Qarabağ Universiteti – Zəfərin şah əsəri
Qarabağ Universitetinin yaradılması Azərbaycanın müasir tarixində, xüsusilə işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi və Böyük Qayıdış strategiyasının həyata keçirilməsi baxımından müstəsna əhəmiyyətə malik hadisələrdən biridir.
Azərbaycanın ali təhsil tarixində özünəməxsus missiyası və strateji əhəmiyyəti ilə seçilən Qarabağ Universitetinin yaradılmasından üç il ötür. Qısa müddətdə institusional quruculuq mərhələsini uğurla keçərək dinamik inkişaf yoluna qədəm qoyan universitet bu gün təhsil, elm, innovasiya və beynəlxalq əməkdaşlıq istiqamətlərində mühüm nəticələr əldə edir. Xankəndidə yeni akademik mühitin formalaşması, müasir təhsil infrastrukturunun yaradılması və gənclərin Qarabağda gələcək qurmaq imkanlarının genişləndirilməsi universitetin Böyük Qayıdış prosesinə verdiyi töhfənin mühüm göstəriciləridir. Qarabağ Universitetinin üçillik inkişaf yolu, əldə olunan nailiyyətlər, qarşıdakı hədəflər və gələcək inkişaf perspektivləri barədə universitetin rektoru Şahin Bayramovla söhbət etdik.

- Şahin müəllim, Qarabağ Universitetinin yaradılmasından üç il ötür. İlk gündən qarşıya qoyulan hədəflərlə bugünkü nəticələri müqayisə etdikdə, universitetin keçdiyi yolu necə qiymətləndirirsiniz? Sizin üçün bu üç ilin ən əlamətdar nəticəsi nədir?
- Həqiqətən də, Qarabağ Universitetinin yaradılması Azərbaycanın müasir tarixində, xüsusilə işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi və Böyük Qayıdış strategiyasının həyata keçirilməsi baxımından müstəsna əhəmiyyətə malik hadisələrdən biridir. Bu universitet sadəcə yeni ali təhsil müəssisəsinin yaradılması deyil, həm də Qarabağın intellektual potensialının bərpasına, regionda dayanıqlı inkişafın təmin edilməsinə və yeni nəslin formalaşmasına xidmət edən strateji layihədir.
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28 noyabr 2023-cü il tarixində Qarabağ Universitetinin yaradılması haqqında Sərəncam imzaladı. Bu sənəd Xankəndidə ali təhsil ənənələrinin bərpası istiqamətində tarixi qərar oldu. 6 fevral 2024-cü il tarixində Nazirlər Kabineti tərəfindən Universitetin Nizamnaməsi təsdiq edildi və institusional quruculuq mərhələsinə başlanıldı.
Dövlətimizin başçısının xüsusi diqqət və qayğısı sayəsində universitetin yaradılması ilə bağlı nəzərdə tutulan tədbirlər qısa müddətdə həyata keçirildi. Cənab Prezidentin Qarabağ Universitetinə şəxsən beş dəfə gəlməsi, universitetin yaradılması, infrastrukturunun qurulması və inkişafı ilə bağlı prosesləri daim diqqət mərkəzində saxlaması bu ali təhsil ocağına göstərilən yüksək dövlət qayğısının bariz nümunəsidir. Bu səfərlərin hər biri universitet kollektivimiz üçün böyük mənəvi stimul olmaqla yanaşı, üzərimizə düşən məsuliyyəti də daha da artırır.
20 sentyabr 2024-cü il tarixində cənab Prezidentin iştirakı ilə Qarabağ Universitetinin açılış mərasiminin keçirilməsi xüsusi rəmzi məna daşıyırdı. Dövlətimizin başçısının məhz Dövlət Suverenliyi Gününü universitetin açılış tarixi kimi seçməsi təhsil ocağımızın milli və mənəvi missiyasını daha aydın ifadə edir. Üç gün sonra, sentyabrın 23-də isə universitetimiz 6 fakültə, 27 ixtisas və 1100-ə yaxın tələbə ilə ilk tədris ilinə başladı.
Cəmi üç il əvvəl böyük hədəflər və iddialı planlar kimi qarşımıza qoyulan məqsədlərin bu gün real nəticələrə çevrilməsi, sözün həqiqi mənasında, qürurvericidir. Universitetin təsis edilməsindən sonra çox qısa müddətdə təşkilati-idarəetmə sistemi quruldu, akademik fəaliyyətə başlanıldı, müasir infrastruktur formalaşdırıldı, yeni fakültə və ixtisaslar açıldı, yerli və beynəlxalq tərəfdaşlıq əlaqələri genişləndirildi.
Hazırda Qarabağ Universitetində 9 fakültə üzrə 45 ixtisasda 3300-dən çox tələbə təhsil alır. Universitetin professor-müəllim heyəti və inzibati-texniki əməkdaşlarının sayı 560 nəfəri ötüb. Bu rəqəmlər yalnız kəmiyyət göstəriciləri deyil, həm də qısa müddətdə formalaşdırdığımız akademik və institusional potensialın ifadəsidir.
Əlamətdar nailiyyətlərimizdən biri də universitetin fəaliyyətinin yalnız tədrislə məhdudlaşmamasıdır. Pedaqoji, Mühəndislik, İncəsənət, Humanitar və sosial elmlər, Biznes və iqtisadiyyat, Turizm fakültələri ilə yanaşı, Qarabağ Universitetinin Klinikası, Tibb və sağlamlıq elmləri, Təbiət elmləri, Riyaziyyat və informasiya texnologiyaları elmləri fakültələrinin də fəaliyyətə başlaması nəticəsində akademik imkanların genişləndirilməsi universitetin çoxprofilli inkişaf modelinin formalaşdığını göstərir.
