"Öyrədən, araşdıran və yaradan müasir universitet fəlsəfəsi” - MÜSAHİBƏ

27 Noyabr, 2026 - 15:35
"Öyrədən, araşdıran və yaradan müasir universitet fəlsəfəsi”

Müasir dövrdə universitetlərin missiyası yalnız bilik ötürmək və mütəxəssis hazırlamaqla məhdudlaşmır. Onlar həm də yeni elmi biliklər yaradan, innovasiyaları təşviq edən, cəmiyyətin inkişafına töhfə verən və qlobal çağırışlara cavab verən intellektual mərkəzlər olmalıdır. Təhsil və elmin inteqrasiyası, alim əməyinin stimullaşdırılması, akademik mühitin keyfiyyəti və beynəlxalq təcrübənin milli təhsil sisteminə uyğunlaşdırılması bu gün ali təhsilin qarşısında duran mühüm məsələlərdəndir.

Biologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetini dosent Şəbnəm Əsədova bu mövzuda "Azərbaycan müəllimi"nə müsahibə verib. 

Müasir dövrdə təhsil və elmin vəhdəti məsələsi niyə xüsusi aktuallıq qazanıb?

-Hesab edirəm ki, yaşadığımız dövr bilik və texnologiyaların sürətlə yeniləndiyi, elmi nailiyyətlərin cəmiyyətin inkişafına birbaşa təsir göstərdiyi bir mərhələdir. Belə bir şəraitdə təhsil və elmə bir-birindən təcrid olunmuş sahələr kimi yanaşmaq mümkün deyil. Onlar vahid inkişaf sisteminin qarşılıqlı əlaqəli və bir-birini tamamlayan iki fundamental istiqamətidir.

Təhsil elmi bilikləri mənimsəyən, inkişaf etdirən və gələcək nəsillərə ötürən mexanizmdir. Elm isə təhsilin məzmununu yeniləyir, yeni biliklər yaradır, mövcud yanaşmaları təkmilləşdirir və cəmiyyətin inkişaf istiqamətlərini müəyyənləşdirir.

Mənim fikrimcə, təhsil və elmin vəhdəti yalnız universitetlərdə elmi tədqiqatların aparılması demək deyil. Əsl inteqrasiya elmi nəticələrin tədris prosesinə daxil edilməsində, tələbələrin tədqiqat fəaliyyətinə cəlb olunmasında, müəllimlərin elmi araşdırmalarının tədrisin keyfiyyətinə təsir göstərməsində və universitetlərin cəmiyyətin real problemlərinin həllində iştirakında özünü göstərməlidir.Bu gün tələbə yalnız hazır bilikləri mənimsəyən deyil, müstəqil düşünən, araşdıran, təhlil edən, elmi nəticələr əldə etməyi bacaran şəxs kimi yetişdirilməlidir. Universitetin missiyası da məhz bu yanaşma əsasında yenidən dəyərləndirilməlidir.

Mən belə hesab edirəm ki, müasir universitetin əsas fəlsəfəsi öyrətmək, araşdırmaq və yaratmaq prinsipləri üzərində qurulmalıdır.

Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsində təhsil və elmin inteqrasiyası hansı modellər əsasında həyata keçirilir?

-Beynəlxalq təcrübə göstərir ki, inkişaf etmiş ölkələrdə universitetlər təkcə tədris müəssisəsi deyil, həm də elmi tədqiqat, innovasiya və texnoloji inkişaf mərkəzləri kimi fəaliyyət göstərirlər.

Məsələn, ABŞ-da tədqiqat universitetləri modeli geniş inkişaf edib. Burada professor-müəllim heyətinin elmi fəaliyyəti, tələbələrin tədqiqat layihələrinə cəlb olunması, universitet-sənaye əməkdaşlığı və elmi nəticələrin praktik tətbiqi xüsusi əhəmiyyət daşıyır. Universitetlərdə elmi laboratoriyalar, tədqiqat mərkəzləri və innovasiya ekosistemləri fəaliyyət göstərir.

