Tələbə kimi gəldiyi universitetdə müəllim oldu - DP təqaüdçüsü ilə MÜSAHİBƏ
Azərbaycan gənclərinin səsi və uğurları bu gün ölkə sərhədlərindən çox-çox uzaqlardan eşidilir. Dövlət Proqramı ilə dünyanın nüfuzlu universitetlərində təhsil alan gənclər qazandıqları biliklə yanaşı, öz peşəkar fəaliyyətləri ilə də diqqət çəkirlər. Böyük Britaniyanın Suonsi Universitetində doktorantura təhsili alan hüquqşünas Ruslan Əsədov da onlardan biridir. O, hazırda təhsil aldığı universitetin müəllim heyətinə seçilib. Rəqəmsal dünyanın hüquqa gətirdiyi yeni çağırışları araşdıran Ruslanla müsahibəmizdə onun bu günə qədər keçdiyi yol, elmi maraqları, Dövlət Proqramının imkanları və gələcək hədəfləri barədə danışdıq.
“Atamın peşə fəaliyyətini yaxından müşahidə etmək hüquqa erkən yaşlardan maraq yaradıb”
– Sizi daha yaxından tanıyaq. Təhsil və peşə yolunuz necə formalaşıb? Hüquqşünaslığı seçməyinizə nə təsir edib?
– 2017-ci ildə 662 balla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olmuşam və təhsilimi SABAH qruplarında davam etdirmişəm. 2021-ci ildə bakalavr təhsilimi başa vurduqdan sonra ADA Universitetində “Diplomatiya və beynəlxalq münasibətlər” üzrə magistratura proqramına daxil oldum və 2023-cü ildə məzun oldum. Bir müddət hüquqşünas kimi çalışdıqdan sonra 2024-cü ildə Dövlət Proqramı ilə Böyük Britaniyanın Suonsi Universitetində doktorantura təhsilinə başladım.
Hüquqşünaslığı seçməyimdə atamın mühüm rolu olub. Atam peşəkar hüquqşünas kimi uzun illər prokurorluq orqanlarında çalışıb və öz xidməti fəaliyyəti ilə bu peşəyə hörmət və məsuliyyət nümunəsi göstərib. Onun peşə fəaliyyətini yaxından müşahidə etmək məndə hüquqa erkən yaşlardan maraq yaradıb. Zaman keçdikcə isə bu maraq daha da dərinləşərək şəxsi seçimimə və gələcək peşəkar hədəflərimin əsasına çevrilib.
“Təhsil aldığım universitetin müəllim heyətinə seçilmək həm böyük uğur, həm də məsuliyyətdir”
– Suonsi Universitetinin müəllim heyətinə seçilməyiniz necə baş verdi?
– Akademik vəzifəyə müraciət etməyi mənə ailəm, yaxınlarım və akademik sahədə çalışan həmkarlarım tövsiyə etmişdilər. Böyük Britaniyada doktorantura təhsili ilə yanaşı, təhsil aldığım universitetdə akademik fəaliyyət göstərmək mənim üçün mühüm karyera fürsəti idi.
Seçim prosesi təxminən üç-dörd ay davam etdi. Bu müddətdə namizədlərin akademik hazırlığı, tədqiqat təcrübəsi və tədris fəaliyyətinə uyğunluğu qiymətləndirildi. Yekun nəticənin oktyabr ayında açıqlanması mənim üçün çox sevindirici oldu.
Doktoranturanın üçüncü ilində belə bir fürsət qazanmaq, xüsusilə də təhsil aldığım universitetin müəllim heyətinə seçilmək mənim üçün həm böyük uğur, həm də məsuliyyətdir. Çünki artıq yalnız bilik əldə edən deyil, eyni zamanda həmin bilikləri tələbələrlə bölüşən və onların akademik inkişafına töhfə verən mövqedə olacağam.
Mən bunu akademik fəaliyyətimin yeni mərhələsi hesab edirəm. Tədqiqatla tədrisi paralel aparmaq, beynəlxalq akademik mühitdə təcrübə qazanmaq, müxtəlif ölkələrdən olan tələbələrlə işləmək və elmi müzakirələrdə iştirak etmək mənim üçün çox dəyərlidir.
– Doktorantura tədqiqatınız rəqəmsal nəzarət, dövlət təhlükəsizliyi və insan hüquqları mövzusuna həsr olunub. Sizcə, rəqəmsal texnologiyalar hansı riskləri yaradır?
– Bu mövzunu seçməyimin əsas səbəbi dövlət təhlükəsizliyi ilə insan hüquqları arasındakı balansın rəqəmsal dövrdə daha mürəkkəb xarakter almasıdır. Müasir texnologiyalar, xüsusilə süni intellekt, böyük məlumat bazalarının təhlili və rəqəmsal müşahidə vasitələri dövlətlərin təhlükəsizliyi təmin etmək imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir.
