Gərək dili də gözəl biləsən, ədəbiyyatı da - professor Rafiq Novruzov
Bakı Slavyan Universitetinin (BSU) 80 illik yubileyinə həsr olunmuş tədbirlər silsiləsi çərçivəsində “BSU: 80 il, 80 hekayə” layihəsinə start verilir. Məqsəd Bakı Slavyan Universitetinin zəngin elmi-pedaqoji irsini tanıtmaq, universitetin inkişafına töhfə verən alim və pedaqoqların fəaliyyətini işıqlandırmaq, onların təcrübəsini gənc nəslə ötürmək və universitetin akademik ənənələrini yaşatmaqdır.
Layihənin ilk həftəsi BSU-nun Şərqi Slavyan filologiyası kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Rafiq Novruzova həsr olunub.
Qısa tanıtım: Rafiq Novruzov 1 mart 1952-ci ildə Bakı şəhərində anadan olub. 1970–1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsində təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib. 1983-cü ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyasını müdafiə edib, 1992-ci ildə professor elmi adına layiq görülüb. Alimin bütün həyatı, əmək fəaliyyəti BSU ilə bağlıdır. O, 1976-cı ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirərək BSU-da (o zamankı Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu) fəaliyyətə başlayıb və pedaqoji işçi, müəllim, tanınmış alim kimi universitetdə çalışmaqdadır. Rafiq Novruzov müəllim kimi 15-dən artıq filologiya üzrə fəlsəfə doktoru, elmlər doktoru hazırlayıb. Alimin əsərləri Azərbaycandan kənarda, Avropa ölkələrində - Almaniyada, İtaliyada, MDB məkanında - Rusiyada, Belarusda, Ukraynada və digər ölkələrdə çap olunaraq ona çox böyük nüfuz qazandırıb. Eyni zamanda Rafiq müəllim universitetin tərcümə kafedrasının müdiri, elmi işlər, tədris işləri üzrə prorektoru, qiyabi fakültənin dekanı və uzun müddət rektor vəzifəsini icra edib. O, həm ədəbiyyat tarixi, həm dinin fəlsəfəsi, dinin tarixi ilə bağlı, həm də orta əsrlər, yeni dövr dünya ədəbiyyatında Azərbaycan motivləri, elementləri və tanınmış dühalarımız Nizami, Nəsimi yaradıcılığının dünya ədəbiyyatında əks olunması problemləri ilə yaxından məşğul olan alimdir.
Rafiq Novruzov 1999-cu ildə Rusiya dövləti tərəfindən A.S.Puşkin medalına layiq görülüb. Elə həmin ildə də Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən Beynəlxalq Qızıl Ulduz medalı, Avropa Təbiət Elmləri Akademiyası, Avropa Universiteti və Avropa Elmi Cəmiyyəti tərəfindən “Leybnis” medalına layiq görülüb. 1993-cü ildən Rusiya Federasiyası Pedaqoji və Sosial Elmlər Akademiyasının, Türkiyə Cümhuriyyətinin Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Avropa Təbiət Elmləri Akademiyasının akademikidir. O, 2020-cı ildə Avropa Təbiət Elmləri Akademiyasının, Avropa Universitetinin və Avropa Elmi Cəmiyyətinin birgə qərarı ilə “Avropanın Fəxri Alimi” Beynəlxalq Diplomu ilə təltif edilib.
2026-cı ildə Rafiq Novruzov Azərbaycanda dövlətçiliyin, elmin və təhsilin inkişafına verdiyi töhfələrə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən “Türk dünyasında elm və sülh səfiri” adı və “Böyük Turan” ordeni ilə təltif edilib. Görkəmli alimin haqqında “Ulduz karvanı” və Türkiyə Cümhuriyyətində nəşr olunmuş “Rafiq Novruzov-70” kitabları yazılıb.
