“Bilik paylaşmaq üçündür” – Oksfordda dərs deyən DP təqaüdçüsü
Dünyanın nüfuzlu universitetlərindən birində təhsil almaq böyük hədəfdir. Həmin universitetdə dərs demək, elmi-tədqiqat aparmaq və akademik icmanın həyatında məsuliyyət daşımaq isə tamam başqa mərhələdir. Dövlət Proqramının təqaüdçüsü Nuranə Məmmədova Oksford Universitetində bu üç istiqaməti birləşdirən akademik yola başlayıb. Beynəlxalq münasibətlər üzrə doktoranturanın ikinci ilində təhsilini davam etdirən Nuranə xanım universitetin “Qlobal idarəetmə və diplomatiya” magistratura proqramının müəllim heyətinə daxil edilib, üzvü olduğu kollecin köməkçi dekan vəzifəsinə seçilib.
Onun yolunu maraqlı edən təkcə bu uğurları deyil. İqtisadiyyat təhsilindən diplomatiyaya, beynəlxalq təşkilatda rəhbər vəzifədən elmi-tədqiqata uzanan bu yolun arxasında ardıcıl seçimlər, peşəkar təcrübə və böyük hədəflər dayanır. Nuranə Məmmədova ilə müsahibəmizdə həmin yolun görünən tərəflərindən əlavə, qərarlarından, çətinliklərindən və qazandığı təcrübəni gələcəkdə Azərbaycana necə daşımaq istədiyindən danışdıq.
– Nuranə xanım, təhsil yolunuz müxtəlif ölkələrdən və fərqli istiqamətlərdən keçib. İstərdim ki, elə söhbətimizə də buradan başlayaq.
– Təhsil yolumun müxtəlif ölkələrdə keçməsi akademik təcrübəmi zənginləşdirməyə kömək edib. Orta təhsilimin bir hissəsini Ukraynada almışam, daha sonra isə təhsilimi Şəmkirdə davam etdirib məktəbi fərqlənmə ilə başa vurmuşam. O dövrdə riyaziyyata xüsusi marağım olduğuna görə ilk seçimim iqtisadiyyat sahəsi oldu. UNEC-in xüsusi istedadlar qrupunda “Dünya iqtisadiyyatı” ixtisasına daxil oldum. Sonradan təhsilimi ADAU-da davam etdirərək bakalavr pilləsini fərqlənmə diplomu ilə başa vurdum. Lakin iqtisadi proseslərin arxasındakı siyasi qərarlar, danışıqlar prosesi və ictimai çıxışlar da məndə həmişə maraq doğururdu. Buna görə növbəti mərhələdə istiqamətimi genişləndirdim: Türkiyə, Fransa və Almaniyada daxili təqaüd əsasında Avropa və beynəlxalq münasibətlər üzrə magistratura təhsilimi fərqlənmə ilə başa vurdum.
Bir müddət sonra diplomatiya sahəsində daha dərindən ixtisaslaşmaq məqsədilə Oksford Universitetində ikinci magistratura təhsilimə başladım və o ərəfədə dünyanın ən yaxşı 50 tələbəsi siyahısında yer aldım.
Oksfordda magistratura təhsili aldığım müddətdə müəllimlərim mənə doktorantura təhsilimi də burada davam etdirməyi tövsiyə edirdilər. Doktorantura təhsili almaq erkən yaşlardan hədəflərim arasında olsa da, əvvəlcə praktiki təcrübə qazanmağı vacib sayırdım. Beləliklə, magistratura təhsilimdən sonra İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzində diplomat olaraq departament müdiri vəzifəsində çalışdım. Bu vəzifədə qazandığım diplomatik və institusional təcrübə akademik maraqlarımı daha da gücləndirdi. Nəticədə elmi fəaliyyətimi Oksfordda doktorantura səviyyəsində davam etdirməyə qərar verdim.
“Dövlət Proqramının minlərlə tələbənin akademik inkişafına verdiyi töhfəni əvəzolunmaz hesab edirəm”
– Oksfordda doktorantura təhsili almaq hədəfinizə çatmaqda Dövlət Proqramının dəstəyi hansı rol oynadı? Bu proqramın sizə yaratdığı imkanları necə qiymətləndirirsiniz?
