“Hətta 700 balla da müəllimliyi seçərdim” – Bakıdan kəndə köçən müəllim

9 Oktyabr, 2026 - 10:32
“Hətta 700 balla da müəllimliyi seçərdim”

Müəllimlik haqqında çox şey yazmaq, bu peşənin əhəmiyyətindən, uşaqların həyatında qoyduğu izdən, müəllimin şagirdin gələcəyinə təsirindən saatlarla danışmaq mümkündür. Amma bəzən bir müəllimin bu peşə üçün etdiyi seçimlər sözlərdən daha çox şey deyir. Elə müsahibimiz Cavanşir Dadaşovun hekayəsi kimi… Bakıda böyüyən, şəhər məktəblərində təhsil alan Cavanşir müəllim olduqdan sonra yolunu şəhərdən kəndə salmağı özü seçib. Onun üçün bu, uşaqlıqdan qurduğu arzunun ardınca getməkdir. Bu gün Şəkinin kənd məktəblərindən birində dərs deyən Cavanşir deyir ki, yaxşı müəllimə ən çox ehtiyac duyulan yerlərdən biri məhz kənd məktəbləridir.

“Müəllimlik mənim uşaqlıqdan xəyalım olub”

– Cavanşir müəllim, əvvəlcə sizi oxucularımıza daha yaxından tanıdaq.

– Əvvəlcə Avropa Azərbaycan Məktəbində oxumuşam. Daha sonra akademik Zərifə Əliyeva adına liseydən məzun olmuşam. 2015-ci ildə universitetə qəbul imtahanında 592 bal toplamışdım. İxtisas seçimi zamanı ilk sırada Qafqaz Universitetinin “Kimya müəllimliyi” ixtisasını yazmışdım. İkinci yerdə həmin universitetin “Biologiya müəllimliyi”, sonrakı yerlərdə BDU-nun “Kimya müəllimliyi” və “Kimya” ixtisasını, beşinci yerdə isə ATU-nun “Müalicə işi”ni qeyd etmişdim.
Bu seçimdə qərarımı tamamilə özüm vermişdim. Çünki müəllimlik mənim uşaqlıqdan xəyalım olub.

– Deməli, müəllim olmaq qərarı sonradan verilmiş qərar deyil, daha əvvəldən formalaşmış bir arzu imiş.

– Mən uşaqlıqdan həmişə müəllim olmaq istəmişəm. İbtidai sinifdə bizdən tez-tez soruşurdular ki, böyüyəndə nə olmaq istəyirsiniz? Mən də həmişə “müəllim olmaq istəyirəm”, –  deyirdim. Hətta uşaq yaşımda belə deyirdim ki, müəllim olmaq və kənddə işləmək istəyirəm. Yəni kənddə işləmək də uşaqlıq arzularımdan biri olub.

– Bəs bu həvəs konkret olaraq nə ilə bağlıdır?

– Mən hələ məktəbə getmirdim, qardaşım isə birinci sinifdə fərdi təhsil alırdı. Qardaşım dərs oxumaq baxımından çox ərköyün uşaq idi, oxumaq istəmirdi. Amma həmin müəllim işinə o qədər həvəsli idi ki, mən uşaq olmağıma baxmayaraq, onun peşəsinə olan sevgisini görürdüm. Qardaşım bəzən stolun altına girirdi, müəllimə isə onun nazı ilə oynayırdı. Stolun üstündən tapşırıq verirdi, “mən deyəcəyəm, sən tapşırığı elə”, - deyirdi.

Bəzən qardaşım otağa girib qapını arxadan bağlayırdı. Müəllim qapının bu tərəfində, qardaşım o biri tərəfində olurdu. Müəllim qapının arxasından ona müəyyən şeyləri hesablatdırır, dərs keçirdi. Hətta bir dəfə qış vaxtı, küləkli havada qardaşım müəlliməni qapının arxasında saxlamışdı. Müəllim 15-20 dəqiqə, bəlkə də, yarım saat orada gözləmişdi ki, qardaşım sakitləşsin, sonra içəri girib dərsə davam etsin.

