“İdeya bölgəmizin real problemlərindən yarandı” - Beynəlxalq müsabiqənin finalçısı 

3 Noyabr, 2026 - 10:27
“İdeya bölgəmizin real problemlərindən yarandı”

Azərbaycan müəllimlərinin beynəlxalq miqyasda qazandığı uğurlar ölkəmizin zəngin təhsil potensialının, yüksək intellektual resurslarının və peşəkar pedaqoji kadrlarının göstəricisidir. Müasir dövrdə müəllimlərimiz yalnız ölkə daxilində deyil, həm də nüfuzlu beynəlxalq platformalarda, qlobal müsabiqələrdə və qabaqcıl təhsil təşəbbüslərində əldə etdikləri nailiyyətlərlə Azərbaycanın adını layiqincə təmsil edirlər.

Belə uğurlu pedaqoqlardan biri də Quba rayonu Rəhman Məmmədov adına Çinarlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru Sevil Allahverdiyevadır. Onun Oksford Universitetinin Saïd Biznes Məktəbi tərəfindən təşkil olunan “Global Climate Tech Challenge 2026” (“Qlobal iqlim texnologiyaları müsabiqəsi 2026”)  beynəlxalq müsabiqəsinə təqdim etdiyi layihə əsaslı dərs planı 83 ölkədən daxil olan 2100-dən çox müraciət arasından seçilərək müəllimlər kateqoriyası üzrə dünyanın beş finalçısından biri olub. 

Müsabiqənin final mərhələsində Azərbaycanla yanaşı, Dubay (BƏƏ), Vyetnam, Hindistan və Səudiyyə Ərəbistanının nümayəndələri də yer alıblar.

“Azərbaycan müəllimi” innovativ təhsil yanaşması, beynəlxalq uğuru və pedaqoji fəaliyyəti ilə seçilən Sevil Allahverdiyeva ilə həmsöhbət olub.

“Azərbaycanın nüfuzlu beynəlxalq müsabiqədə ilk beşlikdə yer alması mənim üçün böyük qürurdur” 

- Sevil müəllim, özünüz haqqında məlumat verməyinizi xahiş edirik

- Mən 1984-cü ildə Quba rayonunda anadan olmuşam. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “İbtidai sinif müəllimliyi” ixtisası üzrə ali təhsil almışam. Hazırda Quba rayonu Rəhman Məmmədov adına Çinarlı kənd tam orta ümumtəhsil məktəbinin direktoruyam. Pedaqoji fəaliyyətimə ali təhsilimi başa vurduqdan sonra məhz özümün də vaxtilə təhsil aldığım məktəbdə ibtidai sinif müəllimi kimi başlamışam. Bu məktəb mənim üçün yalnız iş yeri deyil, həm də təhsil aldığım, formalaşdığım və bu gün inkişafına töhfə verməyə çalışdığım doğma təhsil müəssisəsidir. Artıq üç ilə yaxındır ki, adıçəkilən məktəbə rəhbərlik edirəm.

