“Ən təsirli profilaktika cəza deyil, səmimi ünsiyyətdir” – MÜSAHİBƏ
Uşaq və yeniyetmələrin narkotik və psixotrop maddələrin zərərli təsirlərindən qorunmasında erkən maarifləndirmə, ailə-məktəb əməkdaşlığı və vaxtında tibbi-psixoloji dəstək mühüm rol oynayır. Bu istiqamətdə aparılan maarifləndirmə tədbirlərinin uşaqların yaş və inkişaf xüsusiyyətlərinə uyğun təşkili, onların sağlam həyat tərzinə yönləndirilməsi və mümkün risklərin erkən müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.
Bəs uşaqlara narkotik vasitələrin fəsadları barədə hansı yaşdan məlumat verilməlidir? Valideynlər övladlarının davranışında baş verən hansı dəyişikliklərə diqqət yetirməli, narkotik asılılığı ilə bağlı şübhə yarandıqda necə davranmalıdırlar?
“Azərbaycan müəllimi”nin bu və digər suallarını Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Zöhrə İsmayılova cavablandırıb.
“Maarifləndirmə uşağın yaşına və inkişaf səviyyəsinə uyğun aparılmalıdır”
- Zöhrə xanım, uşaq və yeniyetmələrin narkotik vasitələrin fəsadları barədə tibbi baxımdan maarifləndirilməsi necə aparılmalıdır?
- Uşaq və yeniyetmələrin narkotik vasitələrin fəsadları barədə maarifləndirilməsi yalnız məlumatın ötürülməsi deyil, həm də onların sağlamlığının qorunmasına yönəlmiş davamlı profilaktik prosesdir. Bu prosesin səmərəliliyi verilən məlumatların uşağın yaşına, ontogenetik və koqnitiv inkişaf xüsusiyyətlərinə, düşüncə və qavrama səviyyəsinə uyğunluğundan birbaşa asılıdır.
Təhsil müəssisələri uşaqlara sistemli, mərhələli və elmi əsaslara söykənən biliklərin verilməsi, eyni zamanda onların davranışında və sosial münasibətlərində baş verən dəyişikliklərin müşahidə olunması baxımından ən əlverişli mühitdir. Burada şagirdlər yalnız məlumat əldə etmir, həm də mənimsədikləri bilikləri ətraflarına ötürən “canlı informasiya daşıyıcıları” – informasiya multiplikatorları rolunu oynayırlar.
Bu səbəbdən maarifləndirmə ayrı-ayrı, epizodik mühazirələrlə məhdudlaşmamalı, mövcud fənlərin tədris proqramlarına inteqrasiya edilməlidir. Təhsil müəssisələrinin tibb heyəti tərəfindən aparılan maarifləndirmə zamanı narkotik vasitələrin adı, növləri və ya istifadə üsulları barədə məlumat verilməməlidir. Əsas diqqət həmin maddələrin insan orqanizminə təsirinə, sağlamlığa vurduğu zərərlərə, ağır fəsadlarına və onlardan qorunma yollarına yönəldilməlidir.
Tədris proqramı çərçivəsində həyata keçirilən bu yanaşma ikiqat müdafiə mexanizmi yaradır. Bir tərəfdən, uşaq mənimsədiyi elmi və tibbi biliklər sayəsində qarşılaşdığı riskləri düzgün qiymətləndirərək təhlükəli təkliflərdən imtina etməyi öyrənir. Digər tərəfdən, uşağın ailəsinə çatdırdığı tibbi məlumatlar valideynlərin də maariflənməsinə kömək edir. Nəticədə valideynlər övladlarının davranışında və ya sağlamlıq vəziyyətində yarana biləcək patoloji dəyişiklikləri vaxtında müəyyənləşdirərək pediatr, narkoloq və psixoloq kimi mütəxəssislərə müraciət edə bilirlər.
Ümumilikdə, müəllimlər, məktəbin tibb heyəti və psixoloqu, valideynlər, eləcə də aidiyyəti qurumlar arasında əməkdaşlıq risklərin erkən müəyyənləşdirilməsi və uşaqların sağlamlığının qorunması baxımından olduqca vacibdir.

- Bu mövzuda hansı məlumatların hansı yaşdan etibarən verilməsi daha məqsədəuyğundur?
- Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) birgə hazırladığı “Narkotik vasitələrin istifadəsinin qarşısının alınmasına dair Beynəlxalq Standartlar” sənədində effektiv profilaktik proqramların hazırlanması üçün üç mühüm meyar müəyyənləşdirilib.
Bunlardan birincisi yaşa uyğunluqdur. Proqramların məzmunu və tətbiq edilən metodlar hədəf qrupun xronoloji yaşına uyğun olmalıdır. Məsələn, azyaşlı uşaqlar üçün oyun əsaslı metodlardan, yeniyetmələr üçün isə tənqidi təfəkkürü inkişaf etdirən müzakirələrdən istifadə daha səmərəli hesab olunur.