Professor Rafiq Novruzov Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə, Azərbaycan Respublikası təhsil nazirinin 2006-cı il 13 dekabr tarixli əmri ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi döş nişanı” ilə təltif edilib. Bundan başqa, R.Novruzov xaricdə bir çox beynəlxalq konfrans, simpozium, forum və seminarlarda Azərbaycan elmini ləyaqətlə təmsil edib. Yüzdən artıq elmi məqalənin, qırxa yaxın kitabın müəllifidir. Bütün sadalanan qazandığı uğurlar, titullar onu rahat həyata deyil, əksinə daha çox çalışmağa, yazıb yaratmağa, özündən sonrakı nəsillərin fikir xəzinəsinə bir söz, ifadə əlavə etməyə təşviq edir.
Rafiq Novruzov “Azərbaycan müəllimi”nə müsahibəsində elm sahəsində yolundan, Azərbaycanda filologiya elminin, eləcə də bədii tərcümənin inkişafı üçün atdığı addımlardan danışıb, gənclərə tövsiyələr verib. Müsahibəni təqdim edirik.
- Rafiq müəllim, istərdik ki, söhbətimizə yaradıcılıq yolunuzun əvvəlindən başlayaq. Necə oldu ki, filoloq olmaq qərarına gəldiniz? Dilə və ədəbiyyata marağınızın yaranmasında hansı amillər mühüm rol oynayıb?
- Mən özüm həkim ailəsində böyümüşəm. Ailədə mənim ixtisas seçimimə heç bir təzyiq yox idi. Mənim dilə, ədəbiyyata, incəsənətə marağım çox böyük idi. Mən sənədlərimi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Diplomatiya fakültəsinə verdim. Belə oldu ki, həm yer çox az idi, həm də mən müsabiqədən keçə bilmədim. İmtahanlar orada iyulda, bizdə isə avqustun sonlarında başlayırdı. Ona görə də Moskvadan qayıtdıqdan sonra Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universitetinin) Filologiya fakültəsinə imtahan verdim. Beləcə filoloq – rus dili və ədəbiyyatı müəllimi oldum. Təsəvvür edin, biz rus dilində təhsil alırdıq, bununla belə bizə deyirdilər ki, fakültətiv olaraq Şərqşünaslıq fakültəsində fars dilini öyrənə bilərik. Beləcə biz iki il həm də fars dili öyrəndik. Mən artıq doktorluq dissertasiyası müdafiə edəndə birbaşa çex şərqşünası Yan Rıpkanın araşdırmalarını oxumalı idim. Bütün mətnlər orijinalda fars dilində gedirdi. Bu zaman fars dilində aldığım biliklər öz işini gördü. Yəni, artıq mən o dili bilirdim.
- Sizi məhz bədii tərcümə sahəsinə yönəldən və bağlayan nə oldu?
- İstiqamət elə gətirdi ki, mən universiteti bitirdikdən sonra 1976-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna gəldim. Burada işə Lüğət şöbəsində işə başladım. Şöbənin müdiri o zamanlar məşhur professor Məmməd Tağıyev idi. O, Moskvada V.V.Vinoqradovun aspirantı olmuş və respublikada rusistikanın təməlini qoymuş, rus dilçiliyi sahəsində elmlər doktoru adı almış ilk azərbaycanlıdır. Həmin dövrdə lüğətlər yox idi. Lüğət şöbəsində müdir olmazdan əvvəl Məmməd Tağıyev rektor olmuşdu. Bu gün mən düşünürəm ki, lüğətin mənə nə qədər xeyiri oldu. Kartotekadan başlamaq, lüğətin tərkibində olan bütün sözlərin hamısını kartotekaya yığıb sonra lüğəti tərtib etmək böyük bir məsələ idi. 2011-ci ildən 2015-ci ilə kimi Ali Məhkəmənin təşəbbüsü ilə iki hüquqşünas həmkarımla - Ramiz Rzayev və Könül Əliyeva ilə birlikdə mənim layihəm olaraq “Azərbaycanca-rusca”, “Azərbaycanca-ingiliscə”, “Rusca-Azərbaycanca” izahlı hüquq lüğətini hazırladıq. Mən lüğətin hazırlanmasını təklif edəndə hüquqşünas dedi ki, bu çox çətin məsələdir, böyük institutlar işləməlidir, gərək peşəkar olasan. Buna rəğmən biz bunu etdik və 3 cildli lüğət hazırladıq və hazırda hüquqşünaslar həmin lüğətdən istifadə edir. Lüğətçilikdən başladığım iş öz bəhrəsini verdi. Daha sonra mən aspiranturaya daxil oldum, ədəbi əlaqələrlə bağlı dissertasiya müdafiə etdim, ictimai işlə məşğul oldum, dərs dedim, özümü inkişaf etdirdim. Təsəvvür edin ki, mən elmlər namizədi olaraq baş laborant işləyirdim. Yəni pillə-pillə qalxmışam və dönüb keçmişə baxanda demişəm ki, nə yaxşı bunlar birdən-birə olmayıb. Doktorluğu 90-cı illərdə müdafiə etdim. Namizədlik dissertasiyamı BDU-da etmişdim. O dövrdə Seyfulla Əsədullayev ədəbiyyat nəzəriyyəsi üzrə müdafiə şurasının sədri idi.

