Süni intellekt əmək bazarının strukturunu sürətlə dəyişir – Akademik Rasim Əliquliyev

12 Noyabr, 2026 - 15:34
Süni intellekt əmək bazarının strukturunu sürətlə dəyişir

Müasir dövrdə mütəxəssislər üçün yeni imkanlar, köhnə peşələr üçün isə ciddi çağırışlar yaradan süni intellekt əmək bazarının strukturunu sürətlə dəyişir. Artıq yalnız informasiya texnologiyaları (IT) sahəsində deyil, tibb, hüquq, iqtisadiyyat, kənd təsərrüfatı və digər istiqamətlərdə də rəqəmsal biliklərə ehtiyac artır. Bəs yeni reallıqda IT ixtisasları üzrə təhsil alan tələbələr hansı istiqamətlərə üstünlük verməlidirlər? Süni intellekt hansı yeni peşələri meydana çıxarır? Azərbaycan beşinci sənaye inqilabına nə dərəcədə hazırdır? Kibersuverenlik və məlumat təhlükəsizliyi sahəsində hansı addımlar atılmalıdır? “Təhsil TV” və “Azərbaycan müəllimi”nin bu və digər suallarını AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev cavablandırır.

“Əmək bazarı süni intellektin inkişaf tempinə uyğunlaşır”

- Süni intellekt texnologiyalarının sürətli inkişafı əmək bazarında ciddi dəyişikliklərə səbəb olur. Bu şəraitdə İT ixtisasları üzrə təhsil alan tələbələr hansı istiqamətlərə üstünlük verməlidirlər?

- Hazırda əmək bazarında çox ciddi rəqəmsal transformasiya prosesləri gedir. Bu dəyişikliklər yalnız informasiya texnologiyaları ilə bağlı peşələri əhatə etmir. Tibb, hüquq, iqtisadiyyat, kənd təsərrüfatı və digər sahələrdə də rəqəmsal texnologiyaların rolu getdikcə artır. Artıq hər bir mütəxəssis özünün ənənəvi peşə bilikləri ilə yanaşı, rəqəmsal texnologiyaları da mənimsəməlidir. Başqa sözlə, müasir həkim, hüquqşünas, iqtisadçı və aqrar mütəxəssis öz sahəsinin bilikləri ilə yanaşı, rəqəmsal alətlərdən istifadə bacarıqlarına da malik olmalıdır. Beləliklə, əmək bazarının özündə ciddi transformasiya baş verir. Süni intellekt texnologiyaları isə artıq günümüzün reallığıdır və bu prosesə daha böyük sürət qazandırır. 

Süni intellektin əmək bazarına təsiri çoxşaxəlidir. İlk növbədə, rutin və təkrarlanan əməliyyatları yerinə yetirən bəzi peşələrin aradan çıxması təbii prosesdir. Bununla yanaşı, süni intellektin inkişafı yeni texnoloji fəaliyyət istiqamətləri yaradır. Məsələn, məlumatların (datların) toplanması, sistemləşdirilməsi, düzgünlüyünün yoxlanılması, təhriflərdən qorunması, etibarlı saxlanması, təhlükəsizliyinin təmin edilməsi və emalı artıq ayrıca peşəkar fəaliyyət sahələrinə çevrilir. Bu prosesin hər mərhələsi üzrə ixtisaslı mütəxəssislərin yetişdirilməsinə ehtiyac yaranır. Artıq data mühəndislərinə, data menecerlərinə, data analitiklərinə, məlumatların tədqiqi ilə məşğul olan alimlərə, süni intellekt mühəndislərinə tələbat formalaşır. 

Süni intellekt mühəndisləri müxtəlif modellərin tətbiqi, parametrlərinin tənzimlənməsi, arxitektura həllərinin seçilməsi, modellərin təkmilləşdirilməsi və qiymətləndirilməsi ilə məşğul olurlar. Eyni zamanda, süni intellekt sistemlərinin yol verdiyi səhvlərin aşkarlanması, təhlili və aradan qaldırılması da mühüm peşəkar fəaliyyət istiqamətidir. 