Almaniyanın təcrübəsi də diqqətəlayiqdir. Bu ölkədə universitetlərlə elmi-tədqiqat institutları, sənaye və biznes strukturları arasında sistemli əməkdaşlıq qurulub. Xüsusilə Fraunhofer (Fraunhofer-Gesellschaft)institutlarının fəaliyyəti fundamental elmi biliklərin tətbiqi tədqiqatlara və iqtisadi nəticələrə çevrilməsinin uğurlu nümunəsidir.

Finlandiyada tədqiqat əsaslı təhsil, müəllimlərin peşəkar inkişafı, tələbəyönümlü yanaşma və problem əsaslı öyrənmə ön plandadır. Cənubi Koreya və Yaponiyada isə universitetlərin elmi-texnoloji inkişaf və sənaye ilə əlaqələri güclü şəkildə təşviq olunur.

Bu təcrübələrin hər birində diqqət çəkən ortaq cəhət elmi fəaliyyətin universitet həyatının ayrılmaz hissəsinə çevrilməsidir.

Lakin düşünürəm ki, beynəlxalq təcrübəni mexaniki şəkildə tətbiq etmək düzgün olmazdı. Biz həmin modellərin uğurlu tərəflərini Azərbaycanın elmi potensialına, iqtisadi prioritetlərinə, universitetlərin strukturuna və milli təhsil ənənələrinə uyğunlaşdırmalıyıq.Azərbaycan universitetləri də tədricən tədris mərkəzlərindən tədqiqat, innovasiya və elmi əməkdaşlıq mərkəzlərinə transformasiya olunmalıdır.

Təhsil və elmin inteqrasiyasından danışarkən alimlərin və professor-müəllim heyətinin rolunu xüsusi qeyd etmək lazımdır. Bu baxımdan elmi fəaliyyətin motivasiyası nə dərəcədə əhəmiyyətlidir?

-Mən bu məsələyə xüsusi əhəmiyyət verirəm. Çünki istənilən təhsil və elm sisteminin keyfiyyətini, ilk növbədə, həmin sistemdə çalışan insanların peşəkarlığı, elmi potensialı, yaradıcılığı və motivasiyası müəyyən edir. Biz tez-tez universitetlərin inkişaf strategiyalarından, akkreditasiya standartlarından, elmi nəşrlərdən, beynəlxalq reytinqlərdən və innovasiyalardan danışırıq. Bunların hamısı vacibdir. Lakin bir məsələni unutmamalıyıq: bu nəticələri yaradan insanlardır – alimlər, tədqiqatçılar və  müəllimlərdir.

Alimdən yüksək elmi nəticələr, beynəlxalq səviyyəli araşdırmalar, nüfuzlu jurnallarda nəşrlər, qrant layihələrində iştirak və innovativ ideyalar gözləyiriksə, ilk növbədə onun elmi fəaliyyətini stimullaşdıran real şərait yaratmalıyıq.

Elmi fəaliyyət böyük intellektual əmək, zaman, məsuliyyət və davamlı inkişaf tələb edir. Alim yalnız dərs deməklə, elmi məqalə yazmaqla kifayətlənmir. O, yeni mənbələr araşdırır, eksperimentlər aparır, məlumatları təhlil edir, beynəlxalq elmi yenilikləri izləyir, konfranslarda iştirak edir və yeni elmi ideyalar formalaşdırır.

Bütün bunlar üçün həm mənəvi, həm də maddi motivasiya vacibdir.

Beynəlxalq təcrübədə elmi fəaliyyətin stimullaşdırılması yalnız baza əməkhaqqı ilə məhdudlaşmır. Buraya elmi nailiyyətlərə görə əlavə ödənişlər, tədqiqat qrantları, layihə maliyyələşməsi, akademik mobillik, elmi ezamiyyətlər, peşəkar inkişaf imkanları və digər təşviq mexanizmləri daxildir.