- Sizcə, cəmiyyətdə elmi savadlılığı artırmaq və gəncləri elmə həvəsləndirmək üçün nə edilməlidir?
- Mən bir filoloq kimi yanaşaraq demək istərdim ki, gərək dili də gözəl biləsən, ədəbiyyatı da. Yarımçıq olmamalıdır. Bu baxımdan biz universitetdə çox güclü məktəb keçmişdik, həm dili, həm də ədəbiyyatı çox gözəl bilirdik. Çünki müəllimlərimiz çox tələbkar idi, biz də o tələblərə uyğun gəlməyə çalışırdıq. Mən tərcümə ilə məşğul olduqdan sonra belə bir qənaətə gəldim ki, “Tərcümə” ixtisası qismən dilşünaslıqla, filologiya ilə isə birbaşa bağlıdır. Tərcümə edəcəyiniz bədii mətndirsə və siz ədəbiyyatı bilmirsinizsə, ora müdaxilə edə bilməzsiniz. Sabiq rektorumuz Bayram Tahirbəyov ümumi dilçiliyi çox gözəl bilirdi, gözəl tərcüməçi idi və lüğəti də yazmışdı. Bizə isə dünya ədəbiyyatından dərs deyirdi. Dillə məşğul olan adam ədəbiyyatı necə gözəl bilirdi. Demək istəyirəm ki, bünövrədən çox şey asılıdır. İndiki zamanda gənclər çox az oxuyur. Bizim dövrümüzdə diapazon çox geniş idi. Antik dövrdən tutmuş müasir dövrə qədər bütün ədəbiyyatı oxuyurduq. İndi isə o yoxdur. Təcrübəli uşaqlar azalır. Telefonda, internetdə bütün elmlər üzrə məlumatlar var. İnternetə də müraciət etmirlər. Mən xarici ölkələrə tez-tez gedirəm. Polşada 1-2 jurnalın redaksiya kollegiyasının üzvüyəm. Bu il orada 13-cü konqres keçirildi. Həmin konqreslərin 6-da iştirak etmişəm. Mənim orada ingilis dilində 3 monoqrafiyam çıxıb. Bu il də biri çıxacaq.
