“Elmdə nüfuzu güclü tədqiqatlar yaradır” – Dünyanın ən nüfuzlu alimlərindən olan DP məzunu
Bəzən elmi araşdırmaların dəyəri bəzən onun neçə dəfə oxunmasından çox başqa alimlərin tədqiqatlarına nə qədər yol açmasında görünür. Dövlət Proqramı məzunu Həsrəddin Quliyev də beynəlxalq elmi ictimaiyyətin diqqətini çəkən azərbaycanlı tədqiqatçılardandır. İstanbul Universitetində ekonometrika üzrə doktorantura təhsili alan, hazırda Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) çalışan alim ABŞ-nin Stenford Universiteti və “Elsevier” tərəfindən hazırlanan “Dünyanın ən nüfuzlu 2% alimi” siyahısına daxil edilib.
Həsrəddin Quliyevlə müsahibəmizdə elmi yolu, bu uğura aparan seçimləri və Dövlət Proqramının karyerasındakı rolu barədə danışdıq.
“Məni bugünkü fəaliyyətimə gətirən əsas seçim ekonometrikanı peşə kimi seçməyim olub”
– Əvvəlcə, özünüzü oxucularımıza təqdim etməyinizi istərdik.
– UNEC-in Magistratura Məktəbində tədqiqatçı-müəllim kimi çalışıram. Təhsil yolum elə UNEC-dən başlayıb: 2012–2016-cı illərdə Türk dünyası iqtisad fakültəsində “Biznesin idarə edilməsi” ixtisası üzrə bakalavr təhsili almışam. Bakalavr illərində statistika və kəmiyyət metodlarına dərslərinə marağım çox idi və iqtisadi hadisələri rəqəmlərlə ölçmək, izah etməyin mənə daha yaxın bir sahə olduğunu kəşf etdim.
Bu maraq məni Türkiyəyə apardı. 2016–2018-ci illərdə Antalyada Akdeniz Universitetində ekonometrika üzrə magistr təhsili aldım, 2018-ci ildə isə İstanbul Universitetində həmin ixtisas üzrə doktoranturaya qəbul olundum. Doktorantura dövründə İstanbul Texniki Universitetində genişhəcmli məlumatların analizi və biznes analitikası üzrə ikinci magistr dərəcəsi də aldım. Kapital Bankda analitik kimi işlədiyim dövr isə nəzəri bilikləri real məlumatlar üzərində tətbiq etməyi öyrətdi. Geriyə baxanda deyə bilərəm ki, məni bugünkü fəaliyyətimə gətirən əsas seçim ekonometrikanı peşə kimi seçməyim və bu sahədə nəzəri biliklə proqramlaşdırma bacarığını paralel inkişaf etdirməyə çalışmağım olub.
– Təhsil yolunuzun mühüm mərhələlərindən biri də Dövlət Proqramı ilə bağlıdır. İstanbul Universitetində doktoranturaya başladıqdan sonra bu proqrama qoşulmaq qərarını necə verdiniz?
– Əslində, İstanbul Universitetində doktoranturaya 2018-ci ildə başlamışdım. 2020-ci ildə Təhsil Nazirliyinin “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na müraciət etdim və proqramın iştirakçısı seçildim. Bu qərarın əsas səbəbi doktorantura təhsilimi bütün diqqətimi tədqiqata yönəldərək davam etdirmək istəyim idi.
Proqram mənə məhz bu imkanı verdi: doktoranturanın qalan illərində tədqiqata daha çox vaxt ayıra bildim, beynəlxalq jurnallarda məqalələr dərc etdim və 2023-cü ildə dissertasiyamı müdafiə etdim. Karyera baxımından isə proqram mənim üçün aydın bir istiqamət müəyyənləşdirdi: xaricdə qazandığım bilik və təcrübəni Azərbaycana qaytarmaq və UNEC-də tədris və tədqiqatda tətbiq etmək.
“Ən böyük qazancım güclü metodoloji ənənəsi olan akademik mühitdə işləməyim oldu”
– Xaricdə doktorantura təcrübəsi sizə peşəkar və şəxsi baxımdan nə qazandırdı? Türkiyədəki akademik mühitlə Azərbaycandakı elmi mühit arasında hansı fərqləri müşahidə etdiniz?
