Oxçuluq hədəfə vurmağı, hüquq o hədəfə gedən yolu öyrədir – Türkiyədə oxuyan doktorantla MÜSAHİBƏ
Hüquqşünaslıq dəqiqlik, səbir və diqqət tələb edir. Aqşin İsgəndərzadə isə bu keyfiyyətləri həm elmi araşdırmalarında, həm də oxçuluqda inkişaf etdirməyə çalışır. Bakı Dövlət Universitetinin bakalavriat və magistratura səviyyələrini fərqlənmə diplomu ilə bitirən Aqşin hazırda İstanbul Universitetində ictimai hüquq üzrə doktorantura təhsili alır. O, 2025-2026-cı tədris ilində Türkiyədə təqaüdlə təhsil alan 11 azərbaycanlı doktorantdan biridir. YTB İntellektual Yarışmasında ikinci, İstanbul Universitetinin “Sıfır Atık Yemek Yarışması”nda isə üçüncü yeri qazanması onun maraq dairəsinin auditoriya və elmi araşdırmalarla məhdudlaşmadığını göstərir.
Bəs gənc hüquqşünas Türkiyədəki təhsil təcrübəsindən nə öyrənir, akademik həyatla müxtəlif fəaliyyətləri necə uzlaşdırır və gələcəkdə hüquq sahəsində hansı izləri qoymaq istəyir? Aqşin İsgəndərzadə ilə müsahibəmizdə bu suallara aydınlıq gətirdik.
– Təhsil yolunuzdan başlayaq. Bu gün İstanbul Universitetində doktorantura təhsili alırsınız. Ali təhsilinizin əvvəlki mərhələləri necə keçib və sizi məhz doktorantura səviyyəsində Türkiyədə təhsil almağa gətirən əsas amillər nələr olub?
– Ali təhsilin ilk pilləsi olan bakalavr təhsilinə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində başlamışam. Daha sonra həmin universitetin SABAH qruplarında təhsilimi davam etdirmiş, “Kibercinayətkarlıqla mübarizə sahəsində sübutlar” mövzusunda buraxılış işi yazaraq uğurla müdafiə etmiş və fərqlənmə diplomu ilə məzun olmuşam.
Magistr təhsilimi də Bakı Dövlət Universitetində “İnzibati hüquq, inzibati proses, iqtisadi və maliyyə hüququ” ixtisası üzrə almışam. Magistraturanın sonunda “İnzibati prosesdə Mülki Prosessual Məcəllənin müddəalarının tətbiqi: nəzəri və praktiki problemlər” mövzusunda dissertasiyamı uğurla müdafiə edərək fərqlənmə diplomuna layiq görülmüşəm.
Bundan sonra akademik araşdırmalarımı genişləndirmək və hüquq elminə fərqli baxış bucağı qazandırmaq məqsədilə xaricdə doktorantura təhsili almağa qərar verdim. Elə həmin dövrdə “Türkiyə bursları” təqaüd və Hökumətlərarası Təqaüd proqramları qarşıma çıxdı. Bakalavr pilləsində buraxılış işimi yazarkən türk professorların elmi əsərlərindən kifayət qədər faydalandığım üçün doktorantura təhsilimi də Türkiyədə almaq mənim üçün daha məqsədəuyğun seçim oldu. Beləliklə, 2025-2026-cı tədris ili üzrə Türkiyədə təqaüdlə təhsil alan 11 azərbaycanlı doktorantdan biri kimi hazırda İstanbul Universitetində ictimai hüquq üzrə təhsilimi davam etdirirəm.
– Azərbaycandakı təhsil təcrübənizlə müqayisədə Türkiyənin akademik mühitində hansı fərqlər diqqətinizi çəkib?
– Düşünürəm ki, iki ölkənin təhsil sistemləri arasında müəyyən oxşarlıqlarla yanaşı, kifayət qədər fərqlər də mövcuddur. İlk növbədə, Türkiyədə doktorantura təhsilinin tərkib hissəsi kimi minimum iki semestrlik dərs dövrünün nəzərdə tutulması və dissertasiya yazmağa başlamazdan əvvəl hazırlıq imtahanının verilməsi kimi prosedurlar bu təhsil mərhələsini Azərbaycandakı doktorantura təhsilindən fərqləndirir.
Həmçinin doktorantura dövründə dərslər zamanı müəllimlər tərəfindən müstəqil araşdırmalar aparmağa, məqalələr və müxtəlif elmi yazılar hazırlamağa mütəmadi təşviq olunuruq. Bu da akademik bacarıqlarımızı, belə demək olarsa, cilalamağımıza töhfə verən amillərdəndir.
