Təhsildən milli missiyaya: bilik, təşəbbüs və Azərbaycan sevgisi - DP məzunu ilə söhbət

11 Noyabr, 2026 - 12:09
Təhsildən milli missiyaya: bilik, təşəbbüs və Azərbaycan sevgisi

Xaricdə təhsil almaq insana yalnız yeni biliklər qazandırmır, həm də öz ölkəsini, tarixini və mədəniyyətini dünyaya tanıtmaq üçün imkanlar yaradır. London Universitet Kollecinin (UCL) 200 illik yubileyinə həsr olunmuş “Beyond the Book” foto sərgisində Azərbaycan müəlliminin tarix kitabı ilə təmsil olunmaq isə bu missiyanın maraqlı nümunələrindən biridir. Həmin sərgidə Azərbaycanı təmsil edən Elvin Alıyev, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu universitetlərindən olan London Universitet Kollecində təhsil alıb, beynəlxalq akademik mühitdə ölkəmizin tanıdılması və Azərbaycan tələbələrinin birliyinin möhkəmləndirilməsi istiqamətində fəallıq göstərib. 

“Azərbaycan müəllimi”nə müsahibəsində E.Alıyev Britaniyada təhsil təcrübəsi, Dövlət Proqramının gənclərə yaratdığı imkanlar, xaricdə milli kimliyin və həmrəyliyin qorunması, eləcə də gələcək elmi və peşəkar hədəfləri barədə fikirlərini bölüşür.

- Sizi necə tanıyaq?

- Mən Alıyev Elvin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 2020-2024-cü illərdə “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasında təhsil almışam. Bu müddət ərzində hazırlaşıb xaricdə təhsil üzrə Dövlət Proqramına müraciət etdim və dünyanın top 10 universitetlərindən biri olan "University College London"da (UCL – London Universitet Kolleci) magistr təhsili almaq imkanı qazandım. 2024-2025-ci illərdə UCL-də “Public Policy” (“İctimai siyasət”) ixtisasında təhsil aldım və həmin ildə ali məktəbi bitirərək Vətənə geri qayıtdım. Xaricdəki təhsil həyatım Azərbaycandakından tamamilə fərqli idi. Britaniya təhsil sistemində magistratura bir il olmaqla yanaşı, tələbələrin özünüinkişafı, təhsillərini tamamlaması və araşdırma aparmaları üçün bir çox fürsətlər verilirdi. Tələbələrə çox böyük sərbəstlik verməklə yanaşı, bunlardan yararlanmaq və dərsi mənimsəmə prosesi tamamilə tələbənin məsuliyyətindən asılı idi. 

Dövlət Proqramı biz gənclər üçün yaradılmış çox gözəl bir fürsətdir

- DP-nin həyatınızda rolu, gənclər üçün əhəmiyyəti, hədəflərinizə çatmaqda rolu barədə nə deyərdiniz?

- Dövlət Proqramı ilə tanışlığım sevimli tarix müəllimim Elmir Nəsirov sayəsində oldu. O, mənə xaricdə təhsilimi davam etdirmək üçün güclü potensialımın olduğunu dedi və mən bu barədə araşdırma apararaq Dövlət Proqramı ilə tanış oldum. Qısaca belə deyə bilərəm ki, xaricdə təhsil üzrə Dövlət Proqramı biz gənclər üçün yaradılmış çox gözəl bir fürsətdir. Dövlət proqramı bilikli və bacarıqlı tələbələrin önə çəkilməsinə və onların Azərbaycanın gələcək inkişafında mühüm rol oynayacaq potensiala çevrilməsi hədəfinə xidmət edir. Proqrama müraciət etmək istəyənlərə demək istərdim ki, həqiqətən də çəkilən bütün əməyə dəyəcək bir təcrübə idi. 

Dövlət Proqramı mənə dünyanın top 10 universitetində oxuma imkanı yaratdı. Eyni zamanda akademik biliyimi artırmaqla yanaşı, ömürlük dostluqlar qurmağa, digər ölkələrin və millətlərin təcrübələri ilə yaxından tanış olmağa və xaricə yaşayan diasporumuzu tanımağa da fürsət qazandırdı. 


Fərqli bir təhsil sistemi ilə rastlaşdım

- Böyük Britaniyada təhsil sizə hansı səriştə və biliklər qazandırdı?