İkinci meyar inkişaf səviyyəsinə uyğunluqdur. Burada uşağın yalnız yaşı deyil, həm də onun idrak, emosional və sosial inkişaf xüsusiyyətləri nəzərə alınmalıdır. İnkişaf səviyyəsinə uyğun olmayan, həddindən artıq mürəkkəb və ya çox bəsit proqramlar gözlənilən nəticəni vermir.
Üçüncü mühüm meyar isə mədəniyyətə həssaslıqdır. Profilaktik tədbirlər həyata keçirildiyi cəmiyyətin, etnik qrupun və ya icmanın dəyərlərinə, adət-ənənələrinə və dilinə uyğunlaşdırılmalıdır. Çünki bir ölkədə uğurlu nəticə verən proqram mədəni fərqlər nəzərə alınmadan başqa bir cəmiyyətdə eyni dərəcədə effektiv olmaya bilər.
Bu yanaşma risk amillərinin minimuma endirilməsinə, xüsusilə uşaq və gənclərin psixoloji dözümlülüyünün artırılmasına xidmət edən mühüm elmi metodologiyadır.
Məktəbəqədər təhsil müəssisələrində maarifləndirmənin məzmunu və forması uşaqların yaşına, idrak və inkişaf xüsusiyyətlərinə uyğunlaşdırılmalıdır. Bu dövrdə uşaqlarda mücərrəd təfəkkür hələ formalaşmadığından onların düşüncəsi əsasən əyani-obrazlı xarakter daşıyır. Uşaqlar mürəkkəb tibbi terminləri, “narkotik” və ya “asılılıq” kimi anlayışları dərk etmək iqtidarında olmurlar. Ona görə də bu yaşda həmin terminlərdən istifadə tibbi və psixoloji baxımdan yolverilməzdir.
Bağçalarda “Ətraf aləmlə tanışlıq”, “Fiziki tərbiyə”, “Həyat fəaliyyətinin təhlükəsizliyi” kimi məşğələlər zamanı uşaqlara orqanizmə daxil olan hər bir maddənin – qida, içki və dərmanların onların sağlamlığına təsir göstərdiyi izah edilməlidir. Naməlum, tərkibi bilinməyən maddələrin, rəngli həblərin, yad şəxslərin təklif etdiyi şirniyyat və içkilərin sağlamlıq üçün təhlükəli ola biləcəyi uşaqların anlaya biləcəyi sadə dillə çatdırılmalıdır.
Eyni zamanda, uşaqlara dərmanların yalnız həkim təyinatı və valideyn nəzarəti ilə qəbul edilməli olduğu öyrədilməlidir. Tanımadıqları şəxslərdən qida, içki və ya hər hansı maddə təklifi aldıqda bundan imtina etmək, dərhal valideynə və ya tərbiyəçiyə məlumat vermək vərdişi formalaşdırılmalıdır.
Bu yaşda qorxulu şəkillərin, iynə və digər vasitələrin nümayiş etdirilməsi müsbət nəticə vermir, əksinə, uşaqlarda qorxu yarada bilər. Buna görə də məktəbəqədər yaş dövründə maarifləndirmə “sağlamlıq gigiyenası və özünüqoruma vərdişləri” konsepsiyası əsasında aparılmalıdır.
Ümumi təhsil müəssisələrində isə proqramların məzmunu ibtidai təhsil (I–IV siniflər), ümumi orta təhsil (V–IX siniflər) və tam orta təhsil (X–XI siniflər) səviyyələri üzrə fərqləndirilməlidir.
İbtidai siniflərdə də maarifləndirmə uşaqların yaş xüsusiyyətlərinə uyğun, qorxu yaratmadan və tibbi-profilaktik prinsiplər əsasında təşkil edilməlidir. Çünki bu yaşda qavrama qabiliyyəti və analitik təfəkkür hələ tam formalaşmayıb. Narkotik vasitələrin ağır fəsadlarından birbaşa danışmaq uşaqlarda psixoloji sarsıntı və ya lazımsız maraq yarada bilər.
Bu baxımdan maarifləndirmə sağlamlıq, təhlükəsizlik, orqanizmin qorunması və naməlum maddələrdən uzaq durmaq prinsiplərinə əsaslanmalıdır. “Sağlam bədəndə sağlam ruh olar” devizi altında uşaqlara sağlam qidalanmanın, öz orqanizmini qorumağın və təhlükəli vəziyyətlərdə düzgün qərar verməyin əhəmiyyəti aşılanmalıdır.

“Yeniyetmələrə təqdim edilən məlumatlar nə qorxu, nə də lazımsız maraq yaratmalıdır”
- Bəs yeniyetməlik dövründə, xüsusilə V–IX və X–XI siniflərdə maarifləndirmənin məzmunu necə dəyişməlidir?