– Peşəkar baxımdan ən böyük qazancım güclü metodoloji ənənəsi olan akademik mühitdə işləməyim oldu. İstanbul Universitetində panel məlumatları ekonometrikası üzrə tanınmış alimlərlə, o cümlədən professor Ferda Yerdelen Tatoğlu ilə birgə məqalələr hazırlamaq imkanım oldu. Bu iş mənə tədqiqat sualını necə qurmağı, metodu necə əsaslandırmağı və rəyçilərin tənqidlərinə necə cavab verməyi öyrətdi. Şəxsi baxımdan isə müstəqil işləmək, vaxtı düzgün planlamaq və rədd cavabı alanda ruhdan düşmədən işi davam etdirmək vərdişi qazandım.
Müşahidə etdiyim əsas fərq tədqiqat ənənəsi və infrastrukturla bağlıdır. Türkiyədə ekonometrika üzrə uzun illərin seminar, konfrans və doktorantura ənənəsi formalaşıb, tədqiqatçılar arasında əməkdaşlıq daha geniş yayılıb. Azərbaycanda da son illərdə bu istiqamətdə ciddi irəliləyiş var: beynəlxalq jurnallarda dərcə maraq artıb, universitetlər tədqiqatı daha çox dəstəkləyir. Fikrimcə, bizdə qarşıda duran əsas iş metodoloji tədrisi gücləndirmək və davamlı tədqiqat qrupları formalaşdırmaqdır.
– Dövlət Proqramı çərçivəsində qazandığınız bilik və təcrübəni hazırda UNEC-dəki fəaliyyətinizdə necə tətbiq edirsiniz?
– Hazırda Magistratura Məktəbində “Ali Ekonometrika”, “Ali Statistik Metodlar”, “Panel Məlumat Analizi” və “Statistiki proqram təminatı və tətbiqləri” fənlərini tədris edirəm. Dərslərimi doktorantura dövründə öyrəndiyim yanaşma ilə qururam: tələbələr ilk həftələrdən real məlumatlarla və “Stata”, R kimi proqramlarla işləyirlər. İmtahanlarda isə düsturları əzbərləmək deyil, bunun yerinə real məlumatlara əsaslanan statistiki və ekonometrik modelləri tətbiq edərək model nəticələrini şərh etmək bacarığı yoxlanılır. Bundan əlavə, magistrant və doktorantların elmi işlərinə rəhbərlik edirəm, tədqiqatlarımda istifadə etdiyim metodları isə “Stata” və R üçün açıq proqram paketləri kimi paylaşıram ki, digər tədqiqatçılar və tələbələr də onlardan istifadə edə bilsinlər.
Bu təcrübənin elmi fəaliyyətimə ən mühüm töhfəsi metodologiyaya ciddi yanaşmaq vərdişi oldu. İndi hər tədqiqatda əvvəlcə məlumatların xüsusiyyətlərini: ölkələr arasındakı fərqləri, struktur dəyişiklikləri, məkan asılılığını yoxlayıram və metodu buna uyğun seçirəm.
– Beynəlxalq elmi uğurunuzdan danışaq. “Dünyanın ən nüfuzlu 2% alimi” siyahısına daxil edilməyinizdə hansı tədqiqatlarınızın daha çox rol oynadığını düşünürsünüz? Bu məqalələri fərqləndirən əsas cəhət nədir?
– Siyahıya “Yer və ətraf mühit elmləri” sahəsi, “Ətraf mühit elmləri” və “Enerji iqtisadiyyatı” alt sahəsi üzrə illik göstəricilərə əsasən daxil olmuşam. Fikrimcə, burada ən böyük rolu ekoloji davamlılıqla bağlı son tədqiqatlarım oynayıb. Xüsusilə Avropa ölkələrində ekoloji izin determinantlarını Bayes model ortalaması ilə araşdırdığım (Science of the Total Environment), ekoloji yükün qonşu ölkələr arasında necə ötürüldüyünü dinamik məkan panel modeli ilə ölçdüyüm (Journal of Environmental Management), həmçinin qloballaşma ilə ekoloji iz arasındakı əlaqəyə və ekoloji Kuznets əyrisinin ayrı-ayrı ölkələr üzrə yoxlanmasına həsr olunmuş məqalələr daha çox istinad alıb.
Bu məqalələri fərqləndirən əsas cəhət metodoloji yanaşmadır. Ölkələri eyni standard və bilinən modellərə “sığışdırmaq” əvəzinə, onlar arasındakı fərqləri, qarşılıqlı təsirləri və zamanla baş verən dəyişiklikləri nəzərə alan modellərdən istifadə edirəm. Fikrimcə, bu yanaşma nəticələrin həm elmi, həm də iqtisadi siyasət baxımından daha etibarlı olmasına imkan verir.
