"Sanki ikinci evimdəyəm" – Bakıda təhsil almış laoslu 43 ildən sonra qayıtdı

20 Oktyabr, 2026 - 15:57
"Sanki ikinci evimdəyəm" – Bakıda təhsil almış laoslu 43 ildən sonra qayıtdı

Laos Prezidenti Thonqlun Sisulitin Azərbaycana səfəri ilə yeni mərhələyə yüksələn ölkələrarası münasibətlərimizin mühüm dayaqlarından birini sovet dövründə ölkəmizdə təhsil almış laoslular təşkil edir. Azərbaycanda qazandıqları bilikləri peşəkar fəaliyyətlərində tətbiq edən, xalqımızın qonaqpərvərliyini və mədəniyyətini yaddaşlarında yaşadan həmin şəxslər bu gün də iki ölkə arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə töhfə verirlər.

Belə şəxslərdən biri də 1978-1983-cü illərdə indiki Bakı Neft-Energetika Kollecində təhsil almış, hazırda Laos Yanacaq və Qaz Assosiasiyasının Baş katibi, həmçinin Laos-Azərbaycan Dostluq Assosiasiyasının komitə üzvü olan 67 yaşlı Thong Thammalatdır. "Azərbaycan müəllimi" xəbər verirki, o, Azərbaycanda keçirdiyi illəri, ölkəmizlə bağlı xatirələrini və iki xalq arasında əlaqələrin gələcək inkişafı ilə bağlı düşüncələrini AZƏRTAC-la bölüşüb.

- Təxminən 48 il əvvəl təhsil almaq üçün Laosdan Azərbaycana gəldiyiniz zaman bu ölkə haqqında nə bilirdiniz? Azərbaycana gəldikdən sonra sizi ən çox nə təəccübləndirdi?

- Mən illər əvvəl Azərbaycanda yerləşən təhsil müəssisəsində təhsil almaq üçün ölkəmizdən yola düşən gənc laoslulardan biriyəm. Əvvəlcə hökumət tərəfindən Sovet İttifaqında təhsil almağa göndərilmişdim, lakin İttifaqın hansı respublikasına gedəcəyimi bilmirdim. Qatar stansiyasına çatanda məni artıq Azərbaycanda təhsil alan laoslu tələbələr qarşıladılar və buranın Sovet İttifaqının 15 respublikasından biri olduğunu bildirdilər. Həyatımda ilk dəfə Azərbaycanın adını eşidir və bu ölkənin torpağına ayaq basırdım.

- Azərbaycanda təhsil aldığınız illərdən yaddaşınızda xüsusi yer tutan hər hansı hadisə, insan və ya gündəlik həyatla bağlı məqam varmı? Bu təcrübələr sonrakı həyatınıza təsir göstərdimi?

- Bakıda insanların yaşayış tərzi, evləri və adət-ənənələri ilə tanış olmaq, Laosdakından tamamilə fərqli bir mühitdə yaşamaq məni çox sevindirirdi. Şəhərdə yaşadığım və təhsil aldığım müddətdə sakinlərin, xüsusilə azərbaycanlı müəllimlərimin və tələbə yoldaşlarımın mehribanlığı məndə dərin təəssürat yaratdı. Onlar mənə və digər laoslu tələbələrə qarşı son dərəcə mehriban, qonaqpərvər və yardımsevər idilər. Özümü onların yanında çox rahat və təhlükəsiz hiss edirdim. Mənə elə gəlirdi ki, sanki ikinci evimdəyəm.

- Azərbaycanda aldığınız təhsil və qazandığınız biliklər sonrakı peşəkar fəaliyyətinizə, dünyagörüşünüzə və həyat yolunuza necə təsir göstərdi? Bu gün geriyə baxdıqda, həmin illərin sizə qazandırdığı ən mühüm dəyəri nədə görürsünüz?

- Mən neft və qaz quyularının istismarı ixtisası üzrə təhsil almışam. Həmin dövrdə qazandığım bilikləri Laosda praktiki işdə birbaşa tətbiq etmək imkanım olmasa da, Azərbaycanda aldığım təhsilin mənə ən mühüm faydası geologiya və neft sektoru haqqında fundamental biliklər əldə etməyim oldu. 1986-2020-ci illərdə Laos Dövlət Yanacaq Şirkətində çalışarkən bu biliklərdən istifadə edə bildim. Şirkətdən təqaüdə çıxdıqdan sonra da Laos Yanacaq və Qaz Assosiasiyasının Baş katibi kimi fəaliyyətimi davam etdirirəm. Bundan əlavə, Laos-Azərbaycan Dostluq Assosiasiyasının komitə üzvüyəm.

- Siz Azərbaycanı ilk dəfə sovet dövründə tanımısınız. Müstəqillik qazandıqdan sonra ölkənin keçdiyi inkişaf yolu və beynəlxalq aləmdəki mövqeyi haqqında nə düşünürsünüz? O vaxt tanıdığınız Azərbaycanla bugünkü ölkə arasında sizi ən çox təəccübləndirən fərqlər hansılardır?