- Ümumi orta təhsil səviyyəsində narkotik vasitələrin fəsadları barədə maarifləndirmə daha həssas yanaşma tələb edir. Çünki 10–15 yaş dövründə uşaqlar həm fizioloji, həm də psixoloji baxımdan mühüm keçid mərhələsi yaşayırlar.
Hormonal dəyişikliklər, özünü təsdiqləmək istəyi, sosial mühitə uyğunlaşma, maraq hissinin güclənməsi və riskləri düzgün qiymətləndirmək bacarığının hələ tam formalaşmaması bu dövrün əsas xüsusiyyətlərindəndir.
Ona görə də yeniyetmələrə təqdim edilən məlumatlar nə qorxu, nə də lazımsız maraq yaratmalıdır. Maarifləndirmə elmi faktlara əsaslanmalı, obyektiv və yaşa uyğun aparılmalıdır. Yeniyetmələr emosional mühakimələrdən daha çox dəqiq faktlara inanırlar.
Bu yaş qrupuna zərərli maddələrin qan dövranına, ağciyərlərə, yaddaşa, diqqətə və ümumilikdə orqanizmin fəaliyyətinə təsiri tibbi faktlarla izah edilməlidir. Məktəb psixoloqları və tibb bacıları müntəzəm olaraq fərdi və qrup söhbətləri təşkil etməlidirlər.
Əsas məqsəd yeniyetmələrə öz bədənlərinin, beyinlərinin və gələcəklərinin nə qədər dəyərli olduğunu elmi əsaslarla anlatmaqdır. Bununla yanaşı, müstəqil qərarvermə, həmyaşıdların təzyiqinə qarşı dayanmaq və qətiyyətlə “yox” demək bacarıqları da tibbi maarifləndirmənin tərkib hissəsinə çevrilməlidir.
Tam orta təhsil səviyyəsində, yəni 15–17 yaşlı şagirdlərlə iş zamanı isə mühazirə xarakterli, qorxutmaya əsaslanan metodlardan uzaq durmaq lazımdır. Bu yaşda yeniyetmələr artıq müstəqil düşünmək qabiliyyətinə malik olduqlarından onlarla yalnız “qadağandır” prinsipi əsasında deyil, səbəb-nəticə əlaqələrini izah edən tibbi dildə danışmaq daha məqsədəuyğundur.
Şagirdlərə izah edilməlidir ki, maddə asılılığı sadəcə “iradəsizlik” deyil, müalicə tələb edən xəstəlikdir. Narkotik vasitələrin ürək-damar sisteminə təsiri, infarkt riski, qaraciyərdə hepatit və sirroz, eləcə də sinir sistemində yarada biləcəyi geridönməz fəsadlar tibbi şəkillər, qrafiklər və qısa videoçarxlar vasitəsilə nümayiş etdirilə bilər.
Məktəblərdə anonim sual qutularının yaradılması da faydalıdır. Şagirdlər onları maraqlandıran, lakin açıq şəkildə soruşmağa çətinlik çəkdikləri sualları anonim formada təqdim edə, həkimlər isə həmin sualları tibbi baxımdan cavablandıra bilərlər.
Maarifləndirmə yalnız narkotik maddələrin zərərini izah etməklə məhdudlaşmamalıdır. Yeniyetmələr bilməlidirlər ki, stress, imtahan həyəcanı və ya depressiya zamanı narkotik vasitələrə deyil, tibbi və psixoloji yardıma müraciət etmək normal və doğru addımdır. Dost mühitindən gələn təzyiqlərə qarşı psixoloji müqavimətin gücləndirilməsi, qətiyyətlə “yox” demək bacarığının formalaşdırılması da bu prosesin mühüm istiqamətlərindəndir.
“Valideynlər bir əlamətə əsaslanaraq övladlarını ittiham etməməlidirlər”
- Valideynlər övladlarında narkotik və ya psixotrop maddə istifadəsi ehtimalını hansı ilkin fiziki, psixoloji və davranış əlamətlərindən müəyyən edə bilərlər?
- Bu həm ictimai, həm də tibbi baxımdan olduqca həssas məsələdir. Valideynlər hər hansı bir əlamətə əsaslanaraq övladlarını dərhal ittiham etməməlidirlər. Əsas diqqət uşağın fiziki vəziyyətində, psixologiyasında və davranışında eyni vaxtda baş verən qeyri-adi dəyişikliklərə yönəldilməlidir.
Narkotik və psixotrop maddələr mərkəzi sinir sisteminə spesifik təsir göstərən, asılılıq yarada bilən bitki və ya sintetik mənşəli maddələrdir. Onların toksik təsiri uşağın orqanizminə, psixi vəziyyətinə, düşüncə tərzinə və davranışına təsir edir. Nəticədə əvvəlki sağlam vərdişlər itə, xarakter və həyat tərzi dəyişə bilər.