“Son illərdə Azərbaycan alimlərinin beynəlxalq jurnallardakı məqalələrinin və onlara edilən istinadların sayı artır”
– Bu uğurunuz Azərbaycan elminin beynəlxalq nüfuzu baxımından da maraq doğurur. Son illərdə Azərbaycan alimlərinin beynəlxalq elmi istinad göstəricilərində artım müşahidə olunurmu? Sizcə, bu tendensiyanın əsas səbəbləri nədir?
– Müşahidəmə görə, son illərdə Azərbaycan alimlərinin beynəlxalq bazalarda indekslənən jurnallardakı məqalələrinin və onlara edilən istinadların sayı artır. Bunun bir neçə səbəbini görürəm. Birincisi, Dövlət Proqramı kimi təşəbbüslər sayəsində xaricdə təhsil alan gənc tədqiqatçılar beynəlxalq standartlara uyğun tədqiqat təcrübəsi ilə geri qayıdırlar. İkincisi, universitetlər beynəlxalq nəşrləri daha çox dəstəkləyir və qiymətləndirmədə nəzərə alır. Üçüncüsü, xarici həmkarlarla birgə layihə və məqalələrin sayı artıb, bu da tədqiqatların beynəlxalq aləmdə daha çox görünməsinə şərait yaradır.
Azərbaycan elminin nüfuzunun artmasında isə, məncə, ən vacib amil keyfiyyətdir. Uzunmüddətli nüfuzu məqalələrin sayı deyil, dünyəvi və aktual suallara cavab verən, metodoloji cəhətdən güclü və nəticələri açıq paylaşılan tədqiqatlar yaradır.
– Sizcə, Azərbaycanda elmlə məşğul olmaq istəyən gənclərin qarşısındakı əsas imkanlar və çətinliklər nələrdir? Beynəlxalq səviyyədə tanınan tədqiqatçı olmaq istəyən gənclərə nə tövsiyə edərdiniz?
– Bugünkü gənclərin imkanları bizim nəslin başladığı dövrlə müqayisədə daha genişdir: xaricdə təhsil proqramları, qrant müsabiqələri, açıq məlumat bazaları və R, “Python” kimi pulsuz proqram təminatı var, elmi məqalələrə və dərs materiallarına çıxış da əvvəlkindən qat-qat asanlaşıb. Çətinliklərə gəlincə, ilk növbədə, keyfiyyətli məlumatlara çıxışı, tədqiqat üçün vaxtın müəllimin tədris yükü ilə bölüşdürülməməsini və tədqiqatçının universitetlərimizdə ayrıca bir vəzifə olmamasını qeyd edərdim.
Beynəlxalq səviyyədə tanınmaq istəyən gənclərə tövsiyəm belədir: metodları dərindən öyrənin və proqramlaşdırmanı mütləq mənimsəyin; güclü jurnallardakı məqalələri müntəzəm oxuyun; kiçik, amma yaxşı qurulmuş suallarla başlayın və xarici həmkarlarla əməkdaşlıqdan çəkinməyin. Ən əsası isə səbirli olun: elmi işlərə gələn rədd cavabları bu prosesin təbii hissəsidir və hər rəy növbəti məqaləni daha güclü etməyə kömək edir.
– Sonda gələcək planlarınıza da toxunaq. Qarşıdakı illər üçün əsas elmi və peşəkar hədəfləriniz nələrdir?
– Yaxın illərdə əsas hədəfim heterogen panel məlumatları üçün yeni metodlar üzərində işi davam etdirməkdir. Hazırda struktur dəyişikliklərinin tədricən baş verdiyi hallarda etibarlı nəticə verən qiymətləndiricilər və panel məlumatlarında “expectile”lər üzrə “Granger” səbəbiyyəti testi üzərində işləyirəm. Bu metodları ekoloji və enerji məsələlərinə, eyni zamanda, süni intellektin əmək bazarına təsiri kimi mövzulara tətbiq etməyi, hazırladığım alətləri isə “Stata” və R üçün açıq proqram paketləri kimi paylaşmağı planlaşdırıram.
Peşəkar baxımdan isə UNEC-də ekonometrika üzrə gənc tədqiqatçılardan ibarət tədqiqat qrupu formalaşdırmaq, magistrant və doktorantlarla birlikdə beynəlxalq jurnallarda dərc olunan işlər hazırlamaq və xarici universitetlərlə birgə layihələr həyata keçirmək istəyirəm.