Mən həmin müəlliməni görürdüm və uşaqlıqda məndə ona qarşı fərqli bir hiss yaranmışdı. Deyirdim ki, “bu necə bir insandır? Mələkdir, nədir?” Uşaq vaxtı dərk edə bilmirdim ki, bir insan necə bu qədər işinə can yandıra bilər. Mən də deyirdim ki, onun kimi müəllim olacağam.

“Bu uşağı həkim etməklə ona böyük ziyan vurmuş olursunuz”

– Amma sonradan bir müddət həkimliyə də meyil etmisiniz…

– Bir-iki il həkimliyə meyil etdim. Yəqin ki, anamın təsirindən idi. Anam həkimdir və istəyirdi ki, onun davamçısı olum. Amma IX sinifdə müəllimlik arzumu yenidən oyadan bir hadisə baş verdi. Valideyn iclasında tarix müəllimim valideynimi fərdi görüşmək üçün saxladı. O, anamdan mənim həkim olmağı özümün istədiyimi, yoxsa valideynlərimin məcbur etdiyini soruşdu. Anam bildirdi ki, həm mən istəyirəm, həm də özü. Lakin müəllimim valideynlərimin bu qərarla çox böyük səhv etdiyini dedi: “Mən Cavanşiri müəllimlik peşəsinə daha çox uyğun görürəm. Onun içində müəllimlik hissi var. Dərs danışanda elə danışır ki, elə bil müəllim dərs izah edir. Bu uşağı həkim etməklə ona böyük ziyan vurmuş olursunuz. Məncə, müəllim olsa daha yaxşıdır”, – dedi.

Bu sözlər məndə yeni bir atəş yaratdı. Elə bil torpağa toxum əkilmişdi, sadəcə su vermək qalırdı ki, cücərsin. Tarix müəllimim də həmin suyu verdi və qəlbimdəki müəllimlik sevgisi yenidən cücərdi.

Özümə məqsəd qoydum ki, bundan sonra müəllim olacağam. Amma müəllim olmaq istəyərkən belə qarşıma bir məqsəd qoymuşdum: yüksək balla müəllim olacağam. Çünki istəmirdim ki, kimsə desin, “Balı az oldu, müəllimliyə getdi” və ya “Tibb universitetinə hazırlaşırdı, balı çatmadı, ona görə müəllim oldu”. İstəmirdim ki, heç kim mənim içimdəki müəllimlik sevgisinin həqiqiliyinə şübhə etsin.

 

Bütün müəllimlərim, qohumlarım, ətrafımdakı insanlar təəccübləndilər ki, Cavanşir niyə belə bir seçim etdi. Halbuki həkimliyə qəbul ola bilərdi. Özümə hədəf qoymuşdum ki, 700 bal toplasam belə, müəllimliyi seçəcəyəm.

“Müəllimlik hər hansı başqa peşəyə qəbul ola bilməyib seçiləcək peşə deyil”

– Universitet illərində də bu seçiminizin arxasında dayandınızmı?

– Bəli. Universitetdə də müəllimliyə olan sevgimi və həvəsimi görüb mənə çox dəstək olur, istiqamət verirdilər. Hətta birinci kursda oxuduğum vaxtlarda məktəblərdə şagirdlərə ixtisas seçimi ilə bağlı məsləhət seminarları verir, məktəblərə gedir və şagirdlərə ixtisas seçimini düzgün etməklə bağlı danışırdıq.

Orada mənim əsas şüarım belə idi: müəllimlik hər hansı başqa peşəyə qəbul ola bilməyib seçiləcək peşə deyil. Yəni müəllimliyi seçən abituriyent, həqiqətən, bu peşəni sevməli və şüurlu şəkildə seçməlidir. “Hüquq istəyirdim, kəsildim, müəllim oldum”, “Tibb və ya mühəndislik istəyirdim, kəsildim, müəllim oldum” yanaşmasının tərəfdarı deyiləm. Müəllimlik belə bir peşə deyil. Müəllimlik çox mürəkkəb, məsuliyyətli və fədakarlıq tələb edən peşədir. Bunları qəbul edən və sevən insan bu peşəni seçməlidir.