Pedaqoji fəaliyyətim boyunca müəllim, təhsil eksperti, məktəb rəhbəri kimi müxtəlif istiqamətlərdə çalışmışam. Müəllimlərin diaqnostik qiymətləndirilməsindən sonra Təhsil İnstitutu tərəfindən təşkil olunan inklüziv təhsil, məktəbdaxili qiymətləndirmə, baza dərslikləri və digər istiqamətlər üzrə təlimlərdə təlimçi kimi fəaliyyət göstərmişəm. Dörd ildir ki, Təhsil İnstitutunun məktəblərdə keyfiyyət monitorinqlərinin təşkili prosesində ekspert qismində iştirak edirəm. Bu fəaliyyət müxtəlif məktəblərin təcrübəsini öyrənmək, tədrisin keyfiyyətinə təsir edən amilləri daha yaxından müşahidə etmək və əldə etdiyim təcrübəni rəhbərlik etdiyim məktəbdə tətbiq etmək baxımından mənim üçün əhəmiyyətlidir. Hazırda Peşəkar Təlim və İnkişaf Mərkəzi tərəfindən həyata keçirilən valideyn-müəllim əməkdaşlığı istiqamətində təlimçi kimi də fəaliyyət göstərirəm. Peşəkar fəaliyyətimdə müəllimlərin inkişafına dəstək göstərməyə xüsusi önəm verirəm. Regional təhsilin ictimai fəaliyyətlərində, müəllimlərin sertifikatlaşdırma hazırlığı prosesində könüllü dəstəyin göstərilməsində, metodiki məsləhətlərin verilməsində və dərsdinləmələrin təşkilində fəal iştirak edirəm. Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələrində iki dəfə qalib olmuşam. 2022 və 2024-cü illərdə Elm və Təhsil Nazirliyi tərəfindən Fəxri fərmanla təltif edilmişəm. Həmçinin fəaliyyətim müxtəlif illərdə Regional Təhsil İdarəsi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatı tərəfindən qiymətləndirilib. Təhsildə liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi məqsədilə iki dəfə İsraildə təcrübə mübadiləsində iştirak etmişəm. Bu səfərlər zamanı öyrəndiyim yanaşmaları məktəb idarəetməsində və tədris prosesinin təşkilində tətbiq etməyə çalışıram. Hesab edirəm ki, təhsil sahəsində çalışan insan daim öyrənməli, yenilikləri izləməli və qazandığı bilikləri həmkarları ilə bölüşməlidir.

- Oksford Universitetinin Saïd Biznes Məktəbinin təşkil etdiyi beynəlxalq müsabiqəyə gedən uğur yolunuz necə başladı?

- Artıq üç ildir ki, Oksford Universitetinin Saïd Biznes Məktəbinin təşkil etdiyi beynəlxalq müsabiqələrə dərs planları təqdim edirəm. Beynəlxalq təhsil təcrübələrini, xüsusilə layihə əsaslı öyrənmə, innovativ tədris metodları və şagirdlərin real həyat problemlərinin həllinə cəlb edilməsi istiqamətində həyata keçirilən təşəbbüsləri daim izləyirəm. Mənim üçün belə müsabiqələrdə iştirakın əsas məqsədi yalnız nəticə qazanmaq deyil. Eyni zamanda beynəlxalq təcrübəni öyrənmək, öz pedaqoji yanaşmalarımı qiymətləndirmək və məktəbimizdə tətbiq etdiyimiz metodların beynəlxalq səviyyədə nə dərəcədə aktual olduğunu görməkdir. Bu il keçirilən “Qlobal iqlim texnologiyaları müsabiqəsi 2026”ya “Global Climate Tech Challenge 2026”)   layihə əsaslı öyrənmə (PBL) yanaşması əsasında hazırladığım “Meyvə bağlarının iqlim monitorinqi:Qubada ekstremal  hava hadisələri  üçün şagirdlər tərəfindən yaradılmış erkən xəbərdarlıq sistemi” (“Climate Orchard Watch: Student-Led Early Warning System for Extreme Weather in Quba”) adlı dərs planını təqdim etdim. Müsabiqəyə müraciət və ilkin qiymətləndirmə prosesi onlayn həyata keçirildi. Sevindirici haldır ki, 83 ölkədən daxil olan 2100-dən çox müraciət arasından seçilərək müəllimlər kateqoriyası üzrə dünyanın beş finalçısından biri oldum. Azərbaycanın belə nüfuzlu beynəlxalq müsabiqədə ilk beşlikdə yer alması mənim üçün böyük qürur və məsuliyyətdir. Onu da qeyd etmək istəyirəm ki, məktəbimizdə müəllim və şagirdlərin beynəlxalq layihə və müsabiqələrdə iştirakı prioritet istiqamətlərdən biridir. Bu il məktəbimizdən beş müəllim fərdi qaydada, altı şagird komandası isə öz layihələri ilə beynəlxalq müsabiqəyə müraciət etmişdi.

