“Çox yaxşı rəsm çəkən insan böyük rəssam olmaya bilər” – ADMİU-nun dekanı

11 Noyabr, 2026 - 09:24
“Çox yaxşı rəsm çəkən insan böyük rəssam olmaya bilər”

İnsan bəzən sözlə ifadə edə bilmədiyi hissləri rənglərə, xətlərə və obrazlara köçürür. Rəssamlıq da məhz bu mənada dünyaya fərqli baxmağın, gördüklərini və duyduqlarını özünəməxsus dillə ifadə etməyin yoludur. Bu sənətin sirlərini həm yaradıcılığında, həm də pedaqoji fəaliyyətində araşdıran Gülnaz Mədətova incəsənətə uşaqlıqdan gələn marağını peşəkar fəaliyyətə çevirib. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent olan müsahibimiz hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin dekanıdır. Onun üçün sənət yeni düşüncələrə yol açmaq, gənclərin fərdi yaradıcılıq dilini tapmasına kömək etməkdir.

Bəs rəssam olmaq üçün fitri istedad mütləqdirmi? Rəsm çəkməyi sonradan öyrənmək mümkündürmü? Süni intellektin vizual sənətə müdaxiləsi rəssamlığın gələcəyini necə dəyişəcək? Gülnaz Mədətova ilə söhbətimizdə bu və digər suallara aydınlıq gətirməyə çalışdıq.

– Gülnaz xanım, əvvəlcə sizi daha yaxından tanıyaq. Rəssamlığa marağınız nə vaxt və necə yaranıb?

– İncəsənət mənim üçün sadəcə seçdiyim bir peşə deyil, həm də dünyaya baxış tərzimdir. Hər zaman düşünmüşəm ki, insan bəzən sözlə ifadə edə bilmədiyi hissləri rənglərlə, formalarla və obrazlarla daha yaxşı çatdıra bilir. Rəssamlığa marağım uşaqlıq illərindən formalaşmağa başlayıb. Düşünürəm ki, insanın incəsənətə münasibəti çox zaman onun böyüdüyü mühitdən, qazandığı ilk estetik təəssüratlardan başlayır. Mənim üçün bu mühiti yaradan, sənətə marağımı oyadan və onu davamlı şəkildə dəstəkləyən insan atam olub. Zaman keçdikcə bu maraq daha ciddi bir istiqamət alıb və mən həyatımı incəsənətlə bağlamağa qərar vermişəm. Təhsil və peşəkar fəaliyyətim boyunca incəsənətin müxtəlif istiqamətləri ilə məşğul olmuşam. Bu sahədə öyrənmək heç vaxt bitmir. Hər yeni layihə, hər yeni əsər və hər yeni insan mənə fərqli təcrübə qazandırır. Bu gün də hesab edirəm ki, incəsənətlə məşğul olan insan daim öyrənməli, müşahidə etməli və öz baxışlarını yeniləməyi bacarmalıdır.

– Sənətşünaslıq, pedaqoji fəaliyyət və yaradıcılıq layihələrinin təşkili… Bunlar peşəkar fəaliyyətinizin fərqli istiqamətləridir, amma eyni zamanda bir-birini tamamlayır. Özünüzü daha çox hansı istiqamətdə görürsünüz?

– Əslində, mən bu istiqamətləri bir-birindən ayırmıram. Çünki onların hər biri digərini tamamlayır. Sənətşünaslıq mənə incəsənətə daha dərindən baxmaq, əsərin yalnız vizual tərəfini deyil, onun ideyasını, tarixini və məzmununu anlamaq imkanı verir. Pedaqoji fəaliyyət isə mənim üçün xüsusi əhəmiyyət daşıyır. Gənclərin inkişafını görmək, onların öz yaradıcılıq dilini tapmasına kömək etmək böyük məsuliyyət və eyni zamanda böyük məmnuniyyətdir. Yaradıcılıq layihələrinin təşkili isə ideyaların real mühitdə həyata keçirilməsidir. Bir fikrin zamanla böyük bir layihəyə çevrilməsi mənə xüsusi zövq verir. Amma bütün bunlarla yanaşı, mən özümü ilk növbədə yaradıcı insan hesab edirəm. Çünki hansı vəzifədə çalışmağımdan asılı olmayaraq, düşüncəmin mərkəzində həmişə yaradıcılıq dayanır.