– Dövlət Proqramı çərçivəsində xaricdə təhsil imkanlarının yaradılmasını gənclərimizin və ümumilikdə ölkəmizin gələcəyinə yönəlmiş ən mühüm strateji təşəbbüslərdən biri hesab edirəm. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin gənclərimizin təhsilinə göstərdiyi diqqəti və onların dünyanın aparıcı universitetlərində təhsil almasına verdiyi dəstəyi xüsusilə yüksək qiymətləndirirəm. Dövlət Proqramı Prezidentimizin ölkəmizdə insan kapitalının inkişafına, yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsinə və gənclərin potensialının reallaşdırılmasına verdiyi önəmin bariz göstəricisidir.
Mən də bu dəstəkdən yararlanan yüzlərlə tələbədən biri olduğum üçün şadam və mənə göstərilən etimadı doğrultmaq məqsədilə təhsil aldığım universitetdə ölkəmizi layiqincə təmsil etməyə çalışıram.
Oksford Universitetində doktorantura təhsili almaq akademik hədəflərimdən biri idi və Dövlət Proqramının dəstəyi bu məqsədimə çatmağımda mühüm rol oynadı. Əlbəttə, belə bir dəstək olmasaydı, təhsilimi davam etdirmək üçün alternativ imkanlar axtarmalı olardım, çünki qarşıma qoyduğum məqsədlərə çatmaqda qərarlıyam. Lakin çox güman ki, bu, daha çətin və uzunmüddətli proses olardı.
Ümumilikdə, Dövlət Proqramının mənim kimi minlərlə tələbənin akademik və peşəkar inkişafına verdiyi töhfəni əvəzolunmaz hesab edirəm.
– Bu gün Oksford Universitetinin “Qlobal idarəetmə və diplomatiya” magistratura proqramının müəllim heyətinə daxil edilmisiniz. Maraqlıdır, bu təklif necə yarandı və seçildiyinizi öyrənəndə nə hiss etdiniz?
– Mən hər zaman düşünmüşəm ki, bilik paylaşmaq üçündür. Öyrəndiklərimi başqaları ilə bölüşmək məndə həmişə xüsusi həvəs oyadıb. Bu səbəbdən 19 yaşımdan etibarən beynəlxalq təşkilatlarda təlimçi və ekspert kimi fəaliyyət göstərmiş, diplomatlar, universitet müəllimləri, dövlət rəsmiləri, özəl sektor nümayəndələri və tələbələr də daxil olmaqla, müxtəlif peşəkar qruplar üçün təlimlər keçmişəm. Oksfordda doktorantura təhsilimə başlayanda da burada tədris təcrübəmi genişləndirməyi qarşıma məqsəd qoymuşdum.
“Qlobal idarəetmə və diplomatiya” magistratura proqramı haqqında əvvəllər çox eşitmişdim. Bu, Oksford Universitetinin nüfuzlu magistratura proqramlarından biridir və məzunları arasında müxtəlif ölkələrdə dövlət rəhbəri, nazir, diplomat kimi, eləcə də dövlət qurumlarında və beynəlxalq təşkilatlarda yüksək vəzifələrdə çalışan şəxslər yer alır.
Proqramın tədris komandasına yeni əməkdaş axtarıldığını mənə təhsil aldığım departament bildirdi. Açığı, əvvəlcə müraciət etməkdə tərəddüd etdim, çünki fərqli departamentdən olduğum üçün seçilmək ehtimalımın daha aşağı olduğunu düşünürdüm. Bununla belə, müraciət etmək qərarına gəldim. Seçim prosesi bir neçə mərhələdən ibarət idi və əsas meyarlardan biri namizədlərin müvafiq akademik hazırlığa və peşəkar təcrübəyə malik olması idi.
Sonuncu seçim mərhələsindən sonra seçiləcəyimi bir növ hiss etmişdim. Bununla belə, rəsmi xəbəri alanda sevindim və eyni zamanda üzərimə götürdüyüm məsuliyyətin əhəmiyyətini düşündüm. Belə bir proqramın tədris fəaliyyətinə töhfə vermək mənim üçün həm peşəkar inkişaf baxımından dəyərli fürsət, həm də mənə göstərilən böyük etimaddır.
“Müəllim hər kəsin düşünməsinə səbəb olan suallar verməyi bacarmalıdır”
– Oksfordda müxtəlif ölkələrdən, fərqli siyasi və mədəni mühitlərdən gələn tələbələrə dərs demək, yəqin ki, xüsusi yanaşma tələb edir. Belə auditoriya ilə işləyərkən nələri əsas götürürsünüz?