Azərbaycan elmini dünyaya çatdırmalıyıq. Konfranslarda, simpoziumlarda iştirak etməliyik ki, Azərbaycan alimlərinin heç də geridə qalmadığını göstərək. Polşa ədəbiyyatında Adam Mitskeviçin yaradıcılığı ilə bağlı ingilis dilində “Şərq konsepsiyası Adam Mitskeviçin poeziyasında” adlı monoqrafiyam çıxıb. Bunu azərbaycanlı yazıb, həm polyaklar, həm də ingilis dilini bilənlər oxuyur. Konqresdə hər yaşda alimlər iştirak edir və hamısı bir-birini tanıyır. Keçən il BSU-nun bir qrup əməkdaşı ilə Londonda olduq. Bizim gözəl alimimiz, professor Rahibə Qeybullayeva da orada çıxış edirdi. Ayrı-ayrı panellər idi və çıxışlar ingilis dilində gedirdi. Dil, ədəbiyyat, fəlsəfə mövzuları var idi və biz Böyük Britaniyada öz elmimizi göstərdik. Çox sayda verilən sualları cavablandırdıq. Biliklərə sahib olmaq lazımdır ki, həmin sulları cavablandırasan. Özümüzlə tələbələrimizi də aparmışdıq və onlar gözəl çıxış etdilər, məharətlə sualları cavablandırdılar. Beləliklə, çalışırıq yavaş-yavaş o məktəbi yaradaq. Digər dillər üzrə - polyak, çex, bolqar dillərinin tədrisinə 1996-cı ildən başladıq. O dövrdə mən prorektor idim, institut bağlanma təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Polyak, çex, bolqar dillərini bilən 3 müəllimi bir yerə yığdım və biz slavyan dillərinin tədrisinə başladıq. 2000-ci ildə artıq Ulu Öndər bu universitetin adını qoyanda bilirdi ki, burada baza var və instituta Bakı Slavyan Universiteti adı vermək olar. 1997-ci ildə mən bura Moskva Dövlət Universitetindən qədim yunan dili üzrə mütəxəssisimizi dəvət etdim və hazırda BSU bizdə yeganə universitetdir ki, burada yunan dili tədris olunur. Bizim məqsədimiz o idi ki, tələbələrimizi hazırlaşdıraq və sabah Herodotun, Ksenofontun əsərlərini, orada Azərbaycanla bağlı olan yazıları orijinaldan tərcümə edək. Bilək ki, ölkəmizi onlar necə təqdim etmişdi. Elə mənbələr var ki, Azərbaycanla bağlı məqamlar nə ingilis, nə rus dilinə tərcümə edilməyib. 1972-ci ildə Ulu Öndər Heydər Əliyev bir fakültəni dillərdən ayırdı və Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu yaratdı. Ümummilli Lider Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə isə Bakı Slavyan Universiteti yaradıldı. İnstitutun kollektivi və müəllimləri qarşısında çıxış edərkən Ulu Öndər Heydər Əliyev dedi: “Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun müəllimləri Azərbaycan xalqının qaymağıdır və mən əminəm ki, onlar bunun da öhdəsindən gələcəklər”. Demək istəyirəm ki, M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu böyük alimlər yetişdirib. İndi də biz çalışırıq ki, müəllimlərimizin davamçısı olaraq gənclərimizə, tələbələrimizə o səpkidə öz tövsiyələrimizi verək.
- Bu gün Azərbaycanda filologiya elminə gənclərin marağı necədir? Xaricə tez-tez səfər edən alim olaraq hansı fərqi hiss edirsiniz?
- Boloniya sistemində belədir ki, tələbə dərsə gəlmir, özü bilər. Oturur kitabxanada hazırlaşır, gəlir imtahan verir. O hər bir işində birbaşa müəllimlə əlaqə saxlayır. Tapşırığı yerinə yetirməsə gedib yenidən hazırlaşmağa davam edir. Yəni müəllim-tələbə münasibəti hər şeyi qurur. Biri var münasibət administrativ şəkildə qurulsun, biri də var fərdi şəkildə. Bunun müqabilində referatlar, tapşırıqların hamısı həll olunur. Tələbkarlıq xaricdə yüksək səviyyədədir. Bizdə də tələb edirlər, İstedadlı tələbəyə imkan vermək lazımdır ki, daha yaxşı hazırlaşsın. Qoy tələbələr özlərini tək burada yox, xaricdə də sınasınlar, təhsil alsınlar. Tələbə özü təhsilini davam etməyə hazır olmalıdır. Məzunlarımız var ki, burada beynəlxalq münasibətləri bitirib, ingilis dilində Polşada universitetə qəbul olub, polyak dilini öyrənib, doktorantura oxuyub, sonra alman dilini öyrənib və başqa ixtisas üzrə Almaniyada təhsil alır. Yəni hansı savada malik olması insanın özündən asılıdır. İnsan özü öz taleyini qurur. Fiziklər əvvəllər bunu inkar edirdilər, indi onlar da qənaətə gəliblər ki, insan necə düşünürsə, elə də yaşayır. Günahkarı kənarda axtarmaq lazım deyil. Valideynlər yaxşı ola bilər, təhsil üçün sərmayə qoya bilər. Lakin sən özün yoxsansa, nəticə olmayacaq. Özün varsansa, gələcəyin də var.