Əhvalın, yuxu və qidalanma rejiminin, dostluq münasibətlərinin, fiziki görünüşün, hərəkət koordinasiyasının və məktəb göstəricilərinin qəfil və ya ciddi şəkildə dəyişməsi maddə istifadəsi ehtimalı ilə bağlı ola bilər. Əlbəttə, yeniyetməlik dövrünün özünəməxsus psixoloji və davranış dəyişiklikləri də mövcuddur. Buna görə də ayrı-ayrı əlamətlərə deyil, onların kompleks şəkildə özünü göstərməsinə diqqət yetirmək lazımdır.
İlkin fiziki əlamətlərdən biri gözlərdə yaranan dəyişikliklərdir. Göz bəbəklərinin həddindən artıq böyüməsi və ya daralması, işığa reaksiyasının zəifləməsi, gözlərin qızarması və baxışların dumanlı olması diqqət çəkə bilər.
Bundan başqa, günlərlə yuxusuz qalmaq və ya əksinə, günün böyük hissəsini yatmaq, davamlı halsızlıq, kəskin arıqlama, iştahsızlıq, bəzi hallarda şirniyyata tələbatın həddindən artıq artması müşahidə oluna bilər. Yeriyərkən səndələmə, nitqin ləngiməsi və ya qeyri-səlis olması, əllərin əsməsi, şəxsi gigiyenaya, geyimə və xarici görünüşə qarşı marağın qəfil itməsi də mümkün əlamətlər sırasındadır.
Psixoloji dəyişikliklər isə daha çox əhvalın kəskin dəyişməsi, səbəbsiz aqressiya, qəzəb, yaxud əksinə, dərin ruh düşkünlüyü və süstlüklə özünü göstərə bilər. Əsassız narahatlıq, kiminsə onu izlədiyini və ya zərər vermək istədiyini düşünmək, şübhə hissinin güclənməsi, diqqət və yaddaş pozuntuları, yaxın keçmişdə baş verən hadisələrin və verilən sözlərin unudulması, konsentrasiyanın zəifləməsi də bu qəbildəndir.
Davranış dəyişikliklərini isə valideynlər çox vaxt gündəlik həyat prosesində daha tez müşahidə edirlər. Dərslərdən yayınma, təhsil göstəricilərinin aşağı düşməsi, müəllimlərdən şikayətlərin artması, əvvəlki dostlardan uzaqlaşma, tanınmayan və yaşca daha böyük şəxslərlə vaxt keçirməyə üstünlük verilməsi belə dəyişikliklərdəndir.
Eyni zamanda, uşağın otağına qapanması, qapını kilidləməsi, çantasını və şəxsi əşyalarını göstərmək istəməməsi, cib pulunun tez bitməsi, tez-tez borc istəməsi, evdən xırda pul və ya qiymətli əşyaların itməsi də valideynlərin diqqətindən yayınmamalıdır.
Otaqda əvvəllər olmayan əşyaların – folqa parçalarının, şüşə boruların, damcılıq şüşələrinin, boş dərman qablarının görünməsi, qəribə qoxuları gizlətmək üçün ətir və otaq spreylərindən həddindən artıq istifadə edilməsi də şübhə yarada bilər. Ailəvi yeməklərdən imtina, ailə üzvlərindən uzaqlaşma və gecə saatlarında evdən çıxmaq kimi dəyişikliklər də ümumi vəziyyətlə birlikdə qiymətləndirilməlidir.
Bir daha vurğulamaq istəyirəm ki, sadalanan əlamətlərin hər biri ayrı-ayrılıqda narkotik istifadəsinin sübutu deyil. Valideynlər uşağın həyatında baş verən dəyişiklikləri diqqətlə müşahidə etməli, səbəbləri aydınlaşdırmağa çalışmalıdırlar.
- Hansı əlamətlər artıq mütəxəssisə müraciəti zəruri edir?
- Bir və ya iki yüngül əlamət yeniyetməlik dövrünün inkişaf xüsusiyyətləri ilə bağlı ola bilər. Lakin bəzi hallar var ki, onların müşahidə olunması dərhal tibbi müdaxilə tələb edir.
İlk növbədə, hallüsinasiyalar və sayıqlamalar ciddi təhlükə əlamətləridir. Uşağın mövcud olmayan səsləri eşitməsi, görüntülər görməsi, reallıqla əlaqəsinin pozulması, “qulağıma səs gəlir”, “məni öldürmək istəyirlər” kimi ifadələr işlətməsi diqqətdən kənarda qalmamalıdır.
