
Bundan əlavə, bölümdə seminar sistemi yaratdıq. ABŞ, Almaniya, İspaniya, İtaliya, Avstraliya, Azərbaycan və digər ölkələrdən, həmçinin Türkiyənin Bilkent, ODTÜ, Koç, Sabancı, Boğaziçi kimi aparıcı universitetlərindən önəmli tədqiqatları olan alimləri dəvət edərək seminarlar təşkil etdik. Eyni zamanda böyük şirkət rəhbərləri tələbələrlə görüşlər keçirdilər. Bölmə rəhbəri olaraq çalışdığım üç il ərzində təxminən 60 seminar və görüş təşkil olundu.
– Universitetdə elmi fəaliyyətləriniz necə inkişaf etdi?
– Elmi fəaliyyətlərimin çox intensiv və məhsuldar şəkildə davam etdiyini deyə bilərəm. Riyazi optimallaşdırma sahəsində, xüsusilə qabarıq olmayan və diferensiallanmayan problemlərin araşdırılması istiqamətində SCI və SCIE indeksli, əksəriyyəti Q1 və Q2 kateqoriyalı jurnallarda dərc olunmuş təxminən 70 elmi məqaləm mövcuddur. Bundan əlavə, hazırda yenə SCIE indeksli jurnallarda rəy mərhələsində olan təxminən 10 məqaləm var.
Digər tərəfdən, 60-dan çox məqaləm beynəlxalq rəyli elmi jurnallarda və kitablarda nəşr olunub. 100-dən artıq beynəlxalq və 30-a yaxın milli konfransda elmi məruzələrlə çıxış etmişəm. İki milli və üç beynəlxalq elmi kitabın müəlliflərindən biriyəm, eyni zamanda bir beynəlxalq elmi kitabın redaktoru kimi fəaliyyət göstərmişəm. “Web of Science” bazasına görə h-indeksim 23, “Google Scholar”a görə isə 27-dir.
Çoxsaylı beynəlxalq konfrans və elmi toplantılarda dəvətli məruzəçi kimi iştirak etmişəm. Dünyanın müxtəlif ölkələrində yerləşən universitetlərlə əməkdaşlıq çərçivəsində dəvətlər almış və birgə elmi layihələr həyata keçirmişəm.
Hazırda bütün dünyada mənim adımla bağlı “xətti olmayan ayırma teoremi”, qabarıq olmayan və diferensiallanmayan optimallaşdırma problemlərinin qlobal həlləri üçün zəruri və kafi şərtlər, bu tip təkməqsədli (single-objective) və çoxməqsədli (multi-objective) problemlər üçün həll metodları mövcuddur.
Bu metodlara misal olaraq 2002-ci ildə “Journal of Global Optimization” jurnalında nəşr olunan “Modified Subgradient (MSG) Method”, 2009-cu ildə “Optimization” jurnalında təqdim olunan “Modified Subgradient Method on Feasible Values (FMSG)” və 2013-cü ildə yenə “Journal of Global Optimization” jurnalında dərc olunmuş qabarıq olmayan və diferensiallanmayan çoxməqsədli optimallaşdırma problemləri üçün “Conic Scalarization Method”u və digərlərini göstərmək olar.
Bundan əlavə, mənim adımla bağlı və riyaziyyat elminə qazandırdığım ümumiləşdirilmiş törəmə anlayışları olan “Radial Epiderivative”, həmçinin ümumiləşdirilmiş subdiferensial anlayışları olan “Weak Subgradient” və “Weak Subdifferential” terminləri də elmi ədəbiyyatda geniş şəkildə istifadə edilməkdədir. Bu il həmkarlarımla birlikdə “Radial Epiderivative” törəməsinin xassələrindən istifadə edərək yeni bir həll metodu da nəşr etdik.
Hazırda 12 beynəlxalq elmi jurnalın redaksiya heyətinin üzvüyəm və onlardan birində baş redaktor (Editor-in-Chief) kimi fəaliyyət göstərirəm. İndiyə qədər Türkiyədə rəhbərliyim altında 10 nəfər doktorant PhD dərəcəsi alıb və onların arasında artıq professor adını qazananlar da var. Bakıda dərs dediyim tələbələr arasında da hazırda professor olanlar mövcuddur.