- Daha əvvəl də qeyd etdiyim kimi, fərqli bir təhsil sistemi ilə rastlaşdım və qısa bir uyğunlaşma prosesindən sonra magistr təhsilimi uğurla başa vurdum. Britaniyada bir sıra ən müasir idarəçilik təcrübələrini və metodologiyalarını dünyaca məşhur ekspertlərdən öyrənmək imkanı qazandım. Buradan əldə etdiyim ən önəmli bacarıqlara dərin elmi araşdırmalar aparmaq, məqalələr yazmaq, müqayisəli və tarixi təhlillər etmək, komanda işi və s. sadalaya bilərəm. Britaniyada formal təhsilimlə paralel olaraq ziyarət etdiyim muzey və şəhərlər mənə dünyagörüşümü genişləndirməyə, elmin cəmiyyətdə və dövlət idarəçiliyində rolunu dərk etməyimə, davamlı inkişafın təzahürlərini müşahidə etməyə və tolerantlığın əhəmiyyətinə varmağa misilsiz töhfələri oldu. Gələcəkdə Birləşmiş Krallıqda təhsil alacaq hər kəsə eyni şəkildə formal təhsilləri ilə yanaşı, müşahidələrini və səyahətlərini də dünyagörüşlərini artırmağa yönəltmələrini tövsiyə edirəm. 

Donald Trampın kosmos siyasəti haqqında magistr dissertasiyamı yazdım

- Britaniya təhsilində hansı yenilikləri və innovasiyaları qeyd edə bilərsiniz?

- İlk olaraq Britaniyada magistr təhsili dünyanın digər ölkələrindən fərqli olaraq bir ili əhatə edir və yay ayları dissertasiya yazılmasına həsr olunur. Oxuduğum universitetdə bizim qrupda təxminən 90 nəfər var idi ki, bu bir sıra mühazirələrdə digər qruplarla birlikdə olanda sayımız daha da artırdı. Seminarlarda isə həmin tələbələr 15-20 nəfərlik qruplara bölünərək bir neçə müəllimə təhkim olunurdu.  Mühazirələrdən və seminarlardan əvvəl bütün mənbələr universitetin internet səhifəsinə yerləşdirilir və tələbədən dərsə gəlmədən öncə mövzu haqqında müəyyən anlayışının olması və onunla bağlı diskussiyalarda iştirakı gözlənilirdi. Seminarlarda biz ya təqdimat hazırlayır, ya da hansısa bir məqaləni müzakirə edirdik. 

Bir çox fənn üzrə (əsasən biz seçə bilirdik) bütün qiymətləndirmə son imtahanın nəticəsinə əsasən müəyyənləşdirilirdi. İmtahan daha çox maksimum 2500-3000 sözlük məqalələr yazıb göndərmək şəklində olurdu. Daha əvvəl də qeyd etdiyim kimi, tələbələrə geniş imkanlar təqdim olunurdu: kitabxanalar, onlayn jurnallara pulsuz çıxış, maddi və psixoloji dəstək, imtahanların son tarixini uzatmaq, məsləhət saatları və s). Lakin günün sonunda onlardan necə yararlanacağı tələbənin öz məsuliyyətindən asılıdır. 
 Son olaraq xüsusilə bizim ixtisasda bizə ya dissertasiya yazmaq, ya da Britaniya hökumətinə qanun layihəsi göndərmək seçimi verilirdi. Mən dissertasiyanı seçdim və elmi rəhbərimlə 4 dəfə görüşərək Donald Trampın kosmos siyasəti (astrosiyasət) haqqında magistr dissertasiyamı yazdım. Onu da qeyd etmək istəyirəm ki, elmi rəhbərlər tələbələrə sadəcə kənardan məsləhətlər verərək tələbənin mövzu və metodologiya seçiminə çox az müdaxilə edirdilər.

Komandamız UCL-də “Breyn-rinq”in qalibi oldu

- Britaniyanın nüfuzlu universitetlərindən olan London Universitet Kollecində  təhsil dövründə hansı uğurlarınızdan bəhs edərdiniz? Ali məktəbdə Azərbaycan gənclərinin şəbəkələşməsi nə vəziyyətdədir? 

- UCL-də təhsilim zamanı bizim ixtisasda mənimlə bərabər 6 azərbaycanlı tələbə var idi ki, hamısı da Dövlət Proqramı vasitəsilə gəlmişdi. Onlarla ilk görüşdən etibarən çox möhkəm bir dostluq qurduq və daha sonra digər ixtisaslardan olan tələbələrlə tanış olduqca əlaqələrimiz daha da genişləndi. Bu dövrdə qazandığımız bir çox uğuru məhz birlikdə hərəkət edərək və bir-birimizi dəstəkləyərək nail olduq. İlk uğurumuz universitetin çap etdiyi resept kitabında Azərbaycan bayrağının tərs şəkildə təsvirini şikayət edərək səhvlərinin düzəltdirilməsinə nail olmağımızdır. Daha sonra Azərbaycan cəmiyyəti olaraq biz universitetin Novruz tədbirində özümüzlə gətirdiyimiz suvenir və kitablarla ölkəmizi uğurla təmsil etdik. Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsi ilə bərabər təşkil edilən “Breyn-rinq” oyununda qatıldığım Ay-ulduz komanda həmin viktorinanın qalibi oldu.