Buna görə də I kursdan etibarən bu istiqamətdə fəaliyyət göstərirdim. II kursdan  özəl müəssisələrdə köməkçi müəllim kimi çalışmağa başladım. Deyirdim ki, mən gələcəyin müəllimiyəm və indidən özümü yetişdirmək istəyirəm. Heç bir təmənna olmadan, könüllülük prinsipi ilə özəl məktəblərdə və özəl təhsil sektorunda müəllim köməkçisi kimi fəaliyyət göstərməyə başladım.

2022-ci ildə magistratura imtahanı verdim və qəbul oldum. Həmin il orta məktəbdə işləmək üçün MİQ imtahanında da iştirak etdim və Xızının Cüzdək kəndininin məktəbinə qəbul olmuşdum. Amma magistratura təhsili ilə məktəbdəki işi eyni vaxtda davam etdirə bilməyəcəyimi düşündüyüm üçün məktəbə gedə bilmədim. Ona görə həmin seçimdən imtina etdim.

Magistraturanı bitirdikdən sonra hərbi xidmətə yollandım. Hərbi xidmətdən ehtiyata buraxıldıqdan bir gün sonra MİQ imtahanına girdim. Nəticədə Şamaxı məktəbinə qəbul oldum və müddətli müqavilə ilə orada çalışmağa başladım.

– Şəkiyə gəlməyiniz necə oldu? Buraya gəlməyi özünüz planlaşdırmışdınız?

– Bəli, mənim gələcək planım rayon idi. Şəhər istəmirdim. Yenidən MİQ imtahanı verdim və 88 bal topladım. Bu, evləndikdən təxminən 2-3 həftə sonraya təsadüf edirdi. Həyat yoldaşım əvvəl, sonra da mən imtahan verdim və Şəkini seçdim.
Amma həmin vaxt səfərbərliklə bağlı hərbi təlimə aparıldığım üçün daimi əsaslarla işə qəbul mərhələsindəki müsahibədə iştirak edə bilmədim. Ona görə müddətli müqavilə əsasında Əhmədiyyə Cəbrayılov adına Oxud kənd tam orta məktəbində kimya müəllimi kimi fəaliyyətə başladım.

– Artıq 1 ildir ki, Şəkidəsiniz. Oxudda keçirdiyiniz bir il necə yadda qalıb?

– Çox maraqlı keçdi. Müəllimlər arasında hörmət qazanmışdıq, şagirdlər də bizi sevmişdi. Hətta indi də məni axtarırlar, yazırlar. Oxuyan bütün şagirdlərimin evinə, valideynlərinin yanına getmişəm. Kənddə insanlar çox qonaqpərvər və səmimidirlər. Hər kəs qapısını mənim üçün açdı. Mənə çox hörmət edirdilər, tədbirlərə dəvət edirdilər, ailəvi tədbirlərində iştirak etməyimi istəyirdilər. Həqiqətən, maraqlı bir il oldu.

– Sonra yenidən MİQ imtahanında iştirak etdiniz və Şəki şəhər Şorsu kənd məktəbində fəaliyyətə başladınız?

– Bu il də imtahandan əvvəl üç həftəlik hərbi təlimdə iştirak etmişdim. Təlimdən qayıtdıqdan iki gün sonra imtahan verdim, buna baxmayaraq, Şəki üzrə yüksək bal toplayan müəllimlər arasında üçüncü oldum və Şorsu kənd tam orta məktəbində daimi əsaslarla müəllim kimi fəaliyyət göstərməyə başladım. Eyni zamanda Şəki şəhər Əbdürrəhman Abdullayev adına 21 nömrəli tam orta məktəbdə çalışıram.

Kənddə işləmək uşaqlıq xəyalımdır. Həmişə düşünmüşəm ki, yaxşı müəllimlərin çoxu Bakıya gəlib. Bakıda kifayət qədər savadlı müəllim var. Amma rayona, kəndə getməkdən çoxları müxtəlif səbəblərdən çəkinir. Həmin çətinlikləri görsəm də, bu məni narahat etmir. Əksinə, kənd uşaqlarının yaxşı, savadlı, öz peşəsini sevən müəllimə ehtiyacı olduğunu düşünürəm.