Qeyd etmək istərdim ki, “Qabarıq analiz” sahəsi 1950-ci illərdən etibarən funksional analizin bir istiqaməti kimi formalaşıb, bu sahədə intensiv şəkildə tədqiqatlar aparılıb və 2000-ci illərə qədər yüksək inkişaf səviyyəsinə çatıb. Lakin real həyatda qarşıya çıxan problemlər çox vaxt qabarıq olmur, klassik törəmə anlayışları və metodlarla onların həlli mümkün olmur.
Tərəfimdən əsası qoyulan ümumiləşdirilmiş törəmə anlayışları (weak subgradient, weak subdifferential, radial epiderivative), qeyri-xətti ayırma teoremləri və bu yanaşmalar əsasında formalaşdırılmış optimallıq şərtləri və həll metodları konik dəstək səthləri nəzəriyyəsinin əsasını təşkil edir və mürəkkəb riyazi aparat kimi qəbul olunur. Buna baxmayaraq, bu yanaşmalar artıq dünya üzrə tədricən öyrənilir və tətbiq olunmağa başlayır. Elmi əsərlərim “Google Scholar” məlumatlarına əsasən təxminən 2500 istinad alıb.
– Tədqiqatlarınızın nəticələrinin tətbiqi imkanları, sənaye mühəndisliyi üçün praktik əhəmiyyəti barədə nə deyə bilərsiniz?
– Uzun illərdir sənaye mühəndisliyi sahəsində fəaliyyət göstərdiyim üçün elmi tədqiqatlarımı real sənaye və iqtisadi problemlərə tətbiq etməyə xüsusi önəm vermişəm. Bu istiqamətdə çoxsaylı elmi məqalələrim nəşr olunub və müxtəlif layihələrə rəhbərlik etmişəm.
Tədqiqatlarım əsasən qabarıq olmayan və diferensiallanmayan optimallaşdırma problemlərinə həsr olunub. Bu tip problemlər real həyatda, xüsusilə sənaye mühəndisliyi və iqtisadiyyat sahələrində geniş yayılıb. Məsələn, istehsalın optimal planlaşdırılması, resursların effektiv bölüşdürülməsi və logistika sistemlərinin idarə olunması kimi məsələlər çox vaxt klassik qabarıq modellərlə tam şəkildə təsvir və izah edilə bilmir.
Mənim inkişaf etdirdiyim nəzəri yanaşmalar bu cür mürəkkəb problemlərin daha real və dəqiq modelləşdirilməsinə imkan yaradır. Bu isə qeyri-hamar və qeyri-qabarıq struktura malik sistemlər üçün effektiv alqoritmlərin qurulmasına şərait yaradır.
Praktik baxımdan bu nəticələr müəssisələrə qərar qəbuletmə proseslərini daha optimal şəkildə həyata keçirməyə, xərcləri azaltmağa və resurslardan daha səmərəli istifadə etməyə imkan verir.
Ümumilikdə, bu tədqiqatların əsas üstünlüyü ondan ibarətdir ki, real problemləri sadələşdirmədən, olduğu kimi modelləşdirməyə və həll etməyə imkan yaradır. Bu isə sənaye tətbiqlərində daha etibarlı və praktik nəticələrin əldə olunmasına şərait yaradır.
– Xaricdən gələn təkliflərə münasibətiniz necə oldu? Son illərdəki beynəlxalq fəaliyyətləriniz barədə nə deyərdiniz?
– Xaricdən gələn təkliflərə hər zaman böyük maraq və məsuliyyətlə yanaşmışam. Mənim üçün əsas meyar yalnız fərdi uğur deyil, eyni zamanda universitetimin və ölkəmin beynəlxalq elmi mühitdə layiqincə təmsil olunmasıdır. Bu baxımdan, xarici əməkdaşlıqlar mənim üçün sadəcə fərdi fəaliyyət deyil, həm də elmi körpülərin qurulması baxımından xüsusi əhəmiyyət daşıyır.