“Yaradıcı kollektivə rəhbərlik etmək, ilk növbədə, insanları anlamağı tələb edir”

– Hazırda ADMİU-nun Rəssamlıq fakültəsinin dekanı kimi fəaliyyət göstərirsiniz. Yaradıcı insanlardan ibarət kollektivə rəhbərlik etməyin özünəməxsus çətinlikləri var. Bu vəzifədə əsas götürdüyünüz prinsiplər hansılardır? Rəhbər kimi ən çox nəyə diqqət yetirirsiniz?

– Fikrimcə, yaradıcı kollektivə rəhbərlik etmək, ilk növbədə, insanları anlamağı tələb edir. Çünki yaradıcı insanların hər birinin öz düşüncə tərzi, yanaşması və fərdi baxışı var. Rəhbərliyin ən çətin tərəfi də məhz bu fərqlilikləri qorumaqla yanaşı, hamını ortaq məqsəd ətrafında birləşdirə bilməkdir. Mənim üçün əsas prinsiplər qarşılıqlı hörmət, ədalət, məsuliyyət və açıq ünsiyyətdir. Hesab edirəm ki, rəhbər yalnız tapşırıq verən insan olmamalıdır. O, eyni zamanda dinləməyi, dəstək olmağı və insanlarda motivasiya yaratmağı bacarmalıdır. Xüsusilə incəsənət təhsilində yaradıcı azadlıq çox vacibdir. Mən istəyirəm ki, həm müəllimlər, həm də tələbələr öz ideyalarını sərbəst ifadə edə bilsinlər. Mənim üçün uğurlu rəhbərlik təkcə görülən işlərin nəticəsi deyil, həm də sağlam və yaradıcı mühitin formalaşdırılmasıdır.

“Qadınların fərqli həyat təcrübələri onların idarəetmə üslubuna müəyyən özünəməxsusluq gətirir”

– Qadınların rəhbər vəzifələrdə təmsilçiliyi tez-tez müzakirə olunur. Öz peşəkar yolunuzda qadın olmağınızın müəyyən çətinliklərini hiss etmisinizmi?

– İnsanın uğurunu müəyyənləşdirən əsas amil onun qadın və ya kişi olması deyil, peşəkarlığı, dünyagörüşü, prinsipiallığı və üzərinə götürdüyü məsuliyyətə münasibətidir. Bununla belə, qadınların peşəkar fəaliyyətlə ailə həyatını, analıq məsuliyyətini və şəxsi inkişafını uzlaşdırması bəzən əlavə səy və daha çevik yanaşma tələb edir. Mən bu təcrübəni yalnız çətinlik kimi deyil, həm də insanın təşkilatçılıq qabiliyyətini, emosional dayanıqlığını və qərarvermə bacarığını inkişaf etdirən bir proses kimi qiymətləndirirəm. Fikrimcə, qadınların rəhbər vəzifələrdə təmsil olunması yalnız gender bərabərliyi məsələsi deyil, eyni zamanda cəmiyyətin intellektual, sosial və mədəni inkişafının mühüm göstəricilərindən biridir. Xüsusilə incəsənət və təhsil sahəsində fərqli baxışların, təcrübələrin və düşüncə modellərinin idarəetmə prosesində təmsil olunması yaradıcı mühitin zənginləşməsinə xidmət edir. İncəsənət sahəsində rəhbərlikdən danışarkən isə düşünürəm ki, burada xüsusilə həssas yanaşma, empatiya, fərdi yaradıcılıq xüsusiyyətlərini anlamaq və insanlarla düzgün kommunikasiya qurmaq mühüm əhəmiyyət daşıyır. Bu keyfiyyətlər yalnız qadınlara məxsus olmasa da, qadınların fərqli həyat təcrübələri onların idarəetmə üslubuna müəyyən özünəməxsusluq gətirə bilər. Hesab edirəm ki, qadın rəhbərin ən böyük uğuru qadın olduğunu sübut etməyə çalışması deyil, peşəkarlığı, fəaliyyəti və ortaya qoyduğu nəticələrlə öz mövqeyini təsdiqləməsidir. Mənim üçün əsas məqsəd də məhz budur: rəhbərlik etdiyim mühitdə insanları cinsinə görə deyil, biliklərinə, bacarıqlarına, yaradıcılıq potensialına və peşəkar keyfiyyətlərinə görə dəyərləndirmək.