Mənim üçün bu üç ilin ən mühüm nəticəsi isə Xankəndidə yeni bir akademik mühitin yaranması, gənclərin Qarabağda ali təhsil almaq, burada yaşamaq və gələcəklərini qurmaq imkanına qovuşmasıdır. Bu, Böyük Qayıdışın yalnız fiziki deyil, həm də intellektual, sosial və mənəvi məzmun daşıdığını nümayiş etdirir.
Təbii ki, qarşıda hələ çox işlərimiz var. İlk üç ili formalaşma və institusional quruculuq mərhələsi kimi qiymətləndiririksə, növbəti mərhələdə əsas məqsədimiz keyfiyyət, elmi potensial, beynəlxalq nüfuz və dayanıqlı inkişaf baxımından daha böyük nailiyyətlər əldə etməkdir.
- Qarabağ Universiteti Azərbaycanın ali təhsil sistemində özünəməxsus missiyası olan bir layihədir. Universitetin fəaliyyətini digər ali təhsil müəssisələrindən fərqləndirən əsas xüsusiyyətlər hansılardır? Sizcə, onun Qarabağın dirçəlişinə və işğaldan azad edilmiş ərazilərdə yeni intellektual mühitin formalaşmasına töhfəsi nədən ibarət olmalıdır?
- Qarabağ Universitetinin əsas fərqləndirici xüsusiyyəti onun iki mühüm missiyanı paralel şəkildə həyata keçirməsidir: bir tərəfdən, müasir tələblərə cavab verən rəqabətqabiliyyətli mütəxəssislər hazırlamaq, digər tərəfdən isə Qarabağın sosial-iqtisadi, mədəni və intellektual dirçəlişinə töhfə vermək. Universitetimizin yaradılması Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra Qarabağda yeni həyatın qurulmasının təhsil və elm müstəvisində təzahürüdür.
Universitetin yerləşdiyi məkan, yaradılma tarixi və üzərinə düşən tarixi məsuliyyət ona xüsusi məzmun və missiya qazandırır. Biz Qarabağ Universitetinə yalnız ənənəvi ali təhsil müəssisəsi kimi yanaşmırıq. Universitet həm də regionun gələcəyini formalaşdıran, yeni ideyaların, elmi yanaşmaların, innovativ təşəbbüslərin və müasir düşüncə tərzinin inkişaf etdiyi intellektual mərkəz olmalıdır.
Bu missiyanın artıq real nəticələrini tələbələrimizin əldə etdiyi uğurlarda da görürük. Qısa müddət ərzində tələbələrimiz respublika və beynəlxalq səviyyəli müsabiqə, olimpiada, konfrans və layihələrdə fəal iştirak edərək universitetimizi layiqincə təmsil ediblər. Məsələn, tələbələrimizin TEKNOFEST çərçivəsində keçirilən sosial innovasiya müsabiqəsində üçüncü yerə layiq görülməsi onların innovativ düşüncə və komanda işi bacarıqlarının göstəricisidir. “Holberton School Azerbaijan” ilə əməkdaşlıq çərçivəsində 50 tələbəmizin kompüter proqramlaşdırması üzrə təlimləri başa vurması, bölgənin və universitetin ehtiyaclarına uyğun 13 həll layihəsi hazırlaması da bu baxımdan əlamətdar nəticələrdəndir.
Bununla yanaşı, tələbələrimiz beynəlxalq hüquq və insan hüquqları, maliyyə, mühəndislik, informasiya texnologiyaları və digər istiqamətlərdə müxtəlif akademik və peşəkar təşəbbüslərdə iştirak ediblər. ACCA üzrə uğurlar, Beynəlxalq Astronavtika Konqresində iştirak və digər beynəlxalq platformasında əldə olunan nailiyyətlər tələbələrimizin fərqli sahələrdə öz potensiallarını nümayiş etdirdiklərini göstərir. Bu uğurların hər biri universitetimizin gənc olmasına baxmayaraq, tələbələrimizin geniş imkanlara və yüksək hədəflərə malik olduğunu təsdiqləyir.
Bizim üçün bu nailiyyətlər yalnız fərdi uğurlar deyil. Onlar Qarabağ Universitetində formalaşdırmağa çalışdığımız akademik mühitin, tələbəyönümlü yanaşmanın və gənclərin təşəbbüslərinə verilən dəstəyin nəticəsidir. İstəyirik ki, tələbələrimiz yalnız diplom əldə etməsinlər, həm də təşəbbüskar, yaradıcı, tənqidi düşünməyi bacaran, sosial məsuliyyətli və geniş dünyagörüşünə malik vətəndaşlar kimi yetişsinlər.
Eyni zamanda, Qarabağ Universiteti regionun iqtisadi və sosial həyatına inteqrasiya olunmalıdır. Burada aparılan tədqiqatlar, hazırlanmış layihələr və yetişdirilən mütəxəssislər Qarabağın real inkişaf ehtiyaclarına xidmət etməlidir. Hesab edirəm ki, universitetimizin ən mühüm missiyalarından biri Qarabağda bilik və innovasiyaya əsaslanan yeni inkişaf mədəniyyətinin formalaşdırılmasıdır.
Mən xüsusilə vurğulamaq istərdim ki, Qarabağ Universitetinin uğurunu yalnız onun akademik göstəriciləri ilə deyil, yetişdirdiyi gənclərin gələcəkdə ölkəmizin inkişafına, Qarabağın dirçəlişinə və beynəlxalq elmi-texnoloji tərəqqiyə verəcəkləri töhfələrlə ölçəcəyik. Bizim hədəfimiz məhz belə bir nəsil yetişdirməkdir.
- Universitetin təhsil modeli müasir dünyanın qabaqcıl təcrübələri və Azərbaycanın inkişaf prioritetləri nəzərə alınmaqla formalaşdırılır. Tədrisin keyfiyyətinin təmin edilməsi, innovativ təhsil yanaşmalarının tətbiqi, süni intellekt və rəqəmsal texnologiyaların tədris prosesinə inteqrasiyası, eləcə də tələbələrdə gələcəyin əmək bazarına uyğun bacarıqların formalaşdırılması istiqamətində hansı yeniliklər həyata keçirilir?