“Layihənin əsas dəyəri gələcəkdə cəmiyyətə verə biləcəyi faydadadır”

- “Meyvə bağlarının iqlim monitorinqi” layihəsinin ideyası necə yarandı və əsas məqsədi nədir?

- Layihənin ideyası yaşadığımız bölgənin real problemlərindən yarandı. Quba Azərbaycanın əsas meyvəçilik rayonlarından biridir. Son illərdə müşahidə olunan qeyri-sabit hava şəraiti, gözlənilməz şaxtalar, dolu, quraqlıq və digər ekstremal hava hadisələri meyvə bağlarına ciddi ziyan vurur. Bu isə fermerlərin məhsuldarlığına və gəlirlərinə birbaşa təsir göstərir. Düşündüm ki, nə üçün bu problemi şagirdlərin araşdırma mövzusuna çevirməyək? Nə üçün məktəbdə əldə olunan biliklər fermerlərimizin qarşılaşdığı real çətinliklərin həllinə xidmət etməsin? Beləliklə, layihə əsaslı öyrənmə yanaşması ilə “Meyvə bağlarının iqlim monitorinqi” (“Climate Orchard Watch”) layihəsini hazırladım. Layihənin əsas məqsədi şagirdlərin iqlim dəyişikliklərini və ekstremal hava hadisələrini araşdırması, meteoroloji məlumatları təhlil etməsi və əldə etdikləri nəticələr əsasında fermerlər üçün erkən xəbərdarlıq mexanizminin yaradılmasına töhfə verməsidir. Layihə çərçivəsində şagirdlərin meteoroloqlarla, aqronomlarla və fermerlərlə əməkdaşlığı nəzərdə tutulur. Onlar meteoroloji stansiyalara və meyvə bağlarına ekskursiyalar edir, mütəxəssislərlə görüşür, hava göstəricilərini və əvvəlki illərin məlumatlarını müqayisəli təhlil edirlər. Əldə olunan məlumatlar əsasında şaxta, dolu, güclü yağıntı və quraqlıq riskləri barədə fermerlərə vaxtında məlumat çatdırılması üçün sadə rəqəmsal xəbərdarlıq sistemi hazırlanması planlaşdırılır. İlkin mərhələdə 30 fermerin iştirakı ilə pilot tətbiq nəzərdə tutulur. Xəbərdarlıqların mobil rabitə vasitələri, o cümlədən "WhatsApp" və SMS üzərindən çatdırılması layihənin əsas istiqamətlərindəndir. Layihənin ən mühüm cəhəti şagirdlərin yalnız nəzəri bilik əldə etməməsidir. Onlar real problemi müəyyənləşdirir, araşdırma aparır, məlumatları təhlil edir, mütəxəssislərlə əməkdaşlıq edir və həll yolları təklif edirlər. Bu proses onların tədqiqatçılıq, tənqidi düşünmə, əməkdaşlıq, rəqəmsal savadlılıq və problem həll etmə bacarıqlarını inkişaf etdirir. 

Mənim üçün layihənin əsas dəyəri onun müsabiqədə qazandığı nəticədən daha çox, gələcəkdə cəmiyyətə verə biləcəyi faydadadır.

- Müsabiqənin final mərhələsi necə keçdi? Nəticəni öyrəndikdə nə kimi hisslər keçirdiniz?