Xaricdən gələn təkliflərə hər zaman böyük məsuliyyət və diqqətlə yanaşmışam. Mənim üçün əsas meyar yalnız fərdi uğur deyil, eyni zamanda fəaliyyət göstərdiyim universitetin və təmsil etdiyim ölkələrin beynəlxalq elmi mühitdə layiqincə təmsil olunmasıdır. Bu baxımdan, beynəlxalq əməkdaşlıqlar mənim üçün sadəcə fərdi fəaliyyət deyil, həm də elmi körpülərin qurulması baxımından xüsusi əhəmiyyət daşıyır.
İndiyə qədər məruzəçi kimi iştirak etdiyim beynəlxalq konfrans və elmi tədbirlərdə yalnız elmi məruzələrlə kifayətlənməmişəm, eyni zamanda Azərbaycan və Türkiyə ilə bağlı məsələlərdə ölkələrimizin haqlı mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmağa çalışmışam. Qarabağ, Zəngəzur, Göyçə, İrəvan və Cənubi Azərbaycan mövzularında tarixi həqiqətləri və haqlı mövqeyimizi müxtəlif platformalarda ifadə etmişəm.
İlk iş təklifini 2006–2007-ci illərdə ABŞ-də yerləşən bir universitetdən aldım. 2002-ci ildə təqdim etdiyim qeyri-qabarıq optimallaşdırma metodu həmin universitetin alimlərinin diqqətini cəlb etmişdi. Onlar araşdırdıqları problemlərin həlli üçün müxtəlif metodları müqayisə etdikdən sonra mənim yanaşmamı seçmiş və bu səbəbdən məni əməkdaşlığa dəvət etmişdilər.
Təxminən iki il ərzində bu təklifi qəbul etməyim üçün israr etdilər və çox əlverişli şərtlər təqdim etdilər. Lakin həmin dövrdə ailə vəziyyətimi, xüsusilə övladlarımın həyat mərhələsini nəzərə alaraq bu təklifi qəbul etmədim.
Ümumilikdə, 2002-ci ildən etibarən Avstraliya (Federation University of Australia, University of South Australia), Almaniya (Ilmenau University, Martin Luther University Halle-Wittenberg), İspaniya (Universitat Autònoma de Barcelona), Amerika (Washington University), İran, Çin Xalq Respublikası, Tayvan və digər ölkələrin universitetlərində çalışan alimlərlə uzunmüddətli beynəlxalq layihələr üzərində çalışmışam.
2008-ci ildə Avstraliya Federal Universitetində işləməyim üçün rəsmi təklif aldım və çox yaxşı şərtlər təqdim olundu. Lakin bu təklifi də qəbul etməyərək elmi və pedaqoji fəaliyyətimi öz ölkəmdə davam etdirməyi üstün tutdum. Bunun əvəzində həmin universitetlə uzun illər birgə layihələr həyata keçirdik. Daha sonra ABŞ-nin Purdue Universiteti tərəfindən idarə olunan, Qətərdə yerləşən bir universitetdən də təklif aldım, lakin yenə də Türkiyədə fəaliyyət göstərməyi seçdim.
Qeyd etmək istərdim ki, Avstraliya Federal Universiteti ilə elmi əməkdaşlığım uzun illərdir davam edir. Bu əməkdaşlıq dünya şöhrətli alim Alexander Rubinov ilə başlayıb. O, bir müddət Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda professor və şöbə müdiri kimi fəaliyyət göstərib, eyni zamanda BDU-da dərs deyib. Mən aspirant olduğum dövrdə o, mənim dissertasiyamın rəsmi opponenti olub.
Sonralar Alexander Rubinov Avstraliyaya köçərək Federal Universitetdə fəaliyyətini davam etdirib.
2000-ci ildə İtaliyada keçirilən beynəlxalq elmi tədbirdə yenidən görüşdükdən sonra əməkdaşlığımız daha da intensivləşdi. Onunla yanaşı Adil Bağırov və Musa Məmmədov ilə də uzunmüddətli əməkdaşlığımız olmuşdur. Bu əməkdaşlıq çərçivəsində qarşılıqlı səfərlər və birgə tədqiqatlar nəticəsində yüksək səviyyəli elmi nəticələr əldə etmişik.