– Belə auditoriyada dərs apararkən müəllimin əsas vəzifələrindən biri fərqli baxışların əsaslandırılmış müzakirəsinə şərait yaratmaqdır. Beynəlxalq münasibətlərdə eyni hadisə müxtəlif ölkələrdən gələn tələbələr tərəfindən fərqli qiymətləndirilə bilər. Əsas məsələ bu mövqeləri diqqətlə dinləmək, arqumentləri faktlarla yoxlamaq və müzakirəni akademik çərçivədə saxlamaqdır.
Mənim yanaşmamda hazırlıq yalnız mövzunun nəzəri ədəbiyyatını bilməkdən ibarət deyil. Tələbələr müzakirəyə konkret nümunələr, diplomatik hadisələr və bəzən birbaşa peşəkar təcrübələri ilə gəlirlər. Müəllim bu bilikləri bir araya gətirərək hər kəsin düşünməsinə səbəb olan suallar verməyi bacarmalıdır.
Müxtəlif peşəkar qruplar üçün təlimlər keçməyim bu baxımdan mənə çox kömək edir. Tələbələri fərqli baxış bucaqlarını sərbəst ifadə etməyə təşviq etmək, onların fərdi öyrənmə üslublarını nəzərə almaq və hər kəsin özünü rahat hiss etdiyi inklüziv tədris mühiti yaratmaq mənim üçün əsas prinsiplərdəndir.
– Doktorantura tədqiqatınızın mövzusu da beynəlxalq münasibətlərlə bağlıdır. Hazırda hansı problemi araşdırırsınız və bu mövzuya marağınız necə yaranıb?
– Tədqiqatım böyük güc statusuna malik dövlətlərin arasındakı geosiyasi rəqabətin orta güc statusuna malik dövlətlərin xarici siyasət seçimlərinə necə təsir etdiyini araşdırır.
İlkin nəzəri yanaşmam ondan ibarətdir ki, bu təsir birmənalı deyil. Rəqabətin müəyyən səviyyəsi tərəfdaşlıqları şaxələndirməyə və diplomatik manevr imkanlarını artırmağa şərait yarada bilər. Ancaq qarşıdurma həddindən artıq kəskinləşəndə iqtisadi, siyasi və təhlükəsizlik təzyiqləri dövlətlərin seçimlərini məhdudlaşdıra bilər.
Bu mövzunu seçməyimdə həm iqtisadiyyat üzrə təhsilim, həm də diplomatiya sahəsindəki peşəkar təcrübəm rol oynayıb. Mən beynəlxalq sistemin təzyiqləri ilə dövlətlərin öz strateji qərarları arasında əlaqəni daha dərindən anlamaq istəyirəm. Tədqiqatın məqsədi həmin əlaqəni izah edən və fərqli halların müqayisəsinə imkan verən nəzəri çərçivə hazırlamaqdır.
– Həm tədqiqatçı, həm də müəllim kimi fəaliyyət göstərirsiniz. Bu iki istiqamət bir-birinə necə təsir edir?
– Bu iki fəaliyyət mənə eyni mövzuya fərqli mövqelərdən baxmağa imkan verir. Tədqiqat zamanı bir problemi bütün mürəkkəbliyi ilə araşdırmağa, alternativ izahları yoxlamağa çalışıram. Tədrisdə isə həmin mürəkkəbliyi tələbələrin müzakirə edə biləcəyi aydın suallara çevirməli oluram və onların tənqidi düşüncə bacarıqlarını gücləndirməyə çalışıram. Bəzən mövzunu izah etməyə çalışarkən öz tədqiqatımdakı hansısa anlayışın daha dəqiq müəyyənləşdirilməsinə ehtiyac olduğunu görürəm.
Digər tərəfdən, elmi işim məni yeni ədəbiyyatla və müasir beynəlxalq münasibətlər nəzəriyyələri ilə daim təmasda saxlayır. Bunun sayəsində dərslərdə yalnız dərslikdəki yanaşmalarla kifayətlənmir, fərqli izahları və onların məhdudiyyətlərini də müzakirəyə çıxara bilirəm.
Məncə, ən maraqlı məqamlardan biri tələbələrin gözlənilməz suallarıdır. Belə suallar bəzən vərdiş etdiyimiz qənaətləri yenidən düşünməyə vadar edir. Bu səbəbdən auditoriyanı biliklərin sadəcə təqdim edildiyi deyil, birlikdə sınandığı bir mühit kimi görürəm. Bundan əlavə, tələbələrim tədqiqat mövzuma böyük maraq göstərir və elmi işim haqqında daha ətraflı məlumat almaq üçün dərslərdən sonra mənə konkret suallar ünvanlayırlar.