- Müsabiqənin final mərhələsi 23–26 oktyabr tarixlərində keçirildi. Layihəmi oktyabrın 25-də beynəlxalq münsiflər heyətinə təqdim etdim. Mən və Səudiyyə Ərəbistanından olan digər finalçı təqdimatlarımızı onlayn etdik. Digər finalçılar isə tədbirdə əyani iştirak edirdilər. Onlayn iştirak etməyimizə baxmayaraq, layihələrimiz digər finalçılarla eyni qiymətləndirmə prinsipləri əsasında dəyərləndirildi. Əlbəttə, 83 ölkədən 2100-dən çox müraciət arasından dünyanın beş finalçısından biri seçildiyimi öyrənmək çox sevindirici idi. Bu uğuru yalnız şəxsi nailiyyətim kimi qiymətləndirmirəm. Mənim üçün bu, Azərbaycan müəlliminin potensialının, region məktəblərində həyata keçirilən işlərin və ölkəmizdə təhsilin inkişafı istiqamətində yaradılan imkanların beynəlxalq səviyyədə görünməsidir. Xüsusilə sevindirici haldır ki, Quba kimi zəngin təbiətə və kənd təsərrüfatı ənənələrinə malik bir bölgənin real problemi beynəlxalq təhsil platformasında müzakirə mövzusuna çevrildi.

Uğurlu məktəb güclü komandanın əməyinin nəticəsidir

- Rəhbərlik etdiyiniz Çinarlı kənd tam orta ümumtəhsil məktəbi son illər nə kimi uğur və nailiyyətlər qazanıb?

- Rəhbərlik etdiyim Quba rayonu Rəhman Məmmədov adına Çinarlı kənd tam orta ümumtəhsil məktəbi bu il fəaliyyətinin 100 illiyini qeyd edir. Birəsrlik təhsil ənənələrinə malik məktəbimiz son illərdə əldə etdiyi nailiyyətlərlə region təhsilinin inkişafına öz töhfəsini verir. Məktəbimizdə əsas məqsəd yalnız akademik nəticələri yüksəltmək deyil, həm də şagirdlərin yaradıcı düşünmə, tədqiqatçılıq, rəqəmsal savadlılıq, əməkdaşlıq və sosial bacarıqlarını inkişaf etdirməkdir. Son illərdə şagirdlərimiz müxtəlif respublika və beynəlxalq müsabiqələrdə uğurlu nəticələr əldə ediblər. Ötən tədris ilində məktəbimizin şagirdi Respublika fənn müsabiqələrində  informatika fənni üzrə qızıl medal qazanıb. Bu, məktəbimizin tarixində həmin müsabiqə üzrə ilk qızıl medal olub. STEAM müsabiqəsində şagirdlərimiz altı medal və üç nominasiya üzrə uğur əldə ediblər. Şagirdlərimiz “Sabahın alimləri” müsabiqəsində yarımfinal mərhələsinə yüksəlib, robototexnika və innovasiya yarışlarında məktəbimizi uğurla təmsil ediblər. Hazırda məktəbimizdə beş mühüm təhsil layihəsi - STEAM, “Rəqəmsal bacarıqlar”, “İnnovativ məktəb”, “Peşə təmayüllü siniflər”, “İcma əsaslı məktəbəqədər təhsil” həyata keçirilir. Bu layihələr məktəbimizin əsas inkişaf istiqamətlərini müəyyənləşdirir və şagirdlərin müxtəlif sahələrdə bacarıqlar qazanmasına imkan yaradır. Məktəb idarəetməsində şəffaflıq, hesabatlılıq və komanda işinə xüsusi əhəmiyyət veririk. İldə iki dəfə valideynlərlə hesabat görüşləri keçiririk. Bu görüşlərdə məktəbin nailiyyətləri, qarşıya qoyulan hədəflər, tədrisin keyfiyyət göstəriciləri və mövcud çətinliklər barədə valideynlərə ətraflı məlumat verilir. Tədrisin keyfiyyətinin yüksəldilməsi əsas prioritetlərimizdəndir. Xüsusilə IV, VI, IX və XI siniflər üzrə nəticələri mütəmadi təhlil edir, konkret hədəflər müəyyənləşdirir və müəllimlərlə birgə fəaliyyət planları hazırlayırıq. Aparılan təhlillər bir sıra istiqamətlər üzrə ildən-ilə müsbət dinamikanın olduğunu göstərir. Məqsədimiz bu inkişafı davamlı etməkdir. Məktəbimizin uğurlarının əsasında müəllim kollektivinin birgə fəaliyyəti, qarşılıqlı dəstək və müəyyənləşdirilmiş hədəflər dayanır. 