- Qarabağ Universitetinin təhsil modelini formalaşdırarkən əsas məqsədimiz ənənəvi akademik biliklərlə müasir əmək bazarının tələblərini uzlaşdırmaqdır. Biz hesab edirik ki, müasir universitet tələbəyə yalnız müəyyən ixtisas üzrə bilik verməklə kifayətlənməməli, onu dəyişən dünyada müstəqil qərar qəbul etməyə, problemləri təhlil etməyə, yaradıcı düşünməyə və yeni şəraitə uyğunlaşmağa hazırlamalıdır.
Bu məqsədlə tədris proqramlarının hazırlanmasında beynəlxalq təcrübəni, əmək bazarının tələblərini və işəgötürənlərin gözləntilərini diqqət mərkəzində saxlayırıq. Tədris prosesində praktiki məşğələlərin, layihə əsaslı öyrənmənin, komanda işinin və real problemlərin həllinə yönəlmiş tapşırıqların xüsusi yer tutmasına çalışırıq.
Təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından rəqəmsal texnologiyaların tətbiqini prioritetlərimizdən biri hesab edirik. Bu yanaşma yalnız tədris prosesini deyil, universitetin idarəetmə sistemini də əhatə edir. Məqsədimiz müasir texnologiyaların imkanlarından istifadə etməklə çevik, şəffaf, səmərəli və məlumatlara əsaslanan universitet idarəetmə modelinin formalaşdırılmasıdır.
Tədris prosesində bu istiqamətdə atdığımız mühüm addımlardan biri Blackboard Learning Management System (LMS) platformasının tətbiqidir. Bu sistem vasitəsilə elektron tədris materiallarının yerləşdirilməsi, müəllim və tələbələr arasında akademik kommunikasiyanın təşkili, tapşırıqların təqdim edilməsi, qiymətləndirmə və təlim prosesinin izlənilməsi imkanları genişlənir. Beləliklə, ənənəvi auditoriya tədrisi rəqəmsal imkanlarla tamamlanır, tələbələrin öyrənmə prosesində fəallığı və müstəqil işləmək imkanları artır.
Digər mühüm yenilik KOHA elektron kitabxana sisteminin tətbiqidir. Bu sistem kitabxana fondunun elektron kataloqlaşdırılmasına, informasiya resurslarının sistemli idarə olunmasına və istifadəçilərin kitabxana xidmətlərindən daha əlçatan şəkildə yararlanmasına imkan verir. Elektron kitabxana imkanlarının inkişafı tələbə və tədqiqatçılarımızın zəruri elmi və tədris resurslarına çıxışını asanlaşdırmaqla yanaşı, universitetdə müasir akademik informasiya mühitinin formalaşmasına xidmət edir.
Rəqəmsallaşma universitetin idarəetmə proseslərində də ardıcıl şəkildə tətbiq olunur. Elektron sənəd dövriyyəsi sisteminin tətbiqi sənədlərin hazırlanması, razılaşdırılması, təsdiqi, icrası və arxivləşdirilməsi proseslərinin elektron müstəvidə həyata keçirilməsinə şərait yaradır. Bu, inzibati proseslərin operativliyini artırır, kağız sənəd dövriyyəsini azaldır, qərarların qəbulunda səmərəliliyi və institusional şəffaflığı gücləndirir. Eyni zamanda, idarəetmə proseslərinin rəqəmsallaşdırılması əməkdaşların vaxt və resurslardan daha səmərəli istifadə etməsinə imkan verir.
Süni intellekt və rəqəmsallaşmanın artıq yalnız informasiya texnologiyaları sahəsinə deyil, iqtisadiyyat, mühəndislik, səhiyyə, təhsil, turizm və digər bütün istiqamətlərə təsirini nəzərə alaraq, bu çağırışları həm təhsil proqramlarımızın məzmununda, həm də təşkil etdiyimiz müvafiq təlim və inkişaf proqramlarında diqqət mərkəzində saxlayırıq. Bu çərçivədə tələbələrimizin rəqəmsal savadlılığının, məlumatlarla işləmək, analitik düşünmək, eləcə də süni intellekt alətlərindən səmərəli və məsuliyyətli istifadə etmək bacarıqlarının inkişafına xüsusi önəm veririk.
Digər mühüm istiqamət fənlərarası yanaşmanın genişləndirilməsidir. Çünki gələcəyin peşəkarı yalnız öz ixtisasını dərindən bilməklə kifayətlənməməli, müxtəlif sahələrin biliklərini birləşdirərək problemlərə kompleks həll yolları təklif etməyi bacarmalıdır.
Bütün bunlarla yanaşı, tədrisin keyfiyyətinin təmin olunması üçün professor-müəllim heyətinin peşəkar inkişafına, beynəlxalq akademik təcrübənin öyrənilməsinə, tədris proqramlarının mütəmadi yenilənməsinə və tələbələrin təhsil nəticələrinin qiymətləndirilməsinə xüsusi önəm veririk.
Bizim yanaşmamız ondan ibarətdir ki, rəqəmsal universitet yalnız elektron platformalardan istifadə edən universitet deyil, tədrisindən idarəetməsinədək bütün fəaliyyətini müasir texnologiyaların imkanları əsasında təkmilləşdirən universitetdir. Qarabağ Universitetində də məhz belə bir modelin formalaşdırılmasına çalışırıq. Əsas məqsədimiz gələcəyin əmək bazarının tələblərinə cavab verən, rəqəmsal bacarıqlara, çevik düşüncəyə və güclü peşəkar kompetensiyalara malik məzunlar yetişdirməkdir.
- Müasir universitetin nüfuzu yalnız hazırladığı mütəxəssislərlə deyil, həm də yaratdığı elmi bilik, tədqiqat və innovasiya mühiti ilə ölçülür. Qarabağ Universitetinin tədqiqat və innovasiya mərkəzinə çevrilməsi istiqamətində hansı konkret addımlar atılır? Qarabağın özünəməxsus potensialı elmi tədqiqatlar üçün hansı yeni imkanlar yaradır?