Kəskin psixoz və idarəolunmaz aqressiya halları da təcili müdaxilə tələb edir. Uşağın özünə və ya ailə üzvlərinə fiziki zərər vurmağa cəhd etməsi, əşyaları sındırması, idarəedilməz əsəb tutmaları yaşaması belə hallardandır.
Daha təhlükəli vəziyyətlərdən biri doza həddinin aşılması ehtimalıdır. Şüurun dumanlanması və ya tam itməsi, çağırışlara reaksiya verilməməsi, dərinin kəskin solması, dodaqların və dırnaqların göyərməsi, tənəffüsün zəifləməsi, xırıltılı olması və ya dayanması, ürək döyüntüsünün kəskin azalması həyati təhlükə yaradır. Belə vəziyyətlərdə vaxt itirmədən 103 nömrəsinə zəng edərək təcili tibbi yardım çağırılmalıdır.
Abstinensiya sindromu da xüsusi diqqət tələb edir. Xalq arasında “lomka” kimi tanınan bu vəziyyət asılılıq yaradan maddənin qəbulunun qəfil dayandırılması və ya dozasının azaldılması nəticəsində yaranır. Bu zaman kəskin fiziki, oynaq və əzələ ağrıları, qusma, ishal, həddindən artıq tərləmə, titrəmə və digər fiziki-psixoloji simptomlar müşahidə oluna bilər.
İntihar düşüncələri, özünə xəsarət yetirmə cəhdləri, bədəndə kəsik izlərinin olması və yaşamaq istəmədiyini dilə gətirməsi də təcili peşəkar yardım tələb edən hallardır.
Valideynlər belə vəziyyətlərdə övladları ilə qışqıraraq danışmamalı, onları təhdid etməməli və cəzalandırmağa çalışmamalıdırlar. Bu cür münasibət uşağın daha da qapanmasına səbəb ola bilər. Əsas məsələ problemi qəbul etmək, sakit, dəstəkləyici, eyni zamanda qətiyyətli mövqe nümayiş etdirməkdir. Şübhə yarandıqda məxfilik və anonimlik prinsiplərinin qorunduğu ixtisaslaşmış tibb müəssisələrinə, təcili hallarda isə təcili tibbi yardım xidmətinə müraciət olunmalıdır.
“Narkotik maddələrə maraq və asılılıq riski 12-17 yaş dövründə daha yüksəkdir”
- Narkotik maddələrə maraq və aludəçilik riskinin daha yüksək olduğu yaş intervalı hansıdır?
- Narkotik maddələrə marağın, ilk sınama hallarının və asılılıq riskinin daha yüksək olduğu dövr 12–17 yaş aralığı, xüsusilə 14–16 yaş mərhələsidir.
Bu dövrdə riski artıran əsas bioloji amillərdən biri beynin müxtəlif hissələrinin fərqli sürətlə inkişaf etməsidir. Emosiya, yaddaş, motivasiya və əsas instinktlərlə əlaqəli limbik sistem sürətlə inkişaf etdiyi halda, məntiqi mühakimə, qərarvermə, nəticə çıxarma və sosial davranışın tənzimlənməsinə cavabdeh olan prefrontal qabığın inkişafı hələ tamamlanmır. Bu proses təxminən 25 yaşa qədər davam edir.
Həmin inkişaf fərqi yeniyetmələrdə impulsivliyi, yeni hisslərə marağı və riskli davranışlara meyli artırır. Onlar müəyyən hərəkətlərin nəticələrini hər zaman düzgün qiymətləndirə bilmirlər.
10–12 yaş daha çox marağın formalaşdığı dövr hesab olunur. Uşaq eşitdiyi və gördüyü yeni məlumatlara maraq göstərə bilər. Bu mərhələdə beynin həzz və mükafatlandırma ilə əlaqəli sistemləri aktivləşdiyi halda, qərarvermə və özünənəzarət mexanizmləri hələ tam inkişaf etməmiş olur.
12–15 yaş dövründə ilk sınaq riski artır. Yeniyetmə həmyaşıdlarının təsiri ilə siqaret, veyp, spirtli içki və ya narkotik maddələri sınamağa meyil göstərə bilər. Statistik məlumatlarda ilk sınaq hallarının böyük hissəsinin 13–15 yaş arasında baş verdiyi göstərilir.
15–17 yaş isə riskin xüsusilə yüksəldiyi mərhələdir. Bu dövrdə müstəqillik istəyinin artması, ailədən kənarda daha çox vaxt keçirmək, gecə həyatı və müxtəlif məclislər, imtahan stressi, emosional münasibətlər kimi amillər yeniyetmənin davranışına təsir göstərə bilər.
18–25 yaş aralığında isə yeniyetməlikdə başlanmış zərərli vərdişlərin möhkəmlənməsi və asılılığın xroniki xarakter alması riski mövcuddur.