– Oksfordun akademik mühitində tədqiqat aparmaq sizə fərqli düşünmə və araşdırma üsulları qazandırıb. Bu təcrübəni Azərbaycan universitetlərinin tədris mühiti ilə müqayisə etdikdə hansı fərqləri görürsünüz?
– Oksfordda mənim üçün xüsusi əhəmiyyət daşıyan yanaşmalardan biri tədqiqat sualına əvvəlcədən hazır cavabla başlamamaqdır. Burada irəli sürülən arqumentləri əsaslandırmaqla yanaşı, onları sual altına ala biləcək alternativ yanaşmaları da ciddi şəkildə araşdırmaq tələb olunur. Müqayisəli təhlil, müxtəlif nəzəri yanaşmaların yoxlanılması və müstəqil mütaliə bu prosesin mühüm hissəsidir.
Tədrisdə də oxşar yanaşma tətbiq olunur. Tələbə mühazirədə verilən məlumatı təkrarlamaqla kifayətlənmir. Oxuduqlarını sorğulamalı, təhlil etməli və öz analitik nəticələrini formalaşdırmalıdır. Akademik müzakirələrdə müəllimlə razılaşmamaq problem sayılmır. Əsas məsələ irəli sürülən mövqenin elmi arqumentlərlə əsaslandırılmasıdır.
Azərbaycandakı təcrübəmə əsasən düşünürəm ki, bizdə fundamental nəzəri hazırlığın güclü tərəfləri var. Bununla belə, xüsusilə sosial və humanitar elmlərin tədrisində seminar müzakirələrinə, müstəqil tədqiqat tapşırıqlarına və analitik yazılara daha çox yer verilməsi, eləcə də bu bacarıqların qiymətləndirmə prosesində nəzərə alınması faydalı olardı. Burada əsas məqsəd hansısa təhsil modelini olduğu kimi köçürmək deyil, onun uğurlu tərəflərini yerli akademik mühitimizə uyğunlaşdırmaqdır.
– Oksfordda üzvü olduğunuz kollecin köməkçi dekan vəzifəsinə də seçilmisiniz. Bu vəzifənin mahiyyəti nədən ibarətdir və hansı məsuliyyətləri əhatə edir?
– Bu vəzifə Oksford Universitetində tələbələrin üzərinə götürə biləcəyi nüfuzlu və məsuliyyətli vəzifələrdən biridir. Bu vəzifəyə seçilmək həm də kollec rəhbərliyinin göstərdiyi etimadın göstəricisidir. Bu rolda tələbələrin müraciətlərini dinləmək, çətin vəziyyətlərdə müvafiq xidmətlərlə əlaqə yaratmağa kömək etmək və kollecdə qarşılıqlı hörmətə əsaslanan mühitin qorunmasına töhfə vermək vacibdir. Eyni zamanda, tələbələrlə kollec rəhbərliyi arasında ünsiyyəti asanlaşdırmaq da vəzifənin bir hissəsidir. Köməkçi dekan həmçinin kollec rəhbərliyi ilə planlaşdırma görüşlərində iştirak edir və bir sıra qərarların qəbulunda birbaşa iştirak edir.
Əvvəlcə bu vəzifəyə namizədliyimi irəli sürmək fikrində deyildim. Lakin kollecdəki akademik rəhbərim mənim peşəkar təcrübəmlə yaxından tanış idi və bu rolda kollec icmasına əhəmiyyətli töhfə verə biləcəyimi bildirərək müraciət etməyimi tövsiyə etdi. Müsahibə mərhələsində mənə müxtəlif praktiki situasiyalar təqdim olundu. Həmin vəziyyətlərə necə yanaşacağım, hansı qərarları qəbul edəcəyim və bu qərarları necə əsaslandıracağım qiymətləndirilirdi.
Düşünürəm ki, belə bir vəzifədə insanları diqqətlə dinləmək, məxfiliyə həssas yanaşmaq, təzyiq altında təmkinini qorumaq və zərurət yarandıqda tələbələri müvafiq peşəkar dəstək xidmətlərinə yönləndirmək bacarığı xüsusilə əhəmiyyətlidir. Təlimçi və rəhbər vəzifələrində qazandığım təcrübə bu keyfiyyətləri özümdə inkişaf etdirməyimə, eləcə də problemlərin həlli və qərarvermə bacarıqlarımı gücləndirməyimə kömək edib.
