Süni intellekt yeni peşələr yaradır – Akademik Rasim Əliquliyev
Süni intellekt texnologiyalarının sürətli inkişafı əmək bazarında ciddi dəyişikliklərə səbəb olur. Bir tərəfdən, ənənəvi peşələrin bir qismi avtomatlaşdırılır, digər tərəfdən isə yeni ixtisaslar meydana çıxır. Artıq süni intellektin proqram təminatı hazırlamaq imkanları proqramçılıq sahəsində də müəyyən dəyişikliklər yaradır. Bu şəraitdə IT ixtisasları üzrə təhsil alan tələbələr hansı istiqamətlərə üstünlük verməlidirlər?
“Təhsil TV” və “Azərbaycan müəllimi”nə müsahibəsində AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev bu sualı belə cavablandırıb: “Hazırda əmək bazarında çox ciddi rəqəmsal transformasiya prosesləri gedir. Bu dəyişikliklər yalnız informasiya texnologiyaları ilə bağlı peşələri əhatə etmir. Tibb, hüquq, iqtisadiyyat, kənd təsərrüfatı və digər sahələrdə də rəqəmsal texnologiyaların rolu getdikcə artır. Artıq hər bir mütəxəssis özünün ənənəvi peşə bilikləri ilə yanaşı, rəqəmsal texnologiyaları da mənimsəməlidir. Başqa sözlə, müasir həkim, hüquqşünas, iqtisadçı və aqrar mütəxəssis öz sahəsinin bilikləri ilə yanaşı, rəqəmsal alətlərdən istifadə bacarıqlarına da malik olmalıdır.
Beləliklə, əmək bazarının özündə ciddi transformasiya baş verir. Süni intellekt texnologiyaları isə artıq günümüzün reallığıdır və bu prosesə daha böyük sürət qazandırır.
Süni intellektin əmək bazarına təsiri çoxşaxəlidir. İlk növbədə, rutin və təkrarlanan əməliyyatları yerinə yetirən bəzi peşələrin aradan çıxması təbii prosesdir. Bununla yanaşı, süni intellektin inkişafı yeni texnoloji fəaliyyət istiqamətləri yaradır. Məsələn, məlumatların (dataların) toplanması, sistemləşdirilməsi, düzgünlüyünün yoxlanılması, təhriflərdən qorunması, etibarlı saxlanması, təhlükəsizliyinin təmin edilməsi və emalı artıq ayrıca peşəkar fəaliyyət sahələrinə çevrilir. Bu prosesin hər mərhələsi üzrə ixtisaslı mütəxəssislərin yetişdirilməsinə ehtiyac yaranır. Artıq data mühəndislərinə, data menecerlərinə, data analitiklərinə, məlumatların tədqiqi ilə məşğul olan alimlərə, süni intellekt mühəndislərinə tələbat formalaşır.
Süni intellekt mühəndisləri müxtəlif modellərin tətbiqi, parametrlərinin tənzimlənməsi, arxitektura həllərinin seçilməsi, modellərin təkmilləşdirilməsi və qiymətləndirilməsi ilə məşğul olurlar. Eyni zamanda, süni intellekt sistemlərinin yol verdiyi səhvlərin aşkarlanması, təhlili və aradan qaldırılması da mühüm peşəkar fəaliyyət istiqamətidir.
Göründüyü kimi, süni intellektin və ümumilikdə rəqəmsal transformasiyanın dərinləşməsi əmək bazarının xarakterini dəyişir. Yeni texnologiyalarla birlikdə yeni peşələr də sürətlə meydana çıxır.
Bu istiqamətdə diqqət çəkmək istədiyim sahələrdən biri də prompt mühəndisliyidir. Bildiyiniz kimi, generativ süni intellekt modelləri mətn, təsvir, video və digər məzmunlar yarada bilir. Lakin istifadəçi çox vaxt öz istəyini süni intellekt modelinə düzgün və dəqiq çatdırmaqda çətinlik çəkir. Məhz bu ehtiyac yeni peşə istiqamətinin – prompt mühəndisliyinin formalaşmasına səbəb olur.
Prompt mühəndisləri istifadəçinin istəyini süni intellektin anlaya və düzgün icra edə biləcəyi formada ifadə etməyə kömək edirlər. Bu istiqamət müxtəlif sahələrdə tətbiq oluna bilər. Məsələn, tibb, siyasət, hüquq və digər sahələr üzrə ixtisaslaşmış prompt mühəndislərinə ehtiyac yarana bilər.
Başqa sözlə, istifadəçinin arzusunu və məqsədini süni intellektin imkanları ilə reallaşdırmaq üçün insanla texnologiya arasında müəyyən mənada ssenarist və rejissor rolunu oynayan mütəxəssislər tələb olunur. Onlar insanın istəyini texnologiyanın dilinə çevirir, tapşırıqların düzgün ardıcıllığını və icra məntiqini müəyyənləşdirirlər. Artıq inkişaf etmiş ölkələrin əmək bazarında bu istiqamətdə mütəxəssislər meydana çıxmaqdadır.
Əslində, hər bir sənaye inqilabı əmək bazarına ciddi təsir göstərib. Birinci və ikinci sənaye inqilabları dövründə də bir çox ənənəvi peşələr tədricən aradan çıxıb. Vaxtilə geniş yayılmış, lakin bu gün artıq mövcud olmayan peşələrin yerini mexanikləşdirmə, elektrikləşdirmə və avtomatlaşdırma nəticəsində yeni fəaliyyət istiqamətləri tutub.
İndi də oxşar proses baş verir. Süni intellekt və digər qabaqcıl texnologiyalar əmək bazarının strukturunu dəyişir. Süni intellekt hansı işi daha asan və səmərəli şəkildə yerinə yetirə bilirsə, həmin işlərin avtomatlaşdırılması ehtimalı da artır. Sadə və təkrarlanan əməliyyatların bir qismi gələcəkdə ağıllı qurğular, robotlar və dronlar vasitəsilə həyata keçirilə bilər. Məsələn, səhiyyə müəssisələrində bəzi yardımçı əməliyyatlar, restoranlarda yeməklərin çatdırılması, poçt və digər xidmətlərin müəyyən mərhələləri avtomatlaşdırıla bilər.
Beləliklə, əmək bazarı süni intellektin inkişaf tempinə uyğunlaşır və bu proses yeni peşələrə, yeni bilik və bacarıqlara ehtiyac yaradır”.