Mən hesab edirəm ki, elmi fəaliyyətin stimullaşdırılması universitetlərin inkişaf siyasətinin prioritet istiqamətlərindən biri olmalıdır. Alimin əməyinə verilən qiymət, əslində, ölkənin elmi gələcəyinə qoyulan sərmayədir.

Ali təhsil müəssisələrinin akkreditasiyası üzrə ekspert kimi düşünürsünüzmü ki, akkreditasiya təhsil və elmin vəhdətinin təmin edilməsində mühüm rol oynayır?

-Bəli, hesab edirəm ki, akkreditasiya ali təhsil sistemində keyfiyyətin təmin olunmasının mühüm mexanizmlərindən biridir. Lakin akkreditasiyaya yalnız universitetin müəyyən standartlara uyğunluğunun yoxlanılması kimi yanaşmaq düzgün olmazdı.

Akkreditasiya, ilk növbədə, universitetin öz fəaliyyətini təhlil etməsi, güclü və inkişaf etdirilməli tərəflərini müəyyənləşdirməsi, mövcud problemlərə həll yolları tapması və davamlı təkmilləşmə mədəniyyəti formalaşdırması üçün bir imkandır.

Ali təhsil müəssisələrinin qiymətləndirilməsində tədrisin keyfiyyəti ilə yanaşı, elmi-tədqiqat potensialı, professor-müəllim heyətinin peşəkar inkişafı, tələbələrin elmi fəaliyyətə cəlb olunması, daxili keyfiyyət təminatı mexanizmləri, beynəlxalq əməkdaşlıq və elmi nəticələrin praktik tətbiqi də mühüm əhəmiyyət daşımalıdır.

Burada əsas məsələ universitetlərin akkreditasiya meyarlarına formal şəkildə uyğunlaşması deyil, keyfiyyət standartlarını öz institusional inkişaf fəlsəfəsinə çevirməsidir.

Mənim fikrimcə, akkreditasiya prosesi universitetlərdə elmi fəaliyyətin inkişafına da stimul verməlidir. Çünki elmi potensialı, tədqiqat mühiti və akademik heyətin inkişaf imkanları güclü olan universitetlərdə tədrisin məzmununu müasir elmi nailiyyətlər əsasında yeniləmək daha mümkündür.

Eyni zamanda, akkreditasiya meyarları universitetlərin missiyasını və fəaliyyət profilini nəzərə almalıdır. Tədqiqat universiteti ilə əsasən pedaqoji kadr hazırlayan universitetin bütün fəaliyyət nəticələrini eyni kontekstdə qiymətləndirmək doğru olmazdı. Ümumi keyfiyyət prinsipləri qorunmaqla institusional xüsusiyyətlər də nəzərə alınmalıdır.

Azərbaycan ali təhsil sistemində təhsil və elmin inteqrasiyasını gücləndirmək üçün hansı konkret addımların atılmasını vacib hesab edirsiniz?

-Mən bu istiqamətdə bir neçə mühüm təklif irəli sürmək istərdim.

Bunlar: Universitetlərdə tədris və elmi fəaliyyətin inteqrasiyası üzrə sistemli mexanizmlər yaradılmalıdır. Professor-müəllim heyətinin elmi tədqiqatlarının nəticələri tədris proqramlarına daxil edilməli, mühazirələr və praktik məşğələlər müasir elmi biliklər əsasında yenilənməlidir. Tələbələrin elmi fəaliyyətə erkən mərhələdən cəlb olunması təmin edilməlidir. Bakalavriat səviyyəsindən başlayaraq tələbələrin tədqiqat bacarıqlarının inkişafı, elmi layihələrdə iştirakı, konfranslarda çıxış etməsi və kiçik tədqiqat qruplarına qoşulması üçün imkanlar genişləndirilməlidir.Universitetlərlə elmi-tədqiqat institutları arasında əməkdaşlıq gücləndirilməlidir. Ortaq laboratoriyalar, birgə tədqiqat proqramları, elmi seminarlar və multidissiplinar layihələr təşkil olunmalıdır.Alimlərin əməkhaqqı və elmi fəaliyyətin stimullaşdırılması məsələsi prioritet olmalıdır. Elmi fəaliyyət üçün əlavə maliyyə imkanları, fərqləndirilmiş stimullaşdırma mexanizmləri və uzunmüddətli tədqiqat qrantları yaradılmalıdır. Gənc alimlərə xüsusi dəstək göstərilməlidir. Doktorantların, gənc tədqiqatçıların və yeni elmi dərəcə almış mütəxəssislərin elmi layihələrə, beynəlxalq əməkdaşlığa və akademik mobilliyə çıxışı genişləndirilməlidir. Təcrübəli alimlərlə gənc tədqiqatçılar arasında mentorluq mexanizmləri inkişaf etdirilməlidir.Universitetlərdə elmi nəticələrin tətbiqinə şərait yaradılmalıdır. Texnologiya transferi mərkəzləri, innovasiya laboratoriyaları, startap ekosistemləri və universitet-sənaye əməkdaşlığı daha da genişləndirilməlidir.