– Çox vaxt xaricdə uğur qazanan insanların nəticələri görünür, lakin həmin nəticələrə aparan gündəlik zəhmət, tərəddüdlər və çətinliklər kənarda qalır. Halbuki bu nəticələrin arxasında uzun bir hazırlıq prosesi dayanır. Sizin üçün yolun ən çətin tərəfi nə olub?
– Çox düzgün vurğuladınız. Həqiqətən də, insanlar çox vaxt aysberqin yalnız görünən hissəsini, yəni əldə edilən nəticəni görürlər. Halbuki hər bir uğurun arxasında uzun, bəzən də kifayət qədər keşməkeşli bir proses dayanır. Bu yol insandan böyük zəhmət, səbir, fiziki və psixoloji dözümlülük tələb edir. Çətinlik deyərkən əsla yuxusuz gecələri və ya fasiləsiz çalışmağı nəzərdə tutmuram. Bunlar tələbə həyatında normal haldır.
Əslində, nüfuzlu universitetlərə qəbul prosesi mənim üçün o qədər də çətin olmayıb. Hətta Oksford Universitetinin magistratura proqramına müraciətimi təyyarədə olarkən tamamlamışdım, doktorantura müraciətimin hazırlanmasına isə cəmi bir gün sərf etmişdim. Halbuki bu proseslər adətən aylarla hazırlıq tələb edir. Eyni zamanda, qəbul imtahanlarına da müstəqil şəkildə hazırlaşmış və buna cəmi yeddi gün vaxt ayırmışdım. Bunun əsas səbəbi illər ərzində lazımi akademik bilik və peşəkar təcrübə qazanmağım, eləcə də güclü bir portfel formalaşdırmağım idi. Yəni müraciət prosesinin mənim üçün nisbətən asan keçməsi, əslində, uzun illər ərzində çəkdiyim zəhmətin nəticəsi idi.
Mənim üçün daha çox çətinlik yaradan məsələlərdən biri bürokratik proseslər olub. Bu məsələlərin həllinə sərf etdiyim vaxt və enerji diqqətimi əsas fəaliyyətimdən, yəni elmi tədqiqatlarımdan yayındırır. Ümid edirəm ki, hələ də həllini gözləyən məsələlər yaxın zamanda Dövlət Proqramının dəstəyi ilə ədalətli şəkildə həll olunacaq.
Digər çətinlik isə peşəkar fəaliyyətdən yenidən akademik mühitə uyğunlaşmaq olub. Bunlar fərqli iş prinsipləri olan iki mühitdir. Peşəkar fəaliyyətdə adətən müəyyən müddət ərzində qərar vermək və konkret nəticə əldə etmək tələb olunur. Doktoranturada isə bəzən aylarla bir tədqiqat sualı üzərində işləyirsən, ilkin qənaətlərini yenidən nəzərdən keçirirsən və nəticələrin dərhal ortaya çıxmadığını qəbul etməli olursan. Bu keçid müəyyən vaxt və səbir tələb edir.
Açığı, bütün bu çətinliklərin öhdəsindən gəlmək üçün xüsusi bir strategiyam olduğunu iddia edə bilmərəm. Sadəcə diqqətimi əsas hədəflərimə yönəltməyə və məni gündəlik işimdən yayındıran amilləri mümkün qədər azaltmağa çalışıram. Məsələn, sosial şəbəkələrdə aktiv deyiləm və şənbə-bazar günləri də işləyirəm. Bununla belə, anlayıram ki, uzunmüddətli məhsuldarlıq üçün daha balanslı iş və istirahət rejimi qurmaq da vacibdir. Bu, hələ də üzərində işlədiyim məsələlərdən biridir.
“Qarşılaşdığım müxtəlif çətinliklərə və sınaqlara baxmayaraq, prinsiplərimə sadiq qalmağı bacardım”
– Xaricdə təhsil almaq və beynəlxalq akademik mühitdə fəaliyyət göstərmək insanın öz ölkəsinə baxışına da təsir edir. Oksfordda keçirdiyiniz illər sizə Azərbaycanı beynəlxalq müstəvidə təmsil etmək baxımından nə öyrədib?