Məsələn, bir il Bakıda işlədiyim müddətdə dəfələrlə təhsil müəssisələrindən müəllim ehtiyacı olduğu ilə bağlı təkliflər gəlirdi. Amma mən Bakıda qalmaq istəmirdim. Mənim nəzərimdə Bakıda oxuyan uşaqların gələcək baxımından kifayət qədər dəstəyi var. Rayon uşaqlarının isə bu dəstəyə daha çox ehtiyacı olur. İstəyirdim ki, onlara bir cığır açan, yol göstərən biri olum. Həmçinin rayon və kənd yerlərində kişi müəllimlərin sayı azdır və uşaqların onlara ehtiyacı var. Sinifdə həm oğlan, həm də qız uşaqları olur. Qız uşaqlarına yol göstərə biləcək qadın müəllimlər kifayət qədərdir. Amma oğlan uşaqlarının baxıb örnək götürəcəyi kişi müəllim bəzən olmur.

Kitab oxuya-oxuya çaydan keçən müəllim

– Kənd məktəbinə gedib-gəlməyin özünün də maraqlı bir tərəfi var. Hətta sizi kənddə “kitab oxuya-oxuya çaydan keçən müəllim” kimi tanıyıblar...

– Bəli, Oxudda məktəbə gedən yolun bir hissəsi çayın üzərindən keçirdi. Əsasən nəqliyyatla müəyyən yerə qədər gedir, sonra piyada yoluma davam edirdim. Məktəbin direktoru dəfələrlə deyirdi ki, müəllim, gəlin, sizi maşınla aparım. Amma mən istəmirdim. Həmin yolu çox vaxt piyada gedirdim. Çayın üzərindən keçəndə də kitab oxuya-oxuya gedirdim. Uşaqlar bunu görürdülər və deyirdilər: “Ay müəllim, siz niyə piyada gəlirsiniz? Özü də kitab oxuya-oxuya gəlirsiniz”.

Bir müddət sonra kənddə bəzi valideynlər də məni belə tanımağa başladılar. Deyirdilər: “Kitab oxuya-oxuya çayın üzərindən keçən müəllim kimdir?” Bu, uşaqlar üçün də maraqlı olurdu. İndi də Şorsuya gedəndə müəyyən məsafəni piyada gedirəm.

“Bu fədakarlığı qəbul edə biləcək insanlar müəllimlik peşəsinə yönəlməlidirlər”

– Kənd məktəbində işləməyin əsas çətinlik və üstünlükləri nələrdir?

– Kənd məktəblərində bəzən yol, giriş-çıxış, gediş-gəliş məsələsində müəyyən çətinliklər olur. Maddi çətinlik də var, təbii ki. Amma bu, təkcə kənd məktəblərinə aid məsələ deyil, ümumi vəziyyətdir. Mən kəndə gedəndə nə qədər maaş alacağımı əvvəlcədən bilirdim. Həvəsləndirmə tədbirləri görülür, əlavə ödənişlər də olur. Şəxsən ciddi bir çətinlik görmürəm. Kişi müəllimlər üçün bəlkə daha rahatdır, qadın müəllimlər üçün yol və gediş-gəliş baxımından müəyyən çətinliklər ola bilər. Mənim üçün isə belə bir problem yoxdur. Müəllimliyi seçəndə bunları bilirdim. Bu fədakarlığı qəbul edə biləcək insanlar müəllimlik peşəsinə yönəlməlidirlər. Mən də bilirdim ki, müəllimlikdə maaş yüksək deyil, çox qazanc yoxdur. Amma bu peşənin başqa qazancları daha çoxdur.

– Sizin üçün həmin “başqa qazanclar” nələrdir?

– Məsələn, şagirdlərimin uğurunu görəndə elə bilirəm ki, dünyanın bütün var-dövlətini qoyublar qarşıma. Vaxtilə dərs dediyim şagirdlərim arasında hazırda Amerikada, Almaniyada, Çexiyada, Türkiyədə, Çində yaşayanlar var. Müxtəlif ölkələrdə olan şagirdlərimin uğurları mənim üçün çox böyük hissdir, dəyərdir. Ona görə mən kənd məktəbində işləməyi, təbii ki, məsləhət görürəm. İnanmıram ki, kimsə kənd məktəbində işləməyi özünə böyük bir çətinlik kimi görsün. Bir qədər maddi vəziyyətlə bağlı problem ola bilər, amma o da həll edilə biləcək məsələdir.