- Tamamilə doğrudur. Qarabağ Universitetinin strateji hədəflərindən biri məhz tədris və elmi tədqiqat fəaliyyətinin vəhdətinə əsaslanan, yeni bilik və texnologiyaların yaradılmasını, innovativ ideyaların praktik nəticələrə çevrilməsini təşviq edən müasir universitet modeli formalaşdırmaqdır. Hesab edirik ki, universitet yalnız mövcud bilikləri ötürən deyil, həm də cəmiyyətin və iqtisadiyyatın inkişafına xidmət edən yeni biliklər yaradan, innovasiyaları təşviq edən və aktual problemlərin həllinə töhfə verən bir mərkəz olmalıdır.
Bu istiqamətdə artıq mühüm nəticələr əldə etmişik. 2024-2026-cı illərdə universitetimizin alim və tədqiqatçılarının “Scopus” bazasında indekslənən nəşrlərinin sayı 81-ə çatıb. Bu nəşrlər ümumilikdə 242 dəfə istinad alıb. Xüsusilə diqqətəlayiq məqam ondan ibarətdir ki, 2026-cı ildə nəşrlərin sayı əvvəlki illə müqayisədə iki dəfə artaraq 50-yə yüksəlib. Elmi fəaliyyətimizin beynəlxalq miqyasda genişlənməsinin göstəricilərindən biri də əməkdaşlıq şəbəkəmizin 28 ölkədən 117 xarici tərəfdaş müəssisəni əhatə etməsidir.
Elmi fəaliyyətimizin mühüm istiqamətlərindən biri Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) töhfə verməkdir. “Scopus” bazasında nəşrlərimizin 85,2 faizi ən azı bir DİM-lə əlaqəlidir. Tədqiqatlarımızın əsas hissəsi sağlamlıq və rifah, keyfiyyətli təhsil, sənaye, innovasiya və infrastruktur, əlçatan və təmiz enerji, iqlim fəaliyyəti, layiqli əmək və iqtisadi artım və digər DİM-i əhatə edir.
Tədqiqat istiqamətlərimizi Qarabağın potensialı və regionun inkişaf ehtiyacları ilə uzlaşdırmağa xüsusi önəm veririk. Bu baxımdan, bərpa olunan enerji və enerji təhlükəsizliyi, iqlim dəyişmələri, biomüxtəlifliyin qorunması, su və torpaq ehtiyatlarından səmərəli istifadə, sağlamlıq və ilkin səhiyyə, süni intellekt və rəqəmsal texnologiyalar, iqtisadi diversifikasiya, dayanıqlı turizm, eləcə də Qarabağın tarixi və mədəni irsinin öyrənilməsi əsas prioritetlərimiz sırasındadır.
Tədqiqat infrastrukturunun gücləndirilməsi də diqqət mərkəzindədir. Hazırda universitetdə 8 tədris və 2 tədqiqat laboratoriyası olmaqla, ümumilikdə 10 laboratoriya fəaliyyət göstərir. NOBELab və Azıx Arxeoloji Araşdırma Laboratoriyası tədqiqat imkanlarımızın genişləndirilməsində xüsusi rol oynayır.
Bununla yanaşı, universitetin ilk beynəlxalq elmi jurnalı olan “Biophysics and Beyond” 2026-cı ilin may ayında nəşrə başlayıb.
Tələbələrin elmi fəaliyyətə cəlb edilməsi məqsədilə keçirilən “Gələcəyin Mühəndisi” və “EDU-con 2026” konfransları da tədqiqat mədəniyyətinin formalaşdırılmasına xidmət edir.
Digər mühüm layihələrimizdən biri İnnovasiya Mərkəzidir. Cari ilin noyabrın 7-də Mərkəzin təməlinin möhtərəm Prezident İlham Əliyevin iştirakı ilə qoyulması Qarabağ Universitetinin elmi və innovasiya potensialının inkişafına dövlət səviyyəsində göstərilən yüksək diqqət və dəstəyin bariz nümunəsidir. Üçmərtəbəli və 11 min kvadratmetr sahəyə malik olacaq Mərkəz gələcəkdə tələbə və tədqiqatçıların innovativ ideyalarını reallaşdırmaq, startap təşəbbüslərini dəstəkləmək, tətbiqi tədqiqatları inkişaf etdirmək, universitet-sənaye-dövlət-özəl sektor əməkdaşlığını gücləndirmək üçün mühüm platformaya çevriləcək.
Bütün bu təşəbbüsləri vahid strateji məqsəd birləşdirir: Qarabağ Universitetini yalnız regionda deyil, ölkə və beynəlxalq akademik məkanda tanınan, elmi nəticələri ilə seçilən, innovativ həllər yaradan və dayanıqlı inkişaf proseslərinə töhfə verən nüfuzlu tədqiqat universitetinə çevirmək. İnanırıq ki, Qarabağın özünəməxsus tarixi, təbii, iqtisadi və mədəni potensialı bu məqsədə çatmaq üçün universitetimizə geniş imkanlar yaradır.
- Qarabağ Universitetinin beynəlmiləlləşmə strategiyası hansı istiqamətlər üzrə inkişaf edir? Beynəlxalq əməkdaşlıq universitetin qlobal mövqeyinin gücləndirilməsinə necə xidmət edəcək? Gələcəkdə xarici tələbələrin Qarabağ Universitetini seçməsi üçün hansı üstünlüklər formalaşdırılır?