Düşünürəm ki, məktəbin inkişafı yalnız direktorun fəaliyyəti ilə mümkün deyil. Uğurlu məktəb güclü komandanın əməyinin nəticəsidir. 

- Gələcək hədəfləriniz...

- Gələcək hədəflərim həm şəxsi peşəkar inkişafımla, həm də rəhbərlik etdiyim məktəbin inkişafı ilə bağlıdır. İlk növbədə məktəbimizdə keyfiyyətli təhsilin təmin edilməsi, şagirdlərin akademik nəticələrinin yüksəldilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və innovativ tədris yanaşmalarının genişləndirilməsi istiqamətində başladığımız işləri davam etdirmək istəyirik. Məktəbimizin 100 illik tarixini yeni nailiyyətlərlə zənginləşdirmək əsas məqsədlərimizdəndir. Şagirdlərimizin yalnız imtahanlara deyil, həyata hazırlanmasını vacib hesab edirəm. Qrant layihələrində iştirak da fəaliyyətimizin mühüm istiqamətlərindəndir. Beynəlxalq əməkdaşlığı genişləndirmək, məktəbimizin müəllim və şagirdlərini daha çox beynəlxalq layihəyə cəlb etmək istəyirəm. “Meyvə bağlarının iqlim monitorinqi” (“Climate Orchard Watch”) layihəsini isə yalnız müsabiqə üçün hazırlanmış dərs planı kimi saxlamaq niyyətində deyiləm. Məqsədim onu inkişaf etdirərək real tətbiq imkanları olan, yerli fermerlərə dəstək verən layihəyə çevirməkdir. Gələcəkdə iqlim dəyişikliyi, dayanıqlı inkişaf və təhsil sahəsində beynəlxalq platformalarda, o cümlədən COP29 tədbirləri çərçivəsində təcrübəmizi bölüşmək də hədəflərim sırasındadır. Ən böyük arzum inkişaf edən Azərbaycan təhsilinə öz fəaliyyətimlə kiçik də olsa, töhfə verməkdir.

- Sevil müəllim, uğurun əsasında duran amillər hansılardır?

- Məncə, uğurun əsasında davamlı öyrənmək, məqsədyönlü çalışmaq, yeniliklərə açıq olmaq və başladığın işi sona çatdırmaq dayanır. Təhsil sahəsində uğur qazanmaq üçün yalnız bilikli olmaq kifayət etmir. Öyrəndiklərini tətbiq etmək, təcrübəni bölüşmək, çətinliklərdən nəticə çıxarmaq və daim öz üzərində işləmək lazımdır. Mən üç ildir ki, Oksford Universitetinin Saïd Biznes Məktəbinin müsabiqələrinə dərs planları təqdim edirəm. Əvvəlki illərdə final mərhələsinə yüksəlməsəm də, iştirakımı davam etdirmişəm. Bu il isə dünyanın beş finalçısından biri olmaq imkanını qazandım. Bu təcrübə bir daha göstərdi ki, nəticə əldə etmək üçün səbirli və davamlı olmaq vacibdir. Məktəb rəhbəri kimi isə uğurun ən mühüm şərtlərindən birinin komanda işi olduğunu düşünürəm. Müəllimlərin potensialına inanmaq, onların təşəbbüslərini dəstəkləmək, hər bir əməkdaşın inkişafı üçün şərait yaratmaq və ortaq məqsəd ətrafında birləşmək məktəbin uğurunu təmin edən əsas amillərdəndir. Hesab edirəm ki, müəllim yalnız dərs keçən deyil, həm də öyrənən, araşdıran, yenilik yaradan və cəmiyyətin inkişafına təsir göstərən şəxs olmalıdır. 

“İdeya bölgəmizin real problemlərindən yarandı”
“İdeya bölgəmizin real problemlərindən yarandı”
“İdeya bölgəmizin real problemlərindən yarandı”