Şəhər məktəbində, bəlkə, bu səmimiyyət o qədər də hiss olunmur, amma kənd məktəblərində çox böyük səmimiyyət var. Bəzən uşaq gəlib səni sevgi ilə qucaqlayır, yolda səni görüb kefini soruşur. Bir uşaq əlində bir yumurta gətirib “mən bunu sizə gətirmişəm”,- deyir. Bir qız şagird gül dərib gətirir, deyir ki, yoldan gəlirdim, bunu sizin üçün gətirmişəm. Belə sevgi, xoş münasibət insana çox müsbət təsir edir.

– Həm Şamaxıda, həm də Şəkidə kənd məktəblərində çalışmısınız. Şəhərdən bölgəyə gələn müəllimə münasibətdə hər hansı fərqlilik hiss etmisinizmi?

– Məncə, ölkəmizin bir bölgəsindən digərinə getməyin o qədər də böyük fərqi yoxdur. Amma tanımadığın bir yerə ailə ilə gedib köçmək, əlbəttə, müəyyən risk və cəsarət tələb edir.

Şamaxıya işləməyə gedəndə vəziyyət tamam başqa idi. Şamaxıda heç olmamışdım. Tək idim, subay müəllim idim, heç kimi tanımırdım. Şəhərdən təzə gəlmişdim. Buna baxmayaraq, kənd sakinləri məni maraqla qarşıladılar. Valideynlər də maraqlanırdılar ki, müəllim Bakıdan Şamaxıya gəlib işləməyə başlayıb. Yəqin ki, mənim işə yanaşmamın ciddi olduğu da görünürdü. Məsələn, geyimimə xüsusi fikir verirdim. Həmişə məktəbə kostyumda gedirdim, qalstuk taxırdım, əlimdə portfel olurdu. Kitablarla gəlib-gedirdim. Bunlar kənd camaatına maraqlı gəlirdi.

Özüm də çox vaxt yolda – avtobusda kitab oxuyuram. Bu da onların diqqətini çəkirdi. Sonra biləndə ki, Bakıdan gəlmişəm, təəccüblənirdilər: “siz Bakıda işləyə bilərsiniz, niyə buraya gəlmisiniz?”

Mən də deyirdim ki, mənim üçün Bakı o qədər də önəmli deyil. Bu kəndin, bu məktəbin müəllimə ehtiyacı var. Ona görə burada qaldıq və işləməyə davam etdik. Məncə, imkanı olan, rayondan olan insanın, xüsusilə rayonunda evi varsa, elə həmin rayonda qalaraq işləməsi daha yaxşıdır. Çünki bölgələrdə yaxşı müəllimlərə ehtiyac var. Paytaxtda yaşayan müəllimlərin sayı daha çoxdur, rayonlardan gələn insanlar da az deyil. Amma mənim tərəfdarı olduğum fikir budur ki, bir insan rayonludursa, rayonda evi varsa, elə orada qalaraq işləsin, təhsil versin.

– Bu il isə fəaliyyətinizə universitet müəllimliyini də əlavə etmisiniz. Orada dərs demək qərarı necə yarandı?

– Bu ildən Mingəçevir Dövlət Universitetində də işləməyə başlamışam. Meşə ekosistemləri və təbii mühitin bərpası fənnini tədris edirəm. “Üzvi reaksiyaların analitik kimyada tətbiqi” üzrə laboratoriya dərsləri keçirəm.
Düşünürəm ki, şagird qarşısındakı müəllimin öz üzərində işlədiyini, özünü inkişaf etdirdiyini, irəli getdiyini görərsə, bu ona da müsbət təsir edir. Düşünür ki, müəllimim də özünü inkişaf etdirir, mən də nələrsə etməliyəm. Amma qarşısındakı müəllimin heç nə etmədiyini görəndə onda da oxumaq, nəsə etmək həvəsi yaranmır. Şagird görəndə ki, müəllim həqiqətən çalışır, oxuyur, öz üzərində işləyir, nəsə qazanmaq üçün səy göstərir, bu ona da təsir edir.