Bu təkliflərin reallaşdırılması üçün dövlət, universitet rəhbərlikləri, elmi müəssisələr və özəl sektor arasında koordinasiyalı fəaliyyət vacibdir.

Müasir dövrdə süni intellekt və rəqəmsal texnologiyalar təhsil və elmin inkişafına hansı yeni imkanları gətirir?

-Süni intellekt və rəqəmsal texnologiyalar artıq təhsil və elmin inkişafında yeni mərhələnin əsas amillərindən birinə çevrilib. Bu texnologiyalar elmi məlumatların təhlili, modelləşdirmə, tədqiqat nəticələrinin emalı, fərdiləşdirilmiş təhsil və biliklərə çıxış baxımından geniş imkanlar yaradır.

Lakin hesab edirəm ki, süni intellektə yalnız texniki vasitə kimi deyil, yeni akademik mədəniyyətin formalaşmasına təsir edən amil kimi yanaşmalıyıq.

Bu gün tələbənin hazır məlumat əldə etməsi kifayət deyil. O, məlumatın etibarlılığını yoxlamağı, mənbələri düzgün qiymətləndirməyi, tənqidi düşünməyi və müstəqil nəticə çıxarmağı bacarmalıdır.

Eyni zamanda, süni intellektdən istifadə zamanı akademik dürüstlük, müəlliflik hüququ, elmi etika və şəxsi məlumatların qorunması prinsipləri ciddi şəkildə gözlənilməlidir.

Universitetlərdə süni intellekt savadlılığının artırılması, professor-müəllim heyətinin bu istiqamətdə təlimlərə cəlb olunması və elmi fəaliyyətin rəqəmsal imkanlarla zənginləşdirilməsi vacibdir.

Mən belə düşünürəm ki, texnologiya müəllimi və alimi əvəz etməməli, onların intellektual imkanlarını genişləndirməli, daha səmərəli və yaradıcı fəaliyyətinə xidmət etməlidir.

Beynəlxalq təcrübə ilə milli təhsil prioritetlərinin uzlaşdırılması baxımından hansı yanaşmanı daha səmərəli hesab edirsiniz?

-Hesab edirəm ki, müasir Azərbaycan ali təhsil sistemi beynəlxalq təhsil məkanına inteqrasiyanı davam etdirməklə yanaşı, öz milli elmi və pedaqoji potensialını da qoruyub inkişaf etdirməlidir. Beynəlxalq standartlara uyğunlaşmaq milli təhsil ənənələrindən imtina etmək deyil. Əksinə, milli dəyərləri və akademik ənənələri müasir elmi nailiyyətlərlə uzlaşdırmaqdır.

Bu baxımdan çalışdığım,105 illik tarixi olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin şüarı – “Ənənələrə sadiq, yeniliklərə açıq universitet!” – mənim üçün xüsusi məna daşıyır. Hesab edirəm ki, bu ifadə universitetin inkişaf fəlsəfəsini, missiyasını və gələcəyə baxışını çox dolğun əks etdirir.