Universitet tələbələrinə təqdim olunan imkanlara gəldikdə isə kitabxanaların çoxluğu, elmi mənbələrin zənginliyi və əlçatanlığı baxımından Türkiyədə uğurlu və münbit akademik mühitin yaradıldığı qənaətindəyəm. Bir gün oxşar akademik mühitin Azərbaycanda da formalaşdığını, xüsusilə ölkə ərazisində müasir dövrün tələblərinə cavab verən çoxsaylı kitabxanaların açıldığını görmək, həqiqətən də, xoş olardı.
– Akademik uğurlarınızla yanaşı, YTB İntellektual Yarışmasında ikinci, İstanbul Universitetinin “Sıfır Atık Yemek Yarışması”nda isə üçüncü yerə layiq görülmüsünüz. Təhsil və elmi araşdırmalarla yanaşı, bu fəaliyyətlərə də vaxt ayırmağı necə bacarırsınız?
– Hələ bakalavr və magistratura illərindən etibarən təlimlərdə, konfranslarda iştirak edir, yarışlara qatılır, müxtəlif fəaliyyətlərlə məşğul olurdum. İnanıram ki, təhsil aldığı ixtisasdan asılı olmayaraq, hər bir tələbə ona təqdim olunan imkanlardan maksimum dərəcədə faydalanaraq özünü hərtərəfli inkişaf etdirməlidir.
Söhbət təkcə tələbənin ixtisası ilə bağlı fəaliyyətlərdən getmir. Mümkün olduqca təhsildənkənar fəaliyyətlərdə iştirak etmək, yeri gəldikdə özümüzü fərqli sahələrdə sınamaq universal fərd kimi formalaşmağımızda mühüm əhəmiyyət daşıyır. Məhz bu səbəbdən belə fəaliyyətlərə daim vaxt ayırmağa çalışıram.
Vaxtı necə bölüşdürdüyümə gəldikdə isə sistemli işləməyə üstünlük verirəm. Müəyyən tapşırıqları son tarixdən əvvəl tamamlayıram. Bu da mənə əlavə vaxt qazandırır və digər fəaliyyətlərlə məşğul olmağıma şərait yaradır.
– Maraqlarınız arasında ənənəvi türk oxçuluğu da var. Bildiyimiz müasir oxçuluqdan nə kimi fərqi var?
– Hərəkətdə olmaq həmişə mənim üçün prioritet olub. Bu baxımdan kikboks və özünümüdafiə, voleybol, üzgüçülük, krossfit kimi bir-birindən fərqli idman sahələrinə üz tutmuşam. Oxçuluğun yeri isə başqadır.
Müasir oxçuluqdan fərqli olaraq, ənənəvi türk oxçuluğunda klassik yaylardan istifadə edilir. Hər dəfə ox atmağa başlamazdan əvvəl məşq yayı ilə təlim keçmək də bu idman növünün bir hissəsidir. İlk baxışda sadə görünsə də, bu proses insanın iradəsini gücləndirir, səbirli olmağı aşılayır və ən əsası, nişan alarkən diqqəti cəmləməyə kömək edir.
Ən qədim insanlardan bizə miras qalan oxçuluq sənətini ömründə heç olmasa bir dəfə sınamağı hər kəsə tövsiyə edərdim.
– Gələcək planlarınıza da toxunaq. Doktorantura təhsilinizdən sonra hüquq sahəsində hansı istiqamətdə fəaliyyət göstərməyi düşünürsünüz?
– Karyeramda əsas hədəfim Vəkillər Kollegiyasının üzvü olmaqdır. Lakin bununla kifayətlənməyi düşünmürəm. Paralel olaraq ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmağı, Türkiyədə təhsil aldığım müddətdə öyrəndiklərimi gələcəyin hüquqşünasları ilə bölüşməyi planlaşdırıram.
Vəkil kimi praktiki hüquq fəaliyyəti ilə də məşğul olacağım üçün nəzəri biliklərimi təcrübədə tətbiq etməyi və qazandığım təcrübəni başqalarına ötürməyi vacib sayıram. Düşünürəm ki, bütün bunlar ölkəmizdə hüquqi düşüncənin və savadlılığın artırılması kimi ali məqsədə çatmaq yolunda kiçik, amma əhəmiyyətli bir addım ola bilər.




