Qaydalar təhsil mühitinin neytrallığını və vahidliyini qoruyur - Hikmət Əlizadə
Son günlər məktəblərdə vahid geyim qaydalarının tətbiqi ilə bağlı aparılan monitorinqlər və müəyyən edilmiş tələblər ictimaiyyətin diqqət mərkəzindədir. Məktəbli formasının tətbiqi, dünyəvi təhsil prinsipinin qorunması, eləcə də bu prosesdə valideynlərin məsuliyyəti ilə bağlı müxtəlif müzakirələr aparılır.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadə “Azərbaycan müəllimi”nə müsahibəsində gündəmdə olan məsələlərə münasibət bildirib, geyim qaydalarının tətbiqinin məqsədi və məktəblərdə aparılan monitorinqlərlə bağlı sualları cavablandırıb.
- Hikmət müəllim, son günlər məktəblərdə vahid geyim formaları ilə bağlı ciddi monitorinqlərə başlanılıb. Bu addımın atılmasında əsas məqsəd nədir?
- Bakı Şəhəri üzrə Təhsil İdarəsi və məktəb rəhbərlikləri tərəfindən monitorinqlər aktiv şəkildə davam edir. Əsas məqsəd yalnız xarici görünüşü nizamlamaq deyil. Məktəbli forması şagirdlər arasında sosial bərabərliyi təmin edir, ailələrin maddi imkanlarına görə uşaqların fərqlənməsinin qarşısını alır və məktəbdə sağlam təlim mühiti yaradır.
- Nazirlər Kabinetinin oktyabr ayında imzaladığı qərarda hansı məqamlar xüsusi vurğulanır?
- Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, şagirdlərin müəyyən edilmiş məktəbli formasının vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəsinə yol verilmir. Məktəb təhsil ocağıdır. Onu da bildirmək lazımdır ki, qərarda milli-mədəni tədbirlər zamanı Pedaqoji Şuranın qərarı ilə milli geyimlərdən istifadə etməyə icazə verilib. Qərarda ancaq şagirdlərin deyil, həmçinin müəllimlər üçün də geyim ilə bağlı da tələbləri müəyyən edilib. Müəllimlərin geyiminin sadə, səliqəli və işgüzar üslubda olması nəzərdə tutulub. Vahid geyim forması şagirdlər və müəllimlər arasında maddi imkan fərqlərini zahirən ortadan qaldırır və hər kəsə bərabər şərait yaradır.
- Sosial şəbəkələrdə bu qərarlar, xüsusilə dünyəvilik prinsipi və bəzi aksesuarlar, baş örtükləri ilə bağlı müzakirələr gedir. Buna münasibətiniz necədir?
- Məlumdur ki, ölkəmizdə hər bir insanın fərdi inancına hörmətlə yanaşılır. Lakin dövlət məktəbləri hüquqi çərçivədə fəaliyyət göstərir. Dünyəvi təhsil modeli uşaqların dini və ya zahiri atributlar əsasında deyil, bilik və mənəvi dəyərlərlə seçilməsini tələb edir. Ölkəmizdə təhsil dünyəvi xarakter daşıyır. Məktəb tədris ocağı olduğu üçün fərdi inanclar məktəb divarları arasında vahid çərçivəyə salınmalıdır. Bunu xüsusi olaraq vurğulamaq istəyirəm ki, qaydalar kiminsə inancını hədəf almır, sadəcə təhsil mühitinin neytrallığını və vahidliyini qorumağa hesablanıb.
- Formaya riayət etməyən şagirdlərə qarşı məktəblərdə hansı tədbirlər görülür? Valideynlər bu prosesdə hansı məsuliyyəti daşıyırlar?
- Şagirdlərin dərsə məktəbli formasında gəlməsinə görə birbaşa valideynlər məsuliyyət daşıyır. Hazırda məktəblərdə geyimi uyğun olmayan şagirdlər xüsusi otaqlara dəvət edilir, psixoloqlar və həkimlər tərəfindən onlarla maarifləndirici söhbətlər aparılır, valideynləri məktəbə dəvət edilir. Prosesin pedaqoji dəstəklə idarə olunmasına üstünlük verilir.