Göründüyü kimi, süni intellektin və ümumilikdə rəqəmsal transformasiyanın dərinləşməsi əmək bazarının xarakterini dəyişir. Yeni texnologiyalarla birlikdə yeni peşələr də sürətlə meydana çıxır.  Bu istiqamətdə diqqət çəkmək istədiyim sahələrdən biri də prompt mühəndisliyidir. Bildiyiniz kimi, generativ süni intellekt modelləri mətn, təsvir, video və digər məzmunlar yarada bilir. Lakin istifadəçi çox vaxt öz istəyini süni intellekt modelinə düzgün və dəqiq çatdırmaqda çətinlik çəkir. Məhz bu ehtiyac yeni peşə istiqamətinin - prompt mühəndisliyinin formalaşmasına səbəb olur. Prompt mühəndisləri istifadəçinin istəyini süni intellektin anlaya və düzgün icra edə biləcəyi formada ifadə etməyə kömək edirlər. Bu istiqamət müxtəlif sahələrdə tətbiq oluna bilər. Məsələn, tibb, siyasət, hüquq və digər sahələr üzrə ixtisaslaşmış prompt mühəndislərinə ehtiyac yarana bilər.

Başqa sözlə, istifadəçinin arzusunu və məqsədini süni intellektin imkanları ilə reallaşdırmaq üçün insanla texnologiya arasında müəyyən mənada ssenarist və rejissor rolunu oynayan mütəxəssislər tələb olunur. Onlar insanın istəyini texnologiyanın dilinə çevirir, tapşırıqların düzgün ardıcıllığını və icra məntiqini müəyyənləşdirirlər. Artıq inkişaf etmiş ölkələrin əmək bazarında bu istiqamətdə mütəxəssislər meydana çıxmaqdadır.

Əslində, hər bir sənaye inqilabı əmək bazarına ciddi təsir göstərib. Birinci və ikinci sənaye inqilabları dövründə də bir çox ənənəvi peşələr tədricən aradan çıxıb. Vaxtilə geniş yayılmış, lakin bu gün artıq mövcud olmayan peşələrin yerini mexanikləşdirmə, elektrikləşdirmə və avtomatlaşdırma nəticəsində yeni fəaliyyət istiqamətləri tutub.   İndi də oxşar proses baş verir. Süni intellekt və digər qabaqcıl texnologiyalar əmək bazarının strukturunu dəyişir. Süni intellekt hansı işi daha asan və səmərəli şəkildə yerinə yetirə bilirsə, həmin işlərin avtomatlaşdırılması ehtimalı da artır. Sadə və təkrarlanan əməliyyatların bir qismi gələcəkdə ağıllı qurğular, robotlar və dronlar vasitəsilə həyata keçirilə bilər. Məsələn, səhiyyə müəssisələrində bəzi yardımçı əməliyyatlar, restoranlarda yeməklərin çatdırılması, poçt və digər xidmətlərin müəyyən mərhələləri avtomatlaşdırıla bilər. 
Beləliklə, əmək bazarı süni intellektin inkişaf tempinə uyğunlaşır və bu proses yeni peşələrə, yeni bilik və bacarıqlara ehtiyac yaradır.

“Bizim tanıdığımız robotlar və humanoidlər artıq kobotlara çevrilir”

- Son vaxtlar beşinci sənaye inqilabının ilkin əlamətlərinin meydana çıxdığı bildirilir. Azərbaycan, beşinci sənaye inqilabının çağırışlarına nə dərəcədə hazırdır?