Lakin burada yalnız bioloji yaş amillərindən danışmaq düzgün olmaz. Ailə və sosial mühit də riskin artmasına və ya azalmasına ciddi təsir edir. Yeniyetməlik dövründə dostların fikri və etibarı daha böyük əhəmiyyət qazanır. Müəyyən qrupa daxil olmaq, yaşıdları arasında qəbul edilmək, “uşaq kimi görünməmək” və ya “cəsarətli” hesab olunmaq istəyi ilk maddə istifadəsinə təkan verən amillərdəndir.
Zorakılığa məruz qalmaq, məktəbdə özünü tənha hiss etmək, sosial şəbəkələrdə narkotik maddələrin təbliği, asudə vaxtın düzgün təşkil olunmaması da riski artıran hallardır.
Ailə mühitinin təsiri də olduqca böyükdür. Ailədaxili gərginlik, valideynlə uşaq arasında açıq ünsiyyətin olmaması, yeniyetmənin problemlərini evdə bölüşə bilməməsi, həddindən artıq sərt və avtoritar münasibət, yaxud əksinə, tam laqeydlik risk amilləridir. Evdə siqaret və spirtli içki istifadəsinin adi davranış kimi qəbul olunması da yeniyetmənin psixoaktiv maddələrə münasibətinin formalaşmasına təsir edir.

- Bu dövrdə ailə və sosial mühitin təsiri nəzərə alınmaqla valideynlər hansı profilaktik addımları atmalı və övladları ilə bu mövzuda necə ünsiyyət qurmalıdırlar?
- Ən təsirli profilaktika cəza deyil, səmimi ünsiyyət, sağlam həyat tərzi və psixoloji dözümlülük mühitinin yaradılmasıdır. İlk növbədə, uşaqların gündəlik həyatının və asudə vaxtının düzgün təşkilinə diqqət yetirilməlidir. Fiziki aktivlik, idman məşğələləri, incəsənət, proqramlaşdırma və digər inkişafetdirici fəaliyyətlər onların maraqlarının sağlam istiqamətdə formalaşmasına kömək edir.
Valideynlər övladlarının dost çevrəsini və sosial mühitini tanımalıdırlar. Lakin bunu davamlı ittiham, şübhə və qadağalarla etmək düzgün deyil. Uşağın dostlarını mühakimə etmək əvəzinə, onları evə dəvət etmək, ünsiyyət qurmaq və sosial çevrəsini yaxından tanımaq daha məqsədəuyğundur. Şübhəli şəxslərin davranışlarını da yeniyetmə ilə birlikdə məntiqi şəkildə təhlil etmək lazımdır.
Digər vacib məqam uşağa “xeyr” demək bacarığının aşılanmasıdır. Əgər yeniyetməyə evdə öz fikrini sərbəst bildirmək və müəyyən məsələlərdə “yox” demək hüququ tanınmırsa, onun kənar mühitdə yaşıdlarının təzyiqinə qarşı dayanması da çətinləşə bilər.
Valideynlərin şəxsi nümunəsi xüsusi əhəmiyyət daşıyır. Evdə tütün məmulatlarından, spirtli içkilərdən və ya həkim təyinatı olmadan sakitləşdirici dərmanlardan geniş istifadə edilməsi yeniyetmənin psixoaktiv maddələrə qarşı psixoloji baryerini zəiflədə bilər. Valideyn özü sağlam davranış nümunəsi göstərmədikdə uşağa sadəcə “sən bunu etmə” demək gözlənilən təsiri vermir.
Yeniyetmə ilə ünsiyyət mühazirə və ya istintaq xarakteri daşımamalı, qarşılıqlı dialoq əsasında qurulmalıdır. Uşağın çantasını gizlicə axtarmaq, şəxsi əşyalarını icazəsiz yoxlamaq, onu təhdid etmək və davamlı nəsihət vermək emosional uzaqlaşmaya və əks-reaksiyaya səbəb ola bilər.
Valideynlər mövzu ilə bağlı söhbətə gündəlik həyatda qarşılaşdıqları hər hansı hadisədən başlaya bilərlər. Məsələn, “Bu gün sosial şəbəkədə süni narkotiklərin əlçatanlığı barədə elmi məqalə oxudum, sənin bu barədə fikrin nədir?” kimi sual yeniyetmənin mövqeyini öyrənmək üçün imkan yaradır.
“Səncə, dostlarının belə maddələri sınamasının əsas səbəbi nə ola bilər?” kimi açıq suallar da uşağın düşüncəsini, mövzu barədə bildiklərini və risklərə münasibətini anlamağa kömək edir.
Ən vacibi isə yeniyetmənin valideyn dəstəyinə əmin olmasıdır. Uşağa “Hansı çətin vəziyyətə düşsən də, mənə hər şeyi dürüst deyə bilərsən, biz birlikdə həll yolu tapacağıq” mesajı verilməlidir.