Son illərdə Tayvanda yerləşən China Medical University, Çilidəki University of Concepción, Çin Xalq Respublikasındakı Chongqing Normal University və Chongqing Jiaotong University alimləri ilə elmi əməkdaşlığım davam edir. Bu universitetlərin tədqiqatçıları mənim irəli sürdüyüm anlayışlar — “weak subdifferential”, “radial epiderivative”, “nonlinear separation theorem”, “conic scalarization method” və digər riyazi alətlər üzərində intensiv araşdırmalar aparırlar. Bu çərçivədə mən dəfələrlə həmin universitetlərə dəvət olunmuş və bigə elmi layihələr həyata keçirmişəm.
Ümumilikdə hesab edirəm ki, müasir elmdə uğur qazanmaq üçün beynəlxalq əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Elm sərhəd tanımır və müxtəlif ölkələrdən olan tədqiqatçıların birgə fəaliyyəti daha güclü və dayanıqlı nəticələrə gətirib çıxarır. İnanıram ki, müxtəlif ölkələrdən olan alimlərlə birgə elmi əməkdaşlıq həm milli, həm də qlobal miqyasda həyat səviyyəsinin və rifahın yüksəlməsinə töhfə verəcəkdir.
– Xarici universitetlərə səfər, əməkdaşlıq təəssüratlarınız necədir? Xaricdəki və Türkiyədəki akademik mühit arasında fərqlər varmı?
– Qeyd etdiyim kimi, bir çox ölkələrin universitetləri ilə sıx elmi əməkdaşlıq içindəyəm və mütəmadi olaraq dəvətlər alır və bu universitetlərə elmi səfərlər həyata keçirirəm. Son olaraq, bu ilin 29 yanvar – 11 fevral tarixlərində Pakistanın Lahor şəhərində Parisdə yerləşən CIMPA School tərəfindən təşkil olunan beynəlxalq elmi məktəbdə təşkil olunan beynəlxalq elmi məktəbdə 6 dərs demiş və məruzələrlə çıxış etmişəm. Bu proqram inkişaf etməkdə olan ölkələrdən olan tələbələr üçün təşkil olunur və bu dərsləri keçmək üçün dünyanın tanınmış alimlərini dəvət edirlər.
Bu proqram çərçivəsində dərslərdə iştirak edən bakalavr, magistr və doktorantlar, eləcə də müəllimlər öyrənmək və çalışmaq üçün böyük həvəs göstərirdilər. Onların davranışında bunu açıq şəkildə hiss etmək olurdu: yüksək səviyyəli alim olmaq, öz ölkələrinə və dünyaya daha faydalı insan kimi xidmət etmək arzusu.
Bundan əlavə, 2012-ci ildə Almaniyada yerləşən İlmenau Texniki Universiteti tərəfindən bir aylıq elmi əməkdaşlıq çərçivəsində dəvət olundum. Bu müddətdə birgə çox uğurlu nəticələr əldə etdik və yüksək reytinqli jurnalda məqalə dərc etdirdik. Eyni zamanda həmin universitetdə elmi nəticələrimə dair hər biri təxminən 100 dəqiqəlik iki məruzə ilə çıxış edərək qeyri-xətti ayırma teoremimi və konik səthlərlə dəstəkləmə nəzəriyyəmi təqdim etdim.
Seminar zamanı iştirakçılardan biri belə bir sual verdi: “Bu nəzəriyyə indiyə qədər mövcud olan əsas yanaşmalardan tamamilə fərqlənir. Siz buna necə gəldiniz?”. Cavab olaraq bildirdim ki, universiteti bitirdiyim illərdən etibarən bu problemlər üzərində düşünmüşəm. İlk dövrlərdə özümə tez-tez sual verirdim ki, görəsən bu istiqamətdə başqa kimlər çalışıb? Daha sonra alman alimi Reinhard Nehsenin qısa bir məqaləsi ilə tanış oldum. O, həmin məqaləsində mövcud nəzəriyyənin qeyri-kafi olduğunu və qabarıq olmayan problemlərin bəlkə də parabolik funksiyalar vasitəsilə öyrənilə biləcəyini qeyd edirdi. Mən isə konik çoxluqlar yanaşmasını irəli sürmüşdüm və bu yolu daha səmərəli hesab etdim. Bu, mənə doğru istiqamətdə olduğuma dair əlavə motivasiya verdi. Dinləyicilərin reaksiyasından məlum oldu ki, Reinhard Nehse vaxtilə həmin universitetdə fəaliyyət göstərib. Seminarın sonunda alimlərdən biri onunla birgə hazırladıqları materialları mənə təqdim etdi və gələcək əməkdaşlıq təklif etdi.