Beynəlmiləlləşmə Qarabağ Universitetinin uzunmüddətli inkişaf strategiyasının prioritet istiqamətlərindən biridir. Biz universitetimizin yalnız ölkə daxilində deyil, beynəlxalq akademik məkanda da tanınmasını, nüfuzlu ali təhsil müəssisələri ilə qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələri qurmasını və qlobal təhsil və elmi tədqiqat proseslərində fəal iştirakını hədəfləyirik. Bu baxımdan beynəlmiləlləşməni yalnız xarici universitetlərlə əməkdaşlıq əlaqələrinin qurulması kimi deyil, eyni zamanda universitetdə beynəlxalq akademik mühitin formalaşdırılması, tədris və tədqiqat fəaliyyətinin beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi, tələbə və əməkdaşlarımızın qlobal təcrübəyə çıxış imkanlarının genişləndirilməsi kimi qiymətləndiririk.
Xarici tələbələrin universitetimizə cəlb edilməsi əsas hədəflərimizdəndir. Hesab edirik ki, Qarabağ Universitetinin beynəlxalq rəqabət üstünlüyü bir neçə amilin vəhdətindən formalaşa bilər: müasir təhsil infrastrukturu, beynəlxalq standartlara uyğun proqramlar, ingilis dilində təhsil imkanları, nüfuzlu akademik tərəfdaşlıqlar və Qarabağın özünəməxsus tarixi-mədəni mühiti. Xankəndidə yerləşən universitetdə təhsil almaq xarici tələbələr üçün yalnız akademik deyil, həm də fərqli tarixi və sosial inkişaf prosesini yaxından tanımaq imkanıdır. Biz bu üstünlükləri keyfiyyətli təhsil və təhlükəsiz kampus mühiti ilə birləşdirərək universitetimizin beynəlxalq cəlbediciliyini artırmağa çalışırıq. Bu istiqamətdə artıq müəyyən nəticələr əldə etmişik. Hazırda universitetimizdə 4 ölkəni - Pakistanı, İndoneziyanı, Qazaxıstanı və Özbəkistanı təmsil edən 11 əcnəbi tələbə təhsil alır. Bununla yanaşı, 7 ölkədən - Türkmənistan, Türkiyə, ABŞ, Kanada, Fransa, İordaniya və Qırğızıstandan olan 12 əcnəbi əməkdaş universitetimizin fəaliyyətinə cəlb olunub. Onların universitet ictimaiyyətinə qoşulması müxtəlif ölkələrin akademik təcrübəsinin, elmi yanaşmalarının və mədəni müxtəlifliyinin universitet mühitinə inteqrasiyasına, tələbələrimiz üçün beynəlxalq ünsiyyət və təcrübə mübadiləsi imkanlarının genişlənməsinə xidmət edir. Bu, həm də Qarabağ Universitetinin xarici tələbələr və mütəxəssislər üçün cəlbedici akademik məkana çevrilməsi istiqamətində atılan mühüm addımlardandır.
Beynəlxalq akademik mühitin formalaşdırılmasında tədrisin xarici dillərdə təşkili də xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə universitetimizdə bir sıra ixtisaslar üzrə tədris ingilis dilində aparılır. 2026/2027-ci tədris ilindən etibarən həmin ixtisaslar üzrə ingilis dilində təhsil almaq istəyən abituriyentlər üçün tələbə qəbulu həyata keçirilir. Hazırda 562 tələbəmiz ingilis dilində tədris olunan ixtisaslarda təhsil alır. Bu, universitetimizdə beynəlxalq təhsil mühitinin formalaşdırılması baxımından mühüm göstəricidir. İngilis dilində tədrisin genişləndirilməsi xarici tələbələrin universitetimizə cəlb olunması ilə yanaşı, yerli tələbələrimizin beynəlxalq akademik və peşəkar mühitdə rəqabət qabiliyyətinin yüksəldilməsinə də xidmət edir.
Beynəlxalq tərəfdaşlıqlarımızın mühüm istiqamətlərindən birini türk dünyasının aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq təşkil edir. Bu kontekstdə Qarabağ Universitetinin ötən il Türk Dövlətləri Təşkilatının Türk Universitetləri Birliyinə - TÜRKÜNİB-ə üzv qəbul olunmasını xüsusi qeyd etmək olar. Bu üzvlük universitetimizin Türk dünyasının ali təhsil məkanına inteqrasiyası, üzv universitetlər arasında tələbə və müəllim mobilliyinin genişləndirilməsi, birgə elmi tədqiqatların və təhsil təşəbbüslərinin inkişafı baxımından yeni imkanlar yaradır.
Türkiyənin İstanbul Texniki Universiteti, Ankara Universiteti, Hacettepe Universiteti, Başkent Universiteti, Qazi Universiteti, İzmir Yüksək Texnologiya İnstitutu, Ankara Hacı Bayram Vəli Universiteti, eləcə də Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti ilə əməkdaşlıq əlaqələrimiz bu strategiyanın mühüm tərkib hissəsidir. Bu əməkdaşlığın praktik nəticələrindən biri İstanbul Texniki Universiteti ilə həyata keçirdiyimiz ikili diplom proqramıdır. 2026/2027-ci tədris ilindən etibarən kimya mühəndisliyi, inşaat mühəndisliyi, elektrik və elektronika mühəndisliyi ixtisasları üzrə reallaşdırılan proqram tələbələrimizə hər iki universitetin akademik və elmi potensialından yararlanmaq, beynəlxalq təcrübə qazanmaq və iki universitetin diplomunu əldə etmək imkanı verir.
Bununla yanaşı, Azərbaycan-Özbəkistan II Rektorlar Forumunun Xankəndidə keçirilməsi universitetimizin Türk dünyasının ali təhsil müəssisələri ilə əlaqələrinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli təşəbbüslərdən biridir. Belə platformalar Qarabağ Universitetinin beynəlxalq akademik dialoqda iştirakını genişləndirməklə yanaşı, Xankəndinin regional elm və təhsil mərkəzi kimi mövqeyinin güclənməsinə də töhfə verir.