Pedaqoji universitet olaraq bizim zəngin təhsil ənənələrimiz, formalaşmış elmi-pedaqoji məktəblərimiz və müəllim hazırlığı sahəsində tarixi təcrübəmiz var. Bu irsi qorumaqla yanaşı, müasir təhsil texnologiyalarını, rəqəmsal yanaşmaları, süni intellekt imkanlarını, tədqiqat əsaslı tədrisi və beynəlxalq akademik əməkdaşlığı inkişaf etdirmək də vacibdir. Biz yalnız ali təhsilli mütəxəssis deyil, həm də gələcək nəsillərin dünyagörüşünə, elmi düşüncəsinə və intellektual inkişafına təsir göstərəcək müəllimlər hazırlayırıq.

Mənim fikrimcə, ənənələr keçmişə bağlılıq deyil, gələcəyin sağlam təməlinin qorunmasıdır. Yeniliklərə açıqlıq isə həmin təməl üzərində inkişaf etmək, dəyişən dünyanın çağırışlarına çevik cavab vermək bacarığıdır.

Beynəlxalq təcrübənin uğurlu tərəflərini mənimsəməklə yanaşı, milli təhsil sistemimizin özünəməxsusluğunu, elmi potensialını və pedaqoji dəyərlərini də dünyaya təqdim etməliyik.

Azərbaycan universitetləri yalnız beynəlxalq təcrübədən bəhrələnən deyil, həm də beynəlxalq elmi və akademik mühitə öz töhfəsini verən qurumlar olmalıdır. Mən bu yanaşmanı ölkəmizin ali təhsilinin gələcək inkişafı üçün ən düzgün istiqamətlərdən biri hesab edirəm.

Sonda, sizcə, təhsil və elmin vəhdəti Azərbaycanın gələcək inkişafında hansı rol oynayacaq? Cəmiyyətə əsas mesajınız nə olardı?

-Mən təhsil və elmin vəhdətini Azərbaycanın uzunmüddətli inkişafının mühüm strateji şərtlərindən biri hesab edirəm. Müasir dünyada ölkələrin rəqabət üstünlüyü yalnız iqtisadi göstəricilərlə deyil, elmi potensial, texnoloji inkişaf, innovasiya imkanları və intellektual resurslarla da müəyyən edilir.

Bu baxımdan universitetlərimizin qarşısında çox mühüm vəzifələr dayanır. Onlar yalnız diplom verən və mütəxəssis hazırlayan müəssisələr deyil, həm də elmi ideyaların yarandığı, yeni texnologiyaların inkişaf etdirildiyi, cəmiyyətin problemlərinə elmi əsaslandırılmış həllərin təklif olunduğu mərkəzlərə çevrilməlidir.

Bunun üçün ilk növbədə alimə, müəllimə və tədqiqatçıya münasibət dəyişməlidir. Elmi fəaliyyət yüksək qiymətləndirilməli, alim əməyinin sosial və iqtisadi dəyəri tanınmalı, gənc tədqiqatçılar üçün perspektivlər yaradılmalıdır.

Unutmamalıyıq ki, elmin inkişafı yalnız maddi-texniki baza və müasir laboratoriyalarla təmin olunmur. Bu infrastrukturu yaradan, elmi ideyaları inkişaf etdirən və nəticələr əldə edən insan amilidir. Alimin əməyinə verilən dəyər elmin gələcəyinə verilən dəyərdir.

Sonda bir fikri xüsusi vurğulamaq istərdim:Güclü təhsil güclü elmə, güclü elm isə davamlı inkişafa yol açır. Universitetin həqiqi gücü yalnız verdiyi diplomlarla deyil, yetişdirdiyi düşünən insanlarla, yaratdığı elmi biliklərlə və cəmiyyətə qazandırdığı yeniliklərlə ölçülür.

Məhz bu yanaşma təhsil və elmin vəhdətini formal prinsipdən real inkişaf modelinə çevirə bilər.