Prezident İlham Əliyev: Vyetnamla elm və təhsil əməkdaşlığı dinamik şəkildə inkişaf edir

19 Noyabr, 2026 - 13:40
Prezident İlham Əliyev: Vyetnamla elm və təhsil əməkdaşlığı dinamik şəkildə inkişaf edir

“Humanitar əməkdaşlıq xalqlarımızı və dövlətlərimizi birləşdirən möhkəm körpü rolunu oynayır. Onilliklər ərzində bu əlaqələr təhsil təşəbbüsləri, xeyriyyə layihələri və müntəzəm mədəni mübadilə vasitəsilə davamlı olaraq möhkəmləndirilib”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində deyib.

O qeyd edib ki, Heydər Əliyev Fondu bu prosesdə xüsusi rola malikdir və Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir. Fondun fəaliyyət istiqamətləri Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla infrastruktur təşəbbüslərindən tutmuş müxtəlif təhsil proqramlarının dəstəklənməsinə qədər geniş spektri əhatə edir.

Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri bu əlaqələrin möhkəmləndirilməsində mühüm addım olub. Səfər zamanı ölkə rəhbərləri, yaradıcı ziyalıların nümayəndələri və Azərbaycan universitetlərinin vyetnamlı məzunları ilə görüşlər keçirilib. Hanoy Ticarət və Turizm Kollecinə də maliyyə dəstəyi göstərilib.

Prezident qeyd edib ki, xeyriyyəçiliklə yanaşı, elm və təhsil əməkdaşlığı da dinamik şəkildə inkişaf edir. Hər iki ölkənin aparıcı universitetləri bir sıra tərəfdaşlıq müqavilələri və memorandumlar imzalayıb. Vyetnam nümayəndələri Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün mənim sərəncamıma uyğun olaraq yaradılmış təhsil qrant proqramlarında iştirak etmək imkanına malikdirlər:

“Sevindirici haldır ki, bu akademik əlaqələr zəngin tarixi ənənələrə əsaslanır: hətta sovet dövründə belə, təxminən 5 min Vyetnam vətəndaşı Azərbaycanda təhsil alıb və sonradan əldə etdikləri bilik və təcrübəni vətənlərinin rifahı naminə uğurla tətbiq edib. İki ölkə arasında uzunmüddətli dostluğun rəmzi 2025-ci ildə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın iştirakı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağının açılışı olub. Həmin açılış bu görkəmli dövlət xadiminin anadan olmasının 135-ci ildönümünə təsadüf edib”.

Dövlət başçısı qarşılıqlı mədəni fəaliyyətin təhsil əlaqələrini ahəngdar şəkildə tamamladığını da vurğulayıb.