Qarşıdakı dövrdə beynəlmiləlləşmə fəaliyyətimizi daha da genişləndirməyi nəzərdə tuturuq. Əcnəbi tələbələrin sayının artırılması, xarici professor-müəllim heyətinin və tanınmış mütəxəssislərin universitetə cəlb edilməsi, ingilis dilində tədris olunan proqramların inkişafı, tələbə və akademik mobilliyin genişləndirilməsi, mübadilə imkanlarından daha səmərəli istifadə olunması, ikili diplom və digər birgə təhsil proqramlarının artırılması, beynəlxalq elmi tədqiqat və layihələrdə iştirak əsas hədəflərimiz sırasındadır.
İnanırıq ki, bu istiqamətlər üzrə həyata keçirdiyimiz sistemli fəaliyyət Qarabağ Universitetinin beynəlxalq akademik nüfuzunun möhkəmlənməsinə, rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasına, bütövlükdə Qarabağın qlobal təhsil və elm məkanına inteqrasiyasına mühüm töhfə verəcəkdir.
- Universitetin üçillik inkişafı tələbə kontingentinin genişlənməsi, yeni fakültələrin və ixtisasların yaradılması, professor-müəllim heyətinin gücləndirilməsi və müasir infrastrukturun qurulması ilə müşayiət olunub. Qarşıdakı illərdə akademik potensialın, tələbə sayının və kampus mühitinin inkişafı ilə bağlı hansı hədəflər müəyyən edilib? Tələbələrin Qarabağda yalnız təhsil alması deyil, həm də burada yaşamaq, özünü reallaşdırmaq və gələcək qurmaq istəyi necə təşviq olunur?
- Qarabağ Universitetinin üçillik inkişafını səciyyələndirən əsas xüsusiyyətlərdən biri qısa müddətdə geniş akademik və institusional potensialın formalaşdırılmasıdır. Bununla belə, biz universitetin inkişafını yalnız tələbə və əməkdaşların sayının artması ilə ölçmürük. Əsas məqsədimiz kəmiyyət artımını təhsilin keyfiyyəti, güclü akademik mühit, müasir infrastruktur və tələbələrin hərtərəfli inkişafı üçün yaradılan imkanlarla uzlaşdırmaqdır.
Bu inkişafın mühüm göstəricilərindən biri tələbə qəbulunun dinamikasıdır. 2024-cü ildə universitetimizə 1094, 2025-ci ildə 1026, 2026-cı ildə isə 1200 tələbə qəbul olunaraq qeydiyyatdan keçib. Daha əhəmiyyətlisi, bu artım qəbul olunanların akademik göstəricilərinin yüksəlməsi ilə müşayiət olunur. Belə ki, qəbul olunanların orta balı 2024-cü ildə 467,4, 2025-ci ildə 455,5 olduğu halda, 2026-cı ildə 500,3-ə yüksəlib. Bu, son üç ilin ən yüksək göstəricisidir və Qarabağ Universitetinin yüksək nəticəli abituriyentlər üçün getdikcə daha cəlbedici ali təhsil müəssisəsinə çevrildiyini göstərir.
Hazırda universitetimizin ümumi tələbə kontingenti 3300 nəfərdən çoxdur. Onlardan 1273-ü 500 və daha yüksək, 414-ü isə 600 və daha yüksək bal toplayan tələbələrdir. Bundan əlavə, 7 tələbə müsabiqədənkənar qəbul olunub. Bu göstəricilər universitetimizdə formalaşan tələbə kontingentinin akademik keyfiyyətini əks etdirir. Tələbə kontingentinin gender və coğrafi təmsilçilik baxımından müxtəlifliyi də universitetimizin mühüm xüsusiyyətlərindəndir. Hazırda tələbəmizin 56 faizini qızlar, 44 faizini isə oğlanlar təşkil edir. Tələbələrimizin Azərbaycanın bütün iqtisadi rayonlarını və bölgələrini əhatə etməsi Qarabağ Universitetinin ümummilli ali təhsil məkanına çevrildiyini, ölkənin müxtəlif şəhər və rayonlarından olan gəncləri vahid akademik mühitdə birləşdirdiyini göstərir. Bu baxımdan universitetimiz yalnız Qarabağın deyil, bütövlükdə Azərbaycanın gənclərinin təhsil aldığı, ünsiyyət qurduğu və gələcək hədəflərini formalaşdırdığı ümumrespublika əhəmiyyətli təhsil mərkəzidir.
Bu gün universitetimizdə 9 fakültə və 45 ixtisas üzrə tədris həyata keçirilir. Qarşıdakı dövrdə əsas hədəflərimizdən biri təhsil proqramlarının məzmununun müasirləşdirilməsi, əmək bazarının və ölkənin inkişaf prioritetlərinin tələblərinə uyğun yeni ixtisasların yaradılmasıdır.
Eyni zamanda güclü akademik və inzibati heyətin formalaşdırılması inkişaf strategiyamızın digər mühüm istiqamətidir. Hazırda universitetimizin Klinikası ilə birlikdə əməkdaşların ümumi sayı 569 nəfəri ötüb. Onlardan 207 nəfəri pedaqoji, 212 nəfəri inzibati-texniki heyətin, 150 nəfəri isə Klinikanın əməkdaşlarıdır. Heyətimizin 90 nəfəri elmi dərəcəyə malikdir. Əməkdaşlarımızın böyük hissəsi xaricdə nüfuzlu ali təhsil müəssisələrində təhsil alıb. Universitet kollektivinin mühüm xüsusiyyətlərindən biri də onun gənc və dinamik kadr potensialına malik olmasıdır. Belə ki, əməkdaşlarımızın orta yaş həddi 37-dir. Gender balansı baxımından da kollektivimizdə qadın və kişilərin təmsilçiliyi arasında tarazlıq mövcuddur: əməkdaşlarımızın 52,9 faizini qadınlar, 47,1 faizini isə kişilər təşkil edir.