– Oksfordda keçirdiyim müddətdə öz dəyərlərimin nə qədər möhkəm olduğunu daha yaxşı anladım. Qarşılaşdığım müxtəlif çətinliklərə və sınaqlara baxmayaraq, prinsiplərimə sadiq qalmağı bacardım. Bunu xüsusilə diplomatiya üzrə magistratura təhsilim zamanı müşahidə etmişəm. Dərslərdə Azərbaycanla bağlı məsələlər müzakirə olunarkən bəzən ölkəmiz haqqında natamam və ya birtərəfli məlumatlarla qarşılaşırdım. Belə hallarda müzakirələrə fəal qoşulur, faktlara və müxtəlif mənbələrə əsaslanaraq məsələlərə aydınlıq gətirməyə çalışırdım. Mənim üçün vacib idi ki, birlikdə təhsil aldığım diplomatlarda və mənə dərs deyən müəllimlərdə ölkəmiz haqqında yanlış təsəvvürlər formalaşmasın.
Bu gün həmin diplomatların bir qismi dünyanın müxtəlif ölkələrində səfir və konsul kimi fəaliyyət göstərir, digərləri isə beynəlxalq təşkilatlarda strateji əhəmiyyətli vəzifələr tutur. Onların Azərbaycan haqqında daha dolğun və obyektiv təsəvvür formalaşdırmasına müəyyən töhfə verdiyimi düşünmək mənim üçün çox dəyərlidir. Məhz buna görə həmin dövrdə belə bir beynəlxalq akademik mühitdə olmaq və ölkəmin mövqeyini təqdim etmək imkanına malik olduğum üçün sevinirəm.
Azərbaycanı beynəlxalq akademik mühitdə təmsil etməyə verdiyim əhəmiyyət magistratura dissertasiyamın mövzu seçimində də özünü göstərib. Dissertasiyamı Qarabağ münaqişəsinə həsr etmişdim, çünki bu məsələnin faktlara əsaslanaraq, obyektiv şəkildə araşdırılmasını vacib hesab edirdim.
Bütün bu təcrübələr Azərbaycanı beynəlxalq mühitdə təmsil etməyin mənim üçün nə qədər böyük məsuliyyət olduğunu bir daha göstərib. Eyni zamanda, fərqli baxışları dinləmək, öz mövqeyimi əsaslandırılmış arqumentlərlə müdafiə etmək və akademik obyektivliyi qorumaq kimi prinsiplərin əhəmiyyətini daha dərindən dərk etmişəm. Bu gün hesab edirəm ki, beynəlxalq münasibətlərdə uzunmüddətli etimadın formalaşması məhz qarşılıqlı anlaşma, dürüstlük və konstruktiv ünsiyyət kimi dəyərlərdən başlayır.
– Qarşıdakı illərdə özünüzü hansı istiqamətlərdə inkişaf etdirməyi və Azərbaycana hansı sahələrdə töhfə verməyi düşünürsünüz?
– Qarşıdakı illərdə əsas akademik hədəfim doktorantura tədqiqatımı uğurla tamamlamaq və əldə etdiyim elmi nəticələri beynəlxalq akademik mühitdə təqdim etməkdir. Bununla yanaşı, universitetdə tədris fəaliyyətimi davam etdirmək və elmi araşdırmalarımı genişləndirmək istəyirəm. Doktorantura təhsilimi başa vurduqdan sonra isə Azərbaycanda qazandığım akademik bilik və təcrübəni tətbiq edərək ölkəmizin ali təhsil sahəsinə töhfə verməyi planlayıram. Xüsusilə beynəlxalq münasibətlər və diplomatiya üzrə gənc mütəxəssislərin yetişdirilməsində iştirak etmək, universitetlərimizlə xarici akademik qurumlar arasında əməkdaşlıq əlaqələrini genişləndirmək və müasir tədris metodlarının tətbiqinə dəstək göstərmək istəyirəm.
Eyni zamanda, diplomatik karyeramı davam etdirmək və Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etmək də əsas peşəkar hədəflərim sırasındadır. İnanıram ki, akademik fəaliyyətlə diplomatiya sahəsindəki təcrübəmi birləşdirərək həm gələcək diplomatların hazırlanmasına, həm də ölkəmizin beynəlxalq münasibətlər sahəsindəki fəaliyyətinə fayda verə bilərəm.
Beləliklə, özümü yalnız tədqiqatçı, müəllim və ya diplomat kimi bir istiqamətlə məhdudlaşdırmaq istəmirəm. Hesab edirəm ki, bu fəaliyyət sahələri bir-birini tamamlayır. Elmi tədqiqatlar beynəlxalq siyasi prosesləri daha dərindən təhlil etməyimə, diplomatik fəaliyyət həmin bilikləri praktikada tətbiq etməyimə, müəllimlik isə qazandığım akademik və peşəkar təcrübəni gələcək nəsillərlə bölüşməyimə imkan verir.