Lakin bu imkanlarla yanaşı, yeni hüquqi və etik problemlər də yaranır. Şəxsi həyatın toxunulmazlığı və fərdi məlumatların qorunması bu məsələlərin əsasını təşkil edir. Hesab edirəm ki, texnologiyaların tətbiqi aydın hüquqi əsaslara, zərurət və mütənasiblik prinsiplərinə, şəffaflığa və effektiv nəzarət mexanizmlərinə söykənməlidir. Təhlükəsizlik və insan hüquqları bir-birinə zidd anlayışlar kimi deyil, demokratik və hüquqi dövlətin qarşılıqlı şəkildə tamamlayan əsasları kimi nəzərdən keçirilməlidir.
“Gələcəyin hüquqşünası süni intellektin imkanlarını və məhdudiyyətlərini anlamalıdır”
– Mövcud hüquq normaları süni intellektin yaratdığı çağırışlara cavab verirmi? Gələcəyin hüquqşünaslarına nə lazımdır?
– Süni intellektin hüquqi tənzimlənməsi müasir dövrün ən aktual məsələlərindən biridir. Texnologiya çox sürətlə inkişaf edir, hüquqi mexanizmlər isə bəzən bu inkişaf tempinə uyğunlaşmaqda çətinlik çəkir. Məsələn, süni intellektin verdiyi qərar nəticəsində insana zərər dəydikdə kimin məsuliyyət daşıması, alqoritmlərin hansı meyarlar əsasında qərar verməsi və həmin qərarların necə izah olunması ciddi hüquqi suallar yaradır. Xüsusilə dövlət orqanlarının qərarvermə prosesində süni intellektdən istifadə edilməsi zamanı şəffaflıq, hesabatlılıq və insan nəzarətinin qorunması vacibdir.
Bununla belə, şəxsi həyatın toxunulmazlığı, bərabərlik, ədalətli məhkəmə araşdırması və hüquqi müdafiə kimi fundamental prinsiplər öz əhəmiyyətini itirmir. Əsas məsələ bu prinsiplərin yeni texnoloji şəraitdə necə tətbiq edilməsidir.
Hesab edirəm ki, gələcəyin hüquqşünası yalnız qanunvericiliyi yaxşı bilməklə kifayətlənməməlidir. O, texnologiyanın iş prinsiplərini, süni intellektin imkanlarını və məhdudiyyətlərini, məlumatların qorunması mexanizmlərini də anlamalıdır. Hüquqşünas texnologiyanın təqdim etdiyi nəticəni avtomatik qəbul etməməli, onun hüquqi əsaslarını və mümkün risklərini qiymətləndirməyi bacarmalıdır.
– Azərbaycan və Böyük Britaniya universitetlərinin tədris və tədqiqat yanaşmalarında hansı fərqləri və ortaq cəhətləri görürsünüz?
– Azərbaycanda aldığım təhsil mənə güclü nəzəri baza və hüquqi bilikləri sistemli şəkildə mənimsəmək imkanı verib. Bakı Dövlət Universitetində və ADA Universitetində qazandığım biliklər akademik inkişafımın əsasını təşkil edir. Bu universitetlərdə əldə etdiyim təhsil xaricdə təhsilimi davam etdirmək üçün mühüm rol oynayıb.
Böyük Britaniyada tədqiqat apararkən yalnız qanunun nə dediyini göstərmək kifayət etmir. Həm də onun niyə belə olduğunu, praktikada necə işlədiyini, mövcud yanaşmaların hansı üstün və zəif tərəflərinin olduğunu və alternativ həllərin mümkünlüyünü əsaslandırmaq tələb olunur.
Bununla belə, mən bu iki təhsil sisteminə rəqabət aparan modellər kimi baxmıram. Əksinə, onların bir-birini tamamladığını düşünürəm. Azərbaycanda qazandığım fundamental biliklər Böyük Britaniyada inkişaf etdirdiyim analitik və tədqiqat bacarıqları üçün möhkəm təməl olub. İnanıram ki, Azərbaycan ali təhsil sistemində də beynəlxalq təcrübənin öyrənilməsi, müstəqil tədqiqatın və praktiki biliklərin inkişaf etdirilməsi gələcəkdə daha böyük nəticələr verəcək.
“Gənclərin beynəlxalq mühitdə bilik və təcrübə qazanmaq imkanlarının olması təhsilə verilən önəmin göstəricisidir”
– Dövlət Proqramı ilə xaricdə təhsil almaq sizə hansı imkanları açdı? Bu proqramdan yararlanmaq istəyən gənclərə nə tövsiyə edərdiniz?
– Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə həyata keçirilən Dövlət Proqramı mənim həyatımda və akademik inkişafımda mühüm rol oynayıb. Bu proqram mənə Böyük Britaniyada doktorantura təhsili almaq, beynəlxalq akademik mühitə daxil olmaq və elmi fəaliyyətimi daha geniş imkanlar çərçivəsində davam etdirmək imkanı yaradıb.
Xüsusilə qeyd etmək istərdim ki, dövlətin xaricdə təhsilə göstərdiyi dəstək yalnız maliyyə yardımı ilə məhdudlaşmır. Bu, Azərbaycanın gələcək inkişafı üçün savadlı, peşəkar və beynəlxalq təcrübəyə malik insan kapitalının formalaşdırılmasına yönəlmiş uzunmüddətli yanaşmanın tərkib hissəsidir. Suonsi Universitetində doktorantura təhsili almağım və daha sonra universitetin müəllim heyətinə seçilməyim bu imkanların mənim şəxsi və peşəkar inkişafıma təsirinin ən bariz nümunələrindəndir.
Prezident İlham Əliyevin gənclərin təhsilinə və peşəkar inkişafına göstərdiyi diqqət və qayğını xüsusi qeyd etmək istərdim. Bu gün Azərbaycan gənclərinin dünyanın aparıcı universitetlərində təhsil almaq, beynəlxalq akademik mühitdə bilik və təcrübə qazanmaq imkanlarına malik olması ölkəmizdə təhsilə verilən önəmin mühüm göstəricisidir. Xüsusilə Dövlət Proqramı çərçivəsində yaradılan imkanlar gənclərin potensialının reallaşdırılmasına, müasir biliklərə yiyələnməsinə və gələcəkdə yüksək ixtisaslı mütəxəssislər kimi yetişməsinə şərait yaradır. Bu istiqamətdə göstərilən dövlət dəstəyi gənclərə olan etimadın ifadəsi olmaqla yanaşı, ölkəmizin gələcəyinə qoyulan mühüm sərmayədir.
Bu proqramdan yararlanmaq istəyən gənclərə tövsiyəm, ilk növbədə, məqsədlərini düzgün müəyyənləşdirmələri və seçdikləri sahədə davamlı şəkildə öz üzərlərində çalışmalarıdır. Xaricdə təhsil almağı yalnız nüfuzlu universitetdən diplom əldə etmək kimi deyil, yeni biliklər qazanmaq, fərqli düşüncə tərzləri ilə tanış olmaq və peşəkar dünyagörüşünü genişləndirmək imkanı kimi dəyərləndirmək lazımdır. İnanıram ki, gənclərin bu imkanlardan səmərəli istifadə etməsi həm onların şəxsi uğurlarına, həm də gələcəkdə Azərbaycanın inkişafına verəcəkləri töhfəyə müsbət təsir göstərəcək.

– Doktorantura təhsilindən sonrakı planlarınız və uzunmüddətli hədəfləriniz nələrdir?
– İlk məqsədim doktorantura təhsilimi uğurla başa vurmaq, elmi-tədqiqatımı yüksək akademik səviyyədə yekunlaşdırmaq və topladığım təcrübəni daha da zənginləşdirməkdir.
Uzunmüddətli perspektivdə özümü Azərbaycanda dövlət qulluqçusu kimi görürəm. İstərdim ki, xaricdə qazandığım bilik və təcrübəni ölkəmizin dövlət idarəçiliyində, xüsusilə hüquqi siyasətin, rəqəmsal idarəetmənin və müasir hüquqi tənzimləmə mexanizmlərinin inkişafında tətbiq edim.
Mən tədqiqat sahəmin dövlətimiz üçün də praktik əhəmiyyət daşıdığına inanıram. Süni intellektin və rəqəmsal texnologiyaların dövlət idarəçiliyində tətbiqi genişləndikcə, bu proseslərin hüquqi çərçivəsinin düzgün qurulması daha da aktuallaşacaq.
Eyni zamanda, akademik fəaliyyətdən uzaqlaşmaq niyyətində deyiləm. Hesab edirəm ki, elmi tədqiqatı və tədrisi praktiki fəaliyyətlə paralel davam etdirmək həm şəxsi inkişafım, həm də ölkəm üçün daha faydalı nəticələr verə bilər.
Mənə göstərilən dövlət dəstəyini, ailəmin və müəllimlərimin zəhmətini, eləcə də əldə etdiyim imkanları böyük məsuliyyət kimi qəbul edirəm. Bu gün xaricdə qazandığım təcrübənin gələcəkdə dövlətimiz üçün konkret nəticələrə çevrilməsini istəyirəm.