- Universitetlərdə aparılan elmi-tədqiqat işləri ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Mənə elə gəlir ki, bu gün universitetlərdə böyük elmi işlər gedir. Hərə öz sahəsinə görə ilkin olaraq planını qurur. Eləsi var hər hansı dərs vəsaiti, kitab üzərində müştərək işləyir. Yenilik var, çünki yeni mövzular meydana gəlir. Mənim din, fəlsəfə, psixologiya kimi ayrı-ayrı sahələr üzrə məqalələrim, kitablarım var. Yəni biri var sənin profilin, istiqamətin, biri də var marağın. Maraq çoxdursa, ona uyğun əsərlər yaranır. Bizim müəllimlərimiz, aspirantlarımız mövzu seçəndə böyük sınaqlardan keçirlər. Bunlar hamısı şərtdir. Fikrimcə, elm doğrudan da irəli gedir. Təəssüflər olsun ki, elmlə məşğul olmaq istəyən gənclərin sayı bir qədər azalıb.
- Hesab edilir ki, yaxın gələcəkdə yox olacaq peşələr sırasında tərcüməçilik də var. Necə düşünürsünüz, bu mümkündürmü?
- Süni intellekt mətni tərcümə edir, işimizi asanlaşdırır. Lakin mətni nə qədər düzgün ifadə edir, oxuyur? “Google”, süni intellekt tərcümə edəcək. Lakin bədii tərcüməni edə bilməz. Fərdi yanaşma, estetika maşının işi deyil. Bədii əsərdə estetika, zövq, emosiya var. Süni intellektdə bunlar ola bilməz. Ona görə bədii tərcümə, elə hüquq mətnlərinin tərcüməsi və s. onluq deyil. Terminologiyanı tuta bilər, amma incəliyi, gözəlliyi tuta bilməz. Tərcümə etikası deyilən anlayış var. Tərcüməçini hansısa bir məkana dəvət edəndə kodeksə imza atır. Şifahi, sinxron tərcümədə insan insanla danışır, pıçıltı ilə qulağına tərcümə edir. Maşın onu edə biləcək? Bu incəlikləri görməsən, bilməsən müdaxilə edə bilməzsən. İnsanın zövqünə, duyğularına, düşüncəsinə uyğun hərəkəti maşın edə bilməz. Nəsiminin sözlərini “Məndə sığar iki cahan, mən bu cahanə sığmazam, Gövhəri-laməkan mənəm, kövnü məkanə sığmazam” tərcümə ilə süni intellekt sizə bəxş edə bilər? Bəli, Sİ bir çox sahələrdə insana köməklik edir, lakin hər bir şeydə kömək edə bilməz. Bu gün çox yaxşı tərcüməçilərimiz var, müxtəlif ədəbiyyatlar tərcümə olunur və bu ənənə davam etdirilməlidir.
- Karyeranız boyunca əldə etdiyiniz ən dəyərli və sizi ən çox həyəcanlandıran uğur hansıdır?
- Mən fəaliyyətə laborantlıqdan başlamışam və gəlib elmlər doktoru, professor olmuşam. Hazırda bir neçə akademiyanın – Avropa, Türkiyə akademiyalarının həqiqi üzvü, akademikiyəm. Bu yaxınlarda Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən “Böyük Turan” ordeni ilə təltif edildim. Bu orden yeni təsis olunub və mənim üçün çox qiymətlidir. Orden mənə kitablarıma, monoqrafiyalarıma, konfranslarda, konqreslərdə çıxışlarıma görə verilib və mənim üçün olduqca dəyərlidir.
- Sizin üçün “alim olmaq” sadəcə bir peşədir, yoxsa həyat fəlsəfəsi?
- Tədris işləri üzrə prorektor işləmişəm, 3 il rektor əvəzi olmuşam. Mənim üçün önəmli olan o deyildi, əsas olan elmdir. Elmə gedən adam gərək gündəlik elmlə məşğul olsun. Məni məcbur edən yoxdur ki, hər il ortalığa bir kitab, monoqrafiya qoyam. Bu mənim həyat tərzimdir. Əgər mən özümü elmə həsr etmişəmsə deməli nəticə olmalıdır. Yaş, vəzifə buna təsir edə bilməz. Biri var tək özün inkişaf edəsən, biri də var dissertantlar, doktorantlar, yeni nəsl, elm adamları yetişdirəsən. Hazırda 15 doktorantım, elmlər namizədim var. Onları mən hazırlamışam və artıq dosent, müəllimdirlər. Elmlər doktorları yetişdirmişəm.