Azərbaycan tarixi kitabı UCL-in 200 illiyində

- Universitetin 200 illiyinə həsr olunmuş “Beyond the Book” foto sərgisində iştirakınız barədə nə deyərdiniz?

- Layihə barədə universitetin tələbə cəmiyyətinin göndərdiyi bir e-mail vasitəsilə xəbərdar oldum və həmin anda qeydiyyatdan keçdim. Bu sərginin mahiyyəti ondan ibarətdir ki, UCL-in 200 illiyində tələbə cəmiyyətlərinin nümayəndələrinin, tələbələrin fotoları, onların təmsil etdiyi kitabxanalar haqqında təəssüratları ilə birlikdə əvvəlcə vebsaytda, daha sonra (16-19 noyabrda) fotosərgidə nümayiş edilir. Burada Azərbaycan cəmiyyətinin təmsilçisi kimi müraciət etdim və John Iona tərəfindən bir neçə foto-şəklim çəkildi. Fotoda görmüş olduğunuz kitab, mənə xaricdə təhsilimi davam etdirməyə ilham verən müəllimim Elmir Nəsirovun tarix kitabıdır. Fotom hazırda həm vebsaytda, həm də universitetin “School of Slavonic and East European Studies” (Slavyan və Şərqi Avropa Araşdırmaları Məktəbi) kitabxanasında nümayiş edilir. Bu kitabxananı seçməyimin səbəbi, həmin kitabxanada Azərbaycan haqqında materialların çox az olması və bu vasitə ilə ölkəmizə olan marağı artıraraq yeni mənbələr cəlb etmək idi.

Hazırda Azərbaycan cəmiyyəti daha da genişlənərək aktivliyini bərpa edib

- UCL Azərbaycan Cəmiyyətinin fəaliyyəti barədə nə deyərdiniz? Gənclərimizin cəmiyyətin tədbirlərində iştirakı və fəallığı necədir? 

- Bizim təhsil aldığımız illərdə, təəssüf ki, Azərbaycan tələbə cəmiyyəti uzun müddət fəaliyyət göstərmirdi.  Tələbə cəmiyyətlərinə seçkilərin keçirildiyi vaxt bununla maraqlandım və onun bağlanma təhlükəsini öyrəndikdə bunu digər azərbaycanlı tələbə dostlarımla bölüşdüm. Bir yerdə qərara gəldik və aramızda ən cavan dostumuz Murad Abdulkərimi bizdən sonra da qrupun aktivliyini qorusun deyə seçdik. İlk vaxtlarda görüşlərimizin çoxu səfirlik və digər tələbə cəmiyyətləri ilə bərabər keçirilsə də, hazırda Azərbaycan cəmiyyəti daha da genişlənərək aktivliyini bərpa edib. “Beyond the book” layihəsində də qeyd etdiyim kimi, bu bizə ölkəmizə olan borcumuzu ödəməklə yanaşı, əlaqələrimizi möhkəmləndirmək və birgə işləmək üçün böyük bir şans idi. Və biz bunu birlikdə edərək, yazdığım kimi "Tək əldən səs çıxmaz" atalar sözünü doğrultduq.

- Gələcək hədəfləriniz barədə nə deyərdiniz? 

- Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Davamlı inkişafda insan potensialı və yüksək idarəetmə standartları” ixtisasında ikinci magistr təhsilimi davam etdirirəm. Bununla yanaşı, “Evrim Ağacı” Azərbaycan elmi-kütləvi platformasında boş vaxtlarımda maraqlandığım elmi mövzularda çıxışlar və diskussiyalar da təşkil edirəm. 
Təhsilimi bitirdikdən sonra əsas məqsədim topladığım bilik və təcrübələri dövlət idarəçiliyində, xüsusi olaraq arzuladığım qurum olan Elm və Təhsil Nazirliyinin müvafiq təşkilatlarında tətbiq edərək daha çox elm siyasətimizi inkişaf etdirmək, Britaniya nümunəsində təbiət tarixi muzeylərinin açılmasında rol oynayaraq həm elmin populyarlaşdırılmasında, həm də ölkəmizin təbii sərvətlərinin qorunmasına töhfə verməkdir.