Naxçıvan məktəblisi robot "şagird" hazırlayıb - Adı “E.L.V.İ.N”dir

20 Oktyabr, 2026 - 12:50
Naxçıvan məktəblisi robot "şagird" hazırlayıb

Məktəb dəhlizində adi tənəffüs səsləri var - şagirdlərin gülüşü, addım səsləri, sinif otaqlarının açılıb-bağlanan qapıları. Amma Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Kembric Məktəbində bu gün söhbətin mərkəzində başqa bir “şagird” var. Adı “E.L.V.İ.N”dir. İnsanları dinləyir, suallara cavab verir, hərəkət edir və qarşısındakı əşyaları tanıyır.

Onu yaradan isə VIII sinif şagirdi Asif Axundzadədir. Bir vaxtlar yalnız xəyalında canlandırdığı robotu indi özü idarə edir, onunla danışır və yeni imkanlarını sınaqdan keçirir. Bunun üçün cəmi üç ay vaxt lazım olub.

"Azərbaycan müəllimi" xəbər verir ki, AZƏRTAC-ın bölgə müxbiri Asifin təhsil aldığı məktəbdə olub, onunla və müəllimləri ilə söhbət edərək gənc ixtiraçının robotu necə ərsəyə gətirdiyini, bu ideyanın necə yarandığını və gələcək planlarını öyrənib.

Direktor Bayram Əliyev deyir ki, məktəb üç ildir fəaliyyət göstərir. Bu müddətdə əsas məqsəd şagirdlərin həm akademik biliklərini, həm də sosial bacarıqlarını inkişaf etdirmək olub.

Müasir dövrün tələblərindən biri kompüter biliklərinin artırılmasıdır. Buna görə burada proqramlaşdırma VI sinifdən keçilir. Şagirdlər əvvəlcə “Python” proqramlaşdırmasını öyrənir, sonra bu biliklərlə öz layihələrini hazırlayırlar. Direktor Asifin müstəqil işini bu yanaşmanın diqqətəlayiq nəticəsi sayır. Onun fikrincə, belə layihələr şagirdlərin gələcəkdə bu sahədə inkişafına və dünyanın nüfuzlu universitetlərinə qəbul olunmasına kömək edir.

Kod yazmaqdan öncə düşünməyi öyrətmək önəmlidir

STEAM müəllimi Səriyyə Qasımovanın sözlərindən hiss olunur ki, Asifin uğuru onu ən çox bir məqamla sevindirib: layihə şagirdin öz təşəbbüsüdür.

“Proqramlaşdırma və sistem dərslərində şagirdlərin alqoritmik və məntiqi düşünmə, problem həll etmə və analitik təhlil bacarıqlarının formalaşdırılmasına xüsusi diqqət yetirilir. Məni ən çox sevindirən məqam Asifin layihəni tamamilə öz təşəbbüsü və şəxsi marağı əsasında həyata keçirməsidir. O, öyrəndiyi bilikləri tətbiq etməklə yanaşı, öz ideyasını real layihəyə çevirməyi də bacarıb”, – deyə Səriyyə Qasımova bildirir.

Onun fikrincə, dərslərin məqsədi yalnız kod yazmağı öyrətmək deyil. Şagirdlərdə yaradıcılığı və müstəqil öyrənmə bacarığını da inkişaf etdirmək lazımdır. Düzgün istiqamət və imkan yaradıldıqda isə uşaqlar ideyalarını gerçəkləşdirə bilirlər. “E.L.V.İ.N” bu fikrin canlı sübutudur.

Bəs, bu ad nədən yaranıb?

Asifin sözlərinə görə, hələ kiçik yaşlarından texnologiyaya və kompüterlərə böyük marağı olub, həmişə öz robotunu hazırlamağı arzulayıb. Arzunu reallaşdırmaq üçün işə başlayıb və üç ay sonra robot hazır olub.

Adın da öz izahı var: “Elektronik Logika və Vizual İntellekt Naviqatoru” ifadəsinin baş hərfləri.

“E.L.V.İ.N” insanları dinləyərək məntiqli cavablar verə, istifadəçinin istədiyi istiqamətə hərəkət edə, qarşısındakı obyektləri görə və onları müəyyən dərəcədə tanıya bilir. Bu funksiyalar süni intellekt sistemlərinin köməyi ilə həyata keçirilir. Robotu gündəlik istifadə etdiyimiz süni intellekt sistemlərinin fiziki formaya salınmış nümunəsi kimi də təsəvvür etmək olar”, – deyə gənc ixtiraçı izah edir.

Üç ay və çoxlu kod

Robotun beyni sətir-sətir yazılmış koddan ibarətdir. Asif deyir ki, süni intellekt imkanlarını qazandırmaq üçün çoxlu kod yazmaq lazım gəlib. Əsasən “Python” və “C++” proqram dillərindən istifadə edib. Ancaq təkcə proqramlaşdırma kifayət etməyib, süni intellekt texnologiyalarının tətbiqi də vacib olub.

“E.L.V.İ.N” mənim ilk robotum olmayacaq. Gələcəkdə daha təkmil və innovativ robotlar hazırlamağı planlaşdırıram. Belə layihələr üzərində işləmək insandan səbir, əzmkarlıq və davamlı öyrənmə tələb edir. Robotun hazırlanması mənə həm yeni biliklər qazandırıb, həm də qarşıya qoyulan məqsədə çatmaq üçün ardıcıl çalışmağın əhəmiyyətini göstərib”, – o deyir.

VIII sinif şagirdindən yaşıdlarına mesaj

Asif üçün bu layihə təkcə şəxsi uğur deyil. O, əsas məqsədlərindən birinin uşaqları robototexnikaya həvəsləndirmək olduğunu söyləyir: “Bir çox uşaq bu cür robotların hazırlanmasının çətin olduğunu düşündüyü üçün belə layihələrə başlamağa tərəddüd edir. Mən isə öz nümunəmlə göstərmək istəyirəm ki, çox çalışmaqla bu cür robotlar hazırlamaq mümkündür. İstəyirəm ki, yaşıdlarım texnologiyaya maraq göstərsinlər, araşdırsınlar və öz ideyalarını həyata keçirməkdən çəkinməsinlər.”

VIII sinif şagirdinin gələcək planları da aydındır: öz üzərində daha çox işləmək, biliklərini artırmaq və müəllimlərinin dəstəyi ilə irəliləmək. Məqsədi mexanika mühəndisliyi üzrə ali təhsil almaq və Azərbaycan üçün yeni kəşflər etməkdir.

“E.L.V.İ.N” Asif Axundzadənin ilk böyük texnoloji addımıdır. Üç ay ərzində ideyasını işlək robota çevirən məktəblinin hekayəsi göstərir ki, gələcəyin ixtiraları üçün yaşdan çox maraq, bilik və əzmkarlıq önəmlidir. Bəlkə də bu gün məktəb partası arxasında yaranan ideya sabah Azərbaycanın adını dünya texnologiya arenasında tanıdacaq yeniliyin başlanğıcıdır.

Naxçıvan məktəblisi robot "şagird" hazırlayıb
Naxçıvan məktəblisi robot "şagird" hazırlayıb
Naxçıvan məktəblisi robot "şagird" hazırlayıb