Şübhə yarandıqda “özü keçər” düşüncəsi ilə gözləmək düzgün deyil. İlk addım ailə həkimi, məktəb həkimi və ya məktəb psixoloqu ilə məsləhətləşmək olmalıdır. Bu mütəxəssislər vəziyyəti qiymətləndirərək valideynləri düzgün istiqamətləndirə bilərlər.

- Narkotik asılılığı müəyyən olunan uşaq və gənclərin müalicəsinin yarımçıq qalmaması, sonrakı tibbi nəzarətin davam etdirilməsi və təkrar istifadənin qarşısının alınması üçün hansı yanaşmalar tətbiq olunur?
- Narkotik asılılığı müəyyən olunmuş uşaq və gənclərin müalicəsi yalnız orqanizmin narkotik maddələrdən təmizlənməsi ilə başa çatmır. Bu, uzunmüddətli, multidissiplinar və kompleks yanaşma tələb edən reabilitasiya və resosializasiya prosesidir.
Başqa sözlə, müalicə xəstəxanada bir dəfə yatmaqla bitmir. Sonrakı mərhələlərdə də davamlı tibbi müşahidə, psixoloji və sosial dəstək tələb olunur. Müalicənin yarımçıq qalması təkrar maddə istifadəsi riskini ciddi şəkildə artırır.
Müalicənin davamlılığını təmin etmək üçün tibbi, psixoloji və sosial mexanizmlər paralel şəkildə həyata keçirilməlidir.
İlkin mərhələdə, yəni stasionar müalicə dövründə kəskin asılılıq vəziyyətinin, abstinensiya sindromunun və fiziki fəsadların aradan qaldırılmasına diqqət yetirilir. Müalicə kompleks və mərhələli şəkildə aparılır.
Fiziki asılılığın kəskin əlamətləri aradan qaldırıldıqdan sonra psixoloji reabilitasiya xüsusi əhəmiyyət qazanır. Bu mərhələdə koqnitiv-davranış terapiyası, motivasiyaedici müsahibə və digər psixoterapevtik üsullardan istifadə olunaraq psixoloji asılılığın aradan qaldırılması istiqamətində iş aparılır.
Eyni zamanda, resosializasiya və reinteqrasiya tədbirləri həyata keçirilməlidir. Məqsəd gəncin cəmiyyətə, təhsil mühitinə və ya əmək fəaliyyətinə maneəsiz qayıtmasını təmin etməkdir.
Stasionar müalicədən sonrakı dövrdə mütəmadi ambulator nəzarət vacibdir. Gənc müəyyən edilmiş qrafikə uyğun olaraq mütəxəssis müayinələrindən keçməli, sağlamlıq vəziyyəti davamlı izlənilməlidir. Təkrar istifadənin erkən aşkarlanması məqsədilə xəbərdarlıq edilmədən ekspress-skrininq narkotestləri də tətbiq oluna bilər.
Zərurət yarandıqda həkim nəzarəti altında farmakoloji dəstək davam etdirilir. Bu zaman psixoaktiv maddəyə olan asılılığın azaldılması üçün müvafiq dərman müalicəsi ambulator şəraitdə aparıla bilər.
Müalicənin mühüm istiqamətlərindən biri də residivin, yəni təkrar istifadənin qarşısının alınmasıdır. Bunun üçün ilk növbədə gənci maddə istifadəsinə sövq edən amillər müəyyənləşdirilməlidir. Stress, müəyyən dost çevrəsi, sosial mühit və digər təhrikedici vəziyyətlər tanınmalı, həmin situasiyalardan yayınmaq bacarığı formalaşdırılmalıdır.
Bununla yanaşı, fərdi krizis planının hazırlanması vacibdir. Gəncdə maddə istifadəsinə qarşı kəskin istək yarandıqda nə etməli olduğu, kimə müraciət edəcəyi və hansı addımları atacağı əvvəlcədən müəyyənləşdirilməlidir.
Anonim dəstək qrupları da reabilitasiya prosesinə müsbət təsir göstərə bilər. Oxşar çətinliklər yaşayan gənclərin bir-birinə dəstək verməsi onların müalicəyə motivasiyasını gücləndirir.
Bu mərhələdə valideynlərin mövqeyi həlledicidir. Onlar övladlarını cəzalandıran deyil, dəstəkləyən tərəf olmalıdırlar. Zərurət yarandıqda uşağın sinfinin və ya məktəbinin dəyişdirilməsi də problemdən qaçış kimi deyil, yeni başlanğıc üçün imkan kimi təqdim edilməlidir.