– Gəlin bir qədər də rəssamlığın özündən danışaq. Rəssamlıq fitri istedaddır, yoxsa sonradan öyrənilə bilən bacarıq? Məsələn, xüsusi rəsm qabiliyyəti olmayan uşaq da düzgün təlim və davamlı məşqlə yaxşı rəsm çəkə bilərmi? Rəsm çəkməyi bacarmaqla rəssam olmaq arasında hansı fərq var?

– Bu, çox maraqlı sualdır. Mən hesab edirəm ki, rəssamlıq həm istedad, həm də zəhmət tələb edən sahədir. Qabiliyyətin formalaşmasında həm fərdi meyillər, həm də sistemli təhsilin mühüm rolu var. Bəzi insanlarda vizual yaddaş, məkan təfəkkürü, rəng duyumu və obrazlı düşünmə qabiliyyəti daha erkən yaşlarda özünü göstərir. Lakin bu xüsusiyyətlərin mövcudluğu özlüyündə peşəkar rəssamın formalaşmasına zəmanət vermir. Rəsm çəkmək müəyyən qaydaları, texnikaları və müşahidə bacarığını öyrənməklə inkişaf etdirilə bilər. Perspektiv, anatomiya, rəng nəzəriyyəsi və kompozisiya tədris olunan biliklərdir. Amma rəssam olmaq bir qədər fərqli anlayışdır. Rəsm çəkməyi bacarmaq gördüyünü təsvir etməkdir, rəssam olmaq isə gördüyünə öz münasibətini ifadə edə bilməkdir. Yəni texniki cəhətdən çox yaxşı rəsm çəkən insan mütləq böyük rəssam olmaya bilər. Çünki incəsənətdə yalnız texnika deyil, düşüncə, fərdi baxış və ideya da mühüm rol oynayır. Rəssamlıq qabiliyyətinin formalaşmasında həm fərdi meyillər, həm də sistemli təhsilin mühüm rolu var. Bəzi insanlarda vizual yaddaş, məkan təfəkkürü, rəng duyumu və obrazlı düşünmə qabiliyyəti daha erkən yaşlarda özünü göstərir. Lakin bu xüsusiyyətlərin mövcudluğu özlüyündə peşəkar rəssamın formalaşmasına zəmanət vermir. Bu baxımdan istedad başlanğıc potensialı ola bilər, lakin onun peşəkar yaradıcılığa çevrilməsi təhsil, zəhmət, müşahidə və davamlı intellektual inkişaf tələb edir.

“Uşaq rəsm çəkməyi sevirsə, bu o demək deyil ki, o, mütləq rəssam olmalıdır”

– Valideynlər bəzən uşaqlarının rəsmə marağını görərək onları bu sahəyə yönəldirlər. Sizcə, uşağın rəsmə həvəsi ilə fitri istedadını necə fərqləndirmək olar? Valideynlər bu prosesdə nələrə diqqət etməli, uşağın yaradıcılıq azadlığını necə qorumalıdırlar?