Əslində bütün bunlar göstərir ki, alimlər dünyanın hər yerində oxşar xüsusiyyətlərə malikdirlər. Alimlər təvazökar, əməkdaşlığa açıq və insanlığa fayda vermək məqsədi ilə çalışan insanlardır. İstər Azərbaycanda, istər Türkiyədə, istər Çinə, istərsə də dünyanın digər yerlərində akademik mühit böyük ölçüdə oxşardır.
Alimlər üçün uyğun iş şəraiti yaradıldıqda, onlar yalnız öz ölkələrinin deyil, bütün dünyanın inkişafına töhfə verməyə hazır olurlar. Elmi və tədris mühiti üçün daha əlverişli şərait yaradan ölkələr isə nəticə etibarilə daha yüksək iqtisadi və mədəni inkişaf səviyyəsinə çatırlar.
– Elm işlərinizdə Sizi ən çox qürurlandıran hadisə nə oldu?
– Daha əvvəl də qeyd etdiyim kimi, elmi fəaliyyətimdə əsasən mürəkkəb və aktual problemlər üzərində işləməyə üstünlük vermişəm. Bu baxımdan, 2001-ci ildə qabarıq olmayan çoxməqsədli optimallaşdırma problemləri üçün təqdim etdiyim və sonradan “Konik skalyarlaşdırma metodu” adlandırılan yanaşma, eləcə də 2002-ci ildə qabarıq olmayan və diferensiallanmayan məhdudiyyətli optimallaşdırma problemlərinin həlli üçün irəli sürdüyüm “Modified Subgradient Method” ilk böyük elmi uğurlarım hesab olunur. Bu metodlar bu gün də dünyanın müxtəlif ölkələrində istifadə olunmaqdadır.
Daha sonra isə bu tip problemlərin tədqiqində açar rol oynayan mühüm bir nəticəni — qabarıq olmayan çoxluqlar üçün qeyri-xətti ayırma teoremini isbat etdim. Bu teorem, onun tətbiqləri və qeyri-qabarıq optimallaşdırma problemlərinin qlobal həlləri üçün zəruri və kafi şərtlərlə bağlı nəticələr 2009–2010-cu illərdə nüfuzlu beynəlxalq jurnallarda dərc olundu. Bu nailiyyətlər mənim üçün xüsusi qürur mənbəyi olub.
Bu elmi nəticələrin bir növ “mükafatı” olaraq müxtəlif ölkələrin universitetlərindən əməkdaşlıq dəvətləri aldım və beynəlxalq layihələrdə iştirak etmək imkanı qazandım. Son illərdə mühüm hadisələrdən biri də Çin Xalq Respublikasında yerləşən Chongqing Normal University tərəfindən elmi fəaliyyətimin yüksək qiymətləndirilməsi olmuşdur. Orada keçirdiyim müddət ərzində yerli tədqiqatçılarla birgə nüfuzlu jurnallarda bir sıra elmi məqalələr nəşr etdirdik. Bu tədqiqatçıların işləmək və öyrənmək həvəsi olduqca yüksək idi və bu səbəbdən onlarla əməkdaşlıq etmək böyük məmnuniyyət doğururdu. 2025-ci ildə bu universitet tərəfindən mənə “Fərqlənən professor” adı verilmiş və yerli həmkarlarımla birlikdə böyük büdcəli elmi layihədə iştirak etməyə dəvət olunmuşam. Hazırda bu layihə çərçivəsində həmin universitetin alimləri ilə birgə tədqiqatlar aparıram.
Bundan əlavə, həmin universitet 2025-ci ilin 17–19 oktyabr tarixlərində mənim 65 illik yubileyimə həsr olunmuş beynəlxalq elmi konfrans (“International Conference on Optimization and Variational Analysis – dedicated to the 65th Birthday of Professor Refail Kasimbeyli”) təşkil edib. Bu konfransda Kanada, Almaniya, Norveç, Avstriya, Rumıniya, Hindistan, Tayvan və Çin daxil olmaqla bir çox ölkədən tanınmış alimlər iştirak ediblər.