- Rafiq müəllim, fəaliyyətiniz dövründə dəyərli kitablar ərsəyə gətirmisiniz. Bu kitablar və onların elmi əhəmiyyəti barədə nə deyə bilərsiniz?
- Mənim 40-a yaxın kitabım var: dərs vəsaitləri, lüğətlər, danışıq kitabçaları və s. Hətta mən sizə deyim ki, 2010-2012 ci illərdə Belarusda işləmişəm, Minsk Dövlət Linqvistika Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin müdiri olmuşam. 2012-2014-cü illərdə isə Ukraynada Kiyev Milli Linqvistik Universitetində Şərqşünaslıq fakültəsində Azərbaycan dilindən dərs demişəm. Orada mən Azərbaycan dilinin qəbula salınmasına nail oldum. Türk dili ilə paralel olaraq qəbulda Azərbaycan dili də var. Bu günə kimi mənim “Azərbaycan dili ukraynalılar üçün” kitabımdan ukraynalılara dərslər keçilir. Ukraynada Taras Şevçenko adına Kiyev Milli Universitetində fakültativ dil kimi türk dili ilə yanaşı Azərbaycan dili keçilir. Orada tələbələrlə “Ukraynca-Azərbaycanca”, “Azərbaycanca-Ukraynca” danışıq kitabçası yazdıq. Həmçinin Belarusda dərs deyirdim və danışıq kitabçası yazmışdım.
- Hazırda üzərində işlədiyiniz əsas tədqiqat layihəsi nədir?
- Tərcümə kafedrasının müdiri işlədiyim dövrlərdə tərcümə ilə bağlı olaraq “Tərcümə nəzəriyyəsi”, “Tərcümədən praktikum”, “Tərcümənin xüsusiyyətləri” kitablarım işıq üzü görüb. Hazırda tələbələr həmin kitablardan istifadə edirlər. Bolqarıstanda keçirilən konfransda bolqar dilində nitq söyləmişəm. Polyak dilində Polşada konqresdə təqdimatla çıxış etmişəm, fars dilində məqalələr yazmışam və s. Hazırda Nobel mükafatı laureatı olmuş polyak yazıçı Olqa Tokarçukun 890 səhifəlik romanını Azərbaycan dilinə tərcümə edirəm. Yazıçının üslubuna bələd olmasan onu oxucuya həmin üslubda ötürə bilməzsən. Bundan əvvəl biz İbrahim Quliyevlə fransız-belçikalı yazıçı və dramaturq Erik-Emmanüel Şmittin 2001-ci ildə yazdığı “Müsyö İbrahim və Quran çiçəkləri” kitabını tərcümə etdik. Birbaşa islamla bağlı olan çox maraqlı əsərdir. Biz bu kitabı Azərbaycan oxucusuna lazım olduğuna, mahiyyətinə, ideyasına görə tərcümə etdik. Yazıçı fransız, xristian, katolik olaraq islamı elə təbliğ edir ki, valeh olursan.
- Elmlə məşğul olmaq istəyən gənclərə ilk olaraq hansı məsləhətləri verərdiniz?
- Gənc kadrlara tövsiyə edərdim ki, seçdikləri sənətə bağlı olsunlar.Bizim tərcümə mərkəzləri ilə əlaqələrimiz var ki, onlar bizdən mütəxəssisləri götürür və işlə təmin etməyə köməklik göstərirlər. Gənclər bu imkanlardan maksimum yararlanmalıdırlar. Bu gün resurslar kifayət qədər əlçatandır, qoy daim öz üzərlərində işləsinlər, elmin dalınca getsinlər, özlərini inkişaf etdirsinlər. Gənclərimizi zəngin elm ənənələrini yaşatmağa, inkişaf etdirməyə və gələcək nəsillərə ötürməyə çağırıram.
Foto: Kənan Qafarov