İnfrastrukturun inkişafı da universitetin gələcək hədəflərinin əsasını təşkil edir. Hazırda 4 tədris binamız fəaliyyət göstərir. Biz bu infrastrukturu yeni akademik korpuslar, laboratoriyalar, kitabxana və innovasiya məkanları ilə genişləndiririk. Biznes və iqtisadiyyat fakültəsinin yeni tədris binasında fəaliyyətə başlaması, Mühəndislik fakültəsinin yeni binasının təməlinin qoyulması bu istiqamətdə həyata keçirilən işlərin nümunəsidir.
Xüsusilə 14 min kvadratmetrə yaxın sahəyə malik, dördmərtəbəli yeni kitabxana binasının yaradılmasını əhəmiyyətli layihələrimizdən biri hesab edirik. Burada müasir kitabxana xidmətləri ilə yanaşı, geniş oxu zalları, fərdi və qrup iş məkanları, elektron resurslardan istifadə imkanları formalaşdırılacaq. 7 noyabr 2026-cı il tarixində möhtərəm Prezident İlham Əliyevin iştirakı ilə kitabxana binasının təməlinin qoyulması bu layihənin universitetimizin gələcək inkişafı baxımından əhəmiyyətini və dövlətimizin başçısının Qarabağ Universitetinə göstərdiyi xüsusi diqqət və qayğını bir daha nümayiş etdirdi.
Bütün bunlarla yanaşı, tələbələrin Qarabağda yaşaması, özlərini rahat və təhlükəsiz hiss etməsi, burada sosial münasibətlər qurması və gələcəklərini planlaşdırması bizim üçün təhsil keyfiyyəti qədər vacibdir. Hesab edirəm ki, universitetin həqiqi kampus mühiti yalnız auditoriya və laboratoriyalardan ibarət olmamalıdır. Burada tələbənin yaşayışı, sosial həyatı, idman və mədəni fəaliyyəti, şəxsi inkişafı və gələcək karyerası üçün zəruri imkanlar bir-birini tamamlamalıdır.
Bu baxımdan Qarabağ Universitetinin mühüm üstünlüklərindən biri tələbə və əməkdaşlar üçün geniş yaşayış infrastrukturunun yaradılmasıdır. Hazırda Qarabağ Universitetinin və Klinikasının tələbə və əməkdaşlarının istifadəsində ümumilikdə 31 binada 1055 mənzil mövcuddur. Tələbə və əməkdaşlarımızın dövlət hesabına yaşayış yeri ilə təmin olunması onların sosial rifahının qorunması və Xankəndidə rahat həyat şəraitinin yaradılması baxımından mühüm dəstək mexanizmidir.
Bununla yanaşı, tələbələrin asudə vaxtının səmərəli təşkili, idman və mədəni tədbirlərin keçirilməsi, tələbə klublarının, könüllülük və sosial təşəbbüslərin inkişafı istiqamətində fəaliyyətimizi genişləndiririk. İstəyirik ki, universitetimizdə tələbələr yalnız mühazirələrdə iştirak edən və imtahan verən şəxslər olmasınlar, eyni zamanda universitet həyatının formalaşmasında fəal iştirak etsinlər, öz ideyalarını reallaşdırsınlar, liderlik və təşkilatçılıq bacarıqlarını inkişaf etdirsinlər.
Bizim üçün digər mühüm məsələ tələbələrin təhsildən əmək fəaliyyətinə uğurlu keçidini təmin etməkdir. Bu məqsədlə dövlət qurumları, aparıcı şirkətlər və müxtəlif təşkilatlarla əməkdaşlıqları genişləndirir, tələbələrin istehsalat və peşə təcrübəsi, təcrübə proqramları, mentorluq və gələcək məşğulluq imkanlarından yararlanmasına şərait yaradırıq. Xüsusilə Qarabağda həyata keçirilən genişmiqyaslı quruculuq və iqtisadi inkişaf layihələri universitet məzunları üçün yeni peşəkar fəaliyyət və sahibkarlıq imkanları formalaşdırır. Biz istəyirik ki, tələbələr Qarabağda yalnız diplom almasınlar, həm də öz bilik və bacarıqlarını burada tətbiq etmək, yeni təşəbbüslər yaratmaq və regionun inkişafına töhfə vermək perspektivini görsünlər.
İnanıram ki, bu gün Xankəndidə təhsil alan gənclərimiz gələcəkdə Qarabağın müxtəlif sahələrində çalışan mütəxəssislər, alimlər, sahibkarlar, dövlət və ictimai xadimlər kimi fəaliyyət göstərəcəklər. Onların burada qazandıqları bilik və təcrübə ilə yanaşı, Qarabağla qurduqları mənəvi bağlılıq da bu prosesdə mühüm rol oynayacaq. Bizim ən böyük arzumuz Qarabağ Universitetinin məzunlarının bu torpağın gələcəyinin qurulmasında fəal iştirak etməsi, öz həyatlarını və karyeralarını Qarabağla bağlamasıdır. Universitetimizin strateji missiyasının mühüm istiqamətlərindən biri də məhz budur.
- Artıq üçillik inkişaf mərhələsini geridə qoyan Qarabağ Universitetinin qarşısında yeni çağırışlar və daha böyük hədəflər dayanır. Növbəti inkişaf mərhələsinin əsas prioritetləri hansılardır? Universitetin gələcək illərdə həyata keçirməyi planlaşdırdığı hansı mühüm layihələri xüsusi qeyd edərdiniz?
- Qarşıdakı mərhələdə əsas diqqətimizi formalaşdırılmış potensialın keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsinə yönəldəcəyik. İlk növbədə, təhsilin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq akkreditasiya və tanınma imkanlarının genişləndirilməsi, elmi tədqiqatların gücləndirilməsi, nüfuzlu beynəlxalq tərəfdaşlıqların inkişafı və universitetin institusional dayanıqlılığının təmin edilməsi əsas prioritetlərimiz olacaq.