– Gənc alimlərə nə kimi tövsiyəniz var?
– Gənc alimlərə əvvəla, daim öz səviyyələrini inkişaf etdirmələrini, çox oxumalarını və sensasion problemlər üzərində çalışmaqdan qorxmamalarını tövsiyə etmək istəyirəm. Böyük problemlərin həlli, böyük kəşflərə yol açır. Bunu xəyal etmələrini, özləri üçün böyük hədəflər qoymalarını tövsiyə edirəm. Unutmaq olmaz ki, yüksək dağlar kiçik addımlarla aşılır. Böyük hədəflərə çatma arzusu, insanı yüksək həyat səviyyəsində yaşamağa motivə edən ən önəmli amillərdən biridir. Daim dürüst olmalarını və çox çalışmalarını, zəhmətkeş olmalarını tövsiyə edirəm. Halal zəhmətlə əldə olunana uğur insan həyatında ən gözəl nemətlərdən biridir.
– Azərbaycanla elmi əlaqələriniz barədə nə deyərdiniz?
– Azərbaycanla elmi əlaqələrimi daim davam etdirməyə çalışmışam. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Kamil Aydazadə ilə əməkdaşlıq edirik. Onun dəvəti ilə 2023-cü ildə Bakıda keçirilən “Problems of Cybernetics and Informatics” beynəlxalq konfransında plenar məruzə ilə çıxış etdim. Bu, mənim üçün böyük bir şərəf oldu.
Bundan əlavə, Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbərliyi tərəfindən mənə bir tədqiqat mərkəzinin yaradılması ilə bağlı təklif olundu. 2023-cü il 10 oktyabr tarixində bu universitetdə mənim rəhbərliyimlə “Riyazi Modelləşdirmə və Optimallaşdırma Tədqiqat Mərkəzi” yaradıldı.
– Gələcək planlarınız nələrdir?
– Elmdə üfüqlər heç bir zaman bitməz. Elmlə məşğul olmanın ən önəmli tərəfi budur. Daim yeni problemlər ortaya çıxır və daima onları həll etmək üçün yollar axtarırsınız. Belə bir yaşam tərzi insana daim xoşbəxtlik gətirir, ona mənəvi məmnunluq verir. Gələcəkdə də elmi və pedaqoji fəaliyyətimi davam etdirərək Azərbaycana daha çox fayda verə biləcək layihələrdə iştirak etməyi arzulayıram.
– Sonda Türkiyədə keçdiyiniz elmi yola nəzər saldıqda bu yolu necə dəyərləndirərdiniz?
– Mən əqidələrimlə yaşayan bir insanam. Keçdiyim yollara dönüb baxdığımda heç bir zaman “kaş elə deyil, belə etsəydim” demədim. Elmi yaradıcılıq insanı daim inkişaf etdirən və yüksəkdə saxlayan bir fəaliyyətdir. Daim atamın, anamın mənə verdiyi tərbiyəyə uyğun hərəkət etdim, bu gün də bir yol ayrıcında qaldığımda onların bəyənəcəyi yolu seçməyə üstünlük verirəm. Daim vətənimi çox sevdim və bu sevgidən heç bir zaman ayrılmadım.
Gənc yaşda Türkiyəyə dəvət edildim və Bakıdakı doğma mühitdən ayrılıb tamamilə yeni bir mühitdə yaşamaq asan olmasa da, burada mənə göstətərilən sevgi və hörmət, yaradılan elmi-tədris mühiti çətinlikləri aradan qaldırmaqda ən önəmli amillərdən biri oldu. Bu gün qazandığım elmi nailiyyətlərimə görə Azərbaycanda aldığım yüksəksəviyyəli ali təhsillə yanaşı, Türkiyədə mənə yaradılmış imkanlara borclu olduğumu söyləyə bilərəm.
Ümummilli Lider mərhum Heydər Əliyevin söylədiyi kimi, “Bir millət iki dövlət” prinsipi ilə yaşamaq nəsib oldu mənə. Atatürkün söylədiyi “Vətənini ən çox sevən, işini ən yaxşı yerinə yetirəndir” prinsipi də mənim həyat şüarım oldu.