Mən bu nöqteyi-nəzərdən bu il universitetə müraciət etdim və hazırda universitetdə də dərs deyirəm. Məktəbdən çıxıb universitetə gedirəm.  Hazırda iki orta məktəbdə çalışıram, bir də universitetdə dərs deyirəm. Bu mənim özümə də müsbət təsir edir. Məncə, müəllim öz üzərində daim çalışmalı, özünü yetişdirməlidir.

– Bu qədər işi bir arada çatdırmaq çətin deyil?

– Təbii ki, çətindir. Həftədə üç dəfə Şorsu kəndinə gedirəm, üç dəfə də digər məktəbdə işləyirəm. İki dəfə də Mingəçevirə, universitetdə dərs deməyə gedirəm. Əsasən avtobusla gedib-gəlirəm. Çətinlik onsuz da hər şeydə var. Amma işini sevən insan üçün bunların heç biri gözünə görünmür. Mən şəxsən sevgi ilə, həvəslə getdiyim üçün yorulmuram.
Əlbəttə, yorğunluq olur. İş bitəndə, dərsim qurtaranda hiss edirəm ki, yorulmuşam. Amma evə gələnə qədər o yorğunluq bir növ unudulur. Hətta bəzən boş dərsim olanda sıxılıram. Dərsim olmayanda istəyirəm ki, dərsim olsun. Həm şagirdlərlə, həm də tələbələrlə işləmək insana çox fərqli təsir edir. Tələbələr üçün də bu, müsbət bir şeydir. Universitetdə dərs dediyim tələbələr gələcəyin müəllimləri olduqları üçün öz təcrübələrimi onlarla da bölüşürəm.

– Gələcəkdə Bakıda işləmək barədə düşünürsünüzmü?

– Xeyr. Yaxın gələcəkdə Bakıya getmək barədə heç bir fikrim yoxdur. Əksinə, tədris istiqamətində müəyyən vəzifələrdə irəliləməyi düşünürəm. Direktor müavini olmaq üçün müsabiqəyə sənəd vermişəm, hazırda müsahibə mərhələsindəyəm. 
Başqa rayonla bağlı isə yalnız bir hədəfim var. Mən Qarabağda, Xankəndidə, Şuşada müəllimlik fəaliyyəti ilə məşğul olmaq istəyirəm. Orada işləmək uşaqlıq arzularımdan biridir. Düşünürəm ki, torpaqlarımız azad olunubsa, mən də gedib orada dərs deyərəm.

Bakıya getmək fikrim isə yoxdur. Yəqin ki, getsəm, pensiya yaşından sonra gedərəm. Amma onu da indidən düşünmürəm. Çünki burada sakit yaşayırıq. Məsələn, səhər tezdən quşların səsini, təmiz havanı, təbiətin və heyvanların səsini eşidirsən. Kənddə odunla qızdırılan evlər var, bacalarından tüstü çıxır. Bütün bunlar adama hüzur verir, yorğunluğu götürür. Mənə bir növ meditasiya kimi gəlir.

Bir müsbət tərəfi də kənd camaatının münasibətidir. Kəndə gedəndə məni heç vaxt yolda qoymurlar. Maşın saxlayıb deyirlər: “müəllim, hara gedirsiniz?” Bəzən məni tanımırlar, amma geyimimdən, görkəmimdən müəllim olduğumu təxmin edirlər. “Müəllimsiniz, gedirsinizsə, aparaq”, – deyirlər. Sağ olsunlar, hər dəfə yolda görəndə saxlayıb lazım olan yerə, məktəbə çatdırırlar.
Ümumiyyətlə, Şəkidə və peşəmlə bağlı ciddi mənfi tərəf görmürəm. Nəqliyyat məsələsi də yaxşıdır. Kəndlərə gediş-gəliş var. Ən azı yola çıxanda yolda qalmırsan, səni saxlayıb aparırlar, gətirirlər. Şamaxıda işləyəndə subay idim, tək qalırdım. Bir gün biri yumurta gətirirdi, bir gün biri pendir, bir gün biri qatıq. Təbii ki, biz bunu ummuruq, tələb etmirik. Heç vaxt düşünmürük ki, kimsə mənə nəsə gətirsin və mən də buna görə ona hansısa münasibət göstərim. Mən yenə də dərsimi keçirəm, üzərimə düşən işi əsaslı şəkildə, layiqincə yerinə yetirməyə çalışıram.