- Dördüncü sənaye inqilabı dedikdə, cəmiyyəti və onun ayrı-ayrı sahələrini yüksək sürətlə dəyişdirən bir sıra qabaqcıl texnologiyalar nəzərdə tutulur. Bunların sırasında bulud texnologiyaları və əşyaların interneti xüsusi yer tutur. Bildiyiniz kimi, dördüncü sənaye inqilabına qədər əsasən insanların internetindən söhbət gedirdi. İnsanlar kompüterlər vasitəsilə informasiya mübadiləsi aparırdılar. Sonradan isə müxtəlif fiziki parametrləri ölçən xüsusi sensorlar və qurğular meydana çıxdı. Bu texnologiyalar temperatur, təzyiq və digər göstəricilər haqqında məlumatların toplanmasına, ilkin emalına və internet vasitəsilə ötürülməsinə imkan yaratdı. Beləliklə, əşyaların interneti (IoT) texnologiyası formalaşdı.

Bu texnologiyanın digər mühüm tətbiq istiqamətlərindən biri də insan orqanizmi və sağlamlığı ilə bağlı məlumatların toplanmasıdır. Müxtəlif qadcetlər və ağıllı qurğular vasitəsilə insanın sağlamlıq göstəricilərini izləmək, məlumatları sistemləşdirmək və təhlil etmək mümkün olur. 

Bütün bunlar rəqəmsal əkiz texnologiyasının aktuallığını artırıb. Rəqəmsal əkiz dedikdə, hər hansı texnoloji və ya təbii obyektin, prosesin, hətta insanın vəziyyətini əks etdirən rəqəmsal model nəzərdə tutulur. Məsələn, ağacların vəziyyəti, vəhşi heyvanların hərəkəti, istehsal prosesləri və insan sağlamlığı haqqında məlumatlar fasiləsiz toplanaraq vahid sistemdə emal edilə bilər. Bu məlumatlar real vaxt rejimində yeniləndikdə obyektin rəqəmsal əkizini yaratmaq mümkün olur.   Beləliklə, dördüncü sənaye inqilabının texnologiyaları istehsal, nəqliyyat, energetika, neft-qaz sənayesi və digər sahələrlə yanaşı, birbaşa insan həyatına da nüfuz edir. Nəticədə insanla texnologiya arasında daha sıx qarşılıqlı əlaqə yaranır.

Məhz bu baxımdan dördüncü sənaye inqilabının texnologiyaları getdikcə insan yönümlü xarakter alır. Bizim indiyədək tanıdığımız robotlar və humanoidlər artıq kobotlara - insanlarla əməkdaşlıq edən robotlara çevrilir. 
Kobot anlayışı insanlarla birgə fəaliyyət göstərən, onlarla qarşılıqlı əlaqə quran robot sistemlərini ifadə edir. Bu texnologiyalar iş yerlərində və gündəlik həyatda insanlarla təmasda olur. Burada yalnız texniki məsələlər deyil, həm də etik və hüquqi münasibətlər, qarşılıqlı anlaşma kimi məsələlər aktuallaşır. 

Süni intellektlə təchiz olunmuş qurğular insanı fərdi şəkildə tanımaq, onun əhvali-ruhiyyəsini, davranışını, xarakterini və hətta nitq xüsusiyyətlərini (hətta ləhcəsini) müəyyənləşdirmək imkanları əldə edir. İnsana adı ilə müraciət etmək, onun vəziyyəti ilə maraqlanmaq və verdiyi tapşırıqları yerinə yetirmək kimi funksiyalar bu texnologiyaların imkanlarını daha da genişləndirir.
Göründüyü kimi, süni intellekt daşıyıcısı olan texnoloji qurğular tədricən insan cəmiyyətinə xas olan bəzi xüsusiyyətləri mənimsəyir. Bu da onların insanlarla daha təbii qarşılıqlı əlaqə qurmasına şərait yaradır. 

Ümumiləşdirsək, dördüncü sənaye inqilabının texnologiyalarının insan cəmiyyəti ilə daha sıx inteqrasiyası beşinci sənaye inqilabının əsas xüsusiyyətlərindən birini təşkil edir.  Ümumən, bu proses belədir: 4-ci sənaye inqilabı üstəgəl insan cəmiyyəti, 5-ci sənaye inqilabına bərabərdir. 