Bununla yanaşı, yeni infrastruktur layihələrinin həyata keçirilməsi də davam etdiriləcək. Müasir kitabxana binasının və İnnovasiya Mərkəzinin yaradılması, informasiya texnologiyaları, mühəndislik, təbiət elmləri sahəsi üzrə akademik infrastrukturun genişləndirilməsi universitetin gələcək inkişafında mühüm rol oynayacaq.
Digər mühüm istiqamət tibb və sağlamlıq elmləri sahəsində fəaliyyətimizin genişləndirilməsidir. Universitet Klinikasının imkanlarının artırılması, tibbi xidmətlərin inkişafı, tədris və klinik fəaliyyət arasında inteqrasiyanın gücləndirilməsi bu sahədə əsas hədəflərimizdəndir.
Eyni zamanda, ikili diplom proqramının uğurla inkişaf etdirilməsi, yeni beynəlxalq təhsil proqramlarının yaradılması, xarici tələbələrin universitetə cəlb olunması və beynəlxalq elmi layihələrdə iştirakımızın artırılması üzərində çalışacağıq.
Bütün bu hədəfləri birləşdirən əsas məqsədimiz Qarabağ Universitetini qısa müddətdə formalaşmış yeni ali təhsil müəssisəsindən yüksək akademik nüfuza, güclü tədqiqat potensialına və beynəlxalq rəqabət qabiliyyətinə malik müasir universitetə çevirməkdir. Bizim üçün uğur yalnız böyümək deyil, həm də keyfiyyət, nüfuz və dayanıqlı inkişaf baxımından fərqlənməkdir.
- Sonda, bir qədər uzaq gələcəyə nəzər salaq. Təsəvvür edək ki, 20 il sonra Qarabağ Universitetinin məzunu öz universitetinin tarixindən danışır. İstərdiniz ki, o, universitetinizi hansı nailiyyətləri, dəyərləri və missiyası ilə xatırlasın? Eyni zamanda, Qarabağ Universitetinin yaradılmasının üç ili münasibətilə universitet kollektivinə, tələbələrə və bütün universitet ictimaiyyətinə hansı səmimi arzularınızı və ürək sözlərinizi çatdırmaq istərdiniz?
- İstərdim ki, 20 il sonra Qarabağ Universitetinin məzunu öz universiteti ilə fəxr etsin. Deyə bilsin ki, “Mənim universitetim Qarabağın yenidən dirçəldiyi, insanların öz doğma yurdlarına qayıtdığı, yeni həyatın və gələcəyin qurulduğu bir dövrdə bu torpaqda elmə, təhsilə və biliyə əsaslanan inkişafın önündə gedən müəssisələrdən biri olub”.
Arzum budur ki, Qarabağ Universiteti gələcəkdə yalnız Azərbaycanın deyil, bütövlükdə regionun və beynəlxalq akademik məkanın nüfuzlu ali təhsil və tədqiqat mərkəzlərindən biri kimi tanınsın. Burada yetişən məzunlar dünyanın müxtəlif ölkələrində uğur qazansın, elmi və texnoloji tərəqqiyə, cəmiyyətin inkişafına töhfə versinlər və hər zaman Qarabağ Universitetinin məzunu olmaqdan qürur duysunlar. İstərdim ki, universitetimiz yüksək akademik standartları, elmi nailiyyətləri, innovativ yanaşmaları, milli-mənəvi dəyərlərə bağlılığı və cəmiyyət qarşısında məsuliyyəti ilə seçilsin.
Çünki universitetlərin əsl uğuru yalnız onların binaları, tələbə sayı və beynəlxalq reytinqləri ilə deyil, yetişdirdikləri insanların həyatda qazandıqları uğurlar və cəmiyyətə verdikləri töhfələrlə ölçülür. Bizim ən böyük hədəfimiz də məhz belə bir universitet ənənəsi yaratmaqdır.
Fürsətdən istifadə edərək, Qarabağ Universitetinin yaradılmasının üç ili münasibətilə bütün kollektivimizi, tələbələrimizi və onların valideynlərini, eləcə də universitetimizin inkişafını öz uğuru hesab edən hər kəsi səmimi-qəlbdən təbrik edirəm.
Bu üç il ərzində əldə etdiyimiz nailiyyətlər, həyata keçirdiyimiz layihələr və formalaşdırdığımız akademik mühit dövlətimizin hərtərəfli dəstəyi, böyük bir komandanın birgə əməyi və çoxsaylı tərəfdaşlarımızın töhfəsi sayəsində mümkün olub.
Universitetimizin yaradılmasına və inkişafına göstərdiyi xüsusi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Eyni zamanda, universitetimizin hər bir əməkdaşına, professor-müəllim və inzibati heyətinə, tələbələrimizə, təhsil və elm sahəsində əməkdaşlıq etdiyimiz dövlət qurumlarına, yerli və xarici universitetlərə, beynəlxalq təşkilatlara, özəl sektor nümayəndələrinə və bütün tərəfdaşlarımıza təşəkkürümü çatdırıram. Əldə etdiyimiz uğurlarda hər birinin özünəməxsus payı var.
Tələbələrimizə isə xüsusi olaraq arzu edirəm ki, Qarabağ Universitetində qazandıqları bilik və təcrübə ilə ölkəmizin gələcəyinin qurulmasında fəal iştirak etsinlər, seçdikləri sahələrdə uğur qazansınlar və Qarabağın inkişafına öz töhfələrini versinlər.
Üç il əvvəl böyük ümidlər və məsuliyyətlə təməlini qoyduğumuz universitetimizin qarşısında hələ çox böyük hədəflər dayanır. İnanıram ki, birlik, əzmkarlıq və ortaq məqsədlərimiz ətrafında səfərbər olunmaqla bu hədəflərə də nail olacağıq.
Üç yaşın mübarək, Qarabağ Universiteti! Arzu edirəm ki, bu gün qoyduğumuz təməl gələcək nəsillər üçün böyük elm, təhsil və inkişaf ənənəsinə çevrilsin, universitetimizin adı ölkəmizdə və dünyada daim layiqli yer tutsun.