– Həyat yoldaşınızın da təhsil sahəsində olması sizin üçün nə dərəcədə önəmlidir? Bir-birinizə peşəkar fəaliyyətinizdə necə dəstək olursunuz?

– Mənim əsas dəstəkçilərimdən biri həyat yoldaşım Fatmadır. Onu həyat yoldaşı olaraq seçməyimin səbəblərindən biri də pedaqoji istiqamətdə təhsil alması idi. Öz üzərində çalışdığı, magistratura təhsili aldığı üçün onun universitetdə çalışması ilə bağlı istiqamət verirəm. Hazırda analıq məzuniyyətindədir, ona görə işləmir. Ümid edirəm ki, gələcəkdə o da universitetdə çalışacaq. Mən bu yöndən ona dəstək oluram, istiqamət verirəm ki, o da işləsin, özünü inkişaf etdirsin.

Ümumiyyətlə, onunla tanış olanda da demişdim ki, mən müəllim olsam, ucqar kənd məktəblərində işləyəcəyəm. Fatma bunu əvvəldən bilirdi və normal qarşıladı. Bu məsələdə əvvəldən razılaşmışdıq, ona görə bizim üçün problem olmadı. Hətta deyərdim ki, bu yerlərə gəlməyimdə onun da böyük rolu var, mənə çox dəstək olub.

Mənim uşaqlıqdan xəyalım müəllim ailəsi olmaqdır. İstəyirəm ki, insanlar “Cavanşirin ailəsi müəllim ailəsidir”, – desinlər. Məktəbdə baş verən hadisələri də evdə Fatma ilə müzakirə edirik. Məsələn, “o şagird belə elədi, bu şagird belə elədi”, - deyirəm. “Hansısa şagirdə necə yanaşmaq olar?”, “Nə etmək lazımdır?” kimi məsələlərdə də məsləhətləşirik.

Fatma maddi imkanı zəif, amma oxumağa həvəsi və təhsilə marağı olan şagirdlərə də dəstək olur. Belə şagirdlərin universitetə hazırlaşmasına təmənnasız kömək edir. Bu da onun mənim üçün əsas dəstəklərindən biridir. O həm də yazılarımda mənə kömək edir. Hər hansı mətn yazmalı olsam, filoloq olduğu üçün müəyyən redaktə məsələlərində də mənə kömək edir. 
Beləliklə, uşaqlıqdan qurduğum xəyalım – müəllim ailəsi olmaq xəyalım gerçəkləşib. Gələcəklə bağlı da planlarımız var. Hər ikimizin Qarabağda işləmək arzusu var. Xəyalımız odur ki, gələcəkdə ikimiz də eyni universitetdə müəllim işləyək..

– Bəs Bakıdan, doğmalarınızdan uzaqda qalmaq sizi darıxdırmır?

–  Bəlkə, burada tək olsaydım, darıxardım. Amma biz cavan ailəyik, burada özümüzə vaxt ayırırıq. Məsələn, bu gün teatra getmişik. Həftədə bir dəfə də olsa, özümüzə vaxt ayırmağa çalışırıq. Şəkinin görməli yerləri də çoxdur. Artıq bir ildən çoxdur buradayıq, amma bəzi yerləri hələ görə bilməmişik.

Bakı üçün darıxmıram. Bizim ailə, qohum-əqrəba çevrəmiz genişdir. Məclislər, qonaqlıqlar tez-tez olur. Bəzən adam belə toplantılardan uzaqda olanda düşünür ki, kaş mən də orada, həmin insanların arasında olaydım, amma deyə bilmərəm ki, kaş Bakıda olaydım, burada olmayaydım. Belə bir hissim yoxdur. Hətta artıq Bakıya gedəndə orada qala bilmirəm. Bura üçün darıxıram. Məncə, artıq evim üçün darıxıram. Çünki alışmışıq.