Beşinci sənaye inqilabının mahiyyəti ondan ibarətdir ki, süni intellekt texnologiyaları, intellektual agentlər və generativ modellər insanlarla daha fəal qarşılıqlı əlaqəyə girəcək, insanların sağlamlığı və həyat fəaliyyəti ilə bağlı məlumatları toplayacaq, onların rəqəmsal əkizlərinin yaradılmasına imkan verəcək. Bütün bunlar 5-ci sənaye inqilabının yaradacağı reallıqlardır. 

“Milli data ekosisteminin yaradılması xüsusi əhəmiyyət daşıyır”

- Süni intellekt və bulud texnologiyalarının inkişafı kibertəhlükəsizlik, kibersuverenlik və məlumatların qorunması ilə bağlı məsələləri də aktuallaşdırır. Azərbaycanda bu sahədə vəziyyət necədir və hansı addımlar atılır?

- İlk növbədə, qeyd etmək istərdim ki, hazırda ölkəmizdə kibertəhlükəsizliyin təmin olunması istiqamətində müəyyən işlər həyata keçirilir. Bu məsələyə sistemli yanaşdıqda, ilk növbədə, şəbəkə və kommunikasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi zərurəti ortaya çıxır. Bununla yanaşı, cəmiyyətin müxtəlif sahələrində toplanan məlumatların düzgün və etibarlı şəkildə əldə edilməsi, ötürülməsi, saxlanması və emalı da mühüm əhəmiyyət daşıyır. Məhz bu ehtiyac məlumat suverenliyi anlayışını aktuallaşdırır.

 Digər mühüm məsələ həmin məlumatların emalını həyata keçirən texnoloji infrastrukturun yaradılmasıdır. Superkompüter infrastrukturu və data mərkəzlərinin formalaşdırılması ölkənin milli maraqlarına xidmət etməli, milli hüquqi və konstitusion mühit çərçivəsində fəaliyyət göstərməlidir. Bu sistemlər həm cəmiyyət, həm də dövlət qarşısında məsuliyyət daşımalı, kənar təsirlərə qarşı etibarlı və dayanıqlı olmalıdır. 

Bütün bunlar dövlətin kibersuverenliyinin və rəqəmsal suverenliyinin təmin edilməsini zəruri edir. Bu istiqamətdə Azərbaycanda ölkə başçısı tərəfindən müvafiq dövlət qurumlarının və alimlərin qarşısında konkret vəzifələr müəyyənləşdirilib. Xüsusilə vurğulamaq istərdim ki, Azərbaycanda rəqəmsal mühit sürətlə inkişaf edir. Süni intellekt texnologiyalarının ölkəmizdə tətbiqi, bu sahədə dövlət strategiyasının qəbul edilməsi və müvafiq qurumların qarşısında mühüm vəzifələrin qoyulması yeni mərhələnin başlanğıcından xəbər verir. 

Əsas məsələ ondan ibarətdir ki, fəaliyyət sahəsindən asılı olmayaraq, hər kəs öz məlumatlarına sahib çıxmalıdır. İstər səhiyyə, istər bank-maliyyə sektoru, istərsə də dövlət idarəçiliyi olsun, hər bir sahədə məlumatlar vaxtında və düzgün toplanmalı, etibarlı şəkildə saxlanmalı və səmərəli emal edilməlidir.
 
Bu baxımdan milli data ekosisteminin yaradılması xüsusi əhəmiyyət daşıyır. Məlumatların toplanması, idarə olunması, emalı və təhlükəsizliyinin təmin edilməsi vahid və sistemli yanaşma tələb edir. Təbii ki, bu istiqamətdə müəyyən problemlər və obyektiv çətinliklər də mövcuddur. Lakin ölkəmizdə milli kibersuverenliyin təmin edilməsi məqsədilə dövlət proqramları çərçivəsində ardıcıl və sistemli tədbirlər həyata keçirilir.