- Laos-Azərbaycan Dostluq Assosiasiyasının icraiyyə komitəsi ilə birlikdə 2024-cü ilin mayında yenidən Azərbaycana səfər etmək imkanım oldu. Bu səfər Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilati köməyi, həmçinin səfir Şövqi Mehdizadənin xüsusi koordinasiyası sayəsində baş tutdu. 43 ildən sonra Azərbaycana qayıtmaq mənə ikinci evimə dönmək hissini yaşatdı.

Əvvəlki dövrlə müqayisədə Azərbaycan əhəmiyyətli dərəcədə dəyişib. Ölkə inkişaf edərək firavan dövlətə çevrilib və hazırda həm regionda, həm də beynəlxalq aləmdə mühüm rol oynayır. Bununla belə, bir məqam dəyişməz qalıb: bizi səmimi sevgi və mehribanlıqla qarşılayan Azərbaycan xalqının isti münasibəti və dostluq ruhu.

- Sovet dövründə Azərbaycanda təhsil alan laoslular iki ölkə arasında özünəməxsus tarixi və şəxsi əlaqələrin formalaşmasına töhfə veriblər. Sizcə, həmin nəslin şəxsi təcrübələri və xatirələri bu gün Azərbaycan–Laos münasibətlərinin möhkəmləndirilməsinə necə kömək edə bilər? Keçmiş tələbələrin öz təcrübələrini gənc nəsillə bölüşməsi hansı əməkdaşlıq imkanları yarada bilər?

- Sovet dövründə Azərbaycanda təhsil alan laoslular onlara qayğı göstərən, bilik verən və sevgi ilə yanaşan azərbaycanlı müəllimlərə, təşkilatlara və Azərbaycan xalqına minnətdarlıqlarını bu gün də qoruyub saxlayırlar. Bakıda təhsil almış keçmiş laoslu tələbələr bu minnətdarlığın ifadəsi olaraq hər il görüş təşkil edirlər. Onlar bu görüşü “бакинцы” (bakılılar) adlandırırlar.

Görüşlər zamanı keçmiş tələbələr yenidən bir araya gəlir, Bakıda birlikdə yaşadıqları və təhsil aldıqları dövrün xoş xatirələrini bölüşür, peşəkar fəaliyyətləri barədə bir-birlərinə məlumat verirlər.

Son iki görüşdə Azərbaycanın Laosdakı səfiri Şövqi Mehdizadənin və Laosda yaşayıb işləyən azərbaycanlı müəllim Ruhid Rəcəbsoyun iştirakı tədbirin əhəmiyyətini daha da artırıb, iki ölkənin xalqları arasında dostluğu və həmrəyliyi möhkəmləndirib. Xalqlarımız arasındakı ənənəvi münasibətlər bu gün də inkişaf edir və daha böyük bəhrələr verir.

- Laosda gənclərin Azərbaycan haqqında daha çox məlumat əldə etməsi, ölkəmizdə təhsil almağa marağının artırılması və iki xalq arasında əlaqələrin möhkəmləndirilməsi üçün hansı addımları vacib hesab edirsiniz?

- Azərbaycanda təhsilimi başa vurduqdan sonra ailəm və dostlarımla Azərbaycan xalqının gözəl ənənələri, nəcib ruhu haqqında söhbətlər etmişəm. Onlara azərbaycanlıların ölkədə yaşayan və təhsil alan laoslulara necə qayğı göstərdiklərini, təhsil almaqda və inkişaf etməkdə tələbələrə necə dəstək olduqlarını, öz övladları kimi yanaşdıqlarını danışmışam.

Laos ilə Azərbaycan hökumətləri və xalqları arasında həmrəyliyi, əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirmək üçün Laosun gənc nəslinin Azərbaycanı daha yaxından tanımasını təşviq etməyə və onların ölkənizdə təhsil almaq imkanlarının genişləndirilməsinə dəstək verməyə sadiqəm.

Bundan əlavə, hər iki ölkənin ictimai və vətəndaş cəmiyyəti sektorlarına “Laosda Azərbaycan Mədəniyyəti Həftəsi” və “Azərbaycanda Laos Mədəniyyəti Həftəsi”nin keçirilməsini təklif edirəm. İnanıram ki, bu təşəbbüslər ölkələrimizin xalqları arasında əlaqələrin daha da dərinləşməsinə və möhkəmlənməsinə kömək edəcək.

"Sanki ikinci evimdəyəm" – Bakıda təhsil almış laoslu 43 ildən sonra qayıtdı
"Sanki ikinci evimdəyəm" – Bakıda təhsil almış laoslu 43 ildən sonra qayıtdı
"Sanki ikinci evimdəyəm" – Bakıda təhsil almış laoslu 43 ildən sonra qayıtdı