Müalicənin yarımçıq qalmasına səbəb olan əsas amillərdən biri ailədaxili münaqişələr və ya laqeydlikdir. Buna görə də ailə yönümlü maarifləndirmə reabilitasiyanın ayrılmaz hissəsidir. Valideynlərə gənclə düzgün davranış, həddindən artıq himayədarlıqdan qaynaqlanan münasibətlərin aradan qaldırılması və evdə təhlükəsiz, dəstəkləyici mühitin yaradılması öyrədilməlidir.
Ümumdünya Səhiyyə Təşkilatının yanaşmasına əsasən, uşaqların sağlamlıqları ilə bağlı düzgün məlumat almaq, qorunmaq və şəxsi məlumatlarının məxfiliyinin təmin olunması hüquqları var. Müalicənin bütün mərhələlərində bu prinsiplərin qorunması vacibdir.
“Məxfiliyin qorunması müalicənin özü qədər əhəmiyyətlidir”
- Belə hallarda uşağın və ya gəncin anonimliyinin qorunması və məlumatlarının məxfi saxlanılması necə təmin edilməlidir?
- Uşaq və gənclərin müalicədən imtina etməsinin, yaxud ailələrin belə problemləri gizlətməsinin əsas səbəblərindən biri damğalanma qorxusudur. Onlar diaqnozun ictimailəşməsinin hüquqi və sosial nəticələrindən, təhsildən kənarlaşdırılmaqdan, gələcək karyeralarında problemlərlə qarşılaşmaqdan narahat ola bilərlər.
Əgər uşaq onun sağlamlıq vəziyyəti və aldığı müalicə barədə məlumatların məktəbə, həmyaşıdlarına və ya qonşulara yayıldığını düşünərsə, bu, onda ümidsizlik yarada, müalicəyə münasibətini mənfi istiqamətdə dəyişə bilər. Buna görə də məxfiliyin qorunması müalicənin özü qədər əhəmiyyətlidir.
Tibdə “həkim sirri” anlayışı mövcuddur. Həkim xəstənin sağlamlıq vəziyyəti ilə bağlı məlumatları məxfi saxlamalıdır. Xəstənin adı, diaqnozu və müalicə aldığı müəssisə barədə məlumatlar onun və ya qanuni nümayəndəsinin razılığı olmadan üçüncü şəxslərə açıqlanmamalıdır. Bu prinsip həm beynəlxalq tibbi etika normalarında, həm də Azərbaycan qanunvericiliyində öz əksini tapır.
Yetkinlik yaşına çatmayan şəxslərin narkoloji asılılıqdan müalicəsi zamanı konfidensiallığın qorunmasına xüsusi diqqət yetirilməlidir.
Bir çox müasir narkoloji xidmətlərdə anonim və ya kodlaşdırılmış müraciət mexanizmlərindən istifadə olunur. Belə hallarda şəxsi məlumatların əvəzinə xüsusi identifikasiya kodları tətbiq edilə bilər. Elektron səhiyyə sistemlərində də müvafiq məlumatlara giriş məhdudlaşdırılır və yalnız müalicəni həyata keçirən səlahiyyətli tibb heyəti üçün əlçatan olur.
Müalicəyə könüllü müraciət edən yetkinlik yaşına çatmayanların və gənclərin məlumatlarının onların və ya qanuni nümayəndələrinin razılığı olmadan təhsil müəssisələrinə, iş yerlərinə və hüquq-mühafizə orqanlarına ötürülməməsi məxfiliyin qorunmasının əsas prinsiplərindəndir.
Narkoloji və reabilitasiya mərkəzlərində də pasiyentlərin məxfiliyini təmin etmək üçün müvafiq şərait yaradılmalıdır. Fərdi qəbul otaqları, qapalı reabilitasiya mühiti, gənclərin bir-biri və ya kənar şəxslərlə qarşılaşmasını minimuma endirən təşkilati tədbirlər bu baxımdan mühüm əhəmiyyət daşıyır.
Məktəbə və ya digər təhsil müəssisələrinə təqdim edilən tibbi arayışlarda da diaqnozun açıqlanmaması prinsipi qorunmalıdır. Dərslərdə iştirak etməməyin səbəbi “sağlamlıq vəziyyəti ilə əlaqədar” və ya “xəstəlik səbəbindən” kimi göstərilə bilər.
Yeniyetməlik dövründə aparılan bu cür müalicələr barədə məlumatların sonradan şəxsin ali təhsil müəssisəsinə qəbuluna və ya işə düzəlməsinə təsir göstərməməsi, həmin məlumatların təhsil və iş yerlərinə ötürülməməsi də vacibdir.
Ümumilikdə, anonimlik və məxfilik prinsiplərinin əsas məqsədi uşağın və ya gəncin müalicəyə inamını qorumaq, reabilitasiya prosesini asanlaşdırmaq və onun cəmiyyətə sağlam, tamhüquqlu fərd kimi yenidən inteqrasiyasını təmin etməkdir.




