Profilaktika güclənsə, xərcəngin qarşısını əhəmiyyətli dərəcədə almaq olar - Şotlandiyada təhsil alan azərbaycanlı

28 Aprel, 2026 - 17:57
Profilaktika güclənsə, xərcəngin qarşısını əhəmiyyətli dərəcədə almaq olar

Şotlandiyanın Qlazqo Universitetində ali epidemiologiya üzrə magistratura təhsili alan azərbaycanlı tələbə Nailə Əhmədova bu sahəyə marağının formalaşmasından, beynəlxalq təhsil təcrübəsindən və gələcək planlarından danışıb. Onun sözlərinə görə, epidemiologiyanı seçməsində şəxsi həyatında yaşadığı itki də mühüm rol oynayıb. O, 2020-ci ildə babasını xərçəng xəstəliyindən itirdiyini qeyd edib və şəxsi marağının xərçəng epidemiologiyası sahəsinə yönəldiyini bildirib.

"Azərbaycan müəllimi" xəbər verir ki, AZƏRTAC-a müsahibəsində Nailə Əhmədova Şotlandiyada “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində aldığı təhsil təcrübəsindən və bu sahənin gələcək perspektivlərindən bəhs edib.

– Qlazqo Universitetində ali epidemiologiya üzrə magistratura təhsili almaq qərarını necə verdiniz?

– Qlazqo Universiteti 2024-cü ilin hesabatına əsasən Şotlandiyada elmi nəticələrinə görə 1-ci yerdə idi və ən yüksəkkeyfiyyətli tədqiqat göstəricilərində ön sıralarda yer alıb. Epidemiologiya sahəsində tələb olunan əsas bacarıqlardan biri tədqiqat bacarığıdır və gələcək tədqiqatçı olaraq bu universitetin mənə daha çox töhfələr verəcəyini düşünərək magistratura təhsilimə qərar verdim.

– Bu proqram çərçivəsində hansı əsas mövzuları öyrənirsiniz?

– Proqram çərçivəsində ictimai səhiyyənin prinsipləri, epidemiologiya və statistikaya giriş, araşdırma metodları kimi fənləri 1-ci semestrdə əsas fənlər kimi keçdim, ikinci semestrdə isə ixtisaslaşma ilə əlaqədar olaraq ali statistika, ali epidemiologiya və keyfiyyət araşdırma metodları fənlərini seçmişdim.

– Sizin ixtisasınız gələcəkdə hansı istiqamətlərdə daha çox tələb olunacaq?

– Düşünürəm ki, çox sahə ilə vəhdət olacaq, hətta indidən də olur. Data və bioinformatika ilə epidemiologiya risk modelləri, genetik məlumatın təhlili istiqamətində çox əhəmiyyətli yer tutacaq. Xroniki xəstəliklərin epidemiologiyası, eynilə iqlim dəyişikliyi ilə yaranan xəstəliklər, hava, su, qida keyfiyyəti araşdırmaları artacaq. Süni intellektin tətbiqi bu sahədə çox qapılar açacaq və bir neçə sahənin kombinasiyası mümkün olacaq.

– Şotlandiyada yaşamaq və təhsil almaq sizə nə verib?

– Əvəzolunmaz bir təcrübədir. İlk dəfə ailəmdən uzaqda tək həyat sürürəm və bu, məni psixoloji olaraq çox gücləndirib, həyata və insanlara baxış bucağım dəyişib. Eyni zamanda, təhsil vasitəsilə kritik düşüncə və analiz qabiliyyətlərim inkişaf edib, daha çox sübuta əsaslanaraq addım atmağı təkmilləşdirmişəm.