– Məncə, valideynlərin ən çox diqqət etməli olduğu məsələ uşağın marağını onun istedadı ilə qarışdırmamaqdır. Uşaq rəsm çəkməyi sevirsə, bu, çox gözəl haldır. Amma bu o demək deyil ki, o, mütləq gələcəkdə rəssam olmalıdır. Bəzən valideynlər uşağın bir neçə uğurlu rəsmini görüb onun gələcək peşəsini müəyyənləşdirməyə çalışırlar. Halbuki uşağın maraqları zamanla dəyişə bilər. Mən həmişə düşünürəm ki, uşağa əvvəlcə özünü ifadə etmək imkanı vermək lazımdır. Onun çəkdiyi rəsmləri yalnız düzgün və ya səhv baxımından qiymətləndirmək doğru deyil. Məsələn, uşaq ağacı mavi rəngdə çəkirsə, biz ona dərhal ağacın yaşıl olması lazım olduğunu deməməliyik. Bəlkə də, o həmin ağacı məhz belə görür və ya təsəvvür edir. Çünki həddindən artıq standartlaşdırılmış yanaşma bəzən uşağın fərdi ifadə imkanlarını məhdudlaşdıra bilər. İncəsənət təhsilinin məqsədi bütün uşaqlara eyni cür rəsm çəkməyi öyrətmək deyil, hər birinin özünəməxsus görmə və düşünmə qabiliyyətini inkişaf etdirmək olmalıdır.

– Süni intellektin köməyi ilə bu gün saniyələr ərzində müxtəlif rəsm və illüstrasiyalar yaratmaq mümkündür. Bu texnologiyaların rəssamlıq sənətinin gələcəyinə təsirini necə qiymətləndirirsiniz?

– Süni intellekt artıq həyatımızın bir çox sahəsinə, o cümlədən incəsənətə daxil olub. Mən düşünürəm ki, bu prosesdən kənarda qalmaq əvəzinə, onu düzgün anlamağa çalışmalıyıq. Bu gün süni intellekt vasitəsilə çox qısa zamanda müxtəlif vizual həllər, eskizlər və kompozisiyalar yaratmaq mümkündür. Bu, xüsusilə dizayn və layihələndirmə prosesində yeni imkanlar açır. Amma mənim üçün burada çox mühüm bir fərq var. Mən süni intellekti rəssamın mütləq rəqibi kimi qiymətləndirmirəm. O, yaradıcı prosesdə eskizlərin hazırlanması, alternativ kompozisiya həllərinin araşdırılması və vizual eksperimentlər üçün faydalı vasitə ola bilər. Süni intellekt təsvir yarada bilər, lakin insanın yaşadığı xatirəni, hissi və şəxsi təcrübəni onun özü kimi yaşaya bilməz. Bir rəssam əsər yaradarkən yalnız gördüyünü deyil, yaşadıqlarını, düşüncələrini və dünyaya münasibətini də həmin əsərə köçürür. Ona görə də mən süni intellekti rəssamın əvəzedicisi kimi deyil, onun istifadə edə biləcəyi yeni bir vasitə kimi görürəm. Texnologiya dəyişə bilər, amma incəsənətin mərkəzində yenə də insan və onun düşüncəsi dayanmalıdır. Gələcəyin əsas sualı rəssamın yeni texnoloji imkanlar şəraitində öz müəllif mövqeyini necə qoruyacağıdır.

– Müasir gənc rəssamların yaradıcılığında hansı yenilikləri və meyilləri müşahidə edirsiniz? Onların əsərlərində milli sənət ənənələri ilə müasir yanaşmanın vəhdətini görmək mümkündürmü?

– Mədəni irs yalnız qorunduğu zaman deyil, yeni yaradıcı interpretasiyalar vasitəsilə yaşadıldığı zaman da öz aktuallığını saxlayır. Düşünürəm ki, milli kimliyi qorumağın ən təsirli yollarından biri onu dəyişməz forma kimi təkrarlamaq yox, müasir dövrün estetik düşüncəsi daxilində yenidən mənalandırmaqdır. Müasir gənc rəssamların yaradıcılığında diqqətimi çəkən əsas tendensiyalardan biri bədii ifadə vasitələrinin çoxşaxəli xarakter almasıdır. Lakin burada vacib bir məqam var: milli motivlərdən istifadə yalnız dekorativ elementlərin təkrarlanması səviyyəsində qalmamalıdır. Əsl yaradıcı yanaşma həmin motivlərin tarixi və semantik mahiyyətini anlamaq, onların daşıdığı mənaları müasir bədii düşüncə ilə əlaqələndirməkdir. Azərbaycan xalça sənəti, miniatürlər, ornamentlər, memarlıq elementləri və milli simvollar gənc rəssamlar üçün zəngin yaradıcılıq mənbəyidir.

– Rəssamlıq təhsili alan gənclərin gələcəkdə özlərini reallaşdırmaq imkanlarını necə qiymətləndirirsiniz? Gənc rəssamlar öz əsərlərini tanıtmaq və beynəlxalq incəsənət mühitinə çıxmaq üçün hansı imkanlardan yararlana bilərlər?

– Bu gün rəssam yalnız əsər yaradan şəxs deyil. O, eyni zamanda öz yaradıcılığını konseptual şəkildə təqdim etməyi, müxtəlif auditoriyalarla ünsiyyət qurmağı və müasir incəsənət sisteminin fəaliyyət mexanizmlərini anlamağı bacarmalıdır. Diplom müəyyən bilik və bacarıqların göstəricisidir, amma rəssamın inkişafı təhsilini bitirdikdən sonra da davam etməlidir. Tələbə təhsil aldığı müddətdə sərgilərdə iştirak etməli, layihələr üzərində işləməli, öz portfoliosunu formalaşdırmalı və peşəkar mühitlə əlaqələr qurmalıdır. Bu gün imkanlar əvvəlki dövrlərlə müqayisədə daha genişdir. Rəqəmsal platformalar vasitəsilə gənc rəssam öz əsərlərini dünyanın müxtəlif ölkələrində nümayiş etdirə, beynəlxalq müsabiqələrə və yaradıcılıq proqramlarına müraciət edə bilər. Müasir dövrdə gənc rəssamın özünü təqdim etməsi, sərgilərdə iştirak etməsi və beynəlxalq incəsənət mühitini izləməsi çox vacibdir.

– Zəfər Gününə həsr olunmuş sərgidə də iştirak etmisiniz. Sizcə, Zəfər mövzusu təsviri sənətdə necə ifadə olunmalı, bu mövzuda əsər yaradan rəssam hansı məqamlara diqqət yetirməlidir?

– Zəfər mövzusu Azərbaycan incəsənətində yalnız tarixi hadisənin bədii təsviri kimi deyil, həm də milli yaddaşın və mənəvi dəyərlərin ifadəsi baxımından xüsusi əhəmiyyət daşıyır. 44 günlük Vətən müharibəsi və qazanılan Zəfər xalqımızın müasir tarixində mühüm yer tutur. İncəsənət tarixi hadisələrə fərqli baxış bucağından yanaşmağa imkan verir. O, bəzən sözlə ifadə edilməsi çətin olan duyğuları vizual dil vasitəsilə tamaşaçıya çatdırır. Mənim üçün belə layihələrdə iştirakın əsas mənəvi dəyəri incəsənət vasitəsilə milli yaddaşımızın qorunmasına və gələcək nəsillərə ötürülməsinə töhfə verməkdir. İnanıram ki, tarixi yaddaşın bədii ifadəsi keçmişi xatırlatmaqla yanaşı, cəmiyyətin mənəvi və mədəni özünüdərkini də